“Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal təbəqəyə çevrilib

 

YAP Binəqədi rayon təşkilatında gənclər gününə həsr olunmuş tədbir keçirilib

 

Dünən Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatında 2 Fevral Gənclər Günü ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, gənclər gününün yaranma tarixindən və ölkə gənclərinə göstərilən dövlət qayğısından söhbət edib. O, hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsinin, gələcəyin etibarlı təminatının intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılı olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər.

Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov gənc nəslin fiziki, sosial və mənəvi inkişafını təmin edən fəaliyyət sahələrinin istiqamətləndirilməsi, gənclərin dünya dəyərlərinə yiyələnmələri və digər məsələlərin qarşıda duran əsas vəzifələrdən biri olduğunu söyləyib: “Ümummilli lider Heydər Əliyev 1995-ci ilin martında ölkə gəncləri ilə görüşərək, onların sağlam ruhda tərbiyə almaları və əsil vətəndaş kimi yetişmələri naminə əlindən gələni əsirgəməyəcəyini bildirdi. 2 fevral 1996-cı ildən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə gənclərin forumlarının keçirilməsi, ölkədə gənclər gününün qeyd olunması, gənclərimizin problemlərinin həllinə yönələn fərman və sərəncamların verilməsi, onların dövlət quruculuğu prosesinə cəlb edilməsi, müvafiq qanunların qəbulu deyilənləri reallığa çevirdi”.

N.Xəlilov onu da bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin gələcək inkişafında dərin izlər buraxdı. Belə ki, ulu öndərin 2 fevral 1997-ci il tarixdə imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Ümummilli lider, bundan əlavə, gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazasının formalaşdırılmasını da təmin etdi. Qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına təsir göstərdi.

Binəqədi rayon icra hakimiyyətinin başçısı Alı Qocayev müasir Azərbaycan gəncliyinin öz inkişafının yeni mərhələsinə qədəm qoyduğunu bildirib. Respublikamızda həyata keçirilən dövlət gənclər siyasəti gənclərin hərtərəfli inkişafını, onların cəmiyyət həyatında fəal iştirakını təmin etməkdədir. Bu siyasət çox geniş bir spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib. A.Qocayevin sözlərinə görə, ölkə gəncləri demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, elm və digər sahələrdə parlaq nailiyyətlər qazanır, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak edirlər.

Tədbirdə çıxış edən millət vəkili Rafael Cəbrayılov Prezident İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” imzaladığı sərəncama diqqət yönəldib. Bildirib ki, bu sərəncam gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət edir: “Sərəncamda ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri açıqlanıb. Gənclərin və yeniyetmələrin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin daha da gücləndirilməsi, onların məşğulluğunun təmin edilməsi, sahibkarlıq fəaliyyətlərinə kömək göstərilməsi, sosial problemlərinin həlli, o cümlədən, yaradıcı və istedadlı gənclərə, gənc ailələrə dövlət qayğısının artırılması, mənzil şəraitlərinin yaxşılaşdırılması, gənclərin dövlət quruculuğu işlərinə geniş cəlb olunması və bu kimi məsələlər proqramda əksini tapıb”.

Tədbirdə, həmçinin, Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov, YAP Binəqədi rayon təşkilatı gənclər birliyinin üzvü Elşad Mirbəşiroğlu çıxış ediblər. Onlar da ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin gələcək nəslin intellektual səviyyəsinin artmasına olduqca müsbət təsir göstərdiyini nəzərə çatdırıb.

 

 

KÜBRA ƏLİYARLI

 

Səs.- 2010.- 2 fevral.- S. 9.