1 Dekabr Ümumdünya
QİÇS-lə Mübarizə Günüdür
Leyla Əliyevanın
təşəbbüsü ilə Smolensk vilayətində
keçirilən "İÇV/QİÇS-ə
qarşı birlikdə" adlı aksiya
ümumbəşəri problemə həsr olunub
Hər il
dekabr ayının 1-i Ümumdünya QİÇS-lə
Mübarizə Günü kimi
qeyd edilir. İlk dəfə 1988-ci ildə təsis
edilmiş AİDS günü bu il Azərbaycanda artıq 22-ci
ildir ki, keçirilir.
Bildiyimiz
kimi, HİV infeksiyası pandemiyası dünya
səhiyyəsinin infeksion xəstəliklər sahəsində
ən ciddi problemidir. BMT-nin HİV/AİDS üzrə
Birləşmiş proqramının (UNAİDS) və
Ümumdünya Səhiyyə Təşkilatının
(ÜST) məlumatına görə, dünyada hər gün
6800-dən artıq insan HİV-ə yoluxur, 5700-dən artıq
insan isə AİDS səbəbindən vəfat edir. 2007-ci
ilin sonuna yer kürəsində HİV-lə yaşayan
insanların sayı 33,2 milyon təşkil etmişdir ki,
onlardan da 15,4 milyonu qadın, 2,5 milyonu uşaqdır.
Azərbaycanda
da HİV/AİDS problemi ən aktual problem olaraq daim
Səhiyyə Nazirliyinin nəzarətindədir. Azərbaycan
HİV-ə yoluxma səviyyəsi aşağı olan
ölkələr sırasına daxildir və burada epidemiya
əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik
istifadəçiləri arasında yayılmışdır.
Belə ki, Azərbaycan vətəndaşları arasında
təkcə 2009-cu ilin 11 ayı ərzində aşkar olunan
HİV-ə yoluxma hallarının 63,3%-i, ümumilikdə
isə, 1992-01.12.2009-cu il tarixinə olan dövrdə yoluxma
hallarının 64,4%-i inyeksion narkotik istifadəsi
nəticəsində baş vermişdir.
Azərbaycanda
ilk dəfə HİV infeksiyasının aşkar edildiyi
1987-ci ildən 2009-cu ilin 1 dekabr tarixinədək Respublika
QİÇS-lə Mübarizə Mərkəzində HİV
infeksiyası təsdiq olunmuş 2224 nəfər rəsmi
qeydiyyata götürülmüşdür.
QİÇS-lə Mübarizə Mərkəzinin statistik
məlumatına istinadən, onlardan 2138 nəfəri (96,1%)
Azərbaycan vətəndaşı, 86 nəfəri (3,9%)
isə əcnəbidir, HİV-ə yoluxmuş Azərbaycan
vətəndaşlarından 1799-u (84,1%) kişi, 339-u (15,9%)
qadındır. QİÇS mərhələsində olan
Azərbaycan vətəndaşlarının sayı 448
nəfər, QİÇS-dən dünyasını dəyişmiş
vətəndaşların sayı 274 nəfər olmuşdur.
Azərbaycan
vətəndaşında ilk dəfə HİV
infeksiyasının aşkar edildiyi 1992-ci ildən bu
günədək 2138 HİV-ə yoluxmuş insandan 634-ü
(29,7%) Bakı şəhəri və Abşeron rayonunda, 1465-i
(68,5%) respublikanın digər 54 inzibati ərazisində
qeydiyyatda olan şəxslərdir, 39 nəfərin (1,8%)
yaşayış yeri naməlumdur.
2138
nəfər Azərbaycan vətəndaşından 1376-da
(64,4%) HİV-ə yoluxma inyeksion narkotik istifadəsi
nəticəsində, 495-də (23,2%) heteroseksual, 16-da (0,7%)
isə homoseksual kontakt nəticəsində, 20-də (0,9%)
anadan uşağa keçməklə, 1-də (0,05%) donor
qanının köçürülməsi
nəticəsində baş vermişdir, 230 nəfərdə
(10,8%) yoluxma yolu naməlumdur.Son statistik məlumata
əsasən, Azərbaycanda araşdırmalar
nəticəsində 780 ailədə HİV-ə yoluxma
faktı qeydə alınmışdır. Onlardan 18
ailədə ata-ana-uşaq, 1 ailədə ana-uşaq, 166
ailədə ər-arvad, 547 ailədə yalnız kişi, 48
ailədə isə yalnız qadın yoluxmuşdur.
Səhiyyə
Nazirliyi tərəfindən HİV-lə yaşayan insanlara
profilaktika, müalicə, qulluq və dəstəyin
göstərilməsinin təmin edilməsi işi Respublika
QİÇS-lə Mübarizə Mərkəzində davam
etdirilir. Belə ki, QİÇS vərəm və malyariya
ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi
ilə 08.11.2006-cı il tarixdən etibarən HİV-lə
yaşayan insanlara pulsuz qaydada həyata keçirilən
antiretrovirus terapiyasına hazırda 310 nəfər cəlb
olunmuşdur.
Əvvəlki
illərdə olduğu kimi, mərkəzin
əməkdaşlarının səyi ilə əhali
arasında maarifləndirmə tədbirləri
keçirilmiş, respublikada HİV infeksiyası QİÇS
problemi üzrə fəaliyyət göstərən ictimai
və beynəlxalq təşkilatlarla əməkdaşlıq
davam etdirilmişdir.
QİÇS-in
yeni xəstəlik olmasına baxmayaraq, sürətlə
yayılmaqdadır. İlk dəfə 1981-ci ildə ABŞ-da
aşkarlanan bu xəstəliyin hal-hazırda bütün
ölkələrdə daşıyıcıları
vardır. Bu xəstəlik HİV (Human İmmunodeficiency Virus)
virusuna yoluxma nəticəsində yaranır və insan
orqanizmində immun sistemini zəiflədərək
tədricən sıradan çıxarır. Bunun nəticəsində isə
orqanizmin digər xəstəliklərə qarşı
müqaviməti olmur və insan asanlıqla yoluxucu xəstəliklərin
təsirinə məruz qalır. Hələlik, QİÇS
xəstəliyinin müalicəsi olmadığına
görə, insan həyatı üçün təhlükəli
hesab edilir. Bu xəstəlik artıq bütün
cəmiyyəti narahat edən sosial problemdir. Xəstəliyin
coğrafiyası bütün ölkə ərazisini
əhatə edir. Ən ciddi problem isə bu xəstəliyin
azyaşlılar və qadınlar arasında
yayılmasıdır. HİV infeksiyası, eyni zamanda, anadan
öz övladına keçə bilər ki, bu, ana
bətnində olarkən, doğuş zamanı, ya da
əmizdirmə zamanı baş verir. Həmçinin, virus
donor qanı vasitəsilə bir insandan digərinə
keçə bilər. Düzgün müalicə
aparılarsa, xəstənin ömrünü uzatmaq
mümkündür. Bütün cəmiyyət HİV virusunun
yayılma səbəblərinə qarşı birgə
mübarizə aparmalıdır. Narkomaniyaya qarşı
mübarizə, insanların qeyri-qanuni cinsi
əlaqələrdən çəkindirilməsi və bu sahədə
maarifləndirici təbliğatın aparılması
QİÇS xəstəliyinin qarşısını almaqda
böyük əhəmiyyət daşımaqdadır.
Əgər qeyd edilən məsələlər öz
həllin taparsa, QİÇS xəstəliyinə 80-90% daha az yoluxma qeydə alına
bilər. HİV virusuna yoluxan insanlarda xəstəliyin
əlamətləri müəyyən dövrdən sonra ortaya
çıxdığı üçün bəzən
xəstələr bilmədən öz ətrafındakı
insanları, o cümlədən də, öz həyat
yoldaşlarını HİV virusuna yoluxdururlar.
Bu,
ümumbəşəri problem olduğundan, QİÇS-ə
qarşı mübarizə də məhz belə mahiyyət
daşımalıdır. Elə bu günlərdə
Rusiyanın Azərbaycanlı Gənclər
Təşkilatının sədri, Heydər Əliyev Fondunun
RF-dəki nümayəndəliyinin rəhbəri Leyla
Əliyevanın təşəbbüsü ilə RAGT
Birləşmiş Millətlər Təşkilatının
İÇV/QİÇS üzrə Birgə Proqramı (UNAİDS)
ilə birlikdə Smolensk vilayətində
"İÇV/QİÇS-ə qarşı
birlikdə" adlı aksiyasının keçirilməsi
də məhz bu prinsipdən qaynaqlanmışdır. Layihəyə Moskvada RAGT
tərəfindən UNAİDS ilə birlikdə təşkil
olunmuş İÇV/QİÇS-ə qarşı
mübarizə məsələlərinə həsr edilmiş
konfransda start verilmişdir.
Gənclər
təşkilatının fəalları Smolensk
şəhərindəki 27 nömrəli məktəbdə
yuxarı sinif şagirdləri ilə görüş
keçirmişdir. 100-dən çox məktəblinin
iştirak etdiyi tədbirdə şagirdlərə
mühazirələr oxunmuş, mövzuya aid
elmi-kütləvi film nümayiş etdirilmişdir. Sağlam
həyat tərzinin müxtəlif aspektləri barədə
ətraflı söhbət açılmış,
şagirdlərə Rusiyada millətin
sağlamlığının qorunması sahəsində
həyata keçirilən hökumət proqramları
barədə məlumat verilmişdir.
İÇV/QİÇS problemi, onun yayılma yolları
və profilaktika metodları barədə məlumat da
diqqətə çatdırılmışdır. Eyni zamanda,
bu mövzuya həsr edilmiş videoçarx nümayiş
etdirilmişdir.
Gənclər
təşkilatının nümayəndələrinin
səfəri çərçivəsində Smolensk
köçürmə mərkəzində "Qanın
milləti yoxdur" devizi ilə donor aksiyası da
keçirilmişdir.
Belə mahiyyət daşıyan
və ümumbəşəri problemlərin həllinə
istiqamətlənən tədbirlərin keçirilməsində
insan amili, onun cəmiyyət üçün yararlı,
sağlam olması faktı dayanır. Bu tədbirlər
yeniyetmələr üçün vacibdir. Onu da qeyd edək
ki, görüşün təşkili üçün
təşkilatçılara, RAGT sədri Leyla Əliyevaya
təşəkkür məktubu ünvanlanmışdır.
HİV virusunun orqanizmə
təsirini azaltmaq üçün müxtəlif
dərmanlardan istifadə edilir. Eyni zamanda, xəstə
düzgün qidalanmalı, vitaminlər və minerallar
qəbul etməli, idman hərəkətləri və s.
ilə orqanizmin müqavimətini artırmalıdır. Son
illərdə xəstəlikdən ölənlərin
sayında azalma müşahidə olunur ki, bu da aparılan
müalicə tədbirlərinin nəticəsində baş
verib. QİÇS yoluxucu və vahimə yaradan xəstəlik
olduğundan, hər kəs sağlam həyatının
təminatçısı olmalıdır.
NƏZAKƏT
Səs.- 2010.- 1 dekabr.- S. 4.