Azərbaycan elminə, təhsilinə
Heydər Əliyev tərəfindən yetirilən diqqət bu
gün də davam etdirilir
Yusif Məmmədov: "Ölkə Prezidenti cənab
İlham Əliyev tərəfindən göstərilən
etimadı elmi-pedaqoji fəaliyyətimlə doğrultmağa
çalışacağam"
Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü, əməkdar elm
xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Yusif Məmmədov
Azərbaycanda elm və təhsilin inkişafındakı xidmətlərinə
görə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev cənabları
tərəfindən "Şöhrət" ordeni ilə təltif
edildi. Bir alim, müəllim, təşkilatçı kimi fəaliyyətində
fərqlənən Y.Məmmədov ömrünün 60-cı
ilində bu ali mükafata layiq görüldü. Tədqiqatçı
alim kimi fəaliyyət dairəsi
zəngin və çoxşaxəli olsa da onun elmi tədqiqatlarının
ana xəttini differensial tənliklər və riyazi fizikanın
mühüm problemlərinin araşdırılması təşkil
edir. Məlumdur ki, professorun elmi tədqiqatları
riyaziyyatın maraqlı, mürəkkəb və az tədqiq
olunan sahələrini əhatə edir. Həyatının 40
ilini peşəkar elmi fəaliyyətə həsr edən alim
XX əsrin 70-ci illərinin əvvəllərindən yorulmadan
sevib-bağlandığı sahədə elmi
axtarışlarını davam etdirir. Y.Məmmədovun elmi,
pedaqoji, təşkilatçılıq fəaliyyəti, Azərbaycan
elmini beynəlxalq səviyyədə layiqincə təmsil etməsi
dövlət tərəfindən yüksək qiymətləndirilmiş,
hələ 2000-ci ildə ulu öndər Heydər Əliyevin
sərəncamı ilə "Əməkdar elm xadimi " fəxri
adı verilmiş, 2001-ci ildə Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü seçilmişdir.
Y.Məmmədovun Azərbaycan
Dövlət Pedaqoji Universitetinə rektor təyin olunması
onun təşkilatçılıq qabiliyyətini bir daha
aşkar etdi. Belə ki, ali təhsil ocağının
formalaşdırılması istiqamətində
gördüyü işlər qısa zaman ərzində nəticəsini
verdi.
Alimin elmi fəaliyyət
dairəsinin istiqamətləri, potensialının nəticəsində
əldə etdiyi uğurlar, ən əsası isə bu
günlərdə ali mükafata layiq görülməsi ilə
bağlı təəssüratlarını bölüşmək
məqəsdi ilə onunla əlaqə yaratdıq.
- Yusif müəllim, 2010-cu ilin ilk ayı sizin həyatınıza
uğurla daxil oldu. 60 illik yubiley, Azərbaycan Prezidenti
İlham Əliyev cənablarının
sərəncamı ilə "Şöhrət" ordeni ilə
təltif olunmağınız-bu iki əlamətdar hadisənin
sevincini, təəssüratlarını necə
yaşayırsınız?
- Ölkə prezdentinin
Sərəncamı ilə, belə bir mükafata layiq
görülməyim hədsiz dərəcədə sevincimə
səbəb oldu. Bu hiss məni əhatə edən insanlar tərəfindən
da yaşanılır. 60 illik yubileyim ərəfəsində
Prezidentin mənə belə mükafat təqdim etməsininə
görə, Ona qəzetiniz vasitəsi ilə dərin minnətdarlığımı
bildirirəm. Azərbaycan elminə, təhsilinə ümumilli
lider Heydər Əliyev tərəfindən yetirilən diqqət
bu gün də davam etdirilir. Mən belə hesab edirəm ki, cənab
Prezident məni bir avans olaraq, bu mükafata layiq görüb.
Bu mənada ki, belə bir mükafatın məsuliyyəti
üzərimə böyük mənəvi yük qoyur. Prezident tərəfindən göstərilən
etimadı elmi-pedaqoji fəaliyyətimlə
doğrultmağa çalışacağam.
- Təbii ki, ömrün 60-cı baharı sizə
ötən illərin hesabıtının verilməsini diktə
edir. Bu hesabatın əsasında nə dayanır?
- 60 illik yubiley ömür yolunun bir tarixi mərhələsidir. Eyni zamanda, artıq yaşanılan illərin bir hesabatıdır. Göz önündən Azərbaycan üçün, xalq üçün hansı işləri gördüyüm gəlib keçir. Deyim ki, mənim çox əziyyətli həyat və elmi yaradıcılıq yolum olub. 1950-ci ildə Zəngəzur mahalının Sisian rayonunun Dəstəgird qəsəbəsində anadan olmuşam. Orta məktəbi də doğulduğum məkanda qızıl medalla bitirmişəm. Məktəb illərində bütün fənlərə böyük marağım olsa da, riyaziyyata xüsusi həvəsimin nəticəsində Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsinə daxil oldum. Bu seçimim də, təbii ki, orta məktəb müəllimlərimin hədsiz əməyindən irəli gəlirdi. Ali məktəbdə dövrün məşhur riyaziyyatçı alimlərindən dərs almışam. Onu da deyim ki. hələ tələbə olduğum illərdə elmi konfraslarda iştirak etmişəm. Hesabat deyəndə, ilk olaraq, bu məqamlar yeniyetməlik, gənclik dövrünün ilk illəri göz önündən gəlib keçdi. Təhsil illərimdə "əla" qiymətlərlə oxuduğu üçün universitetin riyazi fizika tənlikləri kafedrasında assistent saxlanıldım. Bir-birini əvəz edən illər elmi nailiyyətlərlə tərcümeyi-halıma yazıldı. 1979-cu ildə həmin kafedrada baş müəllim, 1980-ci ildə dosent olaraq çalışdım, 1991-ci ildə professor adına layiq görüldüm. 1992-1993-cü illərdə Türkiyə Respublikasının İstanbul Texniki Universitetinin professoru kimi çalışdım. 1993-cü ilin axırlarında Bakıya qayıtdım, BDU-nun riyazi fizika tənlikləri kafedrasının müdiri, 2000-ci ildə isə tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı vəzifəsinə seçildim. 2004-2006-cı illərdə BDU-nun I prorektoru - elmi işlər üzrə prorektoru vəzifəsində çalışdım. 2006-cı ilin aprel ayında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinə rektor vəzifəsinə təyin olundum.
Elmi fəaliyyətim
çoxşaxəli olmuşdur. Keçmiş Sovet
İttifaqının çox məkanlarında, elmi mərkəzlərində
dinləyici olmuşam, eləcə də, məruzəçi
kimi çıxış etmişəm. Moskva, Kiyev, Novosibirsk,
Tbilisi, Afina, İstanbul, Zəncan şəhərlərində
keçirilən müxtəlif miqyaslı konfranslarda Azərbaycan
riyaziyyat elmini məruzəçi kimi və ya elmi işimlə
təmsil etmişəm.
- Prezidentin Sərəncamı ilə universitetə rektor
təyin edilən şəxs, təbii ki, ilk olaraq, şəffaflıq
yaratmaq, təhsilin keyfiyyətini qaldırmaq kimi prinsiplərə
əməl etməlidir. Qısa müddətdə
görülən işlər və nəticələr sizi
qane edirmi?
- Hesabatla bağlı
elmi-pedaqoji fəaliyyətimi diqqət önünə çəkəndə,
cənab Prezidentin məni universitetə rektor təyin etdiyi
zaman verdiyi tapşırıqlar da göz önündə
canlanır. Nəyə nail olub-olmamağım məni
düşündürür. Sual doğur ki, Prezidentin verdiyi
tapşırıqları yerinə yetirə bilmişəmmi?
Deyərdim ki, müasir dövrümüzdə universitetin beynəlxalq
əlaqələri genişlənib, müxtəlif ölkələrlə
tələbə, müəllim mübadiləsi, birgə elmi
tədqiqatların və simpoziumların keçirilməsinə
diqqət artırılıb. Belə ki, universitetdə iki
böyük beynəlxalq konfrans keçirilib. Bildiyiniz kimi,
2005-ci ildə Türkiyə Yüksək Öyrətim Kurulu
Pedaqoji Universitetə tələbə göndərməmək
haqqında qərar qəbul etmişdi. Bunun da əsasında
bir neçə səbəblər dayanırdı. Təhsilin
keyfiyyəti və digər məsələlər belə qərarın
çıxmasına səbəb olmuşdu. YÖK-ün qərarını
geri oxunması çətin məsələ
idi. Cənab Prezident də bura təyin olunduğum zaman,
xüsusi olaraq, bu məsələnin yaranma səbəbini
vurğulamış, universitetdə şəffaflıq
yaratmaq, təhsilin keyfiyyətini qaldırmaq, maddi-texniki bazaya
diqqət yetirmək bir aparıcı şəxs kimi üzərimə
böyük məsuliyyət qoymuşdu. Çox keçmədi
ki, Türkiyə səfirliyindən təhsilin keyfiyyətində
yüksəliş, imtahanların keçirilməsində
obyektivlik, türk tələbələrinə diqqətin
göstərilməsi və s. məsələlərə
görə təşəkkür məktubu aldıq. Bir qədər
sonra isə, bu məsələlər Türkiyənin aparıcı
universitetləri ilə yaratdığımız
qarşılıqlı əlaqələr barədə
Ankarada YÖK rəhbərliyinə məlumat verdim, onlar
Pedaqoji Universitetə nümayəndələr göndərib
araşdırma apardılar və nəticədə
YÖK-ün qərarı ilə türkiyəli tələbələrin
ADPU-da təhsil almalarına razılıq verildi. İndi
Universitetdə təhsil alan türkiyəli tələbələrin
sayı ilbəil artır.
Qısa bir zamanda, məsafəsində universitetin maddi-texniki
bazasının təkmilləşdirilməsi, kompüterləşmə
və kompüterlər vasitəsilə tələbə
biliyinin qiymətləndirilməsi istiqamətində
apardığımız işləri uğurlarımız
kimi qiymətləndirirəm.
Dünya standartlarına uyğun olaraq, artıq tələbə
biliyinin qiymətləndirilməsində heç bir müəllimin
müdaxiləsi mümkün deyildir. Tələbə suallara
cavab yazdıqdan sonra dərhal onun qiyməti müəyyən
edilir. Universitetdə yeni elmi-tədqiqat və tədris
laboratoriyaları, kompüter mərkəzi
yaradılmış, ən müasir avadanlıq və
inventarlarla təmin edilmiş idman kompleksi istifadəyə
verilmişdir. Universitet Avropa Pedaqoji Universitetlərinin
Assosiasiyasına (ETEN) üzv qəbul olunmuşdur. Qeyd etmək
yerinə düşərdi ki, assosiasiyanın 59 üzvü
var ki, müsəlman ölkələrindən yalnız
Türkiyənin 2 universiteti və ADPU onun üzvüdür.
- Sovet dövründə, bildiyimiz kimi, ümummilli lider
Heydər Əliyevin Azərbaycan elminin inkişafında rolu
müstəsnadır. Sizin elmi fəaliyyətinizdə və əldə
olunan uğurlarda ümummilli liderin rolu hansı şəkildə
özünü göstərir?
- Ümummilli lider Heydər Əliyevin
Azərbaycan Kommunist Partiyasının birinci katibi təyin
olunması mənim tələbəlik illərimin son
zamanına təsadüf edir. O illərdə gənclər
arasında böyük ruh yüksəkliyi əmələ gəlmişdir.
Onun fəaliyyəti dövründə ilk olaraq, təhsilə
diqqətin artması özünü göstərdi. Ötən
əsrin 70-ci illərində ali məktəblərə qəbul
zamanı rast gəlinən müəyyən neqativ hallara
qarşı Heydər Əliyevin mübarizəsi qısa bir
müddətdə özünü göstərdi. İctimai mənşəyindən
asılı olmayaraq, istedadlı tələbələrin ali məktəblərə
qəbul olunmasına imkanlar yaradıldı. O cümlədən,
azərbaycanlı gənclərin Rusiyanın nüfuzlu ali təhsil
ocaqlarına təhsil almasına şərait yaradıldı.
Onların sayı ilbəil artmaqda idi. Bu gün Azərbaycanda
elmin, təhsilin, eləcə də, idarəetmə
orqanlarının uğurlar əldə
etməsi, məhz o illərin addımlarının bəhrəsidir.
Azərbaycanın adının dünya miqyasında
tanınması da Heydər Əliyevin adı ilə
bağlıdır. İstər elm, istər iqtisadiyyat sahəsindəki
nailiyyətlər Azərbaycanın tanınmış ölkələr
sırasında adının çəkilməsinə səbəb
oldu. Keçici bayraqların, qırmızı bayraqların,
ardıcıl olaraq, Azərbaycana verilməsi Heydər Əliyevin
yürütdüyü siyasətin nəticəsi idi. Heydər
Əliyev hər bir işi sistemli şəkildə həyata
keçirirdi. Belə ki, bir tərəfdən sənaye müəssisələrinin,
zavodların tikilməsinə, digər tərəfdən isə,
yüksək ixtisaslı kadrların hazırlanmasına diqqət
ayırırdı. Bu, əslində, Azərbaycanın gələcəyinin
qurulması idi. Yəqin ki, Heydər Əliyevin
yürütdüyü siyasətin əsasında Azərbaycanın
gələcək müstəqillik həyatının təməlini
qoymaq dayanırdı. O bilirdi ki, bir gün imperiyanın
süqutu yetişəcək və bu amalla da Azərbaycanın
müstəqil şəkildə inkişafına doğru
addımlar atırdı. Təbii ki, o illərdə bu, mərhələ-mərhələ
görülməsəydi, bu gün Azərbaycan belə bir
sivil dövlət kimi müstəqil şəkildə
özünü təsdiqləyə bilməzdi. Bildiyimiz kimi,
imperiyanın son illərində, eləcə də, müstəqilliyimizin
ilk mərhələsində Onun qurub-yaratdığı Azərbaycanda
çox sənaye müəssisələri, zavodlar, fabriklər,
demək olar ki, bütövlükdə hər bir şey
böhran vəziyyəti almış və
dağıdılmışdır. Heydər Əliyevin Azərbaycana
rəhbərliyinə qayıdışı ilə vaxtilə
təməlini qoyduğu bazanı sistemləşdirdi, ölkəni
inkişaf etdirməyə başladı. Onun Azərbaycanda
qoyduğu kursu davam etdirə biləcək insanı da
yetişdirib xalqımıza tanıtdı. Prezident səviyyəsinə
yüksəltdi. Demokratik bir dövlətdə xalqın səsi
ilə İlham Əliyev cənabları
hakimiyyətə gəldi. Bu gün
hər bir vətənpərvər azərbaycanlı
ölkəmizin düşünülmüş,
ölçülüb-biçilmiş daxili və xarici siyasətindən məmnundur
və fərəhlənir. Bu gün Azərbaycanın hər
bir vətəndaşı Prezidentimizin dünya ölkələrindəki
kürsülərindən çıxışına fərəhlə
baxır, qürurla dinləyir.
- Müasir həyatımızda belə bir fikir səslənir
ki, Azərbaycan dünyaya, Avropa ölkələrinə
inteqrasiya olunur. Bir elm xadimi kimi fikrinizi bilmək
maraqlıdır. Azərbaycan elm və təhsili bu inteqrasiya
prosesində necə görünür?
- Mən deyərdim ki,
Azərbaycanın elmi və təhsili sürətli bir
inkişaf tempi götürüb. Təhsil və elm
bir-birini tamamlayır. Azərbaycan ixtira olunan elmi nailiyyətlərin
istifadəçisi yox, müəllifinə çevrilməlidir.
Bu yaxınlarda, bildiyimiz kimi, Azərbaycan Prezidenti
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev
Dövlət İdarəçilik Akademiyasında ictimai və
humanitar elmlərin vəziyyəti ilə bağlı
müşavirə keçirdi. Həmin müşavirədə
çıxışında o, Azərbaycan elminin dünya
elminə inteqrasiyasının, elmin istehsalata tətbiqinin, eləcə
də, idarəçiliyin, beynəlxalq münastibətlərin
qurulmasının, elmi proqnozlaşdırılmasının
vacibliyini qeyd etdi, milli-mənəvi dəyərlərimizin
qorunması və eyni zamanda, müasirləşmə sahəsində
ictimai və humanitar elmlərin rolu barədə dəyərli
mülahizələrini bildirdi və faktiki olaraq, elmi ictimaiyyətə
ölkə rəhbərliyinin tapşırıqlarını
verdi.
Düşünürəm ki, hər bir alim, elm və təhsil təşkilatçısı, ümumiyyətlə, ziyalılarımız elmimiz və təhsilimiz qarşısındı duran, xalqımızın gələcək taleyini müəyyənləşdirən bu məsələlərə biganə qalmamalı, bütün potensialını ümumi inkişafımıza sərf etməlidir.
Nəzakət ƏLƏDDİNQIZI
Səs.- 2010.- 5 fevral.- S. 6.