Naxçıvan yeni inkişaf mərhələsini yaşayır

 

Naxçıvan Muxtar Respublikasının yaranmasından 86 il ötür

 

Konstitusiyamıza görə, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Muxtar respublika paytaxt Naxçıvan şəhərindən 7 inzibati rayondan- Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz, Sədərək təşkil olunub. 5 şəhəri (Naxçıvan, Ordubad, Culfa, Şərur Şahbuz), 8 qəsəbəsi, 207 kəndi vardır. Ulu öndər Heydər Əliyevin Sədrliyi ilə keçirilən muxtar respublika parlamentinin 1990-cı il 17 noyabr tarixli sessiyasında muxtar respublikanın rəsmi adından "Sovet Sosialist" sözləri çıxarılmış, qanunverici hakimiyyət orqanının adı dəyişilərək, Ali Məclis qoyulmuş, ilk dəfə olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunmuşdur.

 

Naxçıvanın iqtisadi inkişafı

 

Naxçıvan Muxtar Respublikasının sənayesi tarixən Azərbaycan iqtisadiyyatında aparıcı yerlərdən birini tutmuşdur. Əsasən yeyinti, yüngül və digər sənaye sahələrini özündə birləşdirən bu vacib sahə XX əsrin ortalarından başlayaraq, daha intensiv inkişaf  yoluna qədəm qoymuşdur. 1970-80-ci illərdə muxtar respublikada istehsal  edilən yüzlərlə məhsul növünün xeyli hissəsi xarici ölkələrə göndərilirdi.

Azərbaycanda istehsal edilən daş duzun, molibdenin, sink və qurğuşunun hamısı, mineral suların əsas hissəsi, ipək xammalının, inşaat materiallarının, mərmərin, şərabın, meyvə, mürəbbə konservlərinin böyük bir hissəsi muxtar respublikanın payına düşür. Ərazidə mineral su mənbəyi çoxdur. Badamlı və Sirab mineral su zavodları özünün keyfiyyətli və müalicəvi suları ilə bütün dünyada məşhurdur.

Muxtar respublika sənayesinin inkişafı ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlməsindən sonra yeni vüsət almışdır. 1970-85-ci illərdə iqtisadiyyatın bütün sahələrinin inkişafı üçün Naxçıvana 900 milyon manat sərmayə qoyulmuşdur. Həmin illərdə burada alt trikotaj fabriki, yeni mineral sudoldurma zavodu, şüşə qablar zavodu, taxıl məhsulları kombinatı, Naxçıvan iri evtikmə kombinatı və dəmir beton məmulatları zavodu, Şahtaxtı daş karxanası, bütövlükdə, 16 iri sənaye müəssisəsi, qonşu İran dövləti ilə birgə Araz çayı üzərində iri su anbarı və elektrik stansiyası tikilib istifadəyə verilmişdir.

Azərbaycanın Dağlıq Qarabağ ərazisinə Ermənistanın ərazi iddiası və bunula bağlı başlanan müharibə nəticəsində 1990-cı illərin birinci yarısında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı, xüsusilə sənayesi Azərbaycanın başqa bölgələrinə nisbətən daha ağır duruma düşdü. 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə, bütün sahələrdə olduğu kimi, muxtar respublikanın sənayesində də əsaslı islahatlar aparılmış və bunun nəticəsində sənaye məhsulu istehsal edən dövlət və qeyri-dövlət bölmələrində yaradılmış müəssisələr hesabına ümumi sənaye məhsulunun həcmində hər il dinamik artım olmuşdur.

2007-ci ildə 1995-ci illə müqayisədə sənaye məhsulunun ümumi həcmi 17 dəfə artmışdır. Sənaye məhsulunun ümumi istehsalında qeyri-dövlət sektorunun xüsusi çəkisi 69 faiz təşkil etmişdir. Sənayenin ümumi daxili məhsulda xüsusi çəkisi isə 2000-ci ildəki 10,1 faizdən 2007-ci ildə 22,5 faizə çatmışdır.

 

Naxçıvanda aqrar inkişaf   

 

Muxtar respublikanın əlverişli iqlim-torpaq şəraiti burada kənd təsərrüfatının inkişaf etdirilməsinə imkan verir. Əhalinin əksər hissəsinin kənddə yaşayaraq aqrar sahə ilə məşğul olması iqtisadiyyatın bu sahəsinin inkişafına xüsusi diqqət yetirilməsinə səbəb olmuşdur. Əhali əsasən taxılçılıq, tərəvəzçilik, meyvəçilik, kartofçuluq və heyvandarlıqla məşğul olur.

Kənd təsərrüfatının inkişafı məqsədilə Naxçıvanda torpaq islahatı başa çatdırılmışdır. Aqrar islahatlar nəticəsində muxtar respublikanın ümumi torpaq sahəsinin 10,5 faizi xüsusi mülkiyyətə, 56,3 faizi bələdiyyə mülkiyyətinə verilmiş, 33,2 faizi dövlət mülkiyyətində saxlanılmışdır. 536,3 min hektarlıq ümumi torpaq sahəsinin 176,9 min hektarı, yaxud 33 faizi kənd təsərrüfatı üçün yararlıdır. Kənd təsərrüfatına yararlı torpaqların 14,5 min hektarı və ya 8,2 faizi həyətyanı sahələrin payına düşür.

Kənd təsərrüfatına yararlı torpaq sahələrinin 56,4 min hektarı və ya 31,9 faizi suvarılan torpaqlardır. Bu baxımdan meliorasiya-irriqasiya işlərinin düzgün təşkilinin aqrar sahənin inkişafında xüsusi rolu vardır. Muxtar respublika ərazisindən Araz, Arpaçay, Naxçıvançay, Gilançay, Əlincəçay və Cəhriçay çayları axır və bu çaylar üzərində Araz, Arpaçay, Heydər Əliyev, Sirab, Uzunoba, Bənəniyar su anbarları tikilib istifadəyə verilmişdir. Bundan başqa muxtar respublikada işlək vəziyyətdə olan 82 nasos stansiyasından, 589 subartezian quyusu və 277 kəhrizdən suvarma əkinçiliyində geniş istifadə olunur.

Kənd təsərrüfatında məhsul istehsalçılarına köməklik göstərmək, onların müasir texnika və gübrə ilə təchizatının səviyyəsini yüksəltmək məqsədilə "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır.

Bitkiçiliklə yanaşı, heyvandarlığın da inkişafı diqqətdən kənarda qalmır. Muxtar respublikanın düzənlik yerlərində əsasən ətlik, ətlik-südlük və yunluq, dağlıq ərazilərdə ətlik-yunluq heyvandarlıqla məşğul olunur. Balbas cinsli qoyunlar yetişdirilir. Azərbaycanda balbas qoyun cinsinin vətəni Naxçıvan hesab edilir.

Muxtar respublikadakı mal-qara və quşlar arasında müxtəlif xəstəliklərin yayılmasının qarşısını almaq və profilaktiki peyvəndləmə tədbirləri aparmaq məqsədilə Dövlət Baytarlıq Xidməti yaradılmışdır. Bundan başqa, heyvanların cins tərkibini yaxşılaşdırmaq və yüksək məhsuldar qaramal yetişdirmək üçün süni mayalama üsulu tətbiq olunur.

Heyvandarlığın inkişafında müşahidə olunan inkişaf heyvandarlıq məhsulları istehsalına da müsbət təsir göstərmişdir. 2007-ci ildə 16 min ton ət, 70 min ton süd, 52 min ədəd yumurta, 873 ton yun istehsal olunmuşdur.

Naxçıvanda perspektivli sahələrdən biri də arıçılıqdır. 2007-ci ildə muxtar respublikada 23 min 927 arı ailəsi mövcud olmuş 334 ton bal istehsal olunmuşdur. Kənd təsərrüfatının inkişaf etdirilməsi üçün bu məhsulları emal edən yeni istehsal müəssisələrinin qurulmasına əlverişli şərait yaradılmışdır. Son illərdə un dəyirmanları, ət-süd məhsulları, meyvə şirələri digər bu kimi məhsul istehsalı ilə məşğul olan müəssisələrin istifadəyə verilməsi kənd təsərrüfatı məhsulları istehsalçılarının satış problemlərini aradan qaldırmışdır.

 

Naxçıvanın sosial inkişafı

 

Son illər dünyada baş verən qlobal bank-maliyyə böhranı nəticəsində bir çox ölkələrin iqtisadiyyatında geriləmələr baş vermişdir. Ölkəmizdə, o cümlədən, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində sosial-iqtisadi göstəricilər yüksəlmiş, sahibkarlığın inkişafında ciddi uğurlar qazanılmış, iqtisadiyyata investisiya qoyuluşlarının həcmi çoxalmış, yeni iş yerləri açılmış, əhalinin gəlirləri artmışdır.

Ölkədə sahibkarlıq fəaliyyətinin inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlıq fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında" 2007-ci il 25 oktyabr tarixli Sərəncamına uyğun olaraq muxtar respublikada biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlamaq qaydalarının sadələşdirilməsi məqsədi ilə "bir pəncərə" prinsipi tətbiq edilir. Sərəncamın icrası nəticəsində təkcə 2009-cu il ərzində muxtar respublika üzrə 50 hüquqi və 1454 fiziki şəxs qeydiyyata alınmışdır. Bu da iqtisadi fəallığı səciyyələndirən mühüm göstəricilərdəndir.

Mövcud istehsal müəssisələrinin fəaliyyətinin bərpa edilməsi, yaxud onların yenidən qurulması, yeni emal sahələrinin yaradılması hesabına bu gün muxtar respublikada 280 növdə məhsul, o cümlədən, 106 növdə ərzaq və 174 növdə qeyri-ərzaq məhsulları istehsal olunur. Həyata keçirilən tədbirlər artıq 87 növdə ərzaq, 148 növdə qeyri-ərzaq olmaqla, ümumilikdə, 235 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsini təmin edir.

Muxtar respublika sahibkarlarının beynəlxalq əməkdaşlıq sahəsində əlaqələrinin qurulması, istehsal olunan məhsulların xarici ölkələrdə tanıdılması məqsədi ilə Azərbaycanda və xarici ölkələrdə keçirilmiş 17 biznes-forumda yerli sahibkarların iştirakı təmin olunmuşdur.

Yeni istehsal sahələrinin fəaliyyətə başlaması tələbatın ödənilməsinə, məhsulun çeşidinin artmasına müsbət təsir göstərdiyi kimi, eyni zamanda, əhalinin işlə təmin olunmasına, gəlirlərin səviyyəsinin yüksəlməsinə də səbəb olmuşdur. 2009-cu il ərzində muxtar respublikada əhalinin gəlirləri 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artaraq, 913 milyon manatdan çox olmuşdur.

Aparılan məqsədyönlü tədbirlər muxtar respublikada əhalinin rifahının davamlı yüksəlişinə əsaslı zəmin yaratmış, 2009-cu il ərzində bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği əvvəlki ilin müvafiq dövrünə nisbətən 15,8 faiz artaraq, 272,3 manata çatmışdır.

Gəlirlərin həcmində müşahidə olunan irəliləyiş əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsində, istehlak bazarında əmtəə dövriyyəsinin və pullu xidmətlərin artımında özünü daha qabarıq şəkildə göstərir. Belə ki, 2009-cu ildə muxtar respublikanın istehlak bazarında əhaliyə 572 milyon manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,4 faiz çoxdur.

 

Naxçıvanda infrastruktur quruculuğu

 

Blokada şəraitində yaşamasına baxmayaraq, son illər Naxçıvanda inkişaf dinamikasına görə ən çox fərqlənən sahə tikinti sektorudur.  Tikinti-quruculuq işlərinin bütün bölgələrdə, hətta ən ucqar dağ kəndlərində həyata keçirilməsi ilə bərabər, diqqəti cəlb edən əsas xüsusiyyətlərindən biri də tikilən obyektlərin müxtəlif təyinatlı olmaqla təsərrüfat fəaliyyətinin bütün sahələrini əhatə etməsidir.

Bunun nəticəsidir ki, muxtar respublikada 1995-2007-ci illər ərzində 138 təhsil müəssisəsi, 132 səhiyyə müəssisəsi, 86 mədəniyyət müəssisəsi, 43 abidə və dini obyekt, 261 inzibati bina, 93 körpü, 32 nasos stansiyası, 288 subartezian quyusu, Azərbaycan Vətən müharibəsi iştirakçıları, əlil, qaçqın, məcburi köçkün və şəhid ailələri üçün 380 fərdi ev, 3350 istehsal, xidmət və digər bu kimi infrastruktur obyektləri tikilərək istifadəyə verilmişdir.

1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən Naxçıvana gələn təbii qaz və elektrik enerjisi xətlərinin kəsilməsi enerji təchizatında çox ciddi problemlər yaratmışdı. Lakin o vaxtlar muxtar respublikada Ali Məclisin Sədri olan ümummilli lider Heydər Əliyevin gərgin əməyi, qonşu Türkiyə və İranla aparılan danışıqlar nəticəsində muxtar respublikaya elektrik enerjisinin idxal olunması üçün müvafiq tədbirlər həyata keçirilmiş və problem qismən aradan qaldırılmışdır

2004-cü ildə Azərbaycanla İran arasında bağlanmış müqaviləyə əsasən 2005-ci ilin sonlarından etibarən İran ərazisindən mübadilə olunmaqla muxtar respublikaya təbii qazın verilməsi təmin olunmuşdur. Naxçıvanın bütün ərazisi qazlaşdırılmışdır.

Təbii qazın nəqli elektrik enerjisinə olan tələbatı azaltmaqla yanaşı, bu tələbatın daxili istehsal hesabına ödənilməsi istiqamətində də geniş imkanlar yaratmışdır. Elektrik enerjisinə olan tələbat 22 meqavat gücündə olan "Araz" su elektrik stansiyası, 87 meqavat güclü modul tipli elektrik stansiyası, 60 meqavat güclü Naxçıvan qaz-turbin elektrik stansiyası və Heydər Əliyev Su Anbarı üzərində istifadəyə verilən 4,5 meqavat güclü su elektrik stansiyası vasitəsilə fasiləsiz olaraq, ödənilir. Görülmüş tədbirlərin nəticəsi olaraq muxtar respublika elektrik enerjisi idxalçısından enerji ixracatçısına çevrilmişdir. Belə ki, hazırda Naxçıvandan Türkiyəyə elektrik enerjisi verilir.

Muxtar respublikanın elektrik enerjisi ilə təchizatını daha da yaxşılaşdırmaq məqsədi ilə alternativ enerji mənbələrindən istifadə olunması istiqamətində də işlər davam etdirilir.

Naxçıvanın Türkiyə və İran istisna olunmaqla digər ölkələrlə nəqliyyat əlaqələri isə blokada ilə əlaqədar olaraq əsasən hava nəqliyyatı vasitəsilə mümkündür. 2004-cü ildə istifadəyə verilən Naxçıvan Beynəlxalq Hava Limanı ən müasir standartlara uyğun tikilmişdir. Hazırda bu hava limanından Azərbaycanın Bakı və Gəncə şəhərlərinə təyyarələr yola salınır. Eyni zamanda Naxçıvan-Moskva, Bakı-Naxçıvan-İstambul və əks istiqamətlərdə uçan təyyarələr vasitəsilə beynəlxalq sərnişin daşıma xidmətləri göstərilir.

Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikası blokada şəraitində yaşamasına baxmayaraq Azərbaycanın ən inkişaf etmiş bölgələrindən birinə çevrilib. Ulu öndər Heydər Əliyevin muxtar respublikaya rəhbərliyi dövründə əsası qoyulmuş inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Naxçıvanın inkiişafında önəmli roy oynayıb.

 

 

Elçin Bayramlı

 

Səs.-2010.-10 fevral.- S.8-9.