Heydər Əliyev Ümummilli
Lider kimi Azərbaycan tarixinə düşmüş nadir
şəxsiyyətdir
Baş nazirin müavini, Qaçqınlar və Məcburi
Köçkünlərlə İş üzrə Dövlət
Komitəsinin sədri Əli Həsənovun yap.org.az-a
müsahibəsi
- Əli müəllim, siz uzun illər Ümummilli Lider Heydər
Əliyevlə birgə işləmisiniz. Onun xalqımız və
Azərbaycanımız üçün gördüyü
işləri daha yaxından izləmisiniz. Məhz, ilk
sualımız da belə olacaq ki, siz Heydər Əliyev
fenomenini necə görürsünüz?
- Heydər Əliyevlə
birgə 30 ildən artıq işləməyimə baxmayaraq,
mən indi də Onun şəxsiyyəti ilə bağlı
söz deməyə çətinlik çəkirəm.
Çünki Onun malik olduğu keyfiyyətləri daha dəqiq
ifadə etmək üçün lazım olan sözləri
tapa bilmirəm. Ulu Öndər Heydər Əliyev o qədər
böyük şəxsiyyətdir ki, çoxlu kitablar
yazılsa belə, yenə də Onun fenomen kimi təsviri
mükəmməl alınmayacaq. Onun nəhəngliyi də, məhz
bundadır.
Ümumiyyətlə,
Heydər Əliyev mənim üçün hər şey deməkdir.
Mən bugünkü nailiyyətlərimə - həm təşkilatçılıqda,
həm idarəçilikdə, həm icraçılıqda,
həm dövlətçiliyə sadiqliyimdə, həm də
dövlətimiz naminə bütün fəaliyyətimdə əldə
etdiklərimə görə, Ümummilli Liderimiz Heydər Əliyevə
borcluyam. Əlbəttə ki, 1976-cı ildən Ulu Öndər
Heydər Əliyevin rəhbərliyi altında işlədiyim
üçün mənəvi haqqım çatır ki, bu
sözləri deyim.
Heydər Əliyev
fenomeni haqqında danışarkən, mütləq Onun fəaliyyətinə
kənardan qiymət vermək lazımdır. Çünki biz
Ümummilli Lider Heydər Əliyevlə birgə
çalışdığımız və bütün
proseslərdə iştirak etdiyimiz üçün bəzi
hallarda bir sıra mühüm məqamları gözdən
qaçırmış oluruq. Mən bir neçə misalla, məhz
Heydər Əliyev şəxsiyyətinin
böyüklüyünə diqqəti çəkmək istərdim.
Nə üçün
o zaman M.Qorbaçov Ulu Öndər Heydər Əliyevi
tutduğu vəzifədən kənarlaşdırdı?
Halbuki O, o zaman dünyanın iki ən böyük dövlətlərindən
birinin rəhbəri idi. Qorbaçov bu addımı ona görə
atmışdı ki, sonrakı proseslərin Azərbaycanla
bağlı hissəsini problemsiz həyata keçirilməsini
təmin etmək istəyirdi. Heydər Əliyev şəxsi təcrübəsi
və idarəçilik qabiliyyətinə görə, digərlərindən
xeyli fərqləndiyi üçün Qorbaçov Onu
keçmiş sovet məkanı ilə bağlı
planlarının reallaşması prosesinə təhlükə
kimi görürdü. Bu səbəbdən də, Ümummilli
Lider Heydər Əliyevi məkrli yolla vəzifəsindən
uzaqlaşdırdıqdan sonra bu coğrafiyada hansı hadisələrin
baş verdiyini də hər kəs gördü. Amma
Ümummilli Lider Heydər Əliyev
vəzifəsində qalsaydı, Azərbaycanda, bəlkə də,
digər siyasi coğrafiyalarda qanlı hadisələr
olmayacaqdı. Azərbaycanda nə Sumqayıt hadisəsi
törədiləcəkdi, nə Dağlıq Qarabağ
münaqişəsi yaranacaqdı, nə də son illərdə
Ermənistanda yaşamış 250 min azərbaycanlı öz
doğma yurdlarından deportasiya olunacaqdı. Bütün
bunlar onu sübut edir ki, M.Qorbaçov dahi öndər Heydər
Əliyev fenomenindən, şəxsiyyətindən çəkinirdi.
Bununla yanaşı,
ABŞ-ın kəşfiyyat orqanlarının yüksək
çinli vəzifəliləri də Heydər Əliyevlə
məsləhətləşirdilər. Əlbəttə ki, bu
gün dünyanın ən güclü dövləti olan
ABŞ-ın rəhbər nümayəndələri Ulu
Öndər Heydər Əliyevin də rəyini öyrənməyə
üstünlük verirdilərsə, bu fakt da sübut edir ki,
O, dünya miqyasında böyük siyasətçi və
fenomen şəxsiyyət olub.
Bundan başqa, mən
MDB məkanında son on illiyin əvvələrində baş
vermiş hadisələrə diqqət çəkmək istərdim.
Həm Gürcüstanın keçmiş prezidenti
Şevardnadze, həm də Ukraynanın sabiq rəhbəri
Kuçma hər zaman çətin anlarında Ümummilli
Liderimizlə məsləhətləşirdilər. Lakin Ulu
Öndər Heydər Əliyev o zaman, səhhətilə
bağlı ölkədə deyildi. Məhz həmin hadisələr
zamanı onların dahi öndər Heydər Əliyevlə məsləhətləşə
bilməməsi sonrakı hadisələrə yol
açdı. Bu faktlar da sübut edir ki, Ulu Öndər Heydər
Əliyev böyük siyasətçi və dövlət
xadimidir.
Mən Heydər Əliyevi Azərbaycanın sosial,
siyasi, ictimai, iqtisadi və digər bütün sahələrlə
bağlı böyük fəaliyyəti olan, ölkəmizin
tarixinə Ümummilli Lider kimi daxil olmuş nadir şəxsiyyət
adlandırardım. Məgər bu gün elə bir sahə
varmı ki, oranın inkişafı ilə bağlı Heydər
Əliyevin adını çəkməyək?
Mən, əlbəttə
ki, bütün rəsmi tədbirləri kənara qoyaraq bu
fikri səsləndirirəm. Mən sadə insanların,
ümumilikdə, dünya azərbaycanlılarının həyatında
oynadığı roldan danışıram. Hesab etmirəm ki,
bugünkü bir çox dövlətlərin
inkişafında xidmətləri olan şəxslər hər
gün yada salınır. Amma elə bir gün varmı ki, sadə
insanlar Heydər Əliyev şəxsiyyətinin
böyüklüyündən söz açmasınlar?
Bütün bu fikirlər
bir daha sübut edir ki, Heydər Əliyev Azərbaycan tarixinə
düşmüş nadir şəxsiyyətdir, böyük
dövlət xadimidir.
Bir daha əvvəlki
fikrə qayıdıram ki, biz bu gün nə əldə
etmişiksə, məhz Onun davranışından, təcrübəsindən,
tapşırıqlarından nə
götürmüşüksə, bizim üçün qiymətlidir,
dəyərlidir.
- Ulu Öndər Heydər Əliyev fenomen şəxsiyyət
kimi özünün dövlətçilik məktəbini də
yaratdı. Bu məktəbin məzunları isə Onun
ideyalarına sadiq qalaraq bu gün Azərbaycanımızı
daha da inkişaf etdirirlər...
- Əlbəttə ki,
bu, belədir. Ulu Öndər Heydər Əliyev malik olduğu
idarəçilik, təcrübi və nəzəri biliklərilə
bir dövlətçilik məktəbi
formalaşdırıb. Bu gün Azərbaycanda yüksək vəzifələrdə
yer tutmuş insanlar, məhz həmin məktəbin məzunlarıdır.
Hətta bugünkü gənclər də Ulu Öndər Heydər
Əliyev ideyalarından bəhrələnir və idarəçilikdə
iştirak edirlər.
Ümummilli Lider Heydər
Əliyev məktəbinin həqiqiliyini, bu məktəbin Azərbaycana
layiqli insanlar bəxş etməsini sübut edən çoxlu
faktlar gətirə, adlar sadalaya bilərəm. Amma bu məktəbin
ən layiqli məzunu, məhz cənab Prezident İlham Əliyevdir.
Xatırlayırsınızsa,
Ulu Öndər Heydər Əliyev 2003-cü ildə sonuncu dəfə
xalqa müraciət edəndə, O, cənab İlham Əliyevə
özü qədər inandığını demişdi. Heydər
Əliyev müraciətində nələri demişdisə,
bu gün artıq həmin məsələlər yerində oturub,
həyata keçirilib. Burada isə, birincisi Ümummilli Lider
Heydər Əliyevin dahiliyi üzə çıxır,
ikincisi Prezident İlham Əliyevin uğurlu davamçı
olması sübut olunur.
Həmin ildə, eyni
zamanda, bütün dünyanın diqqəti Azərbaycana
yönəlmişdi. Həmin vaxt xarici qərəzli qüvvələr
Gürcüstanda, Ukraynada həyata keçirdiklərini, ilk
olaraq, Azərbaycanda reallaşdırmağa cəhd etmişdilər.
Amma alınmadı. Nə üçün? Mən hesab edirəm
ki, Ümummilli Liderimiz dövlətimizin əsaslarını
elə möhkəmləndirmişdi ki, bütün qurumlar böhran
vəziyyətində belə normal işləmək qabiliyyətinə
malik idilər. Digər tərəfdən, Heydər Əliyevin
əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilməsi həmin cəhdlərin
puça çıxmasına səbəb oldu. Bəlkə də,
xarici qərəzli qüvvələr elə fikirləşirdilər
ki, cənab Prezident İlham Əliyev cavandır və təcrübəsizdir.
Amma onlar bir məqamı - cənab İlham Əliyevin Heydər
Əliyev məktəbinin ən layiqli yetirməsi olduğunu -
diqqətdən qaçırmışdılar. Həmin illərdə
Prezident İlham Əliyev sübut etdi ki, yaşının az
olmasına baxmayaraq, O, dövlətini, xalqını müdaifə
etmək qabiliyyətindədir.
Bəli, Ulu Öndər Heydər Əliyev məktəbindən
daha çox qazanan Prezident İlham Əliyevdir. Bu, tam təbii
yanaşmadır. Yəni, biz yalnız iş prosesində
Ümummilli Liderimiz Heydər Əliyevlə
danışırdıqsa, cənab Prezident İlham Əliyev hər
gün Onunla ünsiyyətdə olurdu. Hətta, Ulu Öndər
Heydər Əliyev cənab İlham Əliyevi 10-12
yaşlarından başlayaraq, tədbirlərə, rayon səfərlərinə
aparırdı. Bütün bu daimi ünsiyyət prosesi isə
imkan verirdi ki, cənab İlham Əliyev Heydər Əliyevin
situasiyalara uyğun davranış sərgiləmək, fikir
söyləmək keyfiyyətlərini mənimsəsin...
Ulu Öndər Heydər
Əliyev məktəbinin ən layiqli yetirməsi olan Prezident
İlham Əliyevin nə qədər intellektual və təcrübəli
olduğunu sübut edən bir tarixi məqam da vardır.
2004-cü ilin fevral ayında biz "Gülüstan"
sarayında qaçqın və məcburi köçkünlərlə
bağlı beynəlxalq tədbir keçirdik. Cənab
Prezidenti də tədbirə dəvət etmişdik. Qeyd edim
ki, bu cənab İlham Əliyevin Prezident kimi iştirak etdiyi
ilk beynəlxalq tədbir idi. Bu səbəbdən də,
bütün dünyanın diqqəti buraya yönəlmişdi.
Həmin tədbirdə cənab Prezident 50 dəqiqə
konspektdən oxumadan, səlist nitq söylədi. Artıq o
zaman, Prezident İlham Əliyev bütün dünyaya nə qədər
təcrübəli siyasətçi olduğunu sübut etdi.
Bir daha nümayiş etdirdi ki, O, qaçqın və məcbur
köçkünlərin problemlərinə və Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə münasibətdə
Heydər Əliyev siyasətini davam etdirəcək, qətiyyətli
mövqe nümayiş etdirəcək.
Bax, budur Ümummilli
Lider Heydər Əliyev məktəbinin
üstünlüyü...
- Bildiyimiz kimi, Ulu Öndərimizin həyatının 40
ili sırf Azərbaycanın siyasi həyatı, dövlətçilik
tarixi ilə bağlıdır. Onun Azərbaycanın
inkişafı, tərəqqisi prosesindəki əvəzsiz
rolunu necə dəyərləndirərdiniz?
- Məlum olduğu kimi,
dahi öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycanda
ilk dəfə rəhbərliyə gəlmişdi. O dövrə
qədər Azərbaycan keçmiş Sovetlər Birliyində
ən geridə qalmış, kənd təsərrüfatı
ölkəsi kimi tanınırdı. Eyni münasibət Azərbaycan
xalqına da qarşı mövcud idi. Amma Heydər Əliyev rəhbərliyə
gələndən sonra bütün stereotiplər yox oldu. Azərbaycan
artıq birlikdə sənaye respublikası kimi tanınmağa
başlamışdı.
Sonradan Ulu Öndər
Heydər Əliyev Moskvaya getdi və əvvəldə qeyd
etdiyim kimi, məkrli planların reallaşması
üçün isə 1987-ci ildə Heydər Əliyev vəzifəsindən
kənarlaşdırıldı.
Lakin 1990-cı illərin
əvvəllərində Heydər Əliyev xalqın təkidli
tələbilə yenidən hakimiyyətə qayıtdı.
Amma bu məqamda deməliyəm ki, əgər o zaman Heydər
Əliyev hakimiyyətə gəlməsəydi, bugünkü
Azərbaycan olmayacaqdı. Bəlkə də, Azərbaycanın
həm daxili, həm xarici düşmənləri ölkəmizi
hissələrə böləcəkdilər. Bu parçalanma
isə hər kəsin gözü qarşısında baş
verirdi. Əlbəttə ki, Heydər Əliyevin Azərbaycana
qayıdışında xalqın rolu böyük oldu. Amma biz
İlahi iradəni də yaddan çıxarmamalıyıq.
Çünki Heydər Əliyevin hakimiyyətə gəlməsini
istəməyən qüvvələr neçə dəfələrlə
Onun həyatına təhlükələr törətmişdilər.
Allah Onu Azərbaycanı parçalanmadan, xaosdan, vətəndaş
müharibəsindən xilas etməkdən ötrü bizlər
üçün hər şeydən qorudu.
Müstəqillik əldə
etməyimizə baxmayaraq, ərazi
bütövlüyümüz pozulmuşdu və konkret mənada
desək, dövlət suverenliyi və müstəqilliyi formal
xarakter almağa başlamışdı. Ölkədə
siyasi qüvvələrin mübarizəsi ilə
yanaşı, ərazilərin işğalı,
qaçqın və məcburi köçkünlərin
problemlərinin böyüməsi vəziyyəti daha da
ağırlaşdırırdı. İqtisadi və sosial sahədə
xaosun hökm sürməsi isə bu acınacaqlı şəraiti
daha da dözülməz edirdi. Məhz, həmin dövrdə
Heydər Əliyev Azərbaycanı yenidən qurmağa
başladı.
Deyim ki, belə bir
çətin şəraitdə hakimiyyətə gəlmək,
eyni zamanda, Heydər Əliyevin özü üçün
böyük risk idi. Bütün sahələr üzrə
xaosun yaşandığı bir dövlətin idarəçiliyinin
ələ alınması da hər adamın işi deyildi.
Həmçinin, davamlı
olaraq, xarici qüvvələrin sifarişi əsasında,
ölkəmizdə həyata keçirilən terror və
dövlət çevrilişləri dövründə Heydər
Əliyevin xarici şirkətləri Azərbaycanın neft
sektoruna sərmayə qoymağa dəvət etməsi və
"Əsrin müqaviləsi"ni imzalaması da Onun həyatı
üçün ən böyük təhlükə idi.
Bir sözlə, Heydər
Əliyev öz həyatını təhlükələrə
ataraq, Azərbaycanı parçalanmaq təhlükəsindən
xilas etdi və inkişaf yoluna çıxartdı. Bu gün
artıq biz anlayırıq ki, Heydər Əliyev o zaman məhz
Azərbaycanın bu günü üçün risk etmişdi.
Bu bir həqiqətdir
ki, bu gün Heydər Əliyevin siyasi kursunu uğurla davam
etdirən cənab Prezident İlham Əliyevin fəaliyyəti
sayəsində Azərbaycan iqtisadiyyatının neft sektorundan
asılılığı azalır. Əlbəttə ki, bu cənab
Prezidentimizin strateji fəaliyyət istiqamətidir. Yəni,
tükənən təbii sərvət olan neft bu gün var,
müəyyən müddətdən sonra olmayacaq. Ona görə
də, qeyri-neft sektorunun inkişafı Azərbaycanımızın
gələcəyi üçün vacib sahə
sayılır. Amma Heydər Əliyevin yaratdığı o
bünövrə olmasaydı, təbii olaraq, bugünkü
nailiyyətlərimiz də olmazdı. Dəfələrlə
qeyd etmək istəyirəm ki, Azərbaycanın
bugünkü inkişafının bünövrəsində
Heydər Əliyevin həmin dövrdəki riski durur.
- Sizin Ulu Öndərimizlə bağlı olan xatirələrinizi
eşitmək istərdik.
- Yaxşı
yadımdadır ki, Heydər Əliyev neftdən daxil olan ilk
bonusların məqsədyönlü şəkildə xərclənməsini
götür-qoy edirdi. Söhbətimizdə Ümummilli
Liderimiz mənə dedi ki, "Bütün dünyanın diqqəti
bizdədir. Onlar izləyirlər ki, görsünlər biz ilk
neftdən gələn bonusu şəffaf şəkildə
hansı sahəyə xərcləyəcəyik. Mən
neçə gündür götür-qoy edirəm. Biz bunu
hansı sahəyə xərcləyək ki, dünya ictimaiyyəti
yanlış fikirdə olmasın. Və mən bu qənaətə
gəlmişəm ki, bu pulu qaçqın və məcburi
köçkünlərin sosial vəziyyətinin
yaxşılaşdırılmasına istiqamətləndirək".
Hətta o zaman, söhbət
əsnasında Heydər Əliyev mənə belə bir sual
da verdi ki, "Biz bunu şəffaf şəkildə həyata
keçirə bilərikmi?". Mən də cavabında dedim
ki, "Cənab Prezident, əgər siz etimad göstərərsinizsə,
mən bu prosesin tam şəffaf şəkildə həyata
keçirilməsini təmin edə bilərəm".
Daha bir hadisə də
yadımdadır. Demək, 2001-ci ildə ATƏT-in Minsk Qrupunun
həmsədrləri ölkəmizə gəlmişdilər.
Həmsədrlər Heydər Əliyevə demişdilər
ki, Ağcabədidə məskunlaşmış
qaçqın və məcburi köçkünlərlə
görüşmək istəyirlər. Ümumiyyətlə,
deyim ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri
qaçqın və məcburi köçkünlərlə
görüşmürlər. Onların cəmi iki dəfə
belə görüşləri olub. Birincisi, Bərdədə,
ikincisi isə Ağcabədidə oldu. Dahi Öndər Heydər
Əliyev mənə göstəriş verdi ki, bu
görüşü təşkil edim. Görüşün
keçirilməsinə 5 gün qalmasına baxmayaraq, Ulu
Öndər Heydər Əliyev həmin müddətdə məndən
3 dəfə soruşmuşdu ki, hazırlıqlar nə yerdədir?
Adətən, Ümummilli Liderimiz tapşırığı
bir dəfə verirdi. Amma 4 gün ərzində 3 dəfə
hazırlıqlarla bağlı soruşması məndə
düzü şübhə yaratdı. Yəni, nə istədiyini
konkret demirdi. Əgər konkret tapşırıq versəydi,
deyərdi ki, bunu və digərini et. Bununla da, hər şey
bitərdi. Amma nədənsə, heç bir şey demirdi. Bir
qədər götür-qoy etdikdən sonra işləri
lazımi şəkildə qurdum.
Görüş günü
ATƏT-in Minsk Qrupu qaçqın və məcburi
köçkünlərin sualları qarşısında
çox pis vəziyyətdə qaldılar. İnsanlar ürəklərində
nə var idisə, açıq-aydın şəkildə
onlara dedilər.
Həmsədrlər isə mənə
dedilər ki, "bu insanlar niyə bu qədər dəyişiblər.
Keçən il belə deyildilər". Mən cavabında
dedim ki, "gələn il gəlsəniz vəziyyət bundan
da pis ola bilər. Doğma yurdsuz nə etməlidirlər
ki?".
Bakıya qayıtdıqdan
sonra Heydər Əliyevlə danışdım. Amma əvvəlcə
vahimə içərisində idim. Çünki bilirdim ki,
Heydər Əliyev nəsə istəyir. Amma
atdığım addımın düz olduğuna tərəddüdlə
yanaşırdım.
Sonra isə olan şeylərin
hamısını Heydər Əliyevə danışdım və
O, həmin gün göstəriş verdi ki, orada çəkilənlərin
hamısını dövlət televiziyasında
yayımlasınlar.
Məhz Ulu Öndər Heydər
Əliyevlə işləməyin çətinliyidə bunda
idi. Heydər Əliyev məsələni elə qoyurdu ki,
tapşırığı elə verirdi ki, Onun nə istədiyini
özün tapmalı idin.
Bir dəfə də,
Prezident Aparatında BVF-nin tələbinə görə,
bütün sosial güzəştlərin ləğvi məsələsi
müzakirə olunurdu. Müzakirələrdə
çıxış edən nazirlər güzəştlərin
ləğvi ilə bağlı fikirlərini söyləyirdilər.
Sonra mənə də söz verildi. Mən öz fikrimi
bildirdim və dedim ki, əgər BVF-nin belə bir tələbi
varsa, onu həyata keçirmək lazımdır. Amma Ulu
Öndərimizin icazəsilə bir fikir də söylədim
ki, "qaçqın və məcburi köçkünlərimizin
torpaq həsrətini hər hansı bir maddi vəsaitlə əvəzləmək
olmaz". Ümummilli Liderimiz bir qədər
düşündükdən sonra qaçqın və məcburi
köçkünlərin güzəştlərindən
başqa digərlərinin ləğvinə göstəriş
verdi. Bu isə bir daha Heydər Əliyevin qaçqın və
məcburi köçkünlərə olan diqqət və
qayğısının göstəricisi idi.
Bilirsiniz, qaçqın və
məcburi köçkün vətəndaşlarımız
da bu diqqəti qiymətləndirir və Heydər Əliyevə
olan sevgilərini dəfələrlə sübut edirdilər.
Yadımdadır, Goranboyda
Ağcakənd qəsəbəsində Xocalıdan və Ermənistandan
olan qaçqın və məcburi köçkünlər
üçün salınmış qəsəbədə
görüş keçirilmişdi. Görüş zamanı
güclü dolu yağmasına baxmayaraq, heç bir nəfər
belə yerindən tərpənməmişdi. Suyun içində
olan insanlar gülümsəyərək, öz Ümummilli
Liderlərinə olan sevgilərini nümayiş etdirirdilər.
Ona görə də, düşünürəm ki, dünya
durduqca bütün azərbaycanlılar hər zaman
Ümummilli Lider Heydər Əliyevi anacaq və Ona
ehtiramını nümayiş etdirəcək.
- Ulu Öndərin diqqət mərkəzində
saxladığı məsələlərin bir nömrəlisi
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi və qaçqın və məcburi
köçkünlərin sosial problemlərinin həlli idi.
Son olaraq, Onun bu istiqamətdəki fəaliyyəti haqqında
və əsasını qoyduğu siyasətin Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilməsindən
söz açardınız.
- Azərbaycanda siyasi və
iqtisadi stabillik əldə olunduqdan sonra Heydər Əliyev
qaçqın və məcburi köçkünlərin
sosial şəraitinin yaxşılaşdırılması,
Dağlıq Qarabağ münaqişəsinin ərazi
bütövlüyümüz çərçivəsində
həll edilməsi üçün gecə-gündüz
işləyirdi. Məhz bu məqamda Heydər Əliyevin
1996-cı il Lissabon sammitindəki qəti mövqeyini
xatırlatmaq istəyirəm. Həmin dövrdə Heydər Əliyev
Azərbaycanın maraqları naminə öz mövqeyindən
geri çəkilmədi və Azərbaycanın tələbləri
yerinə yetirilməyincə sammitin yekun sənədinə
imza atmadı. Nəyin xatirinə? Yalnız Azərbaycanın
maraqları, qaçqın və məcburi
köçkünlərin problemlərinin həlli naminə
Heydər Əliyev buna getdi.
Bununla yanaşı, 1999-cu
ili xatırlatmaq istəyirəm. Həmin ildə biz Onu Biləsuvardakı
çadır şəhərciyinə dəvət etdik.
Ümummilli Liderimiz orada bir neçə toy məclislərində
iştirak etdi. Bu isə adi toy məclisində iştirakdan
çox, qaçqın və məcburi köçkünlərin
problemlərinə olan münasibətin ifadəsi idi. Heydər
Əliyevin dövlət başçısı kimi,
qaçqın şəhərciyində şəhid ailəsinin
toy məclisində iştirakı Onun xalqına olan sevgisi idi.
Onun bu istiqamətdə siyasi kursunu bu gün Prezident İlham Əliyev
uğurla davam etdirir.
Səs.- 2010.- 8 dekabr.- S. 5, 6.