HEYDƏR ƏLİYEV YOLU-SABAHA İNAMLA APARAN YOL

 

Özümüz də bilə-bilə ki, ərsəyə gətirdiyimiz ən mükəmməl ədəbi nümunə belə müstəqil Azərbaycan Respublikasının banisi, Ulu Öndərimiz Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü olduğu kimi təsvir etmək gücündə deyil, yenə də zaman-zaman daxilimizdə Heydər Əliyev fenomeni barədə söhbət açmaq ehtiyacı duyuruq. Biz hələ illər sonra da bu ehtiyacı hiss edəcək, duyacağıq. Xalqımızın Heydər Əliyevə, müdrikliyi, uzaqgörənliyi, titanik fəaliyyəti ilə dünyanın ən nəhəng siyasətçiləri ilə bir sırada özünə əbədi yer tutan ən böyük azərbaycanlıya, adı Azərbaycanın, bütövlükdə, türk dünyasının tarixinə qızıl hərflərlə yazılmış dahiyə əbədi bir ehtiyacı vardır.

Heydər Əliyev şəxsiyyəti bu gün hər bir azərbaycanlı üçün dünyanın əsrarəngiz həqiqətlər mənzərəsidir. Ulu Öndərimiz Heydər Əliyev hər şeydən əvvəl tarixi şəxsiyyətdir. Bəşəriyyət ən dəyişkən situasiyalarda belə Ulu Öndərimiz Heydər Əliyevi  bir tarixi şəxsiyyət olaraq yalnız öz simasında tanımışdır.

Vaxtın keçmiş, bu gün və gələcək anı insandan keçir. Həm də o qədər sürətlə ki, çox zaman keçmişə, bu günə və gələcəyə münasibətdə obyektivlik meyarını heç də hər zaman qoruyub saxlaya bilmirsən. Heydər Əliyev şəxsiyyəti isə, əksinə, özü bütün zamanlardan keçməsi ilə bizlərdən fərqlənir. Həm keçmişin, həm  bu günün, həm də gələcəyin dəyərlər sistemi Onun adı ilə bağlı nələrisə dəyişmək imkanında deyil. Çünki ən azı Azərbaycan cəmiyyətinə aid həm ən yaxın keçmişin, həm indinin, həm də gələcəyin dəyərlər sisteminin müəllifi məhz  Heydər Əliyev özüdür.

Ulu Öndərimiz Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin təməlini hələ 1969-cu ildə respublikaya birinci rəhbərlik dövründən qoymağa başlamışdı. Sovet imperiyasının tərkibində olduğu müddətdə respublikada milli hərbi kadrların hazırlığı məqsədilə hərbi məktəblərin açılması, ölkəmiz üçün zəruri sahələr üzrə peşəkar mütəxəssislərin hazırlanması üçün keçmiş SSRİ-nin ali məktəblərinə tələbələrin göndərilməsi, Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması məhz Ulu Öndərimizin adı ilə bağlıdır. Ölkənin iqtisadi potensialından səmərəli istifadə üçün qurulan yüzlərlə zavod, fabrik və emal sexləri, bu dövrdə formalaşdırılan müstəqil energetika sistemi, vətəndaşlarımızın ixtiyarına verilən yeni mənzillər, təhsil, səhiyyə, mədəniyyət obyektləri, milli intellektin inkişafı, milli mədəni dəyərlərimizin qorunub saxlanması və yüksəlişi də Ulu Öndərimizin mənsub olduğu xalqa  xoş töhfələridir.

Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə dönmədən və ardıcıl şəkildə həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda müasir, sivil, azad iqtisadi sistemin əsası qoyulmuş, bunun sayəsində ölkə sənayesinə xarici investisiya qoyuluşu xeyli artmış, inşaat işlərinin həcmi və səviyyəsi yüksəlmiş, infrastruktur dəyişikliklərinin miqyası nəzərəçarpacaq dərəcədə genişlənmişdir.

Həyata keçirilən siyasət çox qısa bir zamanda iqtisadiyyatda əsaslı keyfiyyət dəyişikliklərinə səbəb olmuşdur. 1996-cı ildən etibarən ölkəmizdə inflyasiyanın səviyyəsi sabit qalmış, dövlət büdcəsi bir neçə dəfə artmış, əmək haqlarının, pensiya və müavinətlərin artırılması, əhalinin soail müdafiəsi istiqamətində aparılan ardıcıl siyasət ölkədə həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsini təmin etmişdir. Təkcə bir faktı diqqətə çatdıraq ki, Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasına rəhbərliyi  dövründə ölkəmizdə orta aylıq əmək haqqı və pensiyaların məbləği 6 dəfədən də çox artmışdır.

Heydər Əliyevin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi üçün çox əhəmiyyətli olan azərbaycancılıq ideyasının, milli birlik meyillərinin daha da dərinləşdirilməsi sahəsində gördüyü işlər olmuşdur. Azərbaycan Respublikası Prezidentinin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 2001-ci il 18 iyun tarixli Fərmanı, dahi şairimiz Məhəmməd Füzulinin 500, "Dədə Qorqud" eposunun 1300 illiyinin dünya miqyasında təntənə ilə qeyd edilməsi, "Azərbaycanda dövlət  dili haqqında" Azərbaycan Respublikası Qanununun qəbulu, Ümummilli Liderimizin ölkəmizdə elmin-təhsilin inkişafına yaratmış olduğu şərait, Onun elm, mədəniyyət, incəsənət xadimlərinə yüksək diqqət və qayğısı bunun ifadəsidir. 

2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayının kecirilməsi, Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə "Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin" yaradılması da milli həmrəyliyə və yekdilliyə nail olmaq amalının Azərbaycanın dövlət siyasətinin tərkib hissəsinə çevrildiyini nümayiş etdirmiş, həyata keçirilən bütün bu kimi tədbirlər həm sayına, həm də milli-mənəvi, intellektual potensialına görə dünyanın böyük millətləri ilə bir sırada dayanan xalqımızın mütəşəkkil qüvvə kimi formalaşmasına güclü təkan vermişdir.

Qədim Hindistanda belə bir məsəl xeyli məşhurdur: "Ənənə əgər davam edərsə, ənənəyə çevrilir". Azərbaycanda müstəqil dövlətçilik ənənələrini formalaşdıran, müstəqil Azərbaycan dövlətini qurub-yaradan Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı ən böyük xidməti də elə bundan ibarətdir, ki, Ulu Öndərimiz müəllifi olduğu ənənələrin davamlılığını təmin etmiş, Ümummilli Liderin dərin zəkası hesabına Azərbaycanın gələcək uğurlarına təminat yaradan siyasi kursun varisliyi qorunmuşdur.

 Bütün xalqların həyatında dövlətin varislik tarixi ciddi əhəmiyyətə malikdir. Tarixin konkret məqamında  Ümummilli Lider Heydər Əliyev siyasi kursunun davam etdirilməsinin labüdlüyünü şərtləndirən amillər isə, heç şübhəsiz ki, bu kursun bütünlüklə Azərbaycanın dövlətçilik maraqlarının həyata keçirilməsinə yönəlməsindən ibarət idi.

Belə bir zamanda Ulu Öndərimiz Heydər Əliyevin müəyyənləşdirmiş olduğu siyasi kursun, O, dahi dövlət xadiminin müəyyənləşdirdiyi milli dövlətçilik konsepsiyasının varisliyinin təmin olunması zərurəti həmin konsepsiyanın uğurlarını öz həyatında yaşayan və Ulu Öndərimizin cismani yoxluğu zamanı kursu həyata keçirə biləcək liderin yoxluğu səbəbindən bu xəttin yarıda qırılması ehtimalını çox düzgün dəyərləndirən Azərbaycan ictimaiyyətinin sosial sifarişi kimi ortaya çıxmışdır.

Üstünlüyü, obyektiv xarakteri və alternativsizliyi Heydər Əliyev hakimiyyətdə olduğu illər ərzində dəfələrlə öz təsdiqini tapan bu konsepsiyanın tətbiqi, Azərbaycanın dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsi, bütün zamanlarda müstəqilliyimizin əbədiliyi, Azərbaycan dövlətinin yüksəlişi  deməkdir.

Ulu Öndərimiz Heydər Əliyev siyasi kursunun dövlət idarəçiliyi sistemi üçün öz əhəmiyyətini itirəcəyi təqdirdə cəmiyyətimizdə baş verə biləcək mümkün təlatümləri, ağır faciələri isə Azərbaycan xalqı Ulu Öndərimizin siyasi hakimiyyətdən kənarda olduğu 90-cı illərin əvvəllərində artıq bir dəfə yaşamışdır. Ona görə də Azərbaycan xalqı  Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun varisliyinin təmin olunması zərurətindən çıxış edərək öz müdrikliyini bir daha  nümayiş etdirdi.

Məsələlərə 90-cı illərin hadisə və prosesləri kontekstindən yanaşanda xalq müdrikliyinin ümumi ifadəsi kimi təzahür edən bu zərurət tamamilə təbii görünür. Heydər Əliyevin bir neçə illik gərgin zəhmət bahasına işlək vəziyyətə gətirdiyi dövlətçilik maşınının sükanı arxasına müstəqilliyimizin ilk illərində olduğu kimi yenidən təsadüfi diletantların keçməməsi, sosial-iqtisadi-siyasi böhranın bir daha təkrarlanmaması üçün xalqdan siyasi iradə tələb olunur və bu siyasi iradə, həmişə olduğu kimi, bu dəfə də xalqın ən doğru olanın ardınca getməsi, ən doğru olana tapınması formasında özünü göstərirdi. Ulu Öndərimizin müəllifi olduğu milli dövlətçilik konsepsiyasının davam etdirə biləcək qüdrət sahibinin axtarışında olan ictimai rəyin birmənalı olaraq İlham Əliyev fenomeni üzərində qərar tutması isə onun Heydər Əliyev siyasi kursunun müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin edə biləcək alternativsiz şəxs olmasından irəli gəlirdi.

Eyni mövqeyə, statusa iddia edən opponentlərindən fərqli olaraq İlham Əliyevin bu siyasi kursa dair baxışlar sisteminin institutlaşmış xarakter daşıması, bu baxışların taktiki, strateji və perspektiv rakursunda Heydər Əliyev siyasi kursunun ehtiva etdiyi prioritetlərin dayanması, ən əsası isə Ulu Öndərimizin siyasət məktəbində yetişmiş, peşəkar diplomat, şəffaf keçmişə, müasir lider imicinə malik İlham Əliyevin bu konsepsiyaya dair baxışlarının təkcə nəzəri səciyyə daşımadan həm də əməli fəaliyyətdə dəfələrlə öz təsdiqini tapması İlham Əliyev fenomeninə cəlbedicilik qazandıran başlıca cəhətlərdən idi.  Bütün bu keyfiyyətlər İlham Əliyevi, həmçinin, beynəlxalq maraq obyektinə çevirmiş, onun xarici siyasətin bütün sahələrində, o cümlədən, cəmiyyət həyatı üçün son dərəcə mühüm əhəmiyyətə malik bir sıra sahələrdə üzərinə götürdüyü missiyanı uğurla həyata keçirməsi, siyasi proseslərə yanaşma tərzi xüsusilə rasional analitik təfəkkürə dayaqlanan çıxışlarının bir çox məqamları Azərbaycan cəmiyyətində, eləcə də, beynəlxalq ictimaiyyətdə  böyük maraq doğururdu. Cənab İlham Əliyev 90-cı illərin ortalarından etibarən Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, eləcə də, Milli Olimpiya Komitəsinin prezidenti kimi geniş fəaliyyəti ilə yanaşı, ölkəmizin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri statusunda da Azərbaycanın milli maraqlarının təmin olunması ilə bağlı mühüm işlər görmüşdür. Cənab İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan nümayəndə heyəti Dağlıq Qarabağ məsələsinin Avropa Şurasında müzakirəsi zamanı böyük uğurlar əldə etmiş, İlham Əliyev AŞPA-nın tribunasında bu münaqişəni, ümumilikdə, Avropanı təhdid edən problem kimi gündəmə gətirmiş, nümayəndə heyətimiz əsir və girovların qaytarılması, Dağlıq Qarabağda narkotik maddələrin yetişdirilməsi və bundan əldə edilən gəlirlərin terrorçuluq fəaliyyətinə yönəldilməsi, Dağlıq Qarabağda tarixi abidələrin, mədəniyyət abidələrinin dağıdılmasına dair Azərbaycan nümayəndə heyəti Avropa Şurasında çoxsaylı sənədlər yaymışdır. Azərbaycan nümayəndə heyətinə rəhbərliyi dövründə AŞPA-nın vitse-prezidenti kimi mühüm posta seçilən cənab İlham Əliyevin ardıcıl səyləri nəticəsində Avropa Şurası Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini tanımış, Ermənistanı işğalçı dövlət kimi qəbul etmişdir. İstər ARDNŞ-in birinci vitse-prezidenti, istər Milli Olimpiya Komitəsinin prezidenti, istərsə də Milli Məclisin deputatı və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri kimi cənab İlham Əliyevin müstəqil dövlətimizə qazandırdığı uğurlar onun Azərbaycan və dünya siyasətində özünütəsdiqi  idi.  Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin ən layiqli davamçısı olduğunu əməli addımları ilə sübuta yetirən İlham Əliyev  90-cı illərin sonlarına doğru artıq geopolitik məkanda siyasi-iqtisadi proseslərin istiqamətini müəyyənləşdirən, ona təsir göstərən ciddi fenomen kimi çıxış edir, bütün bunlarla yanaşı Heydər Əliyev siyasi kursunun layiqli davamçısı statusu onun siyasi portretini zənginləşdirən ştrix kimi nəzərə çarpırdı. Ulu Öndərimizin müəyyənləşdirmiş olduğu yeni neft strategiyası çərçivəsində dünyanın transmilli korporasiyaları ilə imzalanmış müqavilələrin Azərbaycanın milli maraqlarına cavab verməsi üçün o bütün səylərini ortaya qoyaraq bu prosesə öz töhfəsini vermiş, eyni zamanda Milli Olimpiya Komitəsinin prezidenti kimi onun ölkəmizdə idmanın kütləviliyini təmin etmək məqsədilə həyata keçirdiyi müvafiq tədbirlər qısa zaman ərzində öz bəhrəsini vermişdir. Azərbaycan idmançılarının mötəbər yarışlarda qazandıqları qələbələr mütəmadi xarakter almış, olimpiya hərəkatında ölkəmizin fəallığı artmış, Azərbaycanın idman ölkəsinə çevrilməsi, respublikamızın bütün regionlarında olimpiya idman komplekslərinin tikilərək vətəndaşların ixtiyarına verilməsi prosesi geniş vüsət almışdır. Azərbaycan vətəndaşları İlham Əliyevin deputatlıq fəaliyyəti dövrünü də xoş duyğularla xatırlayırlar. Hələ birinci çağırış Milli Məclisin səlahiyyət müddəti dövründə onun parlamentdə təmsil etdiyi Qaradağ rayonu ərazisində tikdirmiş olduğu yaşayış binaları, çoxsaylı infrastruktur obyektləri cənab İlham Əliyevin hələ o illərdə ona etimad göstərmiş insanlara ərməğanıdır. Məhz bu dövrdə Qaradağ rayonu inkişaf yoluna qədəm qoymuş, rayonun sosial-iqtisadi infrastrukturunda dönüş, tərəqqi dövrü başlanmışdır. Cənab İlham Əliyevin Qaradağ rayonunun sosial-iqtisadi inkişafına kömək məqsədilə yaratdığı "Qaradağ rayonunun sosial-iqtisadi inkişafına yardım fondu"nun  köməyi ilə rayonda bir sıra sosial problemlər öz həllini tapmış, sosial və mədəni-məişət obyektləri tikilərək istifadəyə verilmişdir.

2000-ci ildə ikinci çağırış Milli Məclisə seçkilər dövründə Yeni Azərbaycan Partiyasının proporsional siyahısına rəhbərlik edən cənab İlham Əliyevin qazandığı yüksək nailiyyət onun vətəndaşlar arasında ölkəmizin sabahını təmin edəcək alternativsiz lider kimi qəbul olunması həqiqətinin təsdiqinə çevrildi. 2003-cü ilin 4 avqustunda cənab İlham Əliyevin Azərbaycan Respublikası Milli Məclisinin yekdil razılığı ilə ölkənin Baş naziri vəzifəsinə seçilməsi də əslində xalqın ona verdiyi dəstəyin ifadəsi idi ki, 2003-cü ilin 15 oktyabr prezident seçkisi günü bu dəstək ölkənin siyasi həyatında daha aydın şəkildə öz əksini tapmışdır.

"O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm"-bu iqtibas Ulu Öndərimiz Heydər Əliyevin 2003-cü ilin  prezident seçkiləri ərəfəsində öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürməsi ilə bağlı Azərbaycan xalqına müraciətindən seçilmişdir. Əgər cənab İlham Əliyevin xalqımızın siyasi iradəsi əsasında Azərbaycan Respublikasının Prezidenti seçildiyi 2003-cü ilin 15 oktyabr günündən keçən müddət ərzində Azərbaycan həyatında baş verən ictimai-siyasi proseslərə, qazanılan uğurlara diqqət yönəltsək, Ümummilli Liderin böyük uzaqgörənliklə söylədiyi bu fikirlərin həyatda nə dərəcədə özünü doğrultduğuna şahid ola bilərik. Bu gün Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət hesabına ölkəmizin əldə etmiş olduğu uğurlar, əslində, Ulu Öndərimizin bir vaxtlar ideallarında yaşatdığı və onların həyata keçirilməsi üçün zəruri əsaslar hazırladığı ülvi arzulardır.

Təməli Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət quruculuğu prosesinin bu gün Prezident  İlham Əliyev tərəfindən daha böyük dinamizm, yüksək əzmkarlıqla davam etdirilməsi vətəndaşlarımızın sabaha inamını artırır. Fərəh doğuran haldır ki, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da öz əməlləri ilə bu prosesin ən fəal iştirakçılarından biridir. Azərbaycan mədəniyyətinin inkişafı, milli irsimizin bütün dünyada təbliği, bir sıra sosial problemlərin həlli yönündə həyata keçirdiyi layihələrlə o, xalqın qürur mənbəyinə, ümid yerinə çevrilmişdir. 

Bəli, bu gün əldə etdiyimiz naliyyətlərə, uğurlara rəğmən deyə bilərik ki, Tanrı XX əsrdə aramızdan Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil dövlətçiliyimizin qurucusu Heydər Əliyevi seçdi, onun əlləri ilə Azərbaycan xalqının tarixində şanlı salnamələr açdı. Bu gün Heydər Əliyev dühası həyatının mənasını xalqa və dövlətə təmənnasız xidmətdə görən, bu müqəddəs amal uğrunda ən çətin maneələrə mərdliklə sinə gərən Millət Atası kimi hər bir azərbaycanlının qəlbində yaşayır və dərin rəğbətlə yad edilir.

 

 

Bəhruz Quliyev

“Səs" qəzetinin Baş redaktoru

 

Səs.- 2010.- 11 dekabr.- S. 12-13.