Ramil Həsənov: “Azərbaycanda
gənclər təşkilatlarının yaranmasına və
fəaliyyətinə yetərincə münbit şərait
yaradılıb”
Yeni Azərbaycan Partiyasının Gənclər
Birliyinin sədri, Türkdilli Ölkələrin Parlament
Assambleyasının baş katibi Ramil Həsənovun SİA-ya
müsahibəsi
- Ramil müəllim, Azərbaycanda
2 Fevral Gənclər Günü kimi qeyd olunur. Bu günün əhəmiyyətini
necə dəyərləndirirsiniz?
- Bu tarix gənclərin
həyatında olduqca önəmlidir. Ümummilli liderimiz Heydər
Əliyev tərəfindən Azərbaycan gənclərinə
bəxş edilən 2 Fevral Gənclər Gününü 14
ildir ki, qeyd edirik. Bu 14 il ərzində Azərbaycan dövləti,
onun həm daxili, həm də xarici siyasəti inkişaf etdikcə,
gənclərə diqqət və qayğı artıb, onlar dəstədən
kənarda qalmayıblar. Arxaya dönüb baxdıqda, görə
bilərik ki, gənclər bu illər ərzində şəxsi
həyatlarında, təhsildə, müxtəlif sferalarda yetərincə
uğurlar və nailiyyətlər əldə ediblər.
Bunların hər biri üçün Azərbaycan dövlətinə
və onun rəhbərliyinə borcluyuq ki, onların
yaratmış olduğu şərait nəticəsində, gənclik
uğurla davam edən siyasətin tərkib hissəsinə
çevrilib.
YAP Gənclər Birliyi 1995-ci ildən fəaliyyət göstərir. 1996-cı ildə gənclər forumu keçiriləndən sonra 2 fevralın gənclər günü kimi qeyd edilməsi ilə bağlı sərəncamın imzalanması məqsədilə ümumilli lider Heydər Əliyevə müraciət edən gənclər təşkilatları arasında YAP Gənclər Birliyi xüsusi yer tuturdu.
Gənclər
günü ilə bağlı YAP Gənclər Birliyinin
müxtəlif yerli, şəhər və rayon təşkilatlarında
bir neçə gündür ki, müxtəlif səpkili
konfranslar, seminarlar, dəyirmi masalar keçirilir. Əlamətdar
gün münasibəti ilə bu dövrlər ərzində fərqlənmiş
gənclərə yerli rayon təşkilatları tərəfindən
mükafatlar, həvəsləndirici diplomlar təqdim olunub.
YAP Gənclər Birliyi fevralın 2-də partiyanın mərkəzi
aparatında gənclər günü ilə bağlı tədbir
keçirəcək. Burada partiyanın İcra katibi, onun
müavinləri, birliyinin idarə heyəti və üzvləri
iştirak edəcək.
- Bu gün gənclərin ölkənin ictimai-siyasi həyatındakı
rolunu necə qiymətləndirirsiniz?
- Azərbaycanda ölkənin
gənclər sferasında yetərincə aktiv gənclər və
gənclər təşkilatları var. Onların
sayı günü-gündən artmaqdadır. Bu da onu göstərir
ki, Azərbaycanda hökuməti, müvafiq donor təşkilatlar
tərəfindən QHT-lərə, Azərbaycanın gənclər
təşkilatlarının yaranmasına və fəaliyyətinə
yetərincə münbit şərait yaradılıb. Belə
bir şərait yaranmasaydı, gənclər aktiv fəaliyyət
göstərə bilməzdilər. Ancaq yadımızdan
çıxarmayaq ki, hər şey dövlətdən və
hökumət strukturlarından asılı deyil. Çox
şey insanların özlərindən, xüsusilə, gənclərdən
asılıdır. Gənclərə yaradılan şəraitlə,
onların özlərinin istək və arzuları mütənasiblik
təşkil etməlidir. Əgər gənc yaradılan şəraitdən
maksimum faydalanmırsa, burada dövlət strukturlarını
deyil, gəncin özünün düşünməsi vacibdir
ki, nə üçün lazımı şəraitdən
yararlana bilmir.
Yəni, bu gün Azərbaycanda yetərincə geniş imkanlar açılıb. Dövlət tərəfindən QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılıb və fəaliyyət göstərir. Bunlardan gənclər maksimum şəkildə faydalana bilərlər, necə ki, bir çoxları faydalanır. Eyni zamanda, gənclər təşkilatlarının həyata keçirdikləri bir çox layihələrə Azərbaycanın müvafiq strukturları onların daxili işinə müdaxilə etmədən hərtərəfli köməkliklər göstərirlər. Azərbaycanın gənclər təşkilatları ölkəmizi beynəlxalq arenada da yüksək səviyyədə təmsil edirlər. Lakin arada müəyyən passiv təbəqə var ki, onlar aktiv təbəqəyə baxıb örnək götürməli və bu istiqamətdə fəaliyyət göstərməlidir.
Bu gün Azərbaycanda
dövlətin yaratmış olduğu şəraitlə
müqayisədə gənclər təşkilatlarının
yetərincə aktivliyi hiss olunmur. Sadəcə, 2 və ya 3 gənclər
təşkilatı var ki, onlar çox aktivdirlər. Digərləri
isə, sadəcə olaraq, bayramdan-bayrama üzə
çıxırlar. Bu da yetərli deyil, çünki
hökumət hərtərəfli şərait yaradıb, yetər
ki, gənclərdə istək, həvəs olsun ki, bu imkandan kifayət
qədər səmərəli istifadə edə bilsinlər.
- Bəzi gənclər təşkilatları niyə
yaradılan şəraitdən layiqincə istifadə etmirlər?
- Bunun səbəbini
insanların özlərində axtarmaq lazımdır.
Çünki hər bir insan ayrıca bir fərddir və hər
fərdin özünün daxili düşüncəsi, ətraf
aləmə baxış tərzi var. Təşkilatlar
yaranırlar, sonra isə fəaliyyət göstərmirlər
və yaxud ildə 2-3 dəfə görünürlər.
Bunun müxtəlif səbəbləri var. Kənardan baxan
şəxs kimi, görürəm ki, təşkilatların
inkişafı üçün ölkənin müvafiq
strukturları yetərincə şərait yaradıb. İndi
gənclər bu şəraitdən öz biliyi,
bacarığı ilə yararlana bilirsə, irəliyə
doğru gedə bilir. Gənclər üçün də ona
görə şərait yaradılır ki, onlar inkişaf
etsin, güclənsin. Gənclik Azərbaycanın gələcəkdəki
inkişaf tempində öz layiqli yerini tapsın. Dövlət
bununla bağlı bütün imkanları verir. Gənclərin
özündən asılıdır ki, savadlarını,
biliklərini artırsınlar, QHT-lərlə müxtəlif
layihələr həyata keçirməklə həm ətraf,
həm də beynəlxalq aləmdə özlərini
tanıda bilsinlər. Bilirsiniz ki, BMT tərəfindən
2011-ci ilə qədər gənclər ili elan olunub. Bunu da
bizim gənclər diqqətdə saxlamalı və bundan
müsbət şəkildə istifadə etməlidirlər.
- Bu gün YAP-da gənclər hansı səviyyədə
təmsil olunur?
- Bu gün
YAP-ın sıralarında 190 mindən çox gənc var. Bu, böyük bir qrup, insan
ordusudur. Onların içərisində də aktivlər,
müəyyən passivlər var. Bu, belə də
olmalıdır. Çünki dünyanın heç bir yerində
böyük təşkilatlarda üzvlərin hamısı
aktiv olmaq imkanına sahib deyil. Bu normal və demokratik dəyərlərə
cavab verən standartdır. Ancaq YAP Gənclər Birliyi, hər
zaman olduğu kimi, həm prezident, həm də parlament, həm
bu il keçirilən bələdiyyə seçkilərində
İcra Katibliyinin qarşıya qoyduğu məqsəd və
vəzifəyə uyğun olaraq partiyanın siyasətinin hərtərəfli
dəstəklənməsində yaxından köməklik
edib. Bu istiqamətdə işimizi davam etdiririk. Partiya rəhbərliyinin
gənclərə göstərmiş olduğu böyük
etimadın nəticəsidir ki, bizim bir çox gənclərimiz
bələdiyyə seçkilərində həm
Bakının mərkəz rayonlarında, həm
respublikanın bir çox rayonlarında namizəd kimi
iştirak edib və seçiliblər. Bu partiya rəhbərliyi
tərəfindən gənclərə göstərilən
diqqət və qayğının bariz nümunəsidir. Bu il
qarşıdan parlament seçkiləri gəlir. Bu seçkilərdə
də, hər zaman olduğu kimi, YAP Gənclər Birliyi partiya
rəhbərliyinin qarşıya qoyduğu məqsəd və
vəzifələrin hər birinin öhdəsindən
müasir standartlar və metodalarla gəlmək
üçün var gücünü əsirgəməyəcək.
Seçkilərdə gənclər bütün qüvvəsi,
biliyi və savadı ilə iştirak edəcək.
- Azərbaycan gəncləri beynəlxalq arenada
iştirak edərək, ölkəmizin dünya səviyyəsində
təmsil olunmasında fəallıq göstərə bilirlərmi?
- Biz fəxr edə bilərik
ki, Azərbaycan gəncliyi beynəlxalq arenada, təşkilatlarda
çox aktiv, bacarıqlı, ləyaqətli şəkildə
ölkəmizi təmsil edir. Qazaxıstan, Qırğızıstan və Türkiyədə
yetərincə gənclər ordusu var. Amma mən fəxrlə
qeyd edə bilərəm ki, aktiv və bacarıqlı gənclərimizin
ölkəmizi beynəlxalq arenada təmsil etməsi yetərincə
yüksəkdir və bu bizim tərəfimizdən də
yüksək qiymətləndirilir.
- Ramil müəllim, beynəlxalq hüquq
normalarına əsasən, Azərbaycan hökuməti ilə
Türkdilli Ölkələrin PA Arasında Assmbleyanın
Baş Katibliyinin Bakıda yerləşməsi haqda müqavilə
imzalanmalı idi. Bu istiqamətdə görülən işlər
nə vəziyyətdədir?
- Hazırda müqavilə
imzalanmaq üzrədir. Türkdilli Ölkələrin Parlament Assambleyası
Katibliyi və Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyi arasında danışıqlar davam edir. Bu, bir texniki
proseduradır. Heç bir problem yoxdur, sadəcə, texniki
proseduraya görə maddələr üzərində hər
iki tərəfin razılaşmaları aparılır. Bu
razılaşmalar yaxın vaxtlarda başa çatdıqdan
sonra rəsmi cavabımızı yazılı şəkildə
XİN-ə göndərəcəyik. Bundan sonra Xarici
İşlər Nazirliyi prosedura uyğun olaraq, Azərbaycan
Parlamentinə ratifikasiya üçün göndərməlidir.
Bundan sonra qanun Azərbaycan Rrespublikasının Qanunverciliyinə
uyğun olaraq qüvvəyə minəcək və
Türkdilli Ölkələrin PA Katibliyi hüquqi fəaliyyətinə
başlayacaq. Biz artıq fəaliyyətimizi yanvarın 15-dən
başlamışıq. Azərbaycan Respublikası Milli Məclisinin
yaratmış olduğu şərait və dəstək sahəsində
hər hansı bir problemimiz yoxdur. Katiblik öz fəaliyyətini
illik proqramına uyğun olaraq qurub və davam etdirir.
- Yaxın vaxtlarda Türkdilli Ölkələrin
Parlament Assambleyası ilə bağlı hansı işlərin
görülməsi və yaxud görüşlərin
keçirilməsi nəzərdə tutulub?
- Türkdilli Ölkələrin
Parlament Assambleyası beynəlxalq təşkilatdır və
Avropa Şurası Parlament Assambleyasının kiçik bir
variantıdır. Hazırda
oktyabr ayında Qazaxıstanın paytaxtı Astanada
keçiriləcək assambleyanın növbəti plenar
sessiyasına hazırlıq prosesi gedir. Assambleyanın daimi-
humanitar, beynəlxalq əlaqələr və qanunvericilik,
hüquq və iqtisadiyyat komitələri fəaliyyət
göstərəcək. Bu komitələrin yaradılması,
komitə sədrlərinin, onların müavinlərinin
seçilməsi tədbirləri, assambleyanın
hazırlıq iclasının həyata keçirilməsi ilə
bağlı bütün prosedur qaydalaları bizim tərəfimizdən
aparılır. Həmçinin, bir neçə irimiqyaslı
layihələr üzərində iş gedir. Bunlardan biri 4
ölkənin parlamentlərinin müvafiq orqanları arasında
təcrübə mübadiləsinin keçirilməsidir. 4
türk dövlətinin parlamentinin yaratmış olduğu
qurum olaraq bunların arasında koordinativ rol həyata
keçirəcək. Həmçinin, dünya türkdilli
ölkələrin parlamentarilərin I qurultayının
Antalyada keçirilməsi nəzərə tutulur. Bununla
bağlı razılıq prosesi gedir və nəticələr
barədə mətbuata məlumatlar verəcəyik.
Ramil Həsənov
Səs.- 2010.- 2 fevral.- S. 6.