“Bakı gecələri - 2010” Estrada Mahnı
Festivalının “Online” səsverməsi davam edir
Təşkilat Komitəsi tərəfindən seçilən
80 mahnı professional münsiflər heyəti tərəfindən
qiymətləndirilib
Bildiyimiz kimi “Bakı gecələri
- 2010” Estrada Mahnı Festivalı Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyi və Bakı Şəhər İcra
Hakimiyyətinin dəstəyi və Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsinin təşkilatçılığı
ilə keçirilir.
“Bakı gecələri -
2010” Estrada Mahnı Festivalının Təşkilat Komitəsindən
aldığımız məlumata görə, festivalın
başlıca məqsədi mahnı müəlliflərinin
yaradıcılıq fəaliyyətini inkişaf etdirmək,
estrada ifaçılarını dəstəkləmək, Azərbaycanı
beynəlxalq müsabiqələrdə layiqincə təmsil edəcək
estrada ifaçılarını yetişdirmək və estrada
mahnı janrını inkişaf etdirməkdir. Xatırladaq ki,
üç möhtəşəm konsert proqramından ibarət
olan “Bakı gecələri - 2010” Estrada Mahnı
Festivalının birinci konsert proqramı sentyabrın 13-də,
ikincisi isə oktyabrın 11-də Azərbaycan Dövlət
Musiqili Komediya Teatrında keçirildi.
“Bakı gecələri -
2010” Estrada Mahnı Festivalının üçüncü
konsert proqramı isə noyabr ayının 15-də Azərbaycan
Dövlət Musiqili Komediya Teatrında reallaşdı. Qeyd edək
ki, üçüncü konsert proqramında Manana, İzzət
Bağırov, Elariz Məmmədoğlu, Nadir Bayramlı, Rüfət
Axundov, Nurlan Əzizbəyli, Günel Məhərrəmli və
başqaları iştirak etdilər.
İlkin üç mərhələdə
təqdim olunan mahnılar münsiflər heyəti tərəfindən
qiymətləndirildikdən sonra yüksək bal
toplamış əsərlər finala - 24 dekabr 2010-cu il
tarixində Heydər Əliyev Sarayında keçiriləcək
Qala-konsertə vəsiqə qazanıb. Finalda səslənən
mahnılar müxtəlif nominasiyalar üzrə mükafatlar
uğrunda mübarizə aparacaqlar. Qala-konsertdə iştirak
edən müğənnilər “Bakı gecələri Estrada
Mahnı Festivalının Laureatı” adına layiq görüləcəklər.
Xatırladaq ki, 2008-ci ildən etibarən hər il keçirilən
“Bakı gecələri” Estrada Mahnı Festivalı
tamaşaçılar tərəfindən səbirsizliklə
gözlənilir və böyük rəğbətlə
qarşılanır. Bu il tamaşaçılar müxtəlif
nominasiyalar üzrə qalibləri “online” səsvermə yolu ilə
müəyyən etmək şansını əldə edəcəklər.
Səsverməyə noyabrın 20-dən etibarən start
verilib. Qeyd edək ki, mahnının yaradılmasında bir
çox insanların zəhməti var. Çox vaxt elə olur
ki, bəstəkar, şair, aranjimançı kölgədə
qalır, müğənni mahnını ifa edir və bu
mahnı ifaçının adına yazılır. Amma
“Bakı gecələri” Estrada Mahnı Festivalında əsərlərin
təkcə ifaçıları deyil, bütün
yaradıcıları qiymətləndirilir. Bununla belə, hər
bir bəstəkar yaradıcı əsərin kim tərəfindən
ifa olunacağını özü müəyyən edir və
festivala təqdim edir. Məhz bu cəhətdən “Bakı gecələri”
bütün festivallardan fərqlənir.
İştirak etmək
üçün “Bakı gecələri - 2010” Estrada Mahnı
Festivalının Təşkilat Komitəsinə 100-ə
yaxın mahnı təqdim olunmuşdu. 3 konsert proqramından ibarət
seçim turunda Təşkilat Komitəsi tərəfindən
seçilən 80 mahnı müğənnilərin
ifasında təqdim olunub və professional münsiflər heyəti
tərəfindən bəstələnmiş mahnıların
sözlərinə, aranjimana, ifa tərzinə görə qiymətləndirilib.
Heydər Əliyev Sarayında keçiriləcək Qala-konsertə
vəsiqə qazanan mahnılar “Qran-Pri” və 4 nominasiya üzrə
mükafatlar uğrunda mübarizə aparacaqlar. Səsvermə
dekabr ayının 22-dək davam edəcəkdir.
Səs.- 2010.- 4 dekabr.- S. 12.