Böyüklüyün ən böyük zirvəsi
Zaman keçdikcə Heydər Əliyev şəxsiyyətinin
böyüklüyü daha aydın görünür
Dekabr ayı Azərbaycan
tarixində bir hadisə ilə daha çox yadda qalıb. 2003-cü
ilin 12 dekabrında Ulu Öndərimiz Heydər Əliyev Azərbaycan
xalqına müstəqil və qüdrətli bir dövlət
miras qoyaraq əbədiyyətə qovuşdu. İndi həmin
tarixdən 7 il keçir. Bu müddətdə Ulu Öndər
hər bir azərbaycanlının qəlbində
yaşayıb və nə qədər ki Azərbaycan xalqı
var yaşayacaq.
Azərbaycan xalqının bir millət kimi inkişaf etməsi, dövlətçiliyin möhkəmləndirilməsi, respublikanın iqtisadi gücünün artması kimi tarixi proseslər hələ Ümummilli Liderin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlişindən sonra başlamışdı. İkinci dəfə müstəqil Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyev ölkəmizin dünyada öz layiqli yerini tutması üçün mümkün olan hər şeyi etdi.
Azərbaycanın yüksəlişində
Heydər Əliyevin rolu əvəzedilməzdir
Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstərib. Bunların sırasında ən əsası müstəqil Azərbaycan dövlətinin qurulması üçün hələ sovetlər dönəmində bazanın yaradılmasıdır. Hələ ötən əsrin 70-80-ci illərində sovet dönəmində respublikamızın inkişafında böyük işlər görən Ümummilli Lider Heydər Əliyev tariximizə qurucu insan kimi daxil olub. Məhz buna görə, Heydər Əliyev xalqımızın qəlbində daim yaşayır. Böyük Öndərin ideyaları dövlətimiz və xalqımız üçün həmişə lazım olacaq. Heydər Əliyevin böyüklüyü zaman keçdikcə daha əzəmətli görünəcək.
Heydər Əliyevin dahiliyi, böyüklüyü ondadır ki, onun xidmətləri təkcə onun davamçıları, partiyasının üzvləri tərəfindən deyil, həm də bütün ölkə ziyalıları və dünyanın tanınmış şəxsləri tərəfindən etiraf olunur. Hamı qəbul edir ki, Azərbaycanın tərəqqisində Heydər Əliyevin rolu əvəzedilməzdir. Heydər Əliyev və Azərbaycan dövlətçiliyi mövzusunda hələ uzun illər müzakirələr aparılacaq. Amma fakt odur ki, müstəqil dövlətimizin möhkəmlənməsi üçün atılan addımların əhəmiyyəti çox böyükdür.
Heydər Əliyev özünəməxsus düşüncə tərzi və fenomenal qabiliyyəti sayəsində sovet imperiyasının ən kəskin vaxtında Azərbaycanı, Azərbaycan xalqını qoruyub. Əlində olan imkanlardan istifadə edərək respublikada, həm iqtisadi, həm mədəni, həm elmi, həm də digər sahələrdə inkişafın əsasını qoyub.
Hər bir xalq dünyada meydana çıxardığı böyük tarixi şəxsiyyətlərlə tanınır. İstər 70-ci illərdə, istərsə də müstəqillik dövründə Azərbaycan xalqının dünyada tanınmasında, dövlətimizin beynəlxalq aləmdə möhkəmlənməsində Heydər Əliyev amili müstəsna rol oynayıb.
Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin dayağı
idi
Sovet dövrü Azərbaycanda mübariz və savadlı gəncliyin formalaşmasında Heydər Əliyevin böyük rolu olub. O, Mərkəzi Komitənin yeganə 1-ci katibi idi ki, Azərbaycanda milli dilimizdə nitq söyləyirdi- istər partiyanın tədbirlərində, istər yazıçıların qurultayında, istərsə də digər dövlət əhəmiyyətli tədbirlərdə.
Ulu Öndər yazıçılara milli problemlərimizə, Güney Azərbaycanla bağlı məsələlərə toxunmağı tapşırır, onlara lazımi istiqamət verirdi. Bu, o dövrdə çox böyük inqilabı hadisə, çox böyük bir cəsarət nümunəsi idi. 1970-80-ci illərdə onun yaratdığı mühit öz bəhrəsini 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində verdi. Bu milli özünüdərkin məntiqi nəticəsi idi.
1970-ci illərdə başqa respublikalara təhsil almaq üçün azərbaycanlı tələbələrin göndərilməsi, hərbi məktəbin yaradılması və s. milli şüurun formalaşmasında Ümummilli Liderimizin göstərdiyi xidmətlərdəndir.
Heydər Əliyevin sağlığından bizi ayıran zaman uzandıqca biz onun böyüklüyünü, qüdrətini, uca bir dağ əzmətini daha aydın dərk edirik. O, bu gün cismani olaraq bizimlə olmasa da, Onun ideyaları, yaratdığı dövlətçilik ənənələri bizimlədir.
Sovetlər dönəmində respublikanın Konstitusiyasında Azərbaycan dilinin dövlət dili elan olunması böyük cəsarət idi. Heydər Əliyev cəsarətlə belə bir addım atdı. O zaman Azərbaycanın aqrar respublikadan sənaye dövlətinə çevrilməsi də Ulu Öndərin adı ilə bağlıdır.
Heydər Əliyev təkcə Azərbaycan türklərinin deyil, bütün türk dünyasının təəssübünü çəkirdi. Onun Siyasi Büroda qorbaçovlarla üz-üzə gəlməsinin səbəbi də Qazaxıstandan qazax rəhbərin azad edilməsi və onun yerinə başqa millətdən birinin təyin edilməsinə etiraz etməsi idi. O sovet imperiyasında yaşayan bütün türk xalqlarının himayəçisi idi. Zamanın təzadları heç vaxt Heydər Əliyevi əyə bilmədi. O öz siyasəti, öz iradəsi ilə həmişə qalib oldu.
Heydər Əliyev vətəninin, millətinin və dövlətinin uğurları üçün həmişə var gücü ilə çalışıb. Onun zəhməti bu gün Azərbaycanı dünyanın ən münaqişəli nöqtəsindən, dünyada sülhün təminatçısına çevrilib. Bu, Heydər Əliyevin xidmətidir.
Heydər Əliyev Azərbaycanı ağır günlərdən xilas etdi, ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən qurtardı, Azərbaycanı iqtisadi cəhətdən inkişaf etdirdi, mədəniyyətimizi, tariximizi dünyada təbliğ etdi.
Azərbaycan dünyanın can atdığı böyük karbohidrogen ehtiyatlarına sahibdir və artıq ölkəmiz Avropanın enerji təminatçısına çevrilib. Bu Ulu Öndərin uzaqgörənliyindən yaranan prosesdir.
Dünya tarixi böyük şəxsiyyətlərin tərcümeyi-halıdır
Böyük şəxsiyyətlərin yalnız doğum tarixi olur, onların ölüm tarixləri olmur. Böyük şəxsiyyətlər millətin inersiyasından qopurlar. Heydər Əliyev də millətin ehtiyacından doğulmuş şəxsiyyətdir.
Heydər Əliyevin əsərləri hər yerdə var. Azərbaycanın hər bir sahəsində baş verən inkişaf onun adı ilə bağlıdır. Heydər Əliyev təkcə dünyaya gəlməsi ilə yox, dünyadan getməsi ilə də xalqın gen yaddaşına hopmuş tarixi şəxsiyyətdir.
Heydər Əliyev bütün dünyaya göstərdi ki, Azərbaycan məfhumu təkcə ərazisinin 10-dan biri üzərində yaranmış, millətin 10 faizinin yaşadığı bir bir ölkəyə aid məfhum deyil. O göstərdi ki, 50 milyonluq bir millətin rəhbəridir. Millətimiz tarixin heç də bütün dövrlərində özü ilə, müstəqil dövləti ilə fəxr edə bilməyib. Bundan sonra isə həmişə fəxr edəcəyik ki, biz Azərbaycanda yaşayırıq, azərbaycanlıyıq, türkük. Heydər Əliyevin ən böyük uğuru da elə bundan ibarətdir.
Onun şəxsiyyəti, qoyduğu kurs hər bir vətəndaş tərəfindən nə qədər dərk edilərsə, Heydər Əliyev siyasətinin Azərbaycanda həyata keçirilməsinin uğurları da bir o qədər böyük olar. Heydər Əliyev hər bir dahi şəxsiyyətlər kimi ona görə tarixdə yaşamaq haqqına sahib olub ki, O bir tarixi şəxsiyyət olaraq, mənsub olduğu xalqı özünün ideyalarında, fəaliyyətində, siyasətində ifadə edib.
Heydər Əliyev Azərbaycana 30 ildən çox rəhbərlik edib. Ulu Öndər bütün tarixi şəxsiyyətlər kimi Azərbaycana bu qədər rəhbərlik etmək haqqını özündə saxlaya bilib ki, Azərbaycan xalqı Onda özünün ifadəsini görürdü. Xalq Onun fəaliyyətində özünün istək və arzularını görürdü. Əgər bu, olmasaydı O, 1969-cu ildən başlayıb kiçik bir zaman fasiləsi ilə 2003-cü ilədək Azərbaycana rəhbərlik edə bilməzdi.
1993-cü ildə Azərbaycanın müstəqilliyini qoruyan Heydər Əliyevə əsil qiyməti uzun illərdən sonra tarix verəcək. Azərbaycanın ən yeni tarixinin böyük bir hissəsi Heydər Əliyevin adı ilə bağlıdır.
Müstəqillik dövründə hakimiyyətə gəldiyi vaxt O, bu siyasəti davam etdirib. Həmin illərdə ölkəmiz çox ağır durumda idi, xalqın vəziyyəti pisləşir, torpaqlarımız işğal olunur, xalq vətəndaş müharibəsinə sürüklənirdi. Bu zaman Heydər Əliyev şəxsiyyətinə xalqın yenidən ehtiyacı yarandı və O, yenə də ortaya çıxıb öz xalqı və dövləti üçün əlindən gələn hər şeyi etdi.
Həmin ağır durumda xalqın çağırışına cavab verən Ümummilli Liderimiz yeni Azərbaycanı qurmaq, yaratmaq üçün meydana çıxdı. Ulu Öndər Yeni Azərbaycan yaratmağa qərar vermişdi- müstəqil, güclü,
zəngin yeni Azərbaycan! O, buna nail oldu.
Elçin Bayramlı
Səs.- 2010.- 9 dekabr.- S. 5.