"Məhəmməd Füzulinin irfani şərhi"
kitabının təqdimatı keçirilib
İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzində tanınmış Ərdəbil şairi Əsgər Şahinin "Məhəmməd Füzulinin irfani şərhi" kitabının təqdimatı olmuşdur.
Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin nəzərdə tutulmuş üçcildliyinin birinci cildi "Nurlar" nəşriyyatında işıq üzü görmüşdür. Kitabda dəqiq elmi şərhlərlə şairin 100 qəzəli toplanmışdır.
Kitabın ön sözündə oxuyuruq: "Mən illərlə davam edən mütaliəmdən belə nəticəyə gəlmişəm ki, çətin dilli nəzmi böyük savada malik şairlər yazmışlar".
Tədbirdə çıxış edən Mədəniyyət Mərkəzinin sədri Seyid Əli Əkbər Ocaqnejad, filologiya elmləri doktoru Şahin Fazil, şair Əsgər Şahi və başqaları Füzuli şeiriyyatından danışmış, onun bir beytinin mənasını açmaq üçün böyük elmi biliklərə sahib olmağın vacibliyini bildirmişlər. Dövrünün mütəfəkkir şairi olan Füzuli yaradıcılığının hələ əsrlər boyu yaşayacağı, nəsillərə örnək olacağı vurğulanmışdır. Natiqlər sənətkarın əbədi yaşayacağına şübhə olmadığını söyləmişlər.
Tədbirdə Məhəmməd Füzulinin və məclisə toplanmış şairlərin qəzəlləri səsləndirilmişdir.
Zümrüd
Səs.- 2010.- 5 fevral.- S. 12.