İlham Əliyev cənablarının
sənətkarları mükafatlandırması Azərbaycan
muğam sənətinə verilən qiymətdir
Əlibaba Məmmədov:
"Yaşımın bu ixtiyar çağında
"İstiqlal" ordeninin mənə verilməsi bu günə
qədər muğam ifaçılıq sənətində
yaradıcılıq axtarışlarımın sədasıdır"
Azərbaycan musiqi sənətinə dövlət tərəfindən göstərilən diqqət və qayğı milli musiqi sənətimizin inkişafına geniş yollar açır. Milli irsimizə verilən qiymət milli-mənəvi dəyərlərimizin qorunması yolunda dövlət tərəfindən atılan addım kimi qiymətləndirilir. Əsası ümumilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan ənənəni müasir həyatımızda ölkə Prezidenti İlham Əliyev cənabları uğurla davam etdirir. Çoxəsrlik tarixə malik olan musiqi sənətinin əsas janrlarından olan muğam sənəti tarixin müəyyən mərhələlərindən inkişaf yolu keçərək müasir dövrümüzə qədər gəlib çatmışdır. Təbii ki, bu sənətin yükünü çiyinlərinə alıb onun məsuliyyət və ağırlığını daşımaqda mənəvi güc tapan sənətkarlarımızın sayəsində muğam sənəti nəsilbənəsil ötürülərək formalaşmışdır. Belə yükü daşıyan muğam sənətinin mahir ifaçılarından olan Əlibaba Məmmədov yaradıcılıq yolundakı uğurların nəticəsi olaraq, dövlət tərəfindən ən yüksək mükafatlara layiq görülmüşdür.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən milli muğam sənətinin inkişafında və təbliğində böyük xidmətlərinə görə və anadan olmasının 80 illliyi münasibətilə təltif olunduğu "İstiqlal" ordenini Azərbaycanın sərvəti olan muğam sənətini uzun illər ərzində qoruduğunu, inkişaf etdirdiyini bir daha təsdiq edir. Bu mükafat - "İstiqlal" ordeni bu günə qədər sənətkara verilən mükafatların ən alisidir. Mükafat Azərbaycan muğam sənətinə verilən bir qiymətdir. Dövlət rəhbərinin xanəndəyə təqdim etdiyi mükafat onun ömrünün yeniyetməlik dövründən bu günə - ahıl çağına qədər fəaliyyətdə olduğu zamanın qiymətidir.
Xalq mahnılarının, muğam ifaçılığının təşəkkülündə özünəməxsus dəsti-xətti, xidmətləri olan ustad xanəndələrimizdən olan Ə.Məmmədovun adı çəkiləndə ilk olaraq "Humayun" yada düşür. Çünki bu təsnifin ən qabil ifaçısı məhz Ə.Məmmədov olub. Ötən əsrin ortalarından oxuduğu bu təsniflə geniş şöhrət tapan Əlibaba Məmmədov dövrünün çox novator sənətçilərindən sayılıb. O, muğamla müasir mahnılar arasında bir əlaqə yaradan xanəndə kimi seçilib.
Görkəmli sənətkar Hacı Məmmədov qeyd edir ki, Seyiddən sonra Əlibaba kimi "Humayun"u oxuyan yoxdur. Sonralar bu musiqi nömrəsini Novruz Feyzullayev, Məmmədbağır Bağırzadə, Səxavət Məmmədov, Zümrüd Məmmədova və başqaları da oxudular. Onlar Ə.Məmmədovdan həm öyrənirdilər, həm də dəyərli məsləhətlər alırdılar.
Böyük sənətkarın təəssüratlarını bölüşüb, onun sənət sevincinə şərik olmaq məqsədi ilə onunla əlaqə yaratdıq. Ə.Məmmədov bu uğurunu belə qeyd etdi:"Mənə dövlət səviyyəsində göstərilən diqqət yaradıcılığıma olan münasibətin ifadəsidir. Təbii ki, yaşımın bu ixtiyar çağında "İstiqlal" ordeninin mənə verilməsi bu günə qədər muğam, ifaçılıq sənətində yaradıcılıq axtarışlarımın sədasıdır. Bu yolun tarixçəsi uzun bir məsafəni əhatə edir. Uğurlarımda ustadım Seyid Şuşinskinin payı var müstəsnadır.1968-ci ildə maestro Niyazinin təşəbbüsü ilə filarmoniyada Xalq Çalğı Alətləri Ansamblı yaradıldı və baxış-müsabiqədə ansambla "Humayun" adı verildi. Mən bu ansamblın bədii rəhbəri və ilk solisti oldum. İndi də bu ansambl öz fəaliyyətini dayandırmayıb. Sorağı müxtəlif bölgələrdən, hərbi hissələrdən və hospitallardan gəlir."
Ə.Məmmədov bir qərinədən çoxdur ki, Asəf Zeynallı və Bülbül adına orta ixtisas musiqi məktəblərində gənc nəslə muğam və xalq mahnılarımızın incəliklərini məhəbbətlə öyrədir. Bu müqtədir sənətkarın ifasında lentə alınmış "Bayatı-Şiraz", "Çahargah", "Dəşti", "Rahab", "Şur" kimi muğamlar və onlarca başqa xalq mahnıları, təsniflər radionun "Qızıl fondu"nda saxlanmaqdadır.
Ə.Məmmədov təsnif janrında ustad oxuyan sənətkar sayılıb. "Ağarma, saçım, ağarma", "Ağrıma ürəyim, ağrıma" kimi mahnıları bu gün də həmin musiqi parçalarına öz nəfəsini, çalarlarını əlavə etmişdir.
Ə.Məmmədov gənclik illərindən mahnılar bəstələyib. Mikayıl Müşfiqin, Əliağa Vahidin sözlərinə yazdığı mahnıları dövrümüzün şöhrətli müğənniləri tərəfindən ifa olunmuşdur. Bu haqda sənətkar belə deyir:"Azərbaycanın Zeynəb Xanlarova, Rübabə Muradova və digər tanınmış sənətçilər sevərək ifa ediblər. Bildiyiniz kimi, sovet dövründə müğənninin, xüsusilə də, xanəndənin bəstəkarlıq etməsi bir qədər yasaq idi. Ona görə də bəstələdiyim mahnıları "xalq mahnısı" kimi təqdim olunub oxunurdu. Amma el arasında, xüsusilə də, sənətkarların özləri bilirdilər ki, bu, bəstəkar mahnısıdır, onun yaradıcısı da mənə məxsusdur."
Sənətdə təvazökar olan xanəndənin xalq tərəfindən həm ifası, həm də mahnıları məhəbbətlə qarşılanaraq sevilmişdir. Çünki o, ürəyinin diktəsi ilə hərəkət edir. Şeirin ifadə etdiyi məzmun onun üçün önəmlidir.
Ə.Məmmədovun müxtəlif müsabiqə və festivallardakı uğurları da yaradıcılığına bir əlvanlıq gətirmişdir. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti on günlüyündə iştirak edən Bülbül, Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Hacı Məmmədov kimi sənətkarlar arasında Ə.Məmmədovun da adı var idi. Onun oxuduğu "Bayatı Kürd" muğamı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdı. İlk dəfə sovet hökumətinin fəxri fərmanına da həmin il layiq görülmüşdü. Sonra isə Azərbaycanın əməkdar artisti, xalq artisti fəxri adlarını da aldı. Bu uğurun sevinci onu sənətinə daha da bağladı.
Məlum bir həqiqətdir ki, qısa bir zaman ərizində xalq mahnılarına, muğamlara, xüsusilə də, bu ruhda olan musiqi parçalarına münasibətdə laqeydlik var idi. Ə.Məmmədov da bu biganələr mühitində öz dəst-xəttindən, avazından bir an da olsun çəkinmədi. O, bir həqiqəti dərk edirdi ki, muğam millətin ruhudur. Ruhu isə məhv etmək, heç vaxt öldürmək mümkün deyil. Səntkarın idrakı, amalı qələbə çaldı. Müdrik bir muğam ifaçısının fikirləri həllini tapdı. YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın sənət və sənətkarlara, xüsusilə də, Azərbaycan muğamlarına, xalq mahnılarına göstərdiyi diqqət yaşlı sənətkarlarımızın hədsiz sevincinə səbəb oldu. Ə.Məmmədov bir çox sənətkarlar kimi Bakıda muğam evinin inşasından qürur duydu.
Ömrünün ahıl çağını yaşayan xalq artisti, Prezident təqaüdçüsü, muğam ustadı, təsniflərimizin mahir ifaçısı Ə.Məmmədov Azərbaycanın, bütün türk dünyasının sevilən sənətçisidir. Onun hələ gənclik illərində oxuduğu "Simayi-Şəms" ritmik muğamı, "Şur" dəstgahı, "Çahargah" muğamı başqa boğazlardan fərqli şəkildə dinləyici qəlbini fəth etmişdir. Ustad Seyid Şuşinskidən aldığı dərs ömrü boyu yaddaşından və yaradıcılıq fəaliyyətindən silinməmişdir. Oxuduğu hər bir muğama, xalq mahnısına öz möhrünü vuran Əlibaba Məmmədov milli musiqimizin təbliğində, inkişafında, öyrədilməsində böyük rol oynamışdır.
Qeyd edək ki, Ə.Məmmədov ifaçılıqla yanaşı, bir çox təsnif və mahnıların müəllifidir. Onun bəstələri olan "İnandır məni", "Yaşa hələ", "Sən gərək güləsən", "Səni gözlər", "Mənim Azərbaycanım", "Bakı", "Mehriban həkim", "Vətən yaxşıdır" musiqi nömrələri klassik əsərlər sırasına daxil edilib.
Bu gün xanəndə ömrünün yeni bir səhifəsini yaşayır. Bu səhifəyə "İstiqlal ordeni" əlavə olundu. Kamil, ahıl bir insanın tərcümeyi-halı bir daha zənginləşdi. Buna görə sənətkar səmimi təşəkkürünü ölkə Prezidenti İlham Əliyev cənablarına bildirir: "İstiqlal" ordeni ilə təltif təkcə mənə yox, bizim muğamlarımıza hörmətdir, diqqətdir. Buna görə bir daha Ölkə Prezidentinə minnətdarlığımı bildirirəm. Yaşımın bu ahıl çağında mənə böyük sevinci yaşamaq nəsib oldu. Sizin qəzet vasitəsi ilə bir daha dövlətin milli musiqimizə göstərdiyi etimada görə uzun illər bu sənətin keşiyində duran xanəndə olaraq dərin təşəkkürümü ifadə edirəm."
Zümrüd BAYRAMOVA
Səs.-2010.-10 fevral.- S.3.