Sosial islahatlar uğurla davam
etdirlir
İlham Əliyev: "Bizim üçün sosial məsələlər
həmişə prioritet olaraq qalır və qalacaqdır"
2009-cu il
dünyada maliyyə böhranı ili kimi tarixdə qaldı və
demək olar ki, bütün ölkələr böhrandan bu və
ya digər formada əziyyət çəkiblər. Azərbaycan
isə böhran ilində belə dünya iqtisadiyyatına
çox uğurla inteqrasiya edib və bütün beynəlxalq
maliyyə qurumları Azərbaycanda iqtisadi inkişaf sahəsində
görülən işləri yüksək qiymətləndiriblər,
Azərbaycan dünya iqtisadiyyatının bir parçası
kimi, bu böhranlı durumdan minimum itkilərlə
çıxa bilib. Ölkədə sosial islahatlar davam etdirilib
və əhalinin yaşayış səviyyəsi yüksəldilib.
Son illərdə Azərbaycanın gəlirləri artdıqca, ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi prosesi daha geniş vüsət alıb. "Sosial proqramların həlli, həmişə olduğu kimi, böyük əhəmiyyət kəsb edir. Mən qeyd edə bilərəm ki, ötən il bütün sosial proqramlar vaxtında icra edildi, ünvanlı sosial yardım proqramı davam etdi. 2009-cu ildə Azərbaycanda 64 məktəb tikilmişdir. 59 səhiyyə müəssisəsi tikilmiş və təmir edilmişdir. Beş böyük olimpiya kompleksi istifadəyə verilmişdir. Bu, onu göstərir ki, hətta maliyyə imkanlarımız bir az azalanda da, biz sosial infrastrukturun inkişafı üçün lazımi tədbirləri görürük, maliyyə vəsaiti ayırırıq və beləliklə, Azərbaycanda bütün sosial məsələlər öz həllini tapır"- Nazirlər Kabinetinin 2009-cu ilin yekunlarına həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Prezident onu da vurğulayıb ki, böyük infrastruktur layihələrinin icrası davam edir. Bütün istiqamətlərdə həm magistral, həm də şəhərlərarası yollar çəkilir: "2009-cu ildə Azərbaycanda 840 meqavatlıq yeni enerji gücləri yaradılmışdır. "Sumqayıt", "Şahdağ" böyük elektrik stansiyaları tikilib istifadəyə verilmişdir. Biz əvvəlki illərdə tikilmiş stansiyalarda yenidənqurma işləri nəticəsində əlavə güclərin yaradılmasına nail ola bildik. Beləliklə, biz özümüzün enerji tələbatını tam şəkildə təmin edirik. Bu, artıq uzun müddətdir ki, belədir və ixrac üçün də gözəl imkanlar vardır. Biz bu imkanlardan istifadə edirik.
Xarici ölkələrə Azərbaycanın elektrik enerjisinin ixracı artır. Gələcək illərdə görüləcək tədbirlər nəticəsində biz bu işləri daha da böyük həcmdə görəcəyik. Biz 2010-cu ildə isə görülən işlər nəticəsində ən azı 400 meqavat elektrik enerjisinin istifadəyə verilməsini gözləyirik. Beləliklə, Azərbaycan, nəinki neft-qaz ixracı ilə öz imkanlarını genişləndirəcək, eyni zamanda, elektrik enerjisini xaricə böyük həcmdə satmaqla məşğul olacaqdır. İndi bütün infrastruktur yaradılır. Qazlaşdırma prosesi uğurla davam etdi. Biz bu sahədə daha da böyük işlər görə bilərik və görürük"- dövlət başçısı deyib.
Ötən ilin sonunda əhalinin qazdan istifadəyə görə yaranan bütün borcları silindi və beləliklə, əhali xeyli xərcdən azad oldu. Bəzi hallarda insanların maliyyə imkanları o borcu ödəməyə imkan vermirdi. Bu səbəbdən də borcların silinməsi əhali tərəfindən razılıqla qarşılandı.
Qazdan istifadəyə görə olan borclar Azərbaycan büdcəsi üçün elə də kiçik məbləğ deyildi. Təxminən 400 milyon dollar həcmində- 330 milyon manat məbləğində vəsait silindi. Bu da Prezident İlham Əliyevin xalqın qayğılarını azaltmaq üçün əzmlə çalışdığını göstərir.
Sosial məsələlərin həlli həmişə prioritet məsələ olub. Ötən illərdə aparılan məqsədyönlü tədbirlər hesabına respublikamızda beynəlxalq standartlara uyğun sosial müdafiə modelinin təşəkkül tapıb və sosial proqramların davamlı icrası təmin edilib. Dövlət Sosial Müdafiə Fondunun 2009-cu ildə gəlirləri 1 milyard 600 milyon manat olub və 2008-ci ilə nisbətən 205 milyon manat və ya 14,7 faiz artıb. Sosial sığorta haqları üzrə daxilolmalar 8,3 faiz artaraq, 1 milyard 37 milyon manata çatıb ki, bunun da 56 faizi qeyri-büdcə təşkilatlarının payına düşür.
Qlobal maliyyə və iqtisadi böhranla bağlı beynəlxalq səviyyədə həyata keçirilən kompleks tədbirlər bu sahədə problemin yaranmasını əngəlləyib. Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov bu baxımdan Azərbaycanda da əsaslı tədbirlərin reallaşdırıldığını bildirib. Qeyd edib ki, milli iqtisadiyyatımız qlobal iqtisadiyyata kifayət qədər inteqrasiya olunub. Ölkənin ümumi daxili məhsulunun üçdə iki hissəsi ixrac edilir və ölkədə iqtisadi artımın yarıdan çoxu xarici tələb amilləri hesabına formalaşıb.
Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, böhrana baxmayaraq, 2009-cu ildə adambaşına düşən ümumi daxili məhsulun həcmi 7,9 faiz artaraq 3917 manata və yaxud 4874 ABŞ dollarına, ölkədə orta aylıq əmək haqqı 6,8 faiz artaraq 298 manata çatıb. Onu da qeyd etmək yerinə düşər ki, ötən müddət ərzində manatın dəyəri də sabit qalmış inflyasiya 1,5 faiz təşkil edib.
2009-cu ildə sosialyönümlü tədbirlərin və xərclərin büdcə icrasına üstünlük verilmiş, müvafiq dövlət proqramlarının maliyyələşdirilməsi tam təmin edilib. Bu məqsədlər üçün dövlət büdcəsindən 2 milyard 903 milyon manat, o cümlədən, onun cari xərclərindən 2 milyard 763 milyon manat vəsait sərf edilmişdir ki, bu da 2008-ci illə müqayisədə 450 milyon manat və ya 19,5 faiz çoxdur.
2009-cu ildə 2008-ci illə müqayisədə dövlət büdcəsinin cari xərclərində sosialyönümlü tədbirlər üzrə xərclərin tərkib hissəsi olan sosial-müdafiə və sosial-təminat xərcləri 24,6 faiz, təhsil xərcləri 17,2 faiz, səhiyyə xərcləri 16,2 faiz, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi xərcləri 12,9 faiz artıb.
Prezident İlham Əliyev qeyd edir ki, biz daxili bazarımızı daha da ciddi qorumalıyıq. "Bunun müxtəlif yolları vardır. Əlbəttə ki, ən əsası idxalı əvəzləyən məhsulların istehsalını artırmaqdır. Bu məqsədlə həm Dövlət İnvestisiya Şirkətinin, eyni zamanda, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə ayrılan kredit məbləğləri öz rolunu oynayır. Keçən il sahibkarlığa güzəştli şərtlərlə 130 milyon manat vəsait verilmişdir.
Dövlət İnvestisiya Şirkəti isə xarici şirkətlərlə bərabər ölkəmiz üçün bir sıra önəmli layihənin icrasına başlamışdır. Yəni, bütün bu kredit resursları daxili bazarın qorunmasına, ilk növbədə, daxili istehsalı artırmağa, digər tərəfdən, Azərbaycanda istehsal olunan malların istehlakçılara məqbul qiymətlərlə çatdırılmasına da xidmət göstərir.
Əlbəttə ki, bizim mallarla rəqabət aparmaq gücündə olan xarici malların gətirilməsinə yenidən baxmalıyıq. 2009-cu ildə, demək olar ki, bütün ölkələr, hətta ən inkişaf etmiş ölkələr bu meyilləri büruzə vermişlər. Çünki hər bir ölkə çalışmalıdır ki, öz istehsalçılarını və istehlakçılarını müdafiə etsin ki, qiymətlər qalxmasın. Ona görə də daxili bazarın qorunması işində daha da ciddi addımlar atılmalıdır"-dövlət başçısı bildirib.
Ölkə başçısı deyib ki, cari ildə inflyasiyaya nəzarət ediləcəkdir: "Mən əminəm ki, inflyasiya birrəqəmli olacaqdır. Beləliklə, insanların yaşayış səviyyəsi daha da yaxşılaşacaq və belə də olmalıdır.
2010-cu ildə bütün sosial proqramlar icra olunmalıdır, həm məktəb, xəstəxana, idman komplekslərinin, həm də mədəniyyət obyektlərinin tikintisi nəzərdə tutulmalıdır. Bunu etmək üçün tezliklə Dövlət İnvestisiya Proqramı qəbul edilməlidir. Biz burada yubanmaya yol verməməliyik ki, tezliklə maliyyə vəsaiti ayrılsın və biz vaxt itirməyək. Bütün digər sosial proqramlar - əhalini və aztəminatlı təbəqəni müdafiə etmək üçün proqramlar da icra olunmalıdır".
Bir faktı da vurğulayaq ki, Azərbaycanda demoqrafik durum çox yaxşıdır. Bu yaxınlarda ölkəmiz üçün çox vacib və tarixi hadisə baş verib- 9 milyonuncu vətəndaş dünyaya gəlib. Ümumiyyətlə, keçən il Azərbaycanda 152 min uşaq dünyaya gəlib. Öncəki illərlə müqayisədə, bu, böyük artımdır. Statistika göstərir ki, əksər MDB ölkələrində doğumun azalmasına rəğən ildən-ilə Azərbaycanda doğulan uşaqların sayı artır.
Bu, onu göstərir ki, Azərbaycanda əhalinin yaşayış səviyyəsi getdikcə yaxşılaşır, insanlar daha da yaxşı yaşamağa başlayırlar. Beləliklə, demoqrafik artım bunun bilavasitə göstəricisidir. Bir sözlə, Azərbaycanda demoqrafiya məsələləri ilə bağlı heç bir problem yoxdur. Lakin bəzi ölkələrdə bu problemlər böyük dərəcədə ciddiləşir. Problemlər ciddiləşdikcə, gələcəkdə çox böyük problemlərə gətirib çıxarır.
Azərbaycan həyata küçirilən düzgün sosial siyasətlə əhalinin həm yaşam səviyyəsini artırır, həm də sağlamlığını təmin edir. Bu prosesin ən böyük üstünlüyü isə odur ki, gələcək nəsillərin sağlamlığı üçün indidən tədbirlər həyata keçirilir.
Elçin Bayramlı
Səs.- 2010.- 5 fevral.- S. 3.