Heydər Əliyev siyasi tariximizə
qurucu və xilaskar kimi daxil olmuş görkəmli dövlət
xadimi, milli lider və xalq məhəbbətini qazanan dahi bir
şəxsiyyətdir
AMEA Naxçıvan bölməsinin sədri, Milli Məclisin
deputatı, akademik İsmayıl Hacıyevin yap.org.az-a müsahibəsi
- İsmayıl müəllim,
məlum olduğu kimi, 1991-ci ildə öz müstəqilliyini
elan edən Azərbaycan dövləti bundan cəmi bir
neçə ay sonra ötən əsrin əvvəllərində
yaşadığı acı taleyi növbəti dəfə
yaşamaq təhlükəsi ilə üz-üzə
qalmışdı. Eynilə 1920-ci ildə olduğu kimi, Azərbaycan dövlət
müstəqilliyini itirmək ərəfəsində idi. Məhz belə bir məqamda, mübaliğəsiz
demək olar ki, Ulu Öndərin Naxçıvan Muxtar
Respublikasında siyasi hakimiyyətə gəlməsi, MR Ali Məclisinin
Sədri seçilməsi Azərbaycan dövlətinin
inkişaf yolunu, gələcəyini müəyyənləşdirən
mühüm qərarlardan biri idi. İstərdik, həmin
tarixi qərarlara, o dövrdə atılmış addımlara
yenidən nəzər salaq.
- Azərbaycan dövlət müstəqilliyini 1991-ci il oktyabrın 18-də elan etsə də, sonrakı il yarım ərzində çox çətin vəziyyətə düşdü, dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı. Sanki XX əsrin 20-ci illərindəki hadisələr təkrar olunurdu. Müstəqilliyimizin ilk illərində Azərbaycanın başına gələn ağır bəlaların, o cümlədən, torpaqlarımızın Ermənistan tərəfindən işğalının əsas səbəbi, hətta dövlət müstəqilliyinin itirilməsi təhlükəsi məhz başabəla rəhbərlərin ölkənin, xalqın taleyinə biganəliyi, səriştəsiz fəaliyyətlərinin məntiqi nəticəsi idi. Hakimiyyət uğrunda çəkişmələr ölkəni uçuruma aparırdı, torpaqlarımız işğal olunur, dövləti "idarə edənlər" isə bundan nəticə çıxarmırdı. Qarşıdurma qüvvələri zəiflədir, bundan da məkrli düşmənlərimiz istifadə edirdilər.
Bilirsiniz ki, 1990-cı il iyulun 22-də görkəmli dövlət xadimi Heydər Əliyev Naxçıvana gəldi. Naxçıvanlılar bu dahi şəxsiyyəti çox böyük coşqu və ruh yüksəkliyi ilə qarşıladı. Ulu Öndərin Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi, ilk növbədə, bu bölgəni böyük bəlalardan xilas etdi. Xalq-Heydər Əliyev birliyi özünün ilk təsdiqini tapdı. Bir neçə aydan sonra Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə seçkilər keçirildi. Naxçıvanlı seçicilər Heydər Əliyevi yekdilliklə Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetinə deputat seçdilər. 1990-cı il noyabrın 17-də Naxçıvan MSSR Ali Sovetinin sessiyası öz işinə başladı. Xalq deputatı Heydər Əliyevin Sədrliyi ilə keçirilən həmin sessiyanın qəbul etdiyi siyasi əhəmiyyətli qərarlar müstəqillik tariximizə qızıl hərflərlə yazıldı.
SSRİ deyilən dövlətin hələ mövcud olduğu bir dövrdə onun tərkibində olan Naxçıvan MSSR-in adından "Sovet", "Sosialist" sözləri çıxarıldı. Naxçıvan MSSR Ali Sovetinin adı dəyişdirilərək Ali Məclis adlandırıldı. Azərbaycan Demokratik Respublikasının üçrəngli dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi. Digər dövlət rəmzləri müzakirə olundu. 20 Yanvar faciəsinə ilk dəfə siyasi qiymət verildi, bu tarixin Naxçıvan Muxtar Respublikasında Milli Matəm Günü kimi qeyd edilməsi qərara alındı və s. Ulu Öndərin qətiyyətli mövqeyi, siyasi iradəsi, böyük uzaqgörənliyi bu qərarlarda öz ifadəsini bir daha göstərdi.
Beləliklə, görkəmli dövlət xadimi, dahi siyasətçi Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Naxçıvandan başladı. Muxtar Respublikanın əhalisi böyük uzaqgörənlik nümunəsi göstərərək Heydər Əliyevdən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsini öz üzərinə götürməsini təkidlə xahiş etdilər. Ulu Öndər belə bir arzuda olmadığını dönə-dönə bildirsə də, meydana toplaşan əhali bu məsələdə israrlı idi. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi. Bu vəzifədə o, 1993-cü ilin iyunun 9-a qədər fəaliyyət göstərdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Heydər Əliyev Naxçıvanı xilas etdi, Naxçıvan da Heydər Əliyevi qorudu".
Heydər Əliyev çox çətin şəraitdə, Azərbaycan rəhbərliyinin Naxçıvana biganə və ögey münasibət bəslədiyi, hətta mane olduğu bir şəraitdə fəaliyyət göstərdi. Ulu Öndər qonşu Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əlaqələri genişləndirdi, "Ümid" körpüsünün açılışına nail oldu. Muxtar Respublikanın təhlükəsizliyi qorundu, müdafiəsi təşkil edildi, Dövlət Milli Müdafiə Komitəsi yaradıldı. Naxçıvanın vahid inkişaf və müdafiə fondu təsis edildi. Heydər Əliyevin qətiyyətli və prinsipial siyasəti nəticəsində rus hərbi hissələri Naxçıvan ərazisindən çıxarıldı. Sərhəd dəstəsi ləğv olundu, silah və sursat Azərbaycan tərəfinə verildi, özəlləşmə həyata keçirildi. Zərərlə işləyən təsərrüfatlar özəlləşdirildi, onlara məxsus torpaqlar, ictimai əmlak və mal-qara əhaliyə paylanıldı. Ölkəmizin gələcək siyasi həyatında çox böyük rol oynayacaq Yeni Azərbaycan Partiyası 1992-ci il noyabrın 21-də Naxçıvanda təsis olundu. Naxçıvan Muxtar Respublikasının beynəlxalq əlaqələri genişləndirildi, ictimai-siyasi sabitlik qorundu. "Dünya azərbaycanlılarının həmrəyliyi haqqında" Qanun qəbul edildi, milli-mənəvi dirçəliş və mədəni inkişafa xüsusi diqqət yetirildi və bu qəbildən olan bir çox vacib işlər görüldü.
Beləliklə, Ulu Öndər Heydər Əliyevin Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illərdə Azərbaycan xalqının milli dirçəlişi, milli ənənələrinin bərpa olunması istiqamətində çox ciddi və əhəmiyyətli qərarlar qəbul edildi. Heydər Əliyevin Naxçıvanda gördüyü işlər, müəyyənləşdirdiyi proqramlar bu gün də Naxçıvan Muxtar Respublikası rəhbərliyi tərəfindən uğurla davam etdirilir.
- Ulu Öndər Heydər
Əliyev 1993-cü ildə xalqın tələbi ilə yenidən
hakimiyyətə dönərkən Azərbaycan dövləti
olduqca çətin günlər yaşayırdı. Yeni
yaranan dövlət möhkəmlənmədən süquta
uğramaq üzrə idi.
Bütün fəaliyyətini Azərbaycan
dövlətinə, xalqımıza xidmətə həsr edən
Ulu Öndər Heydər Əliyev yenidən xalqına dayaq
oldu, bütün hədələrə, təhlükələrə
baxmayaraq, xalqımızın
çağırışlarına müsbət cavab verdi.
Ulu Öndərin böyük qayıdışı o dövrdə
Azərbaycana nə verdi?
- Bilirsiniz ki, 1992-93-cü illərin əvvəllərində Azərbaycan qarşıdurma meydanına çevrilmişdi. Ölkəni xaos, anarxiya, dərəbəylik bürümüşdü. Erməni cəlladları Xocalı soyqırımını törətmişdilər, torpaqlarımız işğal olunur, rayonlarımız və ərazilərimiz itirilirdi. Üstəlik, ölkəmiz vətəndaş qarşıdurması ilə üzləşmişdi. Səriştəsiz və qabiliyyətsiz adamlara böyük səlahiyyətlərin verilməsi onların iddialarını artırmışdı. Onların bəziləri xarici dövlətlərin "buyruq quluna" çevrilmiş, ölkə, xalq və milli maraqları unutmuşdular. Vəzifə hərisliyi, şəxsi maraqlar vətəndaş qarşıdurmasına gətirib çıxarmışdı. Ölkə rəhbərliyi isə bunların qarşısını ala bilmirdi. Vaxtı ilə (1992, 24 oktyabr) Naxçıvanda dövlət çevrilişi həvəsinə düşənlər, Heydər Əliyevin kölgəsini belə qamçılayanlar, indi Ulu Öndərin kölgəsinə sığınmalı oldular. Xalq isə belə vəziyyətdən yeganə çıxış yolunu görkəmli siyasi xadim Heydər Əliyevi hakimiyyətə dəvət etməkdə gördü. Heydər Əliyev xalqın tələbinə, dövlət müstəqilliyinin qorunub saxlanmasına biganə qalmayaraq, 1993-cü ilin iyun ayında Bakıya gəldi. İyunun 15-də Onun Milli Məclisin Sədri seçilməsi ilə müstəqil dövlətçilik tariximizin ikinci dövrü başlandı. 1991-ci ildə Müstəqillik Aktının qəbul olunmasına baxmayaraq, Azərbaycan xalqı bu sevinci yalnız 1993-cü ildən, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yaşamağa başladı. Görkəmli dövlət xadiminin qayıdışı Azərbaycana elə Azərbaycanın özünü qaytardı. Lakin Azərbaycan Heydər Əliyevin 1982-ci ildə SSRİ rəhbərliyinə gəldiyi vaxt qoyub getdiyi Azərbaycan deyildi. Azərbaycanı çətin vəziyyətə salan, siyasi, iqtisadi, hərbi böhrana düçar edənlər yenə də ölkəmizin gələcək inkişafını istəsələr də, istəməsələr də bu dahi şəxsiyyətdə görürdülər. Xalq isə bütün ümidini Heydər Əliyevə bağlamış, "Xalqı düşdüyü bu bəlalardan qurtar!" şüarı ilə meydanlara çıxmışdı. Təcrübəli və uzaqgörən siyasətçi, mahir dövlət xadimi Heydər Əliyev xalqın inamını özünə qaytardı. Xalq başa düşürdü ki, Heydər Əliyev Azərbaycanı xilas edəcək.
- Məcburi müharibəyə
cəlb edilmiş, iqtisadiyyatı dağıdılmış,
daxili mübarizələr nəticəsində parçalanmaq
ərəfəsində olan bir ölkəni az bir zamanda
ayağa qaldırmaq, onun müstəqilliyini daimi, əbədi,
sarsılmaz etmək üçün Ulu Öndərimiz Heydər
Əliyev hansı zəruri addımları atdı?
- Heydər Əliyev siyasi tariximizə qurucu və xilaskar kimi daxil olmuş görkəmli dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan dahi bir şəxsiyyətdir. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında Onun qədər misilsiz xidmətlər göstərən şəxs tapmaq çətindir. Hakimiyyət hərisləri Azərbaycanı parçalamaq həddinə gətirib çıxardılar, çıxış yolunu da tapa bilmədilər. Heydər Əliyev isə qeyri-adi idarəetmə bacarığına malik olan hakimiyyət ustadı idi. Belə dahi insanları nəzərdə tutan böyük fransız mütəfəkkiri Pol Anri Holbax yazırdı ki, hakimiyyət yalnız o vaxt böyük nemət olur ki, onu əldə edən adama təbiət və tərbiyə alicənablıq, qüvvətli ruh, geniş ürək, dərin ağıl, böyük təcrübə vermiş olsun.
Ona görə də, Heydər Əliyev Azərbaycanı çətin vəziyyətə salan daxili və xarici amilləri çox yaxşı bilirdi. Onun aradan qaldırılması yollarının mükəmməl bilicisi idi. Ulu Öndər, ilk növbədə, müharibənin qarşısını almaq, atəşkəs rejimini tətbiq etmək üçün bu işin açıq və gizli iştirakçıları ilə danışıqlar apardı. 1994-cü ilin mayında atəşkəs əldə edildi, vaxt qazanıldı. Bundan istifadə edərək, qeyri-qanuni silahlı dəstələr tərk-silah edildi, ictimai-siyasi sabitlik yaradıldı. Ordu quruculuğuna başlanıldı. Ölkəni parçalamaq istəyən qüvvələrlə danışıq aparıldı, bu sahədə respublika ziyalılarının, ağsaqqallarının qüvvəsindən istifadə edildi. Bu işi törədənlər haqqında qanuni ölçü götürüldü. Ölkənin müstəqilliyinə təhlükə yaradan səbəblər müəyyən edildi, onlar mərhələ-mərhələ zərərsizləşdirildi. Lakin dövlət müstəqilliyini gözü götürməyən, hakimiyyətə silah gücünə can atan qüvvələr Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın azad, müstəqil şəraitdə yaşaması üçün göstərdiyi səylərə hər vəchlə mane olurdular. Dövlət çevrilişinə cəhdlər edilirdi. Bunların qarşısı qətiyyətlə alındı. Bununla belə, Ulu Öndər iqtisadiyyatın inkişafına, xarici şirkətlərin Azərbaycana cəlb olunmasına böyük diqqət yetirirdi. Belə ardıcıl səylər nəticəsini verdi. Dünyanın tanınmış şirkətləri ilə neft müqavilələri imzalandı, müstəqil dövlətimizin ilk Konstitusiyası imzalandı, prezident, parlament və bələdiyyə seçkiləri keçirildi, hüquqi dövlət quruculuğunu sürətləndirmək üçün qanunlar qəbul olundu. Bir sözlə, Azərbaycanın müstəqilliyini daimi, əbədi, sarsılmaz etmək üçün lazım olan tədbirlər həyata keçirildi, siyasi və iqtisadi böhran aradan qaldırıldı, ölkənin hərtərəfli inkişafına başlandı.
- İsmayıl müəllim,
məlum olduğu kimi, 1993-cü ilə qədər Azərbaycanda
bütün sahələrdə dərin böhran hökm
sürürdü. O cümlədən, ideoloji cəhətdən
də bir boşluq yaranmışdı. Köhnə kommunist
düşüncəsi tam olaraq sıradan
çıxmışdı. Yeni düşüncə tərzinin yaranması və
inkişafı üçün baza qıtlığı
mövcud idi. Belə bir şəraitdə Ulu Öndərin
atdığı addımları necə xarakterizə edərdiniz?
- 1993-cü ilin yayına kimi Azərbaycan dərin böhrana düşmüşdü. Nə xarici, nə də daxili siyasətdə elə bir uğur qazanılmamışdı. Həyatın bütün sahələri böhran halı ilə üz-üzə idi. İqtisadiyyatda nə qədər geriləmələr var idisə, bu mənfi meyillər siyasətdə, mənəvi həyatda da özünü göstərirdi. Kommunist ideologiyasına inam yox idi. Çünki sözlə əməl arasında böyük uçurum yaranmışdı, ikili siyasət xalqın kommunist ideologiyasına inamını sarsıtmışdı. Mənəvi aşınmalar günü-gündən artırdı. Milli-mənəvi dəyərlər sanki əhəmiyyətini itirirdi. Əhali çaş-baş qalmışdı. Kimə inanmalı, nə etməli, hansı ideologiyaya yiyələnməli kimi fikirlər əhalini yormuşdu. Belə bir şəraitdə Ulu Öndər hakimiyyətə gəldi, xalqın inamını özlərinə qaytardı. Azərbaycançılıq ideologiyası - yeni milli ideologiya xalqın inamına, əqidəsinə çevrilməyə başlandı. Ulu Öndər qeyd edirdi ki, dünya azərbaycanlıları hansı ölkədə yaşamalarından asılı olmayaraq, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, xalqımızın bu günü və gələcəyi haqqında düşünməlidirlər. Bu birliyi şərtləndirən əsas prinsip isə dövlətçilik maraqlarının qorunması, milli mənafeyin hər şeydən öndə dayanmasıdır. Milli ideologiyanın, dəyərlər sisteminin yaradıcısı olan Heydər Əliyev bu sistemin qorunub saxlanılmasına, onun gələcək nəsillərə çatdırılmasına öz töhfəsini verdi. Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışarkən ölkəmizin bu gün əldə etdiyi siyasi və iqtisadi uğurlarla yanaşı, özünəməxsus vətəndaşlıq həmrəyliyi fəlsəfəsi olan azərbaycançılıq ideologiyası, bütün türk dünyasının birliyi ideyası, dilimiz, milli-mənəvi, dini dəyərlərimiz, vətəndaş cəmiyyətinin formalaşması, dünya azərbaycanlılarının təşkilatlanması və s. kimi məsələlər göz önünə gəlir. Ulu Öndər bütün dünya azərbaycanlılarını bir ideya - azərbaycançılıq ideyası ətrafında sıx birləşməyə çağırırdı. Onun siyasətinin fəlsəfi kökündə milli təfəkkür, milli şüur, milli düşüncə, azərbaycançılıq məfkurəsi dayanırdı. Heydər Əliyev xalqın birliyində, həmrəyliyində Azərbaycan dilinin, milli-mənəvi dəyərlərin əhəmiyyətini yüksək qiymətləndirərək deyirdi: "Xalqları dil qədər, milli-mənəvi ənənələr qədər, dəyərlər qədər birləşdirən başqa bir vasitə yoxdur. Biz bu vasitədən daim istifadə etməliyik".
Ümummilli Liderimizin 1993-2003-cü illərdə atdığı addımlar, həyata keçirdiyi tədbirlər Azərbaycanın hərtərəfli inkişafına, müstəqilliyinin möhkəmləndirilməsinə, həmrəylik və birliyin, milli-mənəvi dəyərlərin inkişafına yönəldilmişdi.
- "Təhsil millətimizin
gələcəyidir" deyən Ümummilli Liderimiz bu sahənin
inkişafı üçün hələ Azərbaycan KP
MK-nın birinci katibi kimi fəaliyyət göstərdiyi
1969-82-ci illərdə böyük islahatlar həyata
keçirmişdir. 1993-cü ildə müstəqil
respublikamızda hakimiyyətə gəldikdən sonra isə bu islahatları davam etdirdi.
İstərdik bir elm xadimi kimi, Ulu Öndərin təhsil siyasətinin
üstünlüklərindən də bəhs edəsiniz.
- Millətin gələcək uğurlarını təhsildə görən Heydər Əliyev hakimiyyətinin hər iki dövründə bu sahənin inkişafına hər cür diqqət və qayğı göstərmişdir. 1969-1982-ci illərdə Azərbaycanın bütün sahələrindəki uğurlarla yanaşı, təhsil sahəsindəki nailiyyətlər, təhsil siyasəti, təhsildəki islahatlar ölkəmizin gələcək inkişafına yönəldilmişdi. Orta və ali məktəblərin, orta ixtisas və texniki-peşə məktəblərinin böyük şəbəkəsi yaradılmış, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirilmişdir. Azərbaycanda bu gün də "tipovoy məktəb" terminini özündə ehtiva edən yeni məktəb binaları 70-80-ci illərdə tikilmişdir. Tikilən məktəblərin sayı 700 idi. Ali məktəblərin sayı 12-dən 17-yə, tələbələrin sayı 70 mindən 100 minə çatmışdı. Uşaq bağçaları - məktəbəqədər müəssisələr və məktəbdənkənar müəssisələr çox inkişaf etdirildi. Regionlarda elm və ali təhsil, orta ixtisas təhsili müəssisələrinin yeni strukturu yaradıldı. Respublikamızın xalq təsərrüfatı üçün yeni kadr hazırlığına başlandı. Nadir ixtisaslara sahib olmaq üçün ali təhsil müəssisələrinin bir qrup tələbə və gəncləri təhsil üçün SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərildi. Belə tələbələrin sayı artıq hər il 1000-1400 nəfərə çatırdı. Eyni siyasət azərbaycanlı hərbi kadrların yetişdirilməsi sahəsində də həyata keçirildi. Təkcə 1982-ci ildə SSRİ-nin ali hərbi məktəblərinə qəbul olunan 1000 nəfərdən 550 nəfəri milliyyətcə azərbaycanlı olmuşdu. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra təhsilə göstərilən diqqət və qayğı elə ilk günlərdən bir daha özünü göstərdi. Azərbaycanın iqtisadi vəziyyəti o qədər də ürəkaçan olmasa da, Ulu Öndər qeyd edirdi ki, dövlət hardan olursa-olsun kəsib təhsilə xərcləməlidir. Dövlət başçıları içərisində Heydər Əliyev qədər elmə, təhsilə, mədəniyyətə, ziyalıya bağlı olan, onun inkişafı üçün hər cür kömək göstərən ikinci rəhbər tapmaq mümkün deyildir. Heydər Əliyevin bu sahəyə üstün yer verməsinin nəticəsi idi ki, "Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı" 1999-cu ilin iyunundan həyata keçirildi və bu milli təhsil ənənələrimizə sədaqətin və varisliyin parlaq təzahürünə çevrildi. Ümumi orta təhsilin dövlət standartları və bazis tədris planı hazırlandı, dərsliklər yaradıldı, yeni əlifbaya keçildi, yeni tipli tədris müəssisələrinə, təmayüllü siniflərə diqqət artırıldı, orta və ali təhsil, məktəbəqədər təhsil müəssisələrinin geniş şəbəkəsi yaradıldı, texniki peşə məktəblərinin qorunub saxlanılması, təhsilin inkişafına ayrılan büdcə vəsaitinin artırılması diqqətdə saxlanıldı. 1995-ci ildə ümumi dövlət büdcəsinin 17 faizi, 2001-ci ildə isə 23 faizi təhsilə ayrıldı.
Heydər Əliyevin təhsil siyasətinin ən üstün cəhətləri onun zəngin mütərəqqi ənənələrə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanmasıdır. Azərbaycanda təhsil islahatının memarı və qurucusu Heydər Əliyevin müdrik tövsiyələri hazırda respublikamızda uğurla davam etdirilir.
- Ümummilli Liderimizin Azərbaycan
dövlətçiliyi qarşısında ən böyük
xidmətlərindən biri də, şübhəsiz ki,
Prezident İlham Əliyev kimi böyük bir siyasətçi
yetişdirməsi idi. Məlum olduğu kimi, Ulu
Öndərimiz 2003-cü ildə xalqa müraciət edərkən
dövlətimizin inkişafı, müstəqilliyimizin daha da
möhkəmlənməsi üçün Onun
yarımçıq qalmış işlərini, başa
çatmamış planlarını məhz cənab İlham Əliyevin
həyata keçirəcəyinə inandığını
bildirmişdi. Bu gün isə ölkəmizin yüksək
inkişafı Ulu Öndərimizin nə qədər doğru
qərar qəbul etdiyini bir daha sübuta yetirir...
- İlk növbədə, hər bir azərbaycanlı bu mənada özünə sual verə bilər - Ümummilli Liderimiz Azərbaycan dövləti və dövlətçiliyi üçün nələr etməmişdir? Təbii və obyektiv cavab belədir - nə isə etməmiş qalıbmı? Suala sual xarakterli cavab verilir və təsdiq edir ki, vaxtında hər şey edilmişdir.
Ulu Öndərimizin ən böyük xidmətlərindən biri də Prezident İlham Əliyev kimi böyük bir siyasətçi yetişdirməsidir. Tarixi zərurətə əsaslanan müdrik seçim Ulu Öndərimizin adı ilə bağlıdır. Prezident seçkiləri ərəfəsində Azərbaycan xalqına müraciətində Ümummilli Liderimiz Heydər Əliyev ölkəmizin gələcək inkişafının, dövlət müstəqilliyimizin möhkəmliyinin yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətin - cənab İlham Əliyevin simasında etibarlı əldə olacağına qəti inamını ifadə etmişdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək". Həqiqətən də, bu inamın, etibarın arxasında cənab İlham Əliyevin uzun illər ərzində topladığı sanballı siyasi dividendlər və Onun tükənməz enerjisi dururdu.
Siyasi
analitiklər Prezident İlham Əliyevin yeddiillik hakimiyyət
dövrünü Azərbaycanın müasir tarixinin həlledici
illəri kimi səciyyələndirirlər. Xalqımız
2003-cü ilin seçkilərində də belə bir inamla
iştirak etmişdi ki, Heydər Əliyev siyasəti
yaşamalıdır. Xalqın xoşbəxt gələcəyinə
hesablanmış bu siyasətin alternativi yoxdur. Seçkilərdən
ötən müddət təsdiqlədi ki, xalqımız
öz seçimində yanılmayıb. Bu baxımdan cənab
İlham Əliyevə ən yüksək qiyməti Onu
özünə 2008-ci ildə növbəti dəfə rəhbər
seçmiş xalq veribdir. Xalqın inam və dəstəyini ən
yüksək səviyyədə qazanan Prezident İlham Əliyev
artıq dünyada qəbul olunmuş görkəmli siyasi
liderdir. O, müstəqil Azərbaycan dövlətini
həm mükəmməl şəkildə idarə edir, həm
də istənilən mötəbər tədbirlərdə
böyük ləyaqətlə təmsil etmək vəzifəsini
yüksək səviyyədə gerçəkləşdirir.
Son günlər NATO-nun Lissabon və ATƏT-in
Astana sammitlərində Azərbaycanın milli
maraqlarını qətiyyətlə və yüksək səviyyədə
müdafiə edən ölkə Prezidenti İlham Əliyev
dünyanın görkəmli siyasi xadimlərindən
olduğunu bir daha təsdiq etdi. Elə
bunun nəticəsidir ki, İlham Əliyev 2005-ci ildə
"Avrasiyada ilin siyasət adamı - Prezidenti", 2006-cı
ildə Ukrayna Ümummilli Proqramının Ali Akademik
Şurası tərəfindən "İlin adamı",
2009-cu ildə Kanadanın türkdilli diasporlarının
Torontoda baş tutan forumunda "İlin adamı", yenə
həmin ildə Rusiyada "İlin adamı - 2009", 2010-cu
ildə Cənub-Şərqi Avropanın, eləcə də,
Rumıniyanın nüfuzlu "Balkanlar və Avropa"
jurnalı tərəfindən "İlin adamı - 2010"
mükafatlarına layiq görülmüşdür. Prezident İlham Əliyevin xidmətləri dünya
miqyasında yüksək qiymətləndirilir, o zəmanəmizin
görkəmli dövlət və siyasi xadimləri
sırasına aid edilir. İlham Əliyevin uğurlu siyasəti
Azərbaycanı islahatçı, lider ölkələr səviyyəsinə
çıxarıb və hərtərəfli inkişafına
nail olub. Bu gün ölkəmizin beynəlxalq aləmdə rol
və nüfuzunun artması, yüksək inkişafı Ulu
Öndərimizin nə qədər doğru qərar qəbul
etdiyini bir daha təsdiq edir.
Səs.- 2010.- 11 dekabr.- S. 8-9.