"Doğan" xəbər agentliyi Naxçıvandakı Duz Dağı Fizioterapiya Mərkəzindən yazıb

 

Türkiyənin "Doğan" xəbər agentliyi Naxçıvan Muxrat Respublikasındakı Duz Dağı Fizioterapiya Mərkəzi ilə bağlı məlumat verib. SİA-nın məlumatına görə, agentlik dünyanın dörd bir tərəfindən oksigen çatışmazlığı olan xəstələrin buraya gələrək şəfa axtardığını yazıb.

Yerin 100 metr dərinliyində olan və əvvəllər duz çıxarılan mağarada xəstələr yaradılan xəstəxanadan yalnız gecələr yatmaq üçün istifadə edir. Təxminən 340 metr uzunluğundakı mağarada qadın, kişi və uşaqlar üçün ayrı-ayrı hissələr var. Xüsusilə yaz aylarında mərkəzə müraciət edən xəstələrin sayı artır. Həkimlərə görə, müalicə alan xəstələrin sağalma ehtimalı uşaqlarda 95, böyüklərdə isə 85 faizdir.

Duzdağ Fizioterapiya Mərkəzinin baş həkimi Ruslan Süleymanov "Doğan"ın əməkdaşını müalicənin xüsusiyyətləri barədə məlumatlandırıb: "Xəstələr duz ionlarını tənəffüs vasitəsilə qəbul etməklə əvvəlki sağlamlığına qovuşur. Müalicə mərkəzində uşaqlar ildə 15, böyüklər isə 20 gün olaraq 4 il ərzində müalicə olunur. Xəstələr saat 18.00-də mərkəzə gəlir və müalicəyə başlayırlar. Fizioterapiya Mərkəzimizdə hər hansı bir ventilyasiya sistemi yoxdur. Türkiyə, Almaniya, Rusiya, Qazaxıstan və dünyanın müxtəlif ölkələrindən müalicə olmaq üçün hər il yüzlərlə xəstə mağaralarda yataraq müalicə alır".

Qeyd edək ki, Naxçıvandakı Duzdağ Fizioterapiya Mərkəzi 1979-cu ildən 50 çarpayılıq xəstəxana kimi fəaliyyətə başlayıb. Xəstəxana yer üstü və yer altı şöbələrdən ibarətdir. Mərkəzin yerüstü hissəsi 43 min kv metr sahədə yerləşir. Mərkəzin 5 ulduzlu mehmanxanasında Duzdağa gələnlərin istirahəti üçün hər cür şərait var. 324 yerlik mehmanxananın istər dəhlizlərindən, istərsə də otaqlarında yaradılan şərait müalicənin keyfiyyətinə müsbət təsir göstərir. Sanatoriyanın xəstəxana hissəsində böyüklər və kiçiklər üçün şöbələr fəaliyyət göstərir. Burada 9 kabinə yaradılıb. Bütün kabinələrdə ən son elmi-texniki yeniliklərə əsaslanan avadanlıqlar quraşdırılıb. Duzdağ Fizioterapiya Xəstəxanasında təbii yolla buronxial asma və asmatik komponentli digər xəstəliklər müalicə edilir. Xəstələr dərman müalicəsi, fizioterapiv müalicə, müalicəvi bədən tərbiyəsi, döş qəfəsinin masajları və sair kurslar qəbul edirlər. Mərkəzin laboratoriyasında yeni yaradılan zəngin imkanlar dəqiq diaqnoz qoyulması və keyfiyyətli müalicə aparılmasına hərtərəfli şərait yaradır.

Duzdağ Fizioterapiya Mərkəzində idman, bədən tərbiyəsi və əyləncəli oyunlar üçün də hərtərəfli şərait yaradılır. Mərkəzdə müalicə alanların bir qismini uşaqlar təşkil etdiyindən onların da istirahəti üçün xüsusi şərait yaradılıb. Mərkəzin həyətində yeddi kotec quraşdırılıb. Bu koteclərdə də ən yüksək şərait yaradılıb. İdman kompleksinin digər hissəsində üzgüçülük hovuzu yerləşir. Bu Naxçıvanda ən müasir qurğulardan biridir.

 

 

Səs.- 2010.- 17 dekabr.- S. 6.