2 Fevral Gənclər Günüdür

 

Bu gün ulu öndərimiz Heydər Əliyevin arzuladığı sağlam, vətənpərvər, intellektli gənclik formalaşıb

 

Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. O öz həyatını qurarkən, öncə, müstəqil Azərbaycanın bugünü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Həmçinin, hər bir xalqın tarixində onun borclu olduğu şəxsiyyətlər vardır. Azərbaycan xalqı isə bugünü və sabahı üçün ulu öndərimiz Heydər Əliyevə borcludur.

Ulu öndərin ən böyük xidmətlərindən birio idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Məhz bunun nəticəsidir ki, bu gün ölkə gəncləri ulu öndər Heydər Əliyevə və Onun layiqli davamçısı, Prezident  İlham  Əliyevə böyük etimad göstərir və özünün gələcək inkişaf perspektivini Onun adı ilə bağlayır. “SƏS” qəzetinə açıqlama verən ölkənin fəal gəncləri əldə edilən nailiyyətlərə görə, ulu öndər Heydər Əliyevə hər zaman borclu olacaqlarını bildirdi.

  

AZƏRBAYCANIN GƏNCLİYİ ÖLKƏMİZİN SABAHINI YALNIZ PREZİDENT İLHAM ƏLİYEVLƏ BAĞLAYIR  

 

Bakı şəhəri Gənclər və İdman İdarəsinin gənclərlə şöbəsinin müdiri Nəcəf Novruzov:

 

- Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı siyasətini müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Hələ ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilmişdir. Gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilmiş, Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulmuşdur. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi qısa bir vaxtda dövlət gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirərək uğurla həyata keçirməyə başlamışdır.

O vaxtdan dövlət gənclər siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi sayəsində əməli işlər görülmüşdür. Ümummilli liderin 1995-ci ildə irəli sürdüyü Gənclər Forumu ilə bağlı təşəbbüsündən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. Forumlarda ulu öndər Heydər Əliyevin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulmuşdur. 1996-cı il fevralın 2-də keçirilən I Forumda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hər şeydən çox müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir”. Bu forum Azərbaycanda gənclər hərəkatının vüsət almasına təkan verdi. Yeri gəlmişkən, indiyədək gənclərin 5 forumu keçirilmişdir.

Ulu öndər gənclərlə aparılan işin nəzərəçarpacaq dərəcədə canlandığını nəzərə alaraq, 1997-ci ildə imzaladığı sərəncamla tədbirin keçirildiyi günü - fevralın 2-ni Azərbaycan Gənclər Günü elan etmişdir. II forumda gənclərə müraciət edən ümummilli liderimiz demişdir: “Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!” Ulu öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər isə respublikanın ictimai-siyasi həyatında gənclərin daha da fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. Bütün bunlar Heydər Əliyevin gənclərə böyük qayğısının sübutu idi.

Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün yeni mərhələyə qədəm qoymuşdur. Prezident İlham Əliyev ümummilli liderin gənclər siyasətinə sadiqliyini qəbul etdiyi bütün qərarları ilə sübut etmişdir. Dövlətimizin başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə 2005-2009-cu illəri əhatə edən Dövlət Proqramını təsdiq etmişdir. Dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənclərin mənəvi inkişafı, onların vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan yüksək şərait böyük diqqət və qayğının nəticəsidir. Eyni zamanda, Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ilielan edilməsi ilə bağlı sərəncamı gənclərin ölkə həyatındakı fəallığını daha da artırmışdır. Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülmüş, uşaq və gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətlərinin təşkili üçün sağlam mühit yaradılmış və hüquqi baza təkmilləşdirilmişdir. Bu gün Azərbaycanın gəncliyi ölkəmizin sabahını yalnız Prezident İlham Əliyevlə bağlayır, öz həyat və yaradıcılığını xalqına, Vətəninə və dövlətinə həsr etməyə hazırdır.

    

ARTIQ BU GÜN HEYDƏR ƏLİYEVİN ARZULADIĞI GƏNCLİK YETİŞİB

  

Gənclər Təşkilatları Milli Şurasının katibi Əlizadə Nəcəfov:

  

- Artıq 13 ildir ki, fevralın 2-si ölkədə gənclər günü kimi qeyd olunur. Bu bayram gənclərə ümummilli liderimiz Heydər Əliyevin hədiyyəsi idi. O gəncliyi hər mənada güclü görmək istəyirdi və bunun üçün əlindən gələni edirdi. Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bunun möhkəm olması isə yetişən nəslin sağlam təfəkküründən, düşünmə qabiliyyəti və inadkarlığından asılıdır. Səbəbsiz deyil ki, bütün dövrlərdə millətinin adını tarixə yazan da elə sağlam gənc qüvvələr olub. Bunu bilən ümummilli liderimiz Heydər Əliyev də belə qüvvə yaratmaq arzusunda idi. Elə ona görə də 1994-cü ilin iyulunda Gənclər və İdman Nazirliyi yaratdı və xalqının gənclərini bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətin gənclər formu keçirildi və elə həmin günü Azərbaycanın tarixinə Gənclər Gü kimi yazdı. Sonralar mütəmadi keçirilən forumlarda ümummilli liderimiz cavanların fikrini öyrənir, azad, sağlam düşüncəli kadrlar yetişdirməyə və onlarla hesablaşmağa çalışırdı. Bəli, Heydər Əliyev bu tərbiyə üsulu ilə gəncləri sovet düşüncəsi təsirindən qurtarır, söz sahibi olan azad düşüncəli insalara çevirirdi. O, müstəqilliyini yenicə qazanmış dövlətimizdə gənclər üçün, hələlik, münbit şərait olmadığını da görürdü. Bunu yaratmaq üçün zamana ehtiyac var idi. Həmin vaxta qədər isə gəncləri tüfeyli həyatdan qurtarmaq, onları sağlamlığını təmin etmək lazım idi. Heydər Əliyev bu dəfə də yanılmamışdı. Ulu öndər Milli Olimpiya Komitəsi yaratdı və bir-birinin ardınca bölgələrdə idman kompleksləri tikdirdi. Gənclərə göstərilən diqqət və qayğı bəhrəsini verirdi. Azərbaycan gənclərinin səsi dünya miqyaslı turnirlərdən gəlir, bayrağımız ən möhtəşəm yarışlarda dalğalanırdı. Bu uğurları ulu öndər şəxsən qiymətləndirməsi isə idmançıları sabahkı zəfərə ruhlandırırdı.

Heydər Əliyev müasir düşüncəli, savadlı, dünyagörüşlü gənclik yaratmağa çalışırdı və bütün bunlara nail olmaq üçün onları müxtəlif ölkələrə təhsil almağa göndərirdi. Eyni zamanda gənclərə Vətəninə, adət-ənənələrinə, kökünə sadiq olmağı və dövlətinə xidmət etməyi öyrədirdi. Azərbaycanın inkişafı üçün bu gün önəmli postlarda çalışan gənclər bu siyasətin nəticəsidir. Bəli, artıq bu gün Heydər Əliyevin arzuladığı gənclik yetişib. İndi onların məqsədli şəkildə irəlilədiyi bir yol var.

 

 

Kübra Əliyarlı

 

Səs.- 2010.- 2 fevral.- S. 3.