Qazanılmış uğurlar Azərbaycan
Prezidentinin İKT - nin inkişafına göstərdiyi
yüksək diqqətin təzahürüdür
Azərbaycan Respublikası Rabitə
və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun
yap.org.az-a müsahibəsi
- Cənab nazir, artıq 2010-cu ili
başa vurmaq üzrəyik. Bu il də ölkəmiz
üçün uğurlu illərdən biri olub.
İnformasiya- kommunikasiya texnologiyaları (İKT) sektorunda da
uğurlu nəticələr əldə olunub. Həyata
keçirilən işlərlə bağlı nə deyə
bilərsiniz?
- İlk öncə qeyd edim ki, digər sahələrdə olduğu kimi, rabitə və informasiya texnologiyaları sektorunun sürətli inkişafı və müasir dövrün tələblərinə uyğun qurulması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Xüsusi qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyevin 2003-cü il 17 fevral tarixdə imzaladığı "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" 10 il müddətində müasir informasiya texnologiyalarının Azərbaycanda tətbiqi sahəsində prioritet vəzifələri müəyyənləşdirmişdir. Bu strategiyadan irəli gələn vəzifələr hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla yerinə yetirilir.
Azərbaycanın sürətli iqtisadi inkişafı, konkret olaraq, 2003-2009-cu illəri əhatə edir. Təbii ki, bu mərhələnin inkişaf göstəricilərində informasiya- kommunikasiya texnologiyaları sektorunun da özünəməxsus payı var. Təsadüfi deyil ki, möhtərəm Prezidentimiz İlham Əliyev səlahiyyətlərinin icrasına başladıqdan sonra - 2003-cü ilin dekabrında ilk xarici səfəri çərçivəsində Cenevrədə keçirilən informasiya cəmiyyəti üzrə ümumdünya sammitində iştirak etmiş, informasiya-kommunikasiya sektorunun əsas inkişaf tezisini ortaya qoymuşdur. Möhtərəm Prezidentimizin səsləndirdiyi "qara qızılı insan qızılın"a çevirək tezisi inkişafın prioritet istiqamətlərini müəyyənləşdirmişdir.
2003-2009-cu illər ərzində möhtərəm Prezidentimiz cənab İlham Əliyev İKT-nin inkişafını nəzərdə tutan iki mühüm Dövlət Proqramı imzalamışdır. Ümumi bazanın yenidən qurulub təkmilləşməsi məqsəd kimi qarşıya qoyulmuş, islahatlar, özəlləşdirmə, liberallaşdırma, mütəşəkkil qaydada tənzimləmə siyasəti həyata keçirilmişdir. Qazanılmış uğurlar Azərbaycan Prezidentinin İKT - nin inkişafına göstərdiyi yüksək diqqətin təzahürüdür. Bu tədbirlərin nəticəsi olaraq son illər Azərbaycanda İKT sektoru üzrə yüksək göstəricilər əldə olunmuşdur. Belə ki, bu sektor 6 ildə 5 dəfə böyümüş, 2009-cu ili çıxmaq şərti ilə illik artım tempi orta hesabla 30-32 faiz olmuşdur. Onu qeyd edim ki, bu, müvafiq ümumdünya orta göstəricisindən 3 dəfə böyükdür.
Artıq Azərbaycan əhalisinin
təxminən 50 faizi internet istifadəçisidir.
Genişzolaqlı internetə çıxış 12 faiz təşkil
edir və bu da ümumdünya orta göstəricisini təxminən
2 dəfə qabaqlayır. Haşiyə çıxaraq qeyd
edim ki, bu hesablamalar Beynəlxalq Telekommunikasiya
İttifaqının metodikası əsasında
aparılır. Bu uğurlu statistik göstəricilərin
siyahısını davam etdirsək, deyə bilərik ki,
ölkənin rabitə sisteminin müasir dünya
standartları səviyyəsinə
çatdırılması, müasir texnologiyaların tətbiqi
mühüm məsələ kimi rabitə birlik və müəssisələri
qarşısında qoyulmuşdur. Aparılan məqsədyönlü
işlərin nəticəsi kimi 2008-ci ilin sonunda MDB məkanında
ilk dəfə olaraq ölkəmizdə bütün
yaşayış məntəqələrinin
telefonlaşdırılması tam başa
çatdırılmışdır.
- Cənab nazir, əhalinin xüsusi maraqla gözlədiyi
layihələrdən biri də rəqəmli televiziya
yayımı ilə bağlıdır. Bu istiqamətdə həyata
keçirilən işlər hansı mərhələdədir?
- İlk olaraq, qeyd edim ki,
respublikada rəqəmli TV yayımına keçidlə əlaqədar
nazirlik tərəfindən Zaqafqaziyada ilk dəfə olaraq
2004-cü ildə Bakı şəhərində rəqəmli
TV yayımı tətbiq edilmişdir. Hazırda Bakı və
Gəncə şəhərlərində MPEG-4 standartında
rəqəmli TV yayımı həyata keçirilir ki, bu da əhalinin
təxminən 35-40%-nin rəqəmli TV yayımı ilə təmin
edilməsi deməkdir. Bu istiqamətdə mərhələlərlə
aparılan işlərin davamı olaraq cari ilin sonuna kimi Lerik
və Naxçıvan şəhərlərində də rəqəmsal
TV yayıma keçidin həyata keçirilməsi nəzərdə
tutulur ki, bununla da, ölkə əhalisinin təxminən 60%-i
rəqəmli yayımla təmin olunacaqdır. Əhali tərəfindən
rəqəmli TV proqramlarının qəbulu üçün
2010-cu ildən Mingəçevir şəhərində yerləşən
"Kür" MMC tərəfindən rəqəmli TV qəbul
avadanlıqlarının (set-top box-ların) istehsalına
başlanılmışdır.
- Bu il həm də Beynəlxalq İnkişaf
Assosiasiyası ilə birgə həyata keçirilən Maliyyə
Xidmətlərinin İnkişafı Layihəsinin başa
çatması baxımından uğurlu oldu. Nəticələr
qənaətbəxişdirmi?
- Məlum olduğu kimi, Azərbaycan
Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası
arasında "İnkişaf krediti haqqında" Saziş
(Maliyyə Xidmətlərinin İnkişafı Layihəsi
(MXİL) 24 may 2005-ci il tarixində imzalanmışdır.
Ölkə Prezidentinin 25 avqust 2005-ci il tarixli 973 nömrəli
sərəncamı ilə təsdiq edilmiş layihə, ilk
növbədə, "Azərpoçt" MMC-nin mövcud
platformasından istifadə etməklə maliyyə xidmətlərinin
inkişafına şərait yaratmağı, kənd yerlərində
və kiçik şəhər mərkəzlərində əhalinin
bank-maliyyə xidmətlərinə sərbəst
çıxışını təmin etməyi və 1200
poçt şöbəsi vasitəsilə müştərilərə
geniş həcmli xidmətlər təklif etməyi nəzərdə
tutur. Layihənin həyata keçirilməsinə 2005-ci ilin
14 oktyabr tarixindən başlanılmışdır.
Layihə çərçivəsində
Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB)
texniki yardımı ilə "Azərpoçt" MMC
üçün yeni hesablar planı hazırlanmış və
Maliyyə Nazirliyi tərəfindən təsdiq edilərək
tətbiqinə başlanmışdır. Layihənin ən
vacib komponentlərindən biri olaraq "Azərpoçt"
MMC-nin Avtomatlaşdırılmış Korporativ İnformasiya
Sisteminin (AKİS) satınalınması və sistemin
quraşdırılması 14.10.2009-cu il tarixində uğurla
sona çatdırılmış, ilk növbədə,
"Azərpoçt" MMC-nin baş idarəsi tam
avtomatlaşdırılmış, daha sonra Bakı şəhərində
və digər bölgələrdə yerləşən PF və
PŞ-lərin avtomatlaşdırılması həyata
keçirilmişdir. 16 aprel 2010-cu il tarixində AMB tərəfindən
"Azərpoçt" MMC-yə maliyyə xidmətlərinin
göstərilməsi üçün lisenziya verilmiş və
həmin vaxtdan indiyədək 41 PF və 480 PŞ
üçün maliyyə xidmətlərinin göstərilməsi
məqsədilə AMB-dən icazə
alınmışdır.
Görülmüş
işlər nəticəsində "Azərpoçt" MMC
tərəfindən ölkənin bütün ərazisini əhatə
edən şəbəkəsi vasitəsilə əhaliyə
keyfiyyətli poçt-maliyyə xidmətlərini göstərmək
üçün şərait yaradılmışdır.
- RİTN tərəfindən
reallaşdırılması nəzərdə tutulan qlobal
layihələrdən biri də ölkəmizdə kosmik sənayenin
yaradılmasıdır. Bu il ölkə
başçısı tərəfindən bu istiqamətdə
müvafiq qərarlar da qəbul olundu. Qərarların icra vəziyyəti
ilə bağlı nə deyə bilərsiniz?
- Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsinə
və informasiya təhlükəsizliyinin təmin olunmasına
xüsusi önəm verərək imzaladığı "Azərbaycan
Respublikasında kosmik sənayenin yaradılması və
telekommunikasiya peyklərinin orbitə
çıxarılması haqqında" Sərəncam və
təsdiq etdiyi "Azərbaycan Respublikasında kosmik sənayenin
yaradılması və inkişafı üzrə Dövlət
Proqramı" Azərbaycanın dünya peyk ailəsinin
üzvünə çevrilməsi və ölkədə peyk
texnologiyalarının istehsalı və tətbiq
üçün geniş imkanlar açmışdır.
Nəzərə alsaq ki,
peykin orbitə çıxarılması üçün zəruri
olan şərtlərdən biri orbital mövqenin əldə
olunmasıdır və Sovetlər İttifaqı
dağılarkən, yurisdiksiyasında olan orbital mövqelərin
onun hüquqi varisi olan Rusiyaya keçməsi səbəbindən
digər MDB ölkələri kimi Azərbaycan da
özünün orbital mövqeyinə malik deyildir. Buna görə
də, Azərbaycan orbital mövqenin əldə edilməsi məqsədilə
Beynəlxalq Telekommunikasiya İttifaqı ilə
danışıqlar aparmaqla paralel olaraq, peykin orbitə
çıxarılması üzrə region ölkələrinin
etdiyi cəhdlərin üstələnməsi
üçün peykin yerləşəcəyi orbital
mövqenin əldə olunması üzrə səylərini
artırmışdır. Mövcud bazar şəraitində
Malayziya hökumətinə məxsus və "Measat"
şirkəti tərəfindən birgə istifadə
üçün təklif olunan 460Ş orbital mövqedən
istifadənin kommersiya baxımından daha cəlbedici
olduğu məqbul hesab edilmiş və cari ilin may ayında
birgə istifadə barədə müqavilə
bağlanmışdır. Qeyd edim ki, BTİ ilə aparılan
danışıqların nəticəsi olaraq, Azərbaycana məxsus
orbital mövqelər müəyyən edilmiş və təsdiqlənmişdir.
Demək olar ki, növbəti peyklərimiz Azərbaycanın
özünə məxsus orbital mövqelərdə fəaliyyət
göstərəcəkdir.
Artıq peykin orbitə
çıxarılması tədbirləri çərçivəsində
peykin istehsalı və orbitə çıxarılması
üzrə müvafiq olaraq "Orbital" və
"Arianespace" şirkətləri ilə müqavilə
imzalanmış və ölkəmizin ilk telekommunikasiya peykinin
2012-ci ilin sonuncu rübündə orbitə
çıxarılması nəzərdə tutulur.
Azərbaycan peykinin
tutumlarının kommersiya məqsədilə digər ölkələrə
satışı ilə yanaşı, ölkənin
bütün ərazisində keyfiyyətli yayımın təmin
edilməsi, simli rabitənin mümkün olmadığı
yerlərdə peyk vasitəsilə internet, VPN və s. kimi
sürətli IP xidmətlərindən istifadə edilməsi
mümkün olacaqdır ki, telekommunikasiya peykinin orbitə
çıxarılması ilə Azərbaycan MDB məkanında
süni peykə malik Rusiyadan sonra ikinci ölkə olacaq və
regionda bu sahədə öz liderliyini daha da gücləndirəcəkdir.
- "Elektron Azərbaycan " Dövlət Proqramının
icrası istiqmətində işlər nə yerdədir?
- İnkişafın daha bir
təzahürü ölkəmizdə yeni cəmiyyətin -
informasiya cəmiyyətinin formalaşdırılması
prosesidir.
Azərbaycan Respublikasında
informasiya cəmiyyətinin formalaşdırılması
üzrə fəaliyyətin əsası Ümummilli Lider Heydər
Əliyevin 2003-cü il fevral ayının 17-də
imzaladığı "Azərbaycan Respublikasının
inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları
üzrə Milli Strategiya (2003-2012-ci illər)"nın ilkin mərhələsindən
irəli gələn vəzifələrin
reallaşdırılması məqsədilə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
təsdiq edilmiş "Elektron Azərbaycan" Dövlət
Proqramı çərçivəsində 2005-2008-ci illərdə
İKT-nin inkişaf etdirilməsi ilə informasiya cəmiyyətinə
keçidin təmin olunması istiqamətində mühüm
tədbirlər nəzərdə tutulmuşdur. Həmin tədbirlər
vaxtında müvəffəqiyyətlə icra edilmiş və
növbəti işlər üçün zəmin
yaratmışdır.
Görülən işlərin
davam etdirilməsi və genişləndirilməsi məqsədilə
cari ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
informasiya cəmiyyətinə keçidin 2010-2012-ci illəri əhatə
edən növbəti mərhələsinin tədbirlərini
özündə cəmləşdirən yeni "Elektron Azərbaycan"
Dövlət Proqramı təsdiq etmişdir. Hazırda
dövlət orqanları bu Dövlət Proqramının icra
edilməsi üzrə fəaliyyət göstərirlər.
Bu istiqamətdə
görülən işlərin əsas tərkib hissələrindən
biri "Elektron hökumət"in
formalaşdırılması ilə bağlıdır. Son illərdə
müxtəlif dövlət qurumları "elektron hökumət"
layihələri həyata keçirirlər və müəyyən
nailiyyətlər əldə olunmuşdur. Hazırkı mərhələdə
isə başlıca vəzifə bu layihələrin
inteqrasiyasını, sistemli fəaliyyətini təmin etmək
üçün lazımi işlərin görülməsidir.
Nazirlər Kabinetinin 2010-cu il 14 may tarixli Sərəncamı ilə
təsdiq edilən Azərbaycan Respublikasında 2010-2011-ci illərdə
"Elektron hökumət"in formalaşdırılması
üzrə Fəaliyyət Proqramı"nda nəzərdə
tutulmuş tədbirlər məhz bu istiqamətdə
görülməli işlərin əsasını qoyur.
Aydındır ki, "Elektron hökumət"
formalaşdırılması təkamül prosesi olduğu
üçün növbəti dövrlərdə də bu
işlərin davam etdirilməsi, genişləndirilməsi, təkmilləşdirilməsi
nəzərdə tutulur.
"Elektron hökumət"in
formalaşdırılması dövlət orqanlarının fəaliyyətinin
səmərəliliyinin yüksəldilməsi ilə
yanaşı, vətəndaşlarla əlaqələrin
inkişaf etdirilməsi, daha münasib və sadə formalarda həyata
keçirilməsinə, onların dövlət orqanları ilə
ünsiyyətinin asanlaşdırılmasına, etimadın
yüksəlməsinə şərait yaradacaqdır. Dövlət
orqanlarının indi həyata keçirdiyi fəaliyyətin
elektron xidmətlər şəklində
reallaşdırılması məhz buna xidmət edəcəkdir.
Hazırda dövlət idarəçiliyində İKT-nin
geniş tətbiqi, e-imza və e-sənədin istifadəsini təmin
edən infrastrukturun yaradılması üzrə işlər
görülür, bir sıra dövlət xidmətləri
elektron üsullarla həyata keçirilir. Vergi bəyannamələri
və hesab-fakturaların elektron şəkildə təqdim
olunması, tələbə qəbulu üzrə ərizələrin
internet vasitəsilə doldurulması, milli ödəniş
sisteminin, vətəndaşlar üçün e-sağlamlıq
kartlarının, gömrük prosedurlarında elektron xidmətlərin
tətbiqi və s. bunlara əyani misaldır. Dövlət
orqanları arasında etibarlı və təhlükəsiz
informasiya mübadiləsini təmin etmək üçün
vahid multiservis şəbəkə qurulmuş, vergilər, səhiyyə,
ədliyyə, gömrük, təhsil, sosial müdafiə sahələrində
vətəndaşların hökumət orqanları ilə əlaqələrinin
sadələşdirilməsinə xidmət edən informasiya
sistemləri qurulmuş, bir çox digər orqanlarda isə
qurulmaqdadır.
Ölkədə "e-hökumət"in fəaliyyəti üçün vacib sayılan dövlət reyestrləri yaradılmaqdadır. Əhalinin reyestri, daşınmaz və daşınan əmlakın reyestrləri, normativ aktların reyestri, ünvan reyestri, inzibati-ərazi bölgü reyestri, hüquqi şəxslərin reyestri və s. mühüm reyestrlərin formalaşdırılması dövlət orqanlarında göstərilən e-xidmətlərin sayını daha da artıracaqdır.
"E-hökumət"
mühitində mühüm əhəmiyyət kəsb edən
informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə
əməli tədbirlər görülür, standartlar
işlənilir, milli informasiya sistemlərində tətbiq
olunacaq təsnifatlar hazırlanır. "E-hökumət"in
formalaşdırılması üzrə işlərə təkan
vermək məqsədilə "Elektron hökumət"
haqqında qanun layihəsi işlənilməkdədir. Bu qanun
layihəsində dövlət orqanı-vətəndaş-biznes
əlaqələrində informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi və istifadəsi zamanı
yaranan münasibətlərin hüquqi-təşkilati
baxımdan tənzimlənməsi, tərəflərin
hüquq və vəzifələrinin dəqiqləşdirilməsi
və sair məsələlər nəzərdə
tutulacaqdır. Güman edirik ki, kompleks şəkildə
aparılan bu fəaliyyət müsbət nəticələr
verəcək və ölkədə informasiya cəmiyyəti
quruculuğu prosesi uğurla həyata keçiriləcəkdir.
Səs.- 2010.- 30 dekabr.- S. 11.