Azərbaycanda ekoloji tarazlığın qorunması və ətraf mühitə qayğı prioritet məsələlərdir

 

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini, YAP Siyasi Şurasının üzvü Firdovsi Əliyevin yap.org.az-a müsahibəsi

 

- Firdovsi müəllim, 2010-cu il başa çatmaqdadır. Bu il bir sıra göstəricilərinə görə, ölkəmiz üçün yaddaqalan sayılır. 2010-cu ilin "Ekologiya ili" elan olunduğunu nəzərə alsaq, ölkəmizdə ekoloji tarazlığın qorunması, o cümlədən, ətraf mühitə qayğını necə dəyərləndirmək mümkündür?

- Qeyd etdiyiniz kimi, 2010-cu il Azərbaycan üçün bir sıra vacib uğurlarla yadda qaldı. Ümumiyyətlə, son illərdə istər iqtisadi, istərsə də siyasi cəhətdən yerləşdiyi regionun lider dövlətinə çevrilən Azərbaycanda paralel inkişaf tendensiyası ənənəyə çevrilib. Əlbəttə ki, bu inkişafın fonunda ekologiya sahəsi də böyük dövlət qayğısı və diqqəti əhatə edilib. Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin bilavasitə Sədrliyi ilə ekoloji problemlərin müzakirəsinə həsr olunmuş müşavirələrin keçirilməsi, ətraf mühitlə bağlı qəbul olunmuş dövlət proqramlarının icrasına göstərilən diqqət, mövcud ekoloji problemlərin daha səmərəli həll edilməsi məqsədilə müvafiq sərəncamların imzalanması, eləcə də, ölkəmizdə 2010-cu ilin ölkə rəhbəri tərəfindən "Ekologiya ili" elan edilməsi yuxarıda vurğuladığımızı əyani şəkildə təsdiq edir. Məhz Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə ekoloji tarazlığın qorunması məsələsi ölkəmizdə prioritet məsələlər sırasına qaldırılıb.

- Azərbaycanın böyük iqtisadi inkişaf əldə etdiyini söylədiyiniz və qeyd edək ki, illərdir dünya qlobal maliyyə böhranından əziyyət çəkir. Bu baxımdan, ölkəmizdə ekoloji tarazlığın qorunması üçün irəli sürülən layihələrin icrası hansı səviyyədədir?

- Son illər iqtisadiyyatımızın sürətli inkişafının nəticəsi olaraq artan gəlirlərin qeyri-neft sektoruna, ətraf mühitlə bağlı problemlərin həllinə yönəldilməsi ekoloji layihələrin həyata keçirilməsi imkanlarını xeyli genişləndirib. Həqiqətən də, bir çox ölkələrin maliyyə böhranına məruz qaldıqları bir dövrdə, ölkəmizdə infrastruktur layihələrinin icrasının davam etdirilməsi, ekoloji problemlərin həlli istiqamətində görülən tədbirlərin ön planda durması olduqca sevindirici haldır. Bu da faktdır ki, inkişaf özü zaman keçdikcə, yeni tələblərin ortaya çıxmasına yol açır. Onların həlli üçün isə yeni metodlardan istifadə olunmasına ehtiyac yaranır. Bu baxımdan, məhz carı ildən etibarən ölkəmizdə ilk dəfə olaraq irriqasiya məqsədilə dəniz suyunun duzsuzlaşdırılması, tullantı sularının təmizlənərək yaşıllıqların suvarılmasında təkrar istifadəsi istiqamətində pilot layihələrin icrasına start verilib. Bu ilin iyul ayının 1-dən başlayaraq avtomobillərdən atılan zərərli qazların miqdarının azaldılması məqsədilə, ölkəyə idxal olunan avtomobillərə "AVRO-2" ekoloji standartlarının tətbiq olunmasına başlanılıb. Eyni zamanda, ətraf mühitin sağlamlaşdırılması istiqamətində indiyə qədər görülmüş işlərin növbəti illərdə də davam etdirilməsi üçün "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2010-2014-cü illər üçün əlavə tədbirlər planı" hazırlanıb. 2010-cu il - "Ekologiya ili"ndə Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) tərəfindən İtaliyanın Genuya, İsveçrənin Cenevrə şəhərləri ilə yanaşı, respublikamızın paytaxtı Bakı şəhəri də Dünya Ətraf Mühit Gününün 2010-cu ildə Avropa regionunda qeyd edilməsi üçün üç əsas şəhərdən biri elan edilib. "Dünya Ətraf Mühit Günü-2010"a Avropa regionu üzrə öndərlik edəcək üç şəhərdən biri kimi Bakının seçilməsi heç də təsadüfi deyil. Bu, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının, sosial-mədəni həyatın bütün sahələrində, o cümlədən, ekoloji tarazlığın qorunması, ətraf mühitin sağlamlaşdırılmasında aparılan ardıcıl və məqsədyönlü fəaliyyətin uğurlu nəticəsidir. Ümumdünya Ətraf Mühit Günü bu il "Çoxlu növlər, bir planet, bir gələcək" devizi altında keçirilən və tədbirlərdə iştirak etmək məqsədilə BMT-nin Ətraf Mühit Proqramının Avropa bürosunun direktoru cənab Kristof Buvye Bakıda olub. O, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, dövlət və qeyri-hökumət təşkilatlarının, diplomatik korpusların, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin, kütləvi informasiya vasitələrinin, ümumilikdə, 2000 nəfərdən çox əməkdaşlarının iştirakı ilə Zığ-Heydər Əliyev adına hava limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində ETSN tərəfindən təşkil edilən kütləvi ağacəkmə kampaniyasında cənab Kristof Buvye də iştirak edib. Ağacəkmə kampaniyasında, əsasən, zeytun, şam, sərv və tuya ağacları əkilib. Sözügedən tədbir zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası tərəfindən təşkil olunmuş "Ekologiya mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılmasına dəstək" birgə layihəsi-jurnalistlər arasında yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Eyni zamanda, respublikanın bütün şəhər və rayonlarında Ətraf Mühit Günü ilə bağlı ağacəkmə aksiyaları keçirilib.

- Bu tədbirlər bölgələri də əhatə edibmi?

- Bəli, bu tədbirlər paytaxtla məhdulaşmır. 2010-cu ilin 5-7 iyul tarixlərində Qəbələdə BMT-nin Ətraf Mühit Proqramının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə biomüxtəliflik mövzusuna həsr olunan Avropa Ətraf Mühit Nazirlərinin yüksək səviyyəli konfransı keçirilib. Konfransda Avropa ölkələrinin ətraf mühit sahəsində çalışan qurumlarının başçıları, iştirakçı ölkələrdən gələn ekspertlər və qeyri-hökumət təşkilatları tərəfindən "Yaşıl iqtisadiyyat, ekosistemlərin iqtisadiyyatı və biomüxtəliflik", "Xüsusi mühafizə olunan təbiət əraziləri və ekoloji şəbəkələr, ətraf icmalarda yoxsulluğun azaldılması", "Biomüxtəliflik Konvensiyasının 2010-cu ildən sonrakı məqsədləri və strateji planı: Avropa regionu üzrə prioritetlər" mövzularında keçirilən dəyirmi masalarda biomüxtəliflik üzrə beynəlxalq ekspertlərin çıxışları dinlənilib, müzakirələrin yekunu olaraq konfransın sonunda Qəbələ Bəyannaməsi qəbul olunub. Ümumiyyətlə, 2010-cu il ərzində ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması istiqamətində ETSN tərəfindən müvafiq işlər həyata keçirilib.

- Ölkədə ekoloji sağlamlaşdırmanın həyata keçirilməsi üçün hansı prinsipləri hədəf seçmisiniz?

- Azərbaycan Respublikasında ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində əsas hədəflər su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, biomüxtəlifliyin qorunması, yaşıllıqların artırılması, atmosfer havasının mühafizəsi, torpaqların deqradasiyasının qarşısının alınması, o cümlədən, neft və digər tullantılarla çirklənmiş torpaqların təmizlənməsi, bərk sənaye və məişət tullantılarının, o cümlədən, təhlükəli tullantıların idarə olunmasının təkmilləşdirilməsindən ibarətdir. Bu sahələrdə ekoloji problemlərin həlli istiqamətində müəyyən işlər görülüb və bu işlər öz nəticələrini artıq göstərir. Belə ki, ötən müddət ərzində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq olunan "Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair", "Azərbaycan Respublikasında Hidrometeorologiyanın İnkişafı Proqramı" və digər proqramlarda nəzərdə tutulmuş tədbirlər ardıcıllıqla həyata keçirilib. Dövlət başçısının Sərəncamı ilə ətraf mühitlə bağlı problemlərin həllinə yönəldilən mühüm və çox qiymətli sənəd olan "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"nın icrasını təmin etmək məqsədilə ölkənin gərgin ekoloji vəziyyətdə olan bölgələrinin, əsasən də, Bakı şəhəri və Abşeron yarımadasının ətraf mühitinin sağlamlaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Kompleks Tədbirlər Planından irəli gələn ətraf mühitin qorunmasına yönəldilmiş Bakı Buxtasının, Bibiheybət zonasının, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ətrafının, Abşeron yarımadasındakı göllərin, neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, bərk məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi və s. tədbirlər uğurla həyata keçirilir.

- Bu işlər görülən zaman hansı texnologiyalardan istifadə olunur? Ümumiyytlə, ekoloji sağlamlığın qorunmasında yeni texnologiyaların rolunu necə dəyərləndirirsiniz?

- Bu gün Azərbaycanda bütün sahələrdə yeni texnologiyalardan istifadə olunur. Ölkədə qabaqcıl dünya təcrübəsi və yeni texnologiyaların tətbiqinə əsaslanaraq müasir ekoloji monitorinq sistemi yaradılıb, ətraf mühit komponentlərinin dəqiq analizi və qiymətləndirilməsi məqsədilə respublikanın müxtəlif bölgələrində, o cümlədən, ölkəyə daxil olan transsərhəd çayların üzərində ən müasir cihazlarla təmin olunmuş analitik tədqiqat laboratoriyaları təşkil edilib. Milli Hidrometeorologiya xidmətinin müasir tələblərə uyğun inkişafı üçün hidrometeoroloji müşahidə şəbəkəsi modernləşdirilmiş, proqnoz sistemi müasir telekommunikasiya və informasiya texnologiyaları ilə təmin olunub. Meteoroloji şəraitin və buzlaqların dəqiq müşahidəsi, flora və faunanın dərindən öyrənilməsi məqsədilə Azərbaycan Respublikasının yüksək dağlıq ərazisində "Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi" yaradılıb. Kompleks Elm Mərkəzinin bazasında və Şahdağın zirvəsində avtomat meteoroloji stansiyalar quraşdırılıb, alternativ enerji hesabına onların fasiləsiz fəaliyyəti təmin edilib. Uzun illər Sumqayıt şəhərinin ətraf mühitinin normadan artıq çirklənməsinə səbəb olan xlorun alınmasında əmələ gəlmiş 287 min ton civə tərkibli toksiki tullantılar Təhlükəli Tullantılar Poliqonuna daşınaraq, tam şəkildə zərərsizləşdirilib.

- Ölkəmizdə bioloji müxtəlifliyin qorunması istiqamətində fəaliyyəti necə qiymətləndirirsiniz?

- Bioloji müxtəlifliyin qorunub saxlanılması və inkişaf etdirilməsi ETSN-in fəaliyyətində əsas istiqamətlərdən biri olub. Aparılan tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 2003-cü ildən etibarən 478 min hektardan 890 min hektaradək artırılıb və hazırda 8 Milli Park, 11 Dövlət Təbiət Qoruğu və 24 Dövlət Təbiət Yasaqlığından ibarət şəbəkə ölkə ərazisinin 10,3 %-ni təşkil edir. 2003-2010-cu illərdə meşələrin mühafizəsi, bərpası, yeni meşəliklərin salınması məqsədi ilə bir sıra ciddi tədbirlər görülüb. Belə ki, əgər 2002-ci ildə əkin, səpin və təbii bərpaya kömək tədbirləri cəmi 7750 hektar sahədə aparılmışdısa, 2010-cu ilin ötən müddəti ərzində bu rəqəm artıq 10500 hektar olub. Ümumilikdə isə, 2003-2010-cu illər ərzində 80215 hektar sahədə meşəbərpa və yeni meşələrin salınması işləri görülüb. 2010-cu il ərzində meşə və qeyri-meşə fondu torpaqlarında 3332,49 ha sahədə meşə əkini və səpini işləri aparılıb. Azərbaycan Respublikası Prezidentinin Bakı və onun ətrafında 3 milyon ağacın əkilməsi barədə təşəbbüsü ilə əlaqədar genişmiqyaslı tədbirlər həyata keçirilir.

- Bütün görülən işləri göz önünə gətirərək, ölkəmizdə ekologiyanın qorunmasının bir dövlət prioriteti olduğunu söyləyə bilərikmi?

- Bəli. Bu gün ölkəmizdə ekoloji tarazlığın qorunması üçün çoxşaxəli fəaliyyət aparılır. Çünki yaradılan yaşıllıq zolağının qorunub inkişaf etdirilməsi bu fəaliyyətin davamı sayılmalıdır. 2010-cu ilin ötən müddəti ərzində təkcə "Azəryaşlandşaft" ASC tərəfindən 712,7 ha ərazidə əkilən 633 605 ədəd ağac və kol bitkisinə aqrotexniki qulluq edilib. Damla üsulu ilə suvarma aparılması məqsədilə müvafiq tədbirlər görülüb. Ölkə rəhbərinin "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" Sərəncamından irəli gələn məsələlərin həlli istiqamətində 2007-2010-cu illər ərzində 18 rayonun 156 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılıb, 300 mindən artıq insan Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunub. 2010-cu ilin avqust ayında Böyük Qafqazın Tufandağ ərazisində (4161 m hündürlükdə) sonuncu - 3-cü Avtomat Meteoroloji Stansiya quraşdırılmış, günəş enerjisi ilə təmin olunaraq istifadəyə verilib. Şahdağ zirvəsinə yaxın ərazidə (3600 m hündürlükdə) əlavə müşahidə və texniki xidmət binasının tikintisi başa çatdırılıb və burada yerləşən Avtomat Meteoroloji Stansiya əlavə günəş və külək enerjisi ilə təmin olunub. 2010-cu ildə ekoloji təbliğat sahəsində tədbirlərə də xüsusi diqqət ayrılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Ekologiya ili" çərçivəsində media nümayəndələri üçün hazırladığı "2010 Ekologiya ili-Yaşıl dünya naminə" devizi altında press-turlar təşkil edilib. Bu press-turlar zamanı milli parklarda biomüxtəlifliyin qorunması, mühafizə olunması barədə müzakirələr aparılıb, məruzələr edilib, jurnalistləri maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb. Respublikanın müxtəlif regionlarında ali və orta təhsil müəssisələrində, idarə və təşkilatlarda "Ekologiya ili" çərçivəsində müxtəlif mövzularda ekoloji təbliğat xarakterli seminar məşğələlər, dəyirmi masalar, görüşlər təşkil olunub. İl ərzində nazirliyin fəaliyyətini əks etdirən 310 press-reliz nazirliyin internet səhifəsində yerləşdirilməklə ictimaiyyət və KİV nümayəndələrinin diqqətinə çatdırılmış, mətbuat xidmətinə telefon vasitəsilə daxil olan 1361 sorğu cavablandırılıb. KİV-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətini əks etdirən 1900-dən artıq material dərc olunub, həmçinin, televiziya və radiolarda müxtəlif ekoloji mövzularda çıxışlar təşkil edilib.

Bundan başqa, eco.gov.az saytının istifadəçilərinin məlumatlılığını artırmaq məqsədilə "Məktublar" və "Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi" bölmələri yaradılıb. Ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində müəyyən olunmuş düzgün siyasət indiyə qədər respublikamıza yalnız uğur gətirir. Bu baxımdan qeyd edilməlidir ki, ətraf mühit sahəsində həyata keçirilən tədbirlər də ölkə rəhbərliyi tərəfindən təsdiq olunan və davamlı inkişaf prinsiplərinə əsaslanan dövlət proqramları və tədbirlər planları vasitəsilə həyata keçirilir. Ümumilikdə, ölkəmiz üzrə sosial-iqtisadi siyasətin düzgün və uğurla həyata keçirilməsi nəticəsində, onun tərkib hissəsi olan ekoloji siyasətin reallaşdırılması ilə əlaqədar ekoloji durumun sağlamlaşdırılması və təbii sərvətlərdən səmərəli istifadə edilməsinə bundan sonra da nail olunacaq. "Ekologiya ili" başa çatmaqdadır və inanırıq ki, gələcək illərdə də ölkəmizdə ekoloji tarazlığın qorunması üçün güclü fəaliyyət aparılacaq, cəmiyyət bu məsələdə aktiv rol oynayacaq.

 

 

Səs.- 2010.- 30 dekabr.- S. 13.