Azərbaycan iqtisadiyyatı hərtərəfli inkişaf edir

 

Respublikamız öz iqtisadi və hərbi potensialına görə, regionda lider ölkəyə çevrilib. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan düzgün, məqsədyönlü siyasət və bu siyasətin tərkib hissəsi olan iqtisadi siyasət öz müsbət nəticəsini verməkdədir. Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, "iqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir".

Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız güclü, qüdrətli bir dövlətə çevrilib. Artıq ölkəmizin valyuta ehtiyatları 20,4 milyard təşkil edir. Bu da, onu göstərir ki, beynəlxalq maliyyə böhranı hətta superdövlətlərin iqtisadiyyatını iflic etdiyi halda, respublikamız öz inkişaf tempindən geri qalmamış, əksinə, daha da inkişaf etmişdir. Məhz bütün bunların nəticəsidir ki, dünya ölkələri Azərbaycanla əməkdaşlıq etməyə maraq göstərirlər. Ölkə başçısının uğurlu siyasəti nəticəsində son 6 il ərzində respublikamızda 840 mindən artıq yeni iş yeri yaradılıb.Ötən il ərzində ümumi daxili məhsul 9,3 faiz, sənaye istehsalı isə 8,6 faiz artıb.Həmçinin, Azərbaycanın valyuta ehtiyatları 20 milyard dolları ötüb və eləcə də milli valyutamız dəyərdən düşməyib. Özəl sektor inkişaf etdirilmiş və bunun da nəticəsində ÜDM-də özəl sektorun payı 85 faiz təşkil edib. Məsələyə münasibətini öyrəndiyimiz iqtisadçı-ekspert İlham Şaban qeyd etdi ki, bütün bunlar düzgün iqtisadi siyasətin nəticəsidir.

-  2009-cu ilin nəticələrinə görə, Azərbaycan iqtisadiyyatına 9,3 milyard dollar investisiya qoyulub ki, bunu da 80 faizi yerli sahibkarların payına düşür. Ümumiyyətlə, Azərbaycanda biznes mühitini necə dəyərləndirirsiniz?

- Azərbaycan iqtisadiyyatına qoyulan investisiyanın ildən-ilə artması müsbət bir haldır. Bu, düzgün iqtisadi siyasətin nəticəsidir.  Bir məsələni nəzərə almaq lazımdır ki, Azərbaycan hökuməti 2006-cı ildən başlayaraq yerli investisiyaları gücləndirib. Bu da, onunla əlaqədardır ki, Dövlət Neft Fondundan büdcəyə maliyyə vəsaiti transfer edilir ki, bunun da 2/3-i investisiya layihələrinə xərclənib. Bunun da nəticəsində yerli investisiya xarici investisiyanı üstələyir. Xarici investisiyaların 90 faizi neft-qaz sektorunun üzərinə düşür. Bu da təbiidir, çünki BP şirkəti burada iki böyük layihəni "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" layihələrini həyata keçirir. Hər il bu layihələrə 2 milyard dollardan artıq vəsait xərclənməlidir. Bir məsələni diqqətinizə çatdırım ki, bəzən xarici ölkələrdə olarkən, həmin ölkələrdə xeyli sayda xarici şirkətlərin məhsullarına rast gəlirik. Azərbaycanda isə, sement zavodunun məhsullarını, boru-kəmər müəsissələrinin məhsullarını misal göstərə bilərik. Xaçmazda fransızlarla birgə 40 milyon dollarlıq sənaye obyekti inşa ediləcək. Bir neçə gün öncə, İran İslam Respublikası ölkəmizdə biznes mərkəzinin təməl daşını qoydu. Azərbaycanın kiçik və orta biznesində xarici sərmayəçilərin iştirakını biz o qədər də görmürük.

- Milli Məclisdə xüsusi iqtisadi zonaların yaradılması haqqında qanun layihəsi qəbul olundu. Sözügedən qanun layihəsinin reallaşması bir qədər gecikir. Bu, nə ilə əlaqədardır?

-  İlk öncə, onu qeyd edim ki, hər bir ölkədə azad bazarların olması çox vacib məsələdir. Əgər belə olmayacaqsa, hər hansısa bir sahibkarın məhsul istehsal etməsinin əhəmiyyəti yoxdur. Ancaq Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması ölkə iqtisadiyyatına öz müsbət təsirini göstərəcək. Bir məsələni sizin nəzərinizə çatdırım ki, bir qrup azərbaycanlı jurnalist BƏƏ-nin Dubay şəhərində olublar. Həmin şəhərdə vergi deyilən bir məsələ yoxdur. Orada olan KİV nümayəndələrinin sözlərinə görə, Dubayda məhsullar ölkəmizə nisbətən dəfələrlə ucuzdur. Yəni ölkə daxilində realizasiya problemi mövcuddursa, mütləq bu məsələlər öz həllini tapmalıdır. Həmçinin, düşünürəm ki, "Rəqabət Məcəlləsi Haqqında" qanun layihəsi mövcud olan problemlərin həllinə müsbət təsir göstərəcək. Ancaq cəmiyyət də gərək, qanunlara riayət etsin.

- İlham müəllim, "NABUCCO" layihəsinin indiyə qədər reallaşmaması Rusiyanın təzyiqi ilə əlaqədardır, yoxsa Avropanın bu layihəyə maraq göstərməməsi ilə əlaqədardır?

- Burada siz dediyiniz məsələlərin hər ikisi mövcuddur. Rusiyanın marağı ondan ibarətdir ki, bazara oyunçu qismində çıxaq. Başqa bir tərəfdən maliyyə böhranı, Avropada təbii qaza tələbatın azalması və digər bu kimi amillər böyük maliyyə vəsaiti tələb edən "NABUCCO" layihəsini gündəmdən çıxardı.

- Bəzi ölkələr Azərbaycandan sıxılmış təbii qaz almaq niyyətindədir. Bu, ölkəmizin qaz ixracına nə kimi təsir göstərəcək?

- Bununla bağlı artıq bir sənəd imzalanıb. İlk olaraq, Avropa ölkələrindən biri olan Rumıniya ölkəmizdən sıxılmış təbii qaz almağa maraq göstərir. Tankerlərlə təbii qazın nəql edilməsi boru kəməri ilə daşınmadan daha yaxşıdır. Yəni burada belə amillər mövcuddur. Bunun iqtisadi baxımdan səmərəli olub, olmayacağını şirkətlər müəyyənləşdirəcək.

 

 

ANAR MƏCİDZADƏ

 

Səs.- 2010.- 5 fevral.- S. 8.