Azərbaycanı işıqlı gələcəyə aparan böyük lider

 

Azərbaycan mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri ilə dünyada tanınmışdır. Xalqımızın milli-mənəvi dəyərlərinin kökləri çox-çox qədim zamanlara gedib çıxır. 20-ci əsrdə isə xalqımızın mədəni həyatında yeni bir dövr başlamışdır. Bu, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlayırdı.

 Milli dövlətçilik dəyərlərinin əsasını sağlam düşüncəli mədəniyyət təşkil edir. Azərbaycan milli mədəniyyətinin elə bir sahəsi yoxdur ki, Heydər Əliyevin imzası ilə rastlaşmayaq. Milli musiqi, teatr, kino, heykəltəraşlıq və rəssamlıq, xalçaçılıq sənəti Heydər Əliyevin mədəniyyət siyasətindən qaynaqlanaraq inkişaf yolunda olub. Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı.

Azərbaycan kinosunun böyük bir inkişaf dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan kinematoqrafiyasının inkişafında rolu çox böyük olmuşdur. O, incəsənət növləri arasında kinonu çox yüksək qiymətləndirmiş, Azərbaycan kinematoqrafiya xadimlərinin xalqımızın keçmiş və müasir həyatından onlarca yüksək keyfiyyətli ekran əsərləri yaratdıqlarını xüsusi vurğulamışdır. Hələ 1970-80-ci illərədə Azərbaycana rəhbərlik etdiyi dövrdə kino sənətinin inkişafına, həmin sahədə çalışanlara qayğı və hörmətlə yanaşan Heydər Əliyev Azərbaycan Prezidenti seçildiyi gündən respublikanın kino sənəti xadimlərindən öz qayğı və məhəbbətini əsirgəmədi. Heydər Əliyev Azərbaycan kino sənətinin dəyərli ənənələrindən danışaraq tarixi mövzuda çəkilmiş bir sıra bədii filmləri yüksək qiymətləndirmişdir. Onun gördüyü işlər Azərbaycan kinematoqrafçıları tərəfindən yüksək məhəbbətlə təzahür olundu. Belə ki, Heydər Əliyev haqqında, onun çoxsahəli fəaliyyətindən bəhs edən sənədli filmlər istehsal edildi. Onu da deyək ki, Heydər Əliyev haqqında çəkilən dəyərli filmlərdən silsilə filmlər yaratmış tanınmış rejissor Andrey Karpov tərəfindən çəkilmiş "Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev" filmidir. MDB ölkələrinin prezidentləri haqqında silsilə filmləri yaratmağı qarşısına məqsəd qoymuş A.Karpov birinci olaraq Azərbaycan Prezidenti Heydər Əliyevə həsr etdiyi filmi çəkmişdir. Ölkə başçısının gərgin, mənalı, keşməkeşli həyatının ən vacib anları ardıcıllıqla canlandırmış bu filmin çəkilişində Azərbaycan kino-televiziya xadimləri də iştirak etmişlər. Prezidentin iş yerində, qaçqınlarla görüşündə, evində, övladlarının, nəvələrinin əhatəsində təsvir edən epizodlar ustalıqla çəkilmişdir. Heydər Əliyevin Məkkə səfəri də filmə daxil edilmişdir.

    Azərbaycan Prezidentinin geniş, hərtərəfli fəaliyyətindən bəhs edən ikinci film N.Səfərovun ssenarisi əsasında operator O.Şıxəliyevin çəkdiyi "Hamıya nümunə olan ömür yolu" filmidir. Bu əsərdə Heydər Əliyevin 1990-cı ildən sonrakı fəaliyyəti öz yığcam ekran ifadəsini tapmışdır. Son illərdə ssenari müəllifi və kinorejissor Vaqif Mustafayevin Heydər Əliyevin fəaliyyətindən bəhs edən silsilə filmləri diqqəti cəlb edir. Xüsusən, onun çəkdiyi "Həqiqət anı" filmi tamaşaçıların marağına səbəb olmuşdur. Bundan başqa, Vaqif Mustafayev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş 12 serialı "Heydər Əliyev" filminin 9-nu çəkib. Onlardan "Əsil məhəbbət haqqında" film böyük uğur qazanıb. Bu film Moskvada keçirilən 4-cü Avrasiya teleforumunda əsas mükafata və xüsusi mükafata layiq görülüb. "Bir həsədin tarixi" filmi 2002-ci ildə Yekaterinburqda keçirilən sənədli filmlər festivalında əsas mükafatlardan birini, Moskvada keçirilən 5-ci Avrasiya Teleforumunda "Qran-Pri" mükafatına layiq görülüb. Bu filmlər müxtəlif ölkələrdə böyük uğurla nümayiş etdirilib. Daha sonra Bakıda məşhur dünya neft şirkətləri ilə bağlanmış saziş Vaqif Mustafayein "Əsrin sazişi" filmində öz əksini tapmışdır.

Onu da deyim ki, hələ sovet məkanında yaşadığımız illərdə Heydər Əliyev Azərbaycan kinosuna böyük diqqət ayırmış, müəyyən qadağalara məhəl qoymadan milli kinomuz üçün səciyyəvi olan filmlərin yaranmasına nail olmuşdur. "Uzaq sahillərdə", "İstintaq", "Bir cənub şəhərində", "Nəsimi", "Babək" filmlərinin yaranmasında, sovet senzurasından keçməsində Heydər Əliyevin səyləri danılmazdır. Azərbaycanda beynəlxalq səviyyəli kinofestivallar keçirilir, filmlərimiz beynəlxalq festivallarda nümayiş etdirilməyə başlayırdı. Ən əhəmiyyətli fakt bu idi ki, Azərbaycanda ilk film nümayiş etdirildiyi 2 avqust (1898) kino işçilərinin peşə bayramı kimi qeyd olunmağa başladı. Əgər 1994-1996-ci illərdə 2 film istehsal olunmuşdusa, 1998-2000-ci illərdə dövlət sifarişi ilə dörd tammetrajlı bədii film yaradıldı.

Azərbaycanın dövlət müstəqilliyi əldə etməsindən və dünya dövlətlər birliyi sırasına bərabərhüquqlu üzv kimi qəbul edilməsindən sonra Azərbaycan ədəbiyyatı ümumbəşəri ideyaların qloballaşma şəraitində daha da inkişaf etdirmək yolunda ciddi işləri ortaya qoydu. Hər cür ideoloji yasaqlardan azad olmuş və bu sahədə qarşıdurmaya bir əsas görməyən bədii təfəkkür sahibləri daha çox nəzəri-estetik rəqabətlə ədəbiyyatın inkişafını şərtləndirirlər. Bu baxımdan son dövr Azərbaycan ədəbiyyatında postmodernist meyillərin mövcudluğunu da qeyd etmək lazımdır. Bununla belə, Azərbaycan ədəbiyyatının başlıca inkişaf meyilləri azərbaycançılıq məfkurəsinin tərənnümünə və təntənəsinə əsaslandı. Ədəbi prosesin canlanmasında, yaradıcılıq aləminə yeni istedadlı müəlliflərin gəlməsində vaxtilə maddi çatışmazlıqlar ucbatından uzun fasilələrlə işıq üzü görən, hətta bağlanmaq təhlükəsi ilə üz-üzə duran ədəbi orqanların: "Azərbaycan", "Literaturnı Azərbaycan", "Ulduz", "Qobustan" jurnallarının və "Ədəbiyyat qəzeti"nin Heydər Əliyevin xüsusi qərarı ilə müntəzəm surətdə ölkənin dövlət büdcəsindən maliyyələşdirilməsinin böyük əhəmiyyəti olmuşdur.

Heydər Əliyev hakimiyyəti qayıdışı ilə Azərbaycanda klassik irsin yeni meyarlarla dəyərləndirilməsi sahəsində bir sıra çox mühüm hadisələrlə əlamətdar oldu. Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi altında "Kitabi-Dədəm Qorqud" eposunun 1300 illik, M.Füzulinin 500 illik yubileylərinin geniş miqyasda keçirilməsi və hər iki tədbirin zirvə toplantılarında dünyanın bir sıra dövlət başçılarının iştirakı azad Azərbaycanda ədəbiyyatın, mənəviyyatın, bütün mədəniyyətin parlaq təntənəsinə çevrildi. Füzulinin 500 illiyi təkcə Azərbaycanda deyil, Türkiyə, İran, İraq, Rusiya, Özbəkistan, Çin və başqa ölkələrdə də geniş qeyd olundu. Sözügedən tədbirlər Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafına da yeni təkan verdi. "Kitabi-Dədəm Qorqud"un elmi-tənqidi mətni və kütləvi nəşrləri, bu möhtəşəm "Oğuznamə" haqqında yeni monoqrafik tədqiqatlar işıq üzü gördü. Füzulinin bütün əsərləri (külliyyatı) 6 cilddə nəşr edildi. Dahi sənətkarın həyat və yaradıcılığına dair fundamental tədqiqatların yeni bir silsiləsi onun istedadının pərəstişkarlarına təqdim edildi. Bu işdə Azərbaycan Milli Elmlər Akademiyasında, o sıradan Nizami adına Ədəbiyyat İnstitutunda çalışan alimlərin təqdirəlayiq xidmətləri danılmazdır.

Ulu Öndər Heydər Əliyevin mədəniyyət sahəsində başladığı əhəmiyyətli islahatların bu gün həmin islahatların davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davamlı olaraq həyata keçirilməsi artıq müsbət nəticələrini verməkdədir. Dövlətimizin mədəniyyətə olan yüksək qayğısı mədəniyyətin bütün sahələrinin inkişafına əsaslı stimul yaratmışdır. Müstəqil Azərbaycanın mədəniyyət siyasətində islami dəyərlərə yeni prizmadan baxış kimi meyillər ictimai düşüncənin formalaşmasında əhəmiyyətli rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət və mədəniyyətə göstərdiyi qayğı xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və beynəlxalq səviyyədə təbliğinə istiqamətlənmişdir. Hazırda mədəniyyətin elə bir sahəsi yoxdur ki, onun inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edilməsin. Teatr, kino, musiqi, milli-mənəvi dəyərlərimizin digər sahələrini əhatə edən uzunmüddətli proqramlar bu sahələrin yenidən qurulmasına imkan yaradır, ayrılan dövlət vəsaitləri hesabına mədəniyyətin maddi-texniki bazası möhkəmləndirilir. Təkcə paytaxtda deyil, regionlarda da mədəniyyət müəssisələrinin təmirinə diqqət artırılmışdır.

Azərbaycan Şərqlə Qərbin qovşağında yerləşdiyindən bizim ölkənin mədəniyyəti hər iki tərəfin mədəniyyətinin elementlərini özündə birləşdirmişdir. Ona görə də Azərbaycan mədəniyyətinin dünyada qəbul edilməsi, xüsusilə, Şərq və Qərb ölkələrinin bizim mədəniyyət və incəsənətimizə maraq göstərməsi təsadüfi deyil. Bu gün Heydər Əliyevin mədəniyyət siyasətinin nəticəsidir ki, Azərbaycan mədəniyyəti dünyaya yüksək sürətlə inteqrasiya etməkdədir. Dünyanın nüfuzlu beynəlxalq təşkilatları, eləcə də, ayrı-ayrı ölkələr Azərbaycan mədəniyyəti və incəsənətinə maraq göstərirlər.

 

 

NƏZAKƏT

 

Səs.- 2010.- 11 dekabr.- S. 3.