Aydın Mirzəzadə:
“Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlıq yüksək
səviyyədə qurulub"
Millət vəkili, Azərbaycanın
AŞPA-dakı nümayəndə
heyətinin üzvü
Aydın Mirzəzadənin
"SƏS" qəzetinə müsahibəsi
- Avropa
Birliyinin Azərbaycandakı
nümayəndəliyinin rəhbəri
Roland Kobia bəyan edib ki, Azərbaycan Avropa Qonşuluq Siyasəti çərçivəsində
Fəaliyyət Planının
icrası sahəsində
uğurlar əldə
edib. Ümumiyyətlə,
Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələrin
hazırkı vəziyyəti
ilə bağlı nə deyə bilərsiniz?
- Sevindirici haldır ki, Avropa Birliyinin Azərbaycandakı nümayəndəsi ölkəmizlə əməkdaşlığa yüksək qiymət verir. Əslində, bu, belə də olmalı idi. Çünki Azərbaycan beynəlxalq təşkilatlarla münasibətlərə çox böyük məsuliyyətlə yanaşır. Bu əməkdaşlığın hər iki tərəf üçün çox pozitiv olduğunun fərqindədir. Avropa Birliyi ilə əməkdaşlıq müasir dünya ilə əməkdaşlıq və Azərbaycanın gələcəyinə doğru gedən bir yol deməkdir. Azərbaycan, təbii ki, uzaq perspektivdə Avropa Birliyinin üzvü olmağı da qarşısına məqsəd qoyur. Bu əməkdaşlıq, ilk növbədə, məsləhətlərin keçirilməsi, ölkəmizdə Avropa Birliyi standartlarının həyata keçirilməsi üçün layihələrin işlənməsi, münasibətlərin yaxşılaşdırılması məqsədilə ortada olan maneələrin qaldırılmasıdır. Bu gün Azərbaycan Avropa Birliyinin Şərq Əməkdaşlıq Proqramının üzvüdür. Yəni, bu istiqamətdə də bir sıra işlər görülür. Hesab edirəm ki, qazanılan nəticələr hələ son deyil. Bundan sonra da bu əməkdaşlığın yeni formaları və istiqamətləri tapılacaq.
- Aydın müəllim, Birləşmiş Millətlər
Təşkilatının (BMT) Ermənistan
qoşunlarının işğal edilmiş Azərbaycan
torpaqlarından qeyd-şərtsiz boşaldılması
haqqında qəbul etdiyi 4 qətnamə, eləcə də,
Avropa Şurasının bununla bağlı qəbul etdiyi qətnamə
indiyədək icra olunmayıb. Belə olan halda, demək olarmı
ki, həmin beynəlxalq təşkilatların qərarları
formal xarakter daşıyır?
- Bu, ondan irəli gəlir
ki, həmin beynəlxalq təşkilatların qəbul etdiyi
bu tip qərarları yerinə yetirmək mexanizmi yoxdur. BMT
1945-ci ildə, ilk növbədə, dünyanı
parçalayan iki sistemin kapitalist və sosialist sistemi
arasında ümumi tribunanın olması, onların öz
mövqelərini bildirməsi məqsədilə
yaradılıb. Həmin dövrdən artıq 70 ilə qədər
bir vaxt keçib. İndi də həmin təşkilatın
yenidən qurulmasına ehtiyacın olması barədə
tez-tez söhbətlər gedir. Bu birlik də siyasi deyil, məhz
iqtisadi birlikdir. Hətta onun belə bir bəyanat verməsi
gözlənilməz idi. Həmin qərarların icra edilməsi
mexanizminin olmamasına baxmayaraq, onların qəbul olunması
Azərbaycan üçün çox əhəmiyyətlidir.
Bəlkə də Ermənistan milyardlar sərf edərdi ki, həmin
təşkilatlar tərəfindən özü və yaxud
onun işğal etdiyi Dağlıq Qarabağ torpaqları
üçün xeyirli ola biləcək bir qərar əldə
edilsin. Amma bunu edə bilmir. Əldə edilmiş qərarların
özü də siyasi qələbənin nəticəsi
sayıla bilər. Bununla belə, Azərbaycan təkcə
siyasi qərarların qəbul olunması ilə kifayətlənmir,
öz tərəfindən də problemin həll olunması
üçün mühüm işlər görür. Azərbaycanın
demokratik dövlət imicinin formalaşması, iqtisadi cəhətdən
yüksək inkişaf etməsi, regionun lider dövlətinə
çevrilməsi və s. amillər ölkə
iqtidarının əldə etdiyi uğurlardır. Buna görə
də, bu gün artıq Azərbaycanla hörmətlə və
inkişaf etməkdə olan ölkə kimi
danışırlar. Hesab edirəm ki, bu problemi, ilk növbədə,
Azərbaycanın özü həll edəcək. Bunun
üçün də çox vaxt qalmayıb.
- Sizcə, Azərbaycan nə etməlidir ki, beynəlxalq
təşkilatların qəbul etdiyi qərarların
icrasına nail olsun?
- Təəssüflər
olsun ki, bu perspektivlər Azərbaycanın imkanlarından kənardadır.
Bunun üçün həmin beynəlxalq təşkilatların
mexanizmi dəyişməlidir. Onlar öz qərarlarını
yerinə yetirmək iqtidarında olmalıdırlar. Bu, təkcə
Azərbaycanın deyil, bütün dünya birliyinin
problemidir. İkincisi isə, Azərbaycan özünün ən
ağrılı probleminin həlli üçün maksimum
işlər görür. Dövlətin güclənməsi,
iqtisadiyyatın inkişafı faktorları Dağlıq
Qarabağ probleminin həllinə gətirib
çıxarır. Bu gün torpaqlarının 20 faizi
işğal altında olan Azərbaycan dövlətinin illik
dövlət büdcəsi 15 milyard, valyuta ehtiyatları isə
20 milyard manatdır. Ermənistan torpaqlarımızı
işğal etmiş və oradan mənfəət
götürən dövlət olaraq illik dövlət büdcəsi
2 milyarddır. Valyuta ehtiyatları isə sıfır sentə
bərabərdir. Bunlar bir daha göstərir ki, Azərbaycanın
seçdiyi və getdiyi yol düzgündür.
- Son zamanlar Azərbaycan və Ermənistan prezidentləri
arasında münaqişənin həlli istiqamətində
intensiv danışıqlar aparılır. KİV-ə istinadən
demək olar ki, bu danışıqların real nəticələri
yoxdur. Sizcə, bu
danışıqlar nə
zamana qədər uzana bilər?
- Təbii ki, bu
danışıqlar uzun müddət davam edə bilməz. Azərbaycan danışıqlara danışıqlar
naminə getmir. Öz probleminin
həllini Ermənistandan
tələb edir.
Bu gün hələ
danışıqların rezervi
olduğuna görə,
Azərbaycan bu danışıqlarda iştirak
edir. Həmin danışıqlarda iştirak etmək və onun ilkin
nəticələri barəsində
yayılan məlumatlar
Ermənistanda böyük
narahatçılığa səbəb olur. Ermənistanı bürüyən milliyyətçilik əhvali-ruhiyyəsi
onları vəziyyətə
real gözlə baxmağa
mane olur. Ermənistan hələ
də orta əsrlər təfəkkürünü
yaşayır. Onlar qonşu
dövlətin torpaqlarını
işğal etməsinə
adi hal kimi
baxır. Hesab edir
ki, həmin torpaqlar onda olmalıdır. Ancaq real vəziyyət
və Azərbaycanın
ədalətli mövqeyi
Ermənistanı gec-tez
bu torpaqları azad etməyə məcbur edəcək.
- Aydın müəllim,
bir neçə gün bundan öncə, Almaniyada işgüzar səfərdə
olan Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli
üçün daha
15 il danışıqların
aparılmasını gözləyə
bilməz. Belə olan təqdirdə, danışıqlar prosesinin
yaxın zamanlarda dayandırılacağını demək olar?
- Prezident
İlham Əliyevin verdiyi bu bəyanatın
altından 9 milyon Azərbaycan vətəndaşının
hər biri imza atmağa hazırdır. Danışıqların daha nə zamanadək davam etməsi məsələsi
isə bu situasiyadan asılıdır.
Hər halda, indiki situasiya
danışıqların aparılmasına
müəyyən qədər
inam və ümid verir.
- Azərbaycan BMT-nin
nizamnaməsinin 51-ci maddəsinə
uyğun olaraq, Dağlıq Qarabağda antiterror koalisiyası çərçivəsində əməliyyatlar keçirərsə,
bu zaman dünya birliyinin məsələyə münasibəti
necə ola
bilər?
- Hesab edirəm ki, dünya Ermənistanın
Azərbaycan torpaqlarını
işğal etdiyi qənaətindədir. Dünyada elə
bir dövlət yoxdur ki, Ermənistanın
işğalçılıq siyasətini müdafiə
etsin və bu məsələdə onlara haqq qazandırsın.
Bu baxımdan, Azərbaycanın torpaqlarını
işğaldan azad etmək üçün hərbi əməliyyatlar
keçirməyə tam hüququ
var.
- Azərbaycan antiterror
koalisiyası çərçivəsində
İraqda, Əfqanıstanda
və Kosovoda sülhməramlı proseslərdə
iştirak edib. Əgər Azərbaycan Dağlıq Qarabağda eyni əhəmiyyətli əməliyyatlara başlayarsa,
həmin dövlətlərin
ölkəmizə hər
hansı bir formada yardım göstərməsi nə
dərəcədə gözləniləndir?
- Əgər Azərbaycan torpaqlarının
işğaldan azad etməkdən ötrü bir addım
atarsa, bu, Azərbaycanın daxili işidir. Bu məsələni özünün
həll etməsinə
tam gücü var. Digər
dövlətlərin bu
məsələdə Azərbaycana
kömək etməsinə
heç bir ehtiyac yoxdur. Heç bir zaman Azərbaycan
hansısa dövlətə
bu məsələdə
ona kömək etməsi üçün
xahiş etməyəcək.
KÜBRA ƏLİYARLI
Səs.-2010.-10 fevral.-S.5.