"2 Fevral Gənclər Günü" ümummilli liderimiz Heydər Əliyevin gənclərə hədiyyəsidir"

 

Bu mövzuda Səbail rayonunda gənclərlə görüş keçirildi

 

"1997-ci ildən hər il fevral ayının 2-si respublikamızda Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Ümummilli liderimiz Heydər Əliyevin gənclər siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında, ilk dəfə olaraq, Azərbaycanda qeyd olunub.

Dünyada isə yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun   12-si Ümumdünya Gənclər Günü elan edilibdir". Bu fikirlər dünən 2 Fevral Azərbaycan Gənclər Günü münasibətilə Səbail rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə səsləndi. Rayonun istehsalatda,  təhsildə, ictimai,  elmi-pedaqoji fəaliyyətdə, biznesidman sahəsində fərqlənən qabaqcıl gənclərin iştirakı ilə keçirilən görüşdə çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov bildirdi ki, ulu öndərimiz Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi: "Səbəbsiz deyildir ki, bütün dövrlərdə millətin adını tarixə yazan sağlam gənc qüvvələr olub. Bunu gözəl bilən ümummilli liderimiz Heydər Əliyev də belə qüvvə yaratmaq arzusu ilə 1994-cü ilin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyi yaratdı və xalqının gənclərini bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətimizin gənclər forumu keçirildi və həmin günü Azərbaycanın tarixinə gənclər günü kimi yazdı.  1997-ci il fevralın 1-də isə Azərbaycan Respublikası Prezidentinin forum nümayəndələrinin bir qrupu ilə görüşündə I Forumdan keçən bir il ərzində görülmüş işlər təhlil olundu və gəncliklə bağlı əsas problemlərin həlli yolları müəyyən edildi. Ulu öndər Heydər Əliyevin elə həmin gün imzaladığı sərəncamla fevralın 2-si Azərbaycan Gənclər Günü elan edildi".

A.Əsgərov onu da vurğuladı ki, ümummilli liderimiz Heydər Əliyevin gənclər siyasətinin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev 30 avqust 2005-ci il tarixli, 982 saylı  sərəncamı ilə "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)" təsdiq etdi keçən beş il Azərbaycan gəncliyinin həyatında əlamətdar bir dövr yaşandı. 2007-ci ilin "Gənclər ili" elan edilməsi ölkə tarixində əlamətdar bir hadisə oldu. Gənclərimizin ölkənin ictimai-siyasi-iqtisadi və mədəni həyatında fəal iştirak etdiyini bildirən A.Əsgərov onların cəmiyyətin avanqard qüvvəsi olduğunu söylədi və dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində çox böyük işlər görüldüyünü vurğuladı. Bu işlər ölkə başçısı İlham Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. A.Əsgərov rayon gənclərinin uğurlarından söz açdı və onlara işlərində müvəffəqiyyətlər arzuladı.

Görüşdə iştirak edən gənclər çıxış edərək, Azərbaycan gəncliyinin vətənə məhəbbət, elmli, hərtərəfli savadlı və sağlam inkişafı üçün yaradılan şəraitə görə ölkə Prezidenti İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.

Görüşün sonunda  rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda fərqlənən bir qrup gəncə Səbail rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olundu.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 3 fevral.- S.  3.