Xalqa həsr edilmiş ömür
Müasir dünyamızda hər bir dövlətin inkişaf yolu həmin ərazidə yaşayan xalqların öz qarşısına qoyduğu vəzifələrlə üzvi surətdə bağlıdır. Ancaq bu dövlətlərin inkişaf səviyyələri heç də eyni deyildir. Əsas məsələ odur ki, yüksək inkişaf edən dövlətlərin tarixinə nəzər saldıqda, görürük ki, orada cəmiyyət vahid bir məqsəd ətrafında sıx birləşib.
Məhz buna görədir ki, Azərbaycanın son otuz beş ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Ümummilli Lider Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz bu böyük şəxsiyyətin adı ilə əlaqədardır.
Öz möhtəşəmliyi ilə təkcə ölkəmizin deyil, dünya tarixinə nadir şəxsiyyət kimi düşən Ümummilli Lider Heydər Əliyev milyonlarla azərbaycanlının and yeridir. Heydər Əliyev dühası Azərbaycanın sərhədlərini aşaraq, dünyaya səs saldığı kimi, hər il Onun müqəddəs ruhunun yad edilməsi də bütün cahanı əhatə edir. Böyük dövlətlər, görkəmli şəxsiyyətlər, müxtəlif xalqların nümayəndələri xalqımızın dərdinə şərik çıxaraq, Heydər Əliyevin əbədiyyətə qovuşan ruhu qarşısında baş əyirlər. Ulu Öndərimiz Heydər Əliyev planetimizin xəritəsində kiçik nöqtə olan Azərbaycanı vəfatından sonra da dünyaya tanıtdı...
Bir əsrdə iki dəfə istiqlaliyyətə qovuşmuş Azərbaycanın müstəqillik taleyi o qədər də ürəkaçan olmayıb 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin varlığına bolşevik Rusiyasının işğalı son qoydu, 1991-ci ildə ikinci dəfə azadlığına qovuşmuş ölkəmizi isə təhlükəyə sürükləyən hakimiyyətdəki səriştəsiz insanlar oldu. Hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün "səriştəsi sayəsində" ictimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda vəziyyət günü-gündən ağırlaşır, fərarilik halları getdikcə artırdı. Silahlı qüvvələr adlanan könüllü qruplaşmalar mərkəzi hakimiyyətə tabe olmur, özlərini sərbəst aparır, düşmənlə vuruşmaqdansa şəxsi maraqların və maddi mənafeyin girovuna çevrilirdilər. Təbii ki, bu cür hakimiyyət boşluğundan hər zaman yararlanmaq istəyənlər tapılır. Həmin vaxt hərəkətə keçən düşmənlərin əsas məqsəd isə Azərbaycanın müstəqilliyinə son qoymaq idi. Bu azmış kimi, ölkədə hakimiyyətə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında qızğın mübarizə gedirdi.
Belə bir məqamda Azərbaycan hakimiyyəti vəziyyətin daha da kəskinləşməsinə yol açan məntiqsiz qərarlar verməkdə davam edir, silahlı birləşmələri, demək olar ki, zorla vətəndaş qarşıdurmasına sürükləyirdi. Belə bir çıxılmaz vəziyyətə düşən Azərbaycanın bir xilas yolu vardı. Daha doğrusu, xalqın yeganə ümidi Naxçıvana, Ulu Öndər Heydər Əliyevə idi. Vətənin bu ağır günündə xalq Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edərək, iyunun 9-da Bakıya gəldi və qısa vaxt ərzində Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Məhz Ümummilli Liderimiz Heydər Əliyev müasir Azrbaycan dövlətinin varlığını qorudu. Xalqının xilaskarına çevrilən Ulu Öndər Heydər Əliyev Azərbaycan qarşısında tarixi bir missiyaya imza atdı. Ulu Öndər Heydər Əliyev sonralar bu məsələ ilə bağlı bildirirdi: "1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər".
Ümummilli Liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə parçalanmaq, dövlətçiliyini itirmək vəziyyətində olan, hərc-mərcliyin baş alıb getdiyi, vətəndaş müharibəsi ilə üz-üzə dayanan Azərbaycanın mustəqil, dinamik iqtisadi inkişafa malik, demokratik bir dövlətə çevirildi. Ölkəmizin Konstitusiyası qəbul edildi, parlamentlə icra orqanları arasında qarşılıqlı əlaqə yarandı. Ulu Öndər Azərbaycanın beynəlxalq aləmdə tanınması üçün səy göstərdi, regionda aparıcı bir dövlət kimi bərqərar olmasını təmin etdi. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına özünəinamı qaytardı.
Onu da vurğulamaq lazımdır ki, qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü isə onu yaxşı başa düşənlər, dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsil qurtuluş tarixi, Azərbaycanın ölüm-dirim mübarizəsinin qələbə günüdür.
1993-cü ilin iyun hadisələri zamanı Heydər Əliyev Bakıya gəlməyə bilməzdi. Çünki Onun gəlişini canı qədər sevdiyi Vətəni, xalqı tələb edirdi. O, çətin anlarda doğma xalqından kənarda dura bilməzdi. Müdrik rəhbər heç vaxt yol verməzdi ki, Azərbaycanı parçalasınlar, qardaş qırğını salıb xalqı zəlil etsinlər. O, Azərbaycanı daim ucalan, azərbaycanlıları həmişə xoşbəxt görmək istəyirdi. Ona görə də gəldi, bir xilaskar kimi, bir yenilməz sərkərdə kimi qayıtdı.
Heydər Əliyevdən başqa heç kim həmin hadisələrin real qiymətini verməyə, bir-birinə qarşı duran qüvvələri bir araya gətirməyə, xalqı öz ardınca aparmağa və sakitləşdirməyə, qarşıya çıxacaq problemləri, fəlakətləri müdrikcəsinə dəf etməyə, silahlı qruplaşmaların qarşısını almağa qadir deyildi. Ölkədə ağır vəziyyət yaranmışdı: bir tərəfdən erməni işğalçıları Azərbaycan torpaqlarını işğal edir, hər gün cəbhədə yüzlərlə azərbaycanlı qətlə yetirilir, bir tərəfdə vətəndaş müharibəsi təhlükəsi, digər tərəfdə sadvalçılar, Əlikram Hümbətovun silahlı qruplaşmaları ölkəni parçalamağa çalışırdılar. Bir tərəfdə isə xarici düşmənlərimiz Azərbaycanı məhv etmək üçün bütün səylərini birləşdirmişdilər. Belə bir vaxtda hadisələri məcraya salmaq, insanları fəlakətdən qurtarmaq, ölkəni təhlükədən xilas etmək çox çətin, həm də müdriklik, cəsarət tələb edən bir vəzifə idi. Hadisələri düzgün qiymətləndirən insanlar bu vəzifənin çətinliyini çox yaxşı bilirdilər. Bu vəzifəni yerinə yetirə biləcək, bu ağırlığı öz çiyinlərində daşıyacaq, xalqı, Vətəni bəlalardan qurtaracaq bir lider lazım idi. Müdrik xalqımız çox düzgün seçim etdi və bu fəlakətlərin qarşısını ala biləcək yeganə şəxsiyyətin - Heydər Əliyevin tərəfində dayandı. Çünki hamı yalnız Ona inanırdı.
Beləliklə, müdrik rəhbər ölkə daxilində separatçı və müxalifətçilərlə, xaricdə Azərbaycanı istəməyən qüvvələrlə, bir də erməni işğalçıları ilə eyni vaxtda mübarizə aparmalı, vətənin üzərini bürümüş fəlakətin qarşısını almaq üçün çox çətin, ancaq xalqın taleyini həll edən müqəddəs bir mübarizəyə başlamalı oldu.
Ümummilli Liderimiz Azərbaycanın müstəqillik tarixinə nəzər salarkən, bu müstəqilliyin qorunub saxlanılmasını, həm də dövlətçiliyimizin, məhvinə yönəldilən səyləri təhlil edib qiymətləndirərkən, qeyd edirdi ki, "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir".
Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi etmək, dövlətçiliyini möhkəmləndirmək üçün həyatını qurban verməyə belə hazır olduğunu bildirirdi. Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə bu inamla, bu əqidə ilə, bu əməllə yaşadı, yaratdı.
Ulu Tanrının Heydər Əliyevə verdiyi qüvvət və qüdrət, cəsarət və hünər, xalqımızın öz rəhbərinə sonsuz sədaqəti və məhəbbəti 1993-cü ilin 15 iyununda müstəqilliyimizin əbədiliyinə, dönməzliyinə və gələcəyinə uğurlu yol açdı, ona əbədi zəmanət verdi. Bu yol, bu siyasət hörmətli Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycanın tərəqqisi və inkişafı, xalqımızın xoşbəxt həyatı, son illərdə əldə olunmuş nailiyyətlərin qorunması və möhkəmləndirilməsi, nəhəng layihələrin həyata keçirilməsi və yeni səmərəli layihələrin hazırlanması, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, regionların inkişafı üçün gördüyü çox böyük işlər öz bəhrəsini verir. Azərbaycan iqtisadi inkişafına görə bu gün dünyada öncül yer tutur. Demokratik inkişaf, dövlət quruculuğu, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. Beynəlxalq aləmdə ölkəmizin rolu və nüfuzu durmadan artır və möhkəmlənir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həll edilməsi üçün ölkə Prezidentinin tutduğu mövqe, yeritdiyi siyasət xalqımız tərəfindən yuksək qiymətləndirilir və dəstəklənir.
Azərbaycanın
bugünkü nailiyyətləri məhz Heydər Əliyevin
sayəsində mümkün olmuşdur. Əsası Heydər
Əliyev tərəfindən qoyulmuş dövlət siyasəti
bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Bu uğurların əsasını
qoymuş Ulu Öndər Heydər Əliyevin adı isə qədirbilən
Azərbaycan xalqının qəlbində əsrlər boyu
yaşayacaqdır.
RƏFİQƏ
Səs.- 2010.- 9 dekabr.- S. 3.