Azərbaycanda əhalinin sosial müdafiəsinin güclənməsi istiqamətində dövlət siyasəti uğurla davam edir

 

- Hadi müəllim, Azərbaycan parlamenti artıq yeni tərkibdə bir neçə iclasını keçirib. Dördüncü çağırış Milli Məclisin qarşısında hansı vəzifələr dayanır?

- Bilirsiniz ki, dördüncü çağırış Milli Məclis ilk iclasını möhtərəm Prezidentimiz İlham Əliyevin proqram xarakterli çıxışı ilə başlayıb. Prezidentimizin çıxışında Azərbaycan parlamentinin son beş ildə gördüyü işlərə çox yüksək qiymət verildi, qanun yaradıcılığı prosesində olan işlərimiz qiymətləndirildi və cəmiyyətdə parlamentin yeri yaxşı mənada bir daha qeyd olundu. Bu, əlbəttə ki, parlamentarizmin inkişafına bir baxış idi və bu baxış da bizim üçün çox əhəmiyyətlidir. Möhtərəm Prezidentimiz ölkə qarşısında duran vəzifələrdən bizə vizual olaraq sistem halında danışdı, məlumat verdi və bu, bir daha hər birimizin proqram vəzifələrin icrasında yerimizi sanki bizə bir daha göstərdi. Məsələn, mən özüm üçün nə əxz etdim? Prezident İlham Əliyev bildirdi ki, keçən beşillikdə qlobal iqtisadi böhrana baxmayaraq, Milli Məclis büdcəni təsdiq, hökumət isə onu icra edəndə sosial məsələlərin azalmasına getmədi. Sosial məqsədlərə ayrılan vəsaitlər təyinatı üzrə icra olundu. Ötən müddətdə qlobal böhranın fonunda sosial məqsədlərə ayrılan vəsaitlər azaldılmadı. Bu, bir daha göstərdi ki, ölkəmizdə insanların sosial müdafiəsinin gücləndirilməsi prioritet vəzifədir. Qarşıdakı dövr üçün vəzifələr nədən ibarət oldu? Möhtərəm Prezidentimizin ən böyük devizi bir daha səsləndi ki, bizim fəaliyyətimiz güclü dövlət, sosial rifah istiqamətində müəyyənləşdirilib. İqtisadiyyatda islahatların daha da ciddi aparılması, real istehsalata, real iqtisadiyyata vəsaitin yönəldilməsi, ordu quruculuğunun güclənməsi, təhsilə xüsusi olaraq, diqqətin artırılması və əlbəttə ki, insanların sosial müdafiəsinə, sosial reabilitasiyasına, həm də sosial problemlərin qarşısının alınmasına xüsusi diqqət yetirilməsi bu mənada əsas vəzifələrdir. Mən İlham Əliyev dövlət quruculuğunun bir neçə özəlliklərini daim səsləndirmişəm. Düşünürəm ki, bunların üçünü bu gün xüsusi olaraq, vurğulamaq lazımdır. İlham Əliyev dövlət quruculuğu modernləşən dövlət quruculuğu modelidir. Bu, postsovet ölkələrinin bütün dövlət quruculuğu modellərindən fərqlidir. Çünki burada daha çox səbəbə istiqamət götürmək nəzərdə tutulur. Məsələn, insanı xəstələnəndən sonra onu müalicə etməmək, onu xəstələnməsinə imkan verməmək nəzərdə tutulur. Yəni xəstəliyi yaradan səbəb aradan qaldırılır. İkinci özəllik, ölkədə gedən proseslərin proqramlar vasitəsilə idarə olunmasıdır. Məsələn, regionların sosial-iqtisadi inkişafı proqramları burada əsas istiqamətlərdən biridir. Digər tərəfdən səhiyyə, təhsil və digər sahələrin proqramlarla inkişaf etdirilməsini də qeyd etmək lazımdır. Üçüncü özəllik isə neft kapitalının insan kapitalına çevrilməsi prosesidir. Burada informasiya texnologiyalarının inkişafı, bütün sahələrdə İKT-dən istifadə olunmasıdır, həm də tikinti-quruculuq işlərində modern üsulların seçilməsidir.

 

Partiyamız gələcəkdə də inkişaf xəttini daha da möhkəmləndirəcək və inkişaf etdirəcək

 

- Yeni Azərbaycan Partiyasının uğurlu seçki kampaniyası da öz müsbət nəticəsini verdi. Partiyamız böyük üstünlüklə Milli Məclisdə təmsil olunur...

- Yeni Azərbaycan Partiyası seçkilərə çox yüksək seçki texnologiyası ilə qatıldı. Bu gün Yeni Azərbaycan Partiyası ölkənin ən güclü siyasi təşkilatıdır. YAP-ın say və keyfiyyət tərkibi də önəmlidir. Bu gün cəmiyyətdə belə fikirlər səslənir ki, müxalifət zəifləyir, YAP isə günü-gündən güclənir. Bunun günahı bizdə deyil. Ölkədə müxalifət yaratmaq iqtidar partiyasının vəzifəsi deyil. Əlbəttə ki, bütün hallarda YAP güclü olacaq. Çünki partiyamız xalqın maraqlarını ifadə edir. Fikrimcə, müxalifət hər hansı konstruktiv təklifləri səsləndirən bir düşərgə olmalıdır. YAP bu gün ölkəmizin hər bir regionunda yerləşmiş, strukturlaşmış, sistemləşmiş bir siyasi qurumdur. Məntiqi olaraq da keçirilən seçkilərdə mütləq çoxluq, məhz YAP üzvləri arasından seçildi. Ümumiyyətlə, partiyamız gələcəkdə də inkişaf xəttini daha da möhkəmləndirəcək və inkişaf etdirəcək. YAP son seçkilərə "Güclü dövlət, yüksək rifah" şüarı ilə qatıldı və bu prinsiplər uğrunda da fəaliyyət göstərəcək.

- Milli Məclisin yeni tərkibi ilə bağlı bəzi dairələr tərəfindən müxtəlif fikirlər səsləndi. Bunlara münasibətiniz necədir?

- Mənə Milli Məclisin yeni tərkibi haqqında tez-tez suallar verirlər. Partiyalılıq baxımından, bu gün Milli Məclisdə Yeni Azərbaycan Partiyası 71 nümayəndə ilə iştirak edir. Eyni zamanda, 11 partiyadan olan deputatlar var, o cümlədən, 41 bitərəf deputat seçilib. 20 nəfər qadın parlament üzvü var, gənclərin, jurnalistlərin təmsilçiliyi artıb. Bunlar kiçik məsələlər deyil. Digər tərəfdən, Sosial Siyasət Komitəsinin tərkibində 4 qadın deputat, 7 həkim, 1 akademik, AMEA-nın müxbir üzvü, 1 elmlər doktoru, 2 elmlər namizədi, YAP-ın 3 rayon təşkilatının sədri təmsil olunur. Komitədə 4 "Şöhrət" ordeni almış deputat var. Bəzən deyirlər ki, Milli Məclisdə sahibkarlar çoxdur. Mən bir neçə misal çəkimək istəyirəm. Parlamentin yeni üzvləri arasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş İqbal Məmmədov, Aslan Cəfərov kimi iqtisadi elmləri namizədləri var. Biz nə istəyirik? Ağllı, savadlı, gənc kadrların parlamentdə təmsil olunması sevindirici haldır. Onların sahibkarlıq fəaliyyəti ilə məşğul olması parlament üzvü seçilməsinə heç bir təsir göstərmir. Xalq onlara etimad göstərib. Düşünürəm ki, yeni tərkib parlamentimizi daha da güclü edir. Parlamentin yeniləşmə faizi 33 faizdir. Bu əvvəlki illərə nisbətən fərqlidir. Ümumiyyətlə, dünyada peşəkar parlamentin dəyişmə əmsalı 25-30 faizdir. Çünki burada təcrübə əsas rol oynayır. Bir sözlə, yeni seçilmiş 37 millət vəkilinin hər biri bizim parlamentin tələblərinə cavab verən simalardır.

Əsas məqsədimiz sosial sifarişlərə uyğun olaraq fəaliyyət göstərməkdir

 

- Bəs parlamentin Sosial Siyasət Komitəsi gələcək beş ildə hansı yeniliklərə imza atmağı planlaşdırır?

- Hazırda qanun yaradıcılığı prosesində qanunların təkmilləşdirilməsinə daha çox ehtiyac var, nəinki yeni qanunların qəbuluna. Məsələn, bu məqsədlə biz, hər zaman olduğu kimi, yenə də əmək və ailə məcəllələrinə müraciət edəcəyik. Düşünürük ki, gələcəkdə sağlamlığın qorunması üçün Səhiyyə Məcəlləsi hazırlayaq. Digər bir addım isə, yeni qanunların qəbulu istiqamətində atılacaq. Məsələn, ölkəmizdə özəl səhiyyə strukturu mövcuddur, amma pasiyentin hüquqlarının müdafiəsi ilə bağlı qanun yoxdur. Bu gün ölkəmizdə işəgötürənlərin sayı günü-gündən artır, amma işəgötürənlər birliyi ilə bağlı qanun mövcud deyil. Bundan başqa, mərasimlərlə bağlı qanunlara ehtiyac var. Biz qanun yaradıcılığı məsələsində daha çox sosial sifarişi, xalqın istəyini nəzərə almalıyıq, nəinki dəb üçün qanun qəbul edək. Yəni, əsas məqsədimiz sosial sifarişlərə uyğun olaraq fəaliyyət göstərməkdir.

- Hadi müəllim, artıq 2010-cu il başa çatmaq üzrədir. Maraqlıdır, bu il sosial sahədə nə kimi yeniliklərlə yadda qaldı?

- Mən bu sahədəki vəziyyəti təkcə bir il çərçivəsinə salmaq istəməzdim. Bütövlükdə, son illər ərzində çox ciddi sosial tədbirlər həyata keçirilib. Azərbaycanda sosial müdafiə sistemi yenilənib, çoxlu yeni islahatlar aparılıb. Sosial sığortanın həmrəylik prinsipindən fərdi uçot prinsipinə keçilib, sosial müdafiədə ünvanlılığa üstünlük verdik. Həmçinin, sosial müdafiə sistemində demanitizasiyaya keçdik. Bu, adlı olan sosial müdafiənin pulla əvəz olunmasıdır. Bundan başqa, bəzi struktur yenilikləri, idarəetmədə yeniliklər oldu. Sosial müdafiəyə ayrılan dövlət büdcəsinin həcmi artırıldı. Beləliklə, Azərbaycanda insanların sosial müdafiəsi hiss olunan dərəcədə gücləndi. Sual oluna bilər ki, bu gün yenə də bəzi insanlar təqaüdlərin, maaşın azlığından gileylənir. Bu, nədən irəli gəlir? Bu, ondan irəli gəlir ki, insanların rifahı yaxşılaşdıqca, onlar daha da yaxşı yaşamaq istəyir. Buna tələbatla təminatda olan düz mütənasiblik deyirlər. İnsan təmin oluna-oluna onun tələbatı artır, daha yaxşı yaşamaq istəyir. Bu qanunauyğunluqdur və mən burada qeyri-adi məsələ görmürəm.

- Qeyd etdiniz ki, gələn ilin büdcəsində sosial məsələlərə ayrılan vəsaitin həcmi artırılıb. Bu həcm nə qədərdir?

- Sosial xərc yenə də büdcənin 32 faizini təşkil edir, amma bu sahəyə yönələn vəsaitin həcmi müəyyən qədər artıb. Qeyd edim ki, məktəb tikintisi, yolların təmiri də sosial müdafiə sayılır. Bu gün uşaq bağçalarının, peşə təhsilinin inkişafına diqqət yetirilir, uşaqpulu artır. Bunlar dolayısı ilə sosial müdafiədir.

Sosial müdafiə sisteminin təsnifatlandırılması vacib məsələdir

 

- Sosial müdafiə sisteminin təsnifatlandırılması istiqamətində hansı addımlar atılır?

- Biz Azərbaycanda sosial işçi haqqında qanun üzərində işləyirik. Bəziləri heç bilmir sosial müdafiə sistemi nədir. Ona görə də, bu gün bizim komitə sosial müdafiə sisteminin təsnifatlandırılması ilə məşğuldur. İstəyirik ki, qanunlarımızda təsnifatlar sistemləşsin. Sosial müdafiədə 3 əsas istiqamət var. Əlilliliyin qarşısının alınması, əlillərin sosial reabilitasiyası və əlillərin sosial müdafiəsi. Bu istiqamətlərin hər birində görüləsi iş çoxdur. Amma mən düşünürəm ki, burada ən çox səmərə verəni sosial əlilliyin qarşısının alınmasıdır. Sosial problemləri yaradan məsələlərin qarşısının alınması vacib şərtdir. Bundan başqa, ölkəmizdə pensiya sığorta sistemi böyük bir institutudur. Fərdi uçot məsələsinə gəlincə, burada üçmərhələlilik mövcuddur. Məsələn, qaçqın və məcburi köçkünlər problemi mövcuddur. Qaçqın və köçkün rayonlarından olan müəllimlərin o zaman aldıqları maaşı indiki pulun dəyərinin hesablanması ilə onlara verilir. Həmçinin, ünvanlı yardım sistemi yaradılıb. Təəssüf ki, bəzi insanlar bundan istifadə edərək işləmək istəmir, yalnız dövlətin bu vəsaitlərindən yararlanmağa çalışırlar. Buna sadə dildə ələbaxımlılıq deyirlər. Biz belə haların qarşısını almalıyıq. Məsələn, Çində müavinət alası adama müavinəti pul şəklində vermirlər. Onlara satmaq üçün bir sıra istehsal məhsulları verirlər ki, satıb dolansın. Bu yollarla insanları ələbaxımlılığa öyrətmirlər. Ölkələr var ki, orada ehtiyacı olan insanlara kvotalı iş yeri yaradırlar ki, özlərini dolandıra bilsinlər. Bu, çox faydalıdır. Bu səbəbdən də, bu gün Azərbaycanda sosial müdafiə sisteminin təsnifatlanmasına, proqramlaşmasına ehtiyac var.

 

 

Səs.- 2010.- 16 dekabr.- S. 8.