Müasir Azərbaycan ulu
öndər Heydər Əliyevin yolu ilə irəliləyir
Hər bir
xalq görkəmli
şəxsiyyətləri ilə tanınır. Onlar xalqın
zəkasını, elmini, mədəniyyətini,
mənəviyyatını dünyaya nümayiş etdirir. Ölkəmiz
bəşəriyyətə verdiyi tarixi
şəxsiyyətləri ilə daim öyünüb,
fəxr edib. Adı ölkəmizdən çox-çox
uzaqlarda şöhrət tapmış dövlət xadimləri, siyasətçilər,
uzaqgörənliyi ilə tanınan müdrik
şəxsiyyətlər haqqında söz
düşəndə ilk növbədə ümummilli lider
Heydər Əliyevin adı çəkilir.
“Mənim
üçün hər şeydən əziz mənim
xalqımdır, mənim Vətənimdir, mənim
torpağımdır” söyləyən ulu öndər
Heydər Əliyev istər
keçmiş sovetlər dönəmində, istərsə
də 1993-cü ildən sonra
ölkənin iqtisadi, sosial inkişafı istiqamətində
mühüm addımlar atmış, Azərbaycanın
ən yüksək zirvələri fəth etməsinə böyük zəmin
yaranmışdır. Arzusu,
amalı Azərbaycanı hərtərəfli inkişaf
etmiş müstəqil, dünya birliyində tanınan
bütöv bir dövlət kimi görmək idi. Onun uzun illər Azərbaycana
rəhbərlik etməsinin özü Heydər Əliyev
şəxsiyyətində formalaşan, müstəqilliyə
və xalqına sədaqət, millilik və vətənə
məhəbbət hissindən qaynaqlanan inamın
təzahürüdür.
Ulu öndər Heydər Əliyev 1969-1982-ci
illərdə Azərbaycana rəhbərlik etdiyi
dövrlərdə
ölkəmizi geridə qalmış respubilkadan çiçəklənən,
inkişaf edən bir diyara
çevirmişdir. Ən
böyük sənaye obyektlərinin tikilib istifadəyə
verilməsi, sosial infrastrukturun formalaşması, yüksək
səviyyədə elmi tədqiqatların
aparılması, kadr hazırlığı, gənclərin
dünyanın ən nüfuzlu ali məktəblərində
təhsil almağa göndərilməsi və digər istiqamətlərdə
əldə olunan uğurlar
ümummilli lider Heydər Əliyevin əzmkar
fəaliyyətinin nəticəsidir. Sovetlər
birliyi dövründə ölkəmizi qabaqcıl respublikalar
sırasına çıxardığı kimi 1993-cü
ildə xalqın təkidli tələbi ilə yenidən
hakimiyyətə
qayıdışı ilə dövlətçilik
tarixinin yeni mərhələsinin, müstəqilliyi əbədiləşdirən
uğurlu bir yolun başlanğıcını qoydu.
Bir məqamı da xüsusi qeyd etmək istərdim
ki, ulu öndər Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin Sədri işləyərkən muxtar respublikada həyata
keçirdiyi islahatlar sonradan
daha böyük miqyasda, bütün Azərbaycanda tətbiq
olundu. Onun Naxçıvanda
yaşadığı illərə
nəzər saldıqda aydın görürük ki, bu
gün haqqında ürək
dolusu danışdığımız və ölkəmizin
beynəlxalq aləmdə
nüfuzunu artıran yeniliklərin, islahatların
təməli məhz o
çətin illərdə qoyulub.
Müstəqil,
iqtisadi cəhətdən qüdrətli, vahid, dünya
birliyinin tanıyıb, hörmət etdiyi Azərbaycan kimi bir dövləti yaratmaq xilaskar kimi
ulu öndər Heydər Əliyevə nəsib oldu. Onun hakimiyyətə
qayıdışı ilə milli ideologiyamızın əks
olunduğu dövlətçilik konsepsiyası
hazırlandı.
1993-cü ildə ölkəmizin üzərini qara
buludların aldığı çətin bir vaxtda, xalqın
çağırışına səs verərək
düçar olduğumuz bəla və xaosu aradan qaldırmaq
üçün heç bir dahi, müdrik dövlət
başçısının öhdəsindən gələ
bilməyəcəyi bir məsuliyyəti üzərinə
götürməklə Azərbaycanın əbədi
müstəqilliyini təmin etdi. Müasir Azərbaycanın
qurucusu, memarı kimi tanındı,
milyonların etiramını qazandı.
1993-cü
ilin 3 oktyabrında yüksək etimad qazanan və 11 oktyabr
1998-ci ildə qələbəsini təkrarlayan Heydər
Əliyev milyonların ürəyindən keçən
istəkləri reallaşdırdı: “Belə bir
yüksək və məsuliyyətli vəzifəni öz
üzərimə götürərkən, birinci
növbədə, Azərbaycan xalqının zəkasına,
müdrikliyinə, qüdrətinə güvənirəm,
arxalanıram. Azərbaycan xalqının
mənə bəslədiyi ümidlər məni bu
vəzifəni üzərimə götürməyə
məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu
ümidləri doğrultmaq üçün əlimdən
gələni əsirgəməyəcəyəm”,- deyə
vurğulayırdı.
Prezidentliyinin ilk mərhələsində həyata
keçirdiyi islahatlar, böhran içərisində qalan
Azərbaycanın iqtisadiyyatının
gücləndirilməsi istiqamətində həyata
keçirdiyi genişmiqyaslı quruculuq işləri xalqın
gələcəyə olan inamını doğrultmaqla ölkəmizin
dünya birliyinə açılan yoluna işıq saldı. Artıq
Azərbaycanın səsi bir çox beynəlxalq
təşkilatların tribunasından eşidilir, diplomatik
uğurları diqqət çəkirdi. Dünya
siyasətində dəst-xətti ilə seçilən,
dövlət başçıları arasında fenomen istedadı
və hazırlığı ilə fərqlənən
Heydər Əliyev şəxsiyyəti müdriklik simvolu kimi
nümunə göstərilirdi. Bu, cəsarət və
qətiyyət, liderlərə məxsus dönməzlik və
məğrurluq müasir Azərbaycanın qurucusu olan dahinin
həyat amalının gerçəkləşməsinin
parlaq ifadəsi kimi Azərbaycanın imicini, nüfuzunu
yüksəltdi.
2005-ci ildə Milli Qurtuluş Günü
münasibətilə Yeni Azərbaycan Partiyasının keçirdiyi
mitinqdə Prezident İlham Əliyev 1993-cü ilin iyunun
15-də müstəqil Azərbaycanın tarixinin yeni
səhifəsi açıldığını bildirərək bu günkü
Azərbaycanı həmin dövrün Azərbaycanı
ilə müqayisə edərək söyləmişdir:
“O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün
Azərbaycanda sabitlikdir. O vaxt
Azərbaycanda hərc-mərcilk var idi. Bu gün Azərbaycanda
sülhdür, əmin-amanlıqdır. O vaxt
Azərbaycanın
iqtisadiyyatı tənəzzülə
uğrayırdı. Bu gün
Azərbaycan dünyada
ən dinamik inkişaf edən ölkələrdən
biridir. O vaxt Azərbaycan
vətəndaş müharibəsi ilə üz-üzə
qalmışdı. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik
mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm
sürürdü. Bu gün dünyanın aparıcı
dairələri etiraf edir ki, Azərbaycan ən qüdrətli ölkəyə
çevrilməkdədir. Bütün bunları edən,
bütün bunları yaradan xalqın dəstəyinə
arxalanan xalqımızın
lideri Heydər Əliyev olmuşdur. Onun zəhmətidir,
onun əməyidir və xalqla birlikdə bu gün biz
Azərbaycanı daha da inamla, daha da sürətlə
inkişaf etdiririk”.
Azərbaycanın
gələcək inkişaf yolunun parametrlərini dahiyanə
düşüncələri və zəngin
dövlətçilik təcrübəsinə əsasən
xalqa çatdıran ümummilli lider əsas vəzifə kimi
respublikada dövlət quruculuğuna diqqət yetirdi. “Müstəqil Azərbaycanda hüquqi demokratik
dövlət qurulmalıdır, Azərbaycan dövləti
demokratik prinsiplər əsasında fəaliyyət
göstərməlidir və tarixi
ənənələrindən, milli
ənənələrdən bəhrələnərək,
dünya demokratiyasından, ümumbəşəri
dəyərlərdən səmərəli istifadə
edərək demokratik dövlət quruculuğu yolu ilə
getməlidir” söyləməklə dünya
siviliyaziyasına daxil olmağın yollarını
müəyyənləşdirdi, prioritetləri qarşıya
qoydu.
Demokratik sivilizasiyalı cəmiyyətdə insan
hüquqlarının qorunması, çoxpartiyalı sistemin
yaradılması, müxalif qüvvələrlə konstruktiv
əməkdaşlıq baxımından qanunlara əsaslanan
mövqeyini bəyan etdi. Ümummilli lider Heydər Əliyevin
ölkəmizə
rəhbərlik etdiyi 1993-2003-cü illərdə insan hüquq və
azadlıqlarının müdafiəsi üçün
möhkəm təməl
formalaşdırılmışdır. 1998-ci ildə Şərqdə ilk dəfə olaraq
ölkəmizdə ölüm cəzası ləğv olundu.
Bu gün dünyanın bir çox qabaqcıl
ölkələrində belə ölüm
cəzasının hələ də ləğv
olunmadığını və mütəmadi olaraq tətbiq
edildiyini nəzərə alsaq, ulu öndərin bu
addımının nə dərəcədə
böyük hüquqi, tarixi
dəyərini dərk etmiş olarıq. Heydər
Əliyevin həyata keçirdiyi dövlət siyasətinin
mahiyyətini özündə əks etdirən humanistlik
nəticəsində 1995-ci ildən əfv və amnistiya
təsisatları bərpa edilmiş, həmin dövrdən
etibarən imzalanmış sərəncam və fərmanlara
əsasən minlərlə vətəndaşımız
azadlığa qovuşmuşdur.
Ümummmilli lider hər
kəsin hüquqlarına hörmətlə
yanaşılmasını, şəxsiyyətin
alçaldılması, zorakılıq, işgəncə, bu
kimi qeyri-qanuni üsul və vasitələrə yol
verilməsi hallarının aradan qaldırılmasını
hüquq-mühafizə orqanları qarşısında vacib vəzifə
kimi qoymuşdur. Ulu
öndərin rəhbərliyi ilə qəbul olunmuş
Milli Konstitusiyada bu
məsələ önə çəkilir.
1995-ci
ildən imzalanan əvf fərmanları və Amnistiya
Aktları da dövlətin insan amilinə yüksək
dəyər verdiyini təsdiqləyir. Bu günədək imzalanan 45 əfv fərmanı
əsasında on minlərlə
məhbus cəzaçəkmədən azad edilib. Bu
fərmanların 32-si ümummilli lider Heydər Əliyev,
13-ü Prezident İlham Əliyev tərəfindən
imzalanıb. Bu günədək qəbul olunan 8 Amntistiya Aktı 40 mindən
artıq məhbusa şamil
edilib.
Qəbul olunmuş hər bir Amnistiya Aktını
humanizm prinsiplərinin, humanizm ideyalarının
qələbəsi kimi dəyərləndirən Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva
bildirir: "Əsası dahi Heydər Əliyev
tərəfindən 1994-cü ildə qoyulmuş bu
siyasət nəticəsində minlərlə insan
azadlığa buraxılaraq normal həyata qayıdıb
və bu gün də bu ənənələr davam edir. Allah
vergisi olan insan ömrü hər bir şeydən uca və dəyərlidir. Hər
bir insan ləyaqətlə və azad yaşamağa layiqdir.
Eyni zamanda, hər bir insan öz ömrünün, öz
taleyinin hökmdarıdır. Səhv etmiş,
yolunu azmış insanlara həyatda yeni şans
verməklə, onları bağışlayıb
cəmiyyətimizə qaytarmaqla biz onlara yenidən
həyatın, azadlığın dəyərini dərk
etməyə, öz səhvlərini anlayıb doğru yola
qayıtmağa kömək edirik. Hər zaman
mərhəmətlilik, geniş qəlblilik, xeyirxahlıq,
bağışlamaq bacarığı ən ali və insani
keyfiyyətlər kimi qiymətləndirilib."
Demokratiyanın
vacib amillərindən biri kimi söz, mətbuat
azadlığının inkişafı istiqamətində
də ulu öndər Heydər Əliyevin atdığı addımlar daim
təqdir olunur. Mətbuatın dünya
təcrübəsindən bəhrələnməsi,
xüsusilə KİV-lərin maddi-texniki vəziyyətinin
yaxşılaşdırılması, o cümlədən jurnalistlərin
peşə səviyyəsinin yüksəldilməsi və
hüquqlarının qorunması üçün
bütün zəruri addımlar atılmış və
tədbirlər həyata keçirilmişdir. Ulu öndər
Heydər Əliyevin "Bunu dəfələrlə
demişəm. Azərbaycanın müstəqilliyi
dönməzdir. Azərbaycanda verilmiş bütün bu
azadlıqların hamısı dönməzdir. Azərbaycanda
mətbuat, fikir azadlığı dönməzdir - burada
heç bir şey ola bilməz, heç kəs də bundan
narahat olmasın" fikri bu
sahəyə diqqət və qayğısının bariz
nümunəsidir.
Mətbuatımızın inkişaf tarixinə
nəzər salsaq qeyd edə bilərik ki, bu tərəqqi daha
çox 1998-ci ildə
senzuranın ləğvindən sonra nəzərə
çarpmağa başladı. Ölkədə xeyli sayda
müstəqil mətbu orqanın və informasiya
agentliklərinin, müstəqil elektron KİV-lərin, jurnalist qurumların və bu sahədə
qeyri-hökumət təşkilatlarının azad
fəaliyyət göstərməsi demokratik mətbuatın
mövcudluğunu təsdiq edən amillərdir. Ümummilli lider Heydər
Əliyevin milli mətbuatımız qarşısındakı
xidmətləri ictimai-siyasi
miqyasına, tarixi əhəmiyyətinə və mahiyyətinə
görə olduqca böyükdür. Ölkədə azad
və müstəqil mətbuatın inkişafı, jurnalistlərin
hüquqlarının qorunması üçün
köklü istlahatlar aparıldı, qanunlar qəbul edildi.
"Bizim dövlət siyasətimizin əsas
məqsədlərindən biri Azərbaycanın
mütərəqqi mətbuat ənənələrinin davam
etdirilməsi və müasir beynəlxalq təcrübə
ilə zənginləşdirilməsi, KİV-lərin
maddi-texniki vəziyyətinin
yaxşılaşdırılması, onların
imkanlarından respublikada hüquqi dövlət
quruculuğu, vətəndaş cəmiyyətinin
formalaşdırılması və inkişafı, demokratik
islahatların həyata keçirilməsində
səmərəli istifadə edilməsindən ibarətdir".
Ulu öndər Heydər Əliyev daim azad mətbuatın
inkişafına diqqət göstərmiş,
atdığı addımların uğurlu
nəticələri göz qabağındadır.
Dahi
şəxsiyyət demokratikləşmə prosesinin iqtisadi
inkişafda rolunu daim önə çəkirdi. Bu fikir də
daim bildirilirdi ki, iqtisadiyyatı
güclü olan dövlət hər şeyə qadirdir.
İqtisadi tərəqqi digər sahələrin
inkişafı üçün əsasdır. Müstəqillik
əldə etdikdən sonra öz sərvətlərinin tam
sahibi olan Azərbaycan xalqının gələcəyini düşünən və ölkənin
iqtisadi inkişafı üçün ən
səmərəli yollar axtaran ümummilli lider Heydər
Əliyevin uzaqgörən siyasətinin əsasında neft amilindən istifadə
etməklə Azərbaycanın dünya
iqtisadi bazarına inteqrasiyası kimi
önəmli məsələ dayanırdı. Neft
strategiyasını müəyyənləşdirməklə
Azərbaycanın tarixində yeni bir mərhələnin
başlanğıcı qoyuldu. "1994-cü ildən
Azərbaycan özünün yeni neft strategiyasını
həyata keçirir və bu strategiyanın da əsas prinsipləri Azərbaycanın zəngin təbii
sərvətlərindən Azərbaycan xalqının
rifahı naminə daha səmərəli istifadə etməkdən
asılıdır." Ulu öndərin proqram xarakterli bu
sözləri tək neft sənayesinin deyil, iqtisadiyyatın
bütün sahələrinin inkişaf yollarını
aydın göstərir. Dünyada elə dövlət yoxdur
ki, müəyyən
qədər təbii sərvətlərə malik olmasın.
Azərbaycan isə payına düşən
sərvətlərin zənginliyinə, strateji
əhəmiyyətinə görə fərqlidir. Bu
gerçəkliyi də unutmaq
olmaz ki, təbii ehtiyatlardan
düzgün istifadə edildikdə o, zəngin
sərvətə çevrilir.
Neft strategiyasının əsasını da bu
prinsiplər təşkil edir.
Müstəqillik yollarında ilk
addımlarını atan hər bir dövlətin
qarşısında dayanan həlli vacib
məsələləri önə çəkərkən,
ulu öndər Heydər Əliyev milli birliyi, həmrəyliyi
xüsusi vurğuayırdı. Xarici siyasətin əsas
tərkib hissələrindən biri kimi dünyanın
müxtəlif ölkələrinə səpələnmiş
soydaşlarımızın azərbaycançılıq
ideyası ətrafında sıx birliyi mühüm
vəzifə kimi qarşıya qoyulurdu. Ulu öndərin
təşəbbüsü və bilavasitə rəhbərliyi
ilə biri-birindən çətin, o dövrdə
həyatı əhəmiyyətli məsələlərin
həlli üçün vacib olan xalqın birlik və həmrəyliyinin
təminatı konsepsiyası hazırlandı. Dünya
Azərbaycanlılarının Həmrəyliyi
Gününün əsası
1991-ci ilin 16 dekabrında
ulu öndər Heydər Əliyev tərəfindən
qoyulub. O illərdə Naxçıvan Muxtar
Respublikasının Ali Məclisinin Sədri olan Heydər Əliyev dünya
azərbaycanlılarının birliyini yaratmağın
əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni
Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü elan etdi. 19 ildir ki, Azərbaycanın milli bayramları
sırasına bir möhtəşəm tarix də
əlavə olunub: 31 Dekabr Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü.
2001-ci ilin noyabrın 9-10-da ulu öndər Heydər
Əliyevin təşəbbüsü ilə Dünya
Azərbaycanlılarının I qurultayının keçirilməsi
ilə
soydaşlarımızın həmrəyliyi təmin
edildi, Azərbaycan
həqiqətlərinin beynəlxalq ictimaiyyətə
çatdırılmasında əsas amil olan diasporun təşkilatlanması
üçün hüquqi bazanın əsası qoyuldu,
görüləcək işlərin bir mərkəzdən
idarə olunması üçün Diasporla iş üzrə
Dövlət Komitəsi yaradıldı.
Ən mühüm problemimiz olan
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində də
mühüm addımlar atıldı. Ulu öndər Heydər
Əliyev xarici ölkələrə səfərləri
zamanı əsas diqqəti bu münaqişəyə
yönəldərək, Ermənistanın işğalçılıq
siyasətini dünya bəyan etdi. Azərbaycan ətrafında
yaradılan informasiya blokadasının yarılması ulu
öndər Heydər Əliyevin fəaliyyətinin əsas
istiqamətlərindən biri idi. Məlumdur ki,
müstəqilliyimizin ilk illərində Azərbaycanın bir
sıra problemləri yaşmasında ölkəmiz haqqında
məlumatsızlıq da mühüm
rol oynamışdı. 1992-ci ildə ölkəmizə
qarşı tətbiq olunan "Azadlığı
mıdafiə aktına" ədalətsiz 907-ci
düzəliş də bu məlumatsızlığın
nəticəsidir. Dünyada cərəyan edən
proseslərə təsir imkanlarına malik olan erməni
diasporu ölkəmiz barədə mənfi rəy yaratmaqla
həmin ədalətsiz qərarın tətbiqinə nail oldu. Bu düzəlişin
ölkəmizə maddidən çox, mənəvi
ziyanını önə çəkən ulu öndər
Heydər Əliyev dünyanın ən nüfuzlu
təşkilatlarının tribunasından Azərbaycan
həqiqətlərini, Dağlıq
Qarabağ probleminin əsil mahiyyətini beynəlxalq
ictimaiyyətin diqqətinə çatdırdı. Erməni
yalanları faktlarla ifşa olundu.
Ulu
öndər Heydər Əliyev diplomatik mübarizənin
gücləndirilməsi ilə yanaşı "Bizim
məqsədimiz müharibə etmək deyil. Ordumuzun
yaranması, formalaşması, möhkəmlənməsi
yalnız və yalnız Azərbaycan Respublikasının
müstəqilliyini, ərazi bütövlüyünü,
sərhədlərinin toxunulmazlığını təmin
etmək üçün lazımdır. Biz
düşdüyümüz vəziyyətdən sülh yolu
ilə çıxmaq istəyirik" söyləyərək
ordu qurculuğu sahəsində mühüm addımlar
atdı. 1994-cü ilin mayın 12-də atəşkəsin
əldə olunması Azərbaycanın hər bir
sahədə inkişafının təmin olunmasında əhəmiyyətli
rol oynadı.
Atdığı addımlarda Heydər Əliyev siyasi kursunun, ulu
öndərin zəngin dövlətçilik məktəbinin
layiqli davamçısı olduğunu təsdiqləyən
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramlarında qarşıya qoyulan vəzifələrin
uğurlu həlli ilə Azərbaycan ən ucqar kəndləri də daxil olmaqla
böyük quruculuq meydanını xatırladır. Artıq keçid dövrünü başa vuraraq
dünya standartlarına və bazar iqtisadiyyatının
müasir tələblərinə uyğun layihə və
islahatların tətbiqinin davam etdirilməsini vacib hesab
edən Prezident İlham Əliyev başlıca amil kimi neft
strategiyasının daha geniş miqyasda həyata
keçirilməsi, dünya siyasətinə
uyğunlaşdırılması, demokratiyanın tam
qələbəsi naminə inamlı addımlar atır.
Qazanılan hər uğur isə ümummilli lider Heydər
Əliyevin "Azərbaycan dünyaya günəş kimi doğacaq""
sözlərinin əməli nəticəsi kimi diqqət
çəkir.
Ümummilli lider Heydər Əliyev 2003-cü il
prezident seçkilərindən öncə xalqa
müraciətində bildirmişdir: "İlham Əliyev
yüksək intellektli, praqmatik düşüncəli,
müasir dünya siyasətini və iqtisadiyyatını
gözəl bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyətdir. Sizi əmin
edirəm ki, həm İlham Əliyev, həm də Yeni
Azərbaycan Partiyası bundan sonra da xalqımızın
ən layiqli övladlarını öz ətrafında sıx
birləşdirərək, Azərbaycan dövlətinin
inkişafı və xalqımızın firavanlığı
yolunda çox işlər görəcəklər. İnanıram
ki, mənim axıra çatdıra bilmədiyim
taleyüklü məsələləri, planları,
işləri Sizin göməyiniz və dəstəyinizlə
İlham Əliyev başa çatdıra biləcək.
Mən Ona özüm qədər inanıram və
gələcəyinə böyük ümidlər
bəsləyirəm". Beynəlxalq
təşkilatların hesabatlarında Azərbaycanın
demokratiyasının nümunə göstərilməsi, dinamik iqtisadi inkişafa malik qüdrətli ölkə kimi
tanınması, Prezident
İlham Əliyevin həyata keçirdiyi siyasətin
alternativsizliyinin dünyanın tanınmış
siyasətçiləri, politoloqları, nüfuzlu
araşdırmalar mərkəzləri
tərəfindən xüsusi
qeyd edilərək, ən yüksək mükafatlara layiq
görülməsi də bu fikrin təsdiqi, Heydər Əliyev
ideyalarının təntənəsi və
qələbəsidir.
Vüqar Rəhimzadə
“İki sahil" qəzetinin
Baş redaktoru,
əməkdar jurnalist,
Səs.- 2010.- 11 dekabr.- S. 6, 7.