"Kremerata Baltika" kamera orkestrinin konserti alqışlarla qarşılandı

 

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında "Kremerata Baltika" kamera orkestrinin konserti keçirildi.

Tərkibinə Baltika ölkələrindən gənc musiqiçilərin daxil olduğu orkestrin yaradıcısı və əvəzolunmaz rəhbəri müasir dövrümüzün görkəmli skripka ifaçısı Gidon Kremerdir. Riqada anadan olmuş Kremer 4 yaşından skripka çalmağı öyrənmişdir. Moskva Konservatoriyasının David Oystrax sinfini bitirib. Brüsseldə kraliça Yelizaveta, Genuyada Paqanini adına beynəlxalq müsabiqələrin laureatı olmuşdur. Maestro Kremer 1970-ci ildə Moskvada keçirilən P.İ.Çaykovski adına beynəlxalq müsabiqədə qalib gəlməklə dünya şöhrəti qazanıb.

Kremer 1996-cı ildə gənclərdən ibarət "Kremerata Baltika" kamera orkestrini yaradıb. Orkestr 1997-ci ilin fevral ayında Riqada Gidon Kremerin 50 illik yubileyində debüt etmişdir. Latviya, Estoniya və Litvadan olan orkestr üzvlərinin orta yaş həddi 25 ildir. Musiqiçilərin intensiv konsert fəaliyyəti 1998-ci ildən başlanıb. Kollektiv Kanar adalarından Şimali Amerikayadək qastrol səfərində olmuş, Avropada - Oslo, Kopenhagen, Buxarest, Turin, Milan və Londonda keçirilmiş mötəbər festivallarda çıxış edib. 2002-ci ildə Gidon Kremerin və "Kremerata Baltika" orkestrinin kompakt-diski mötəbər "Qremmi" mükafatına layiq görülüb.

Gidon Kremeri intellektual, eksperimentlər aparan musiqiçi adlandırırlar. O isə müsahibələrindən birində belə demişdir: "Mən həmişə yarlıqlarla və xəbərdarlıqlarla mübarizə aparmışam. Musiqiçi - intellektual və ya musiqiçi-filosof adlandırılmağım mənə yaddır. Bəli, mən həqiqətən düşünürəm, müqayisə edirəm, lakin musiqi emossional təsir vasitəsidir, buna görə də mən səhnədə düşünmürəm və yalnız hiss edirəm".

Orkestrin üzvləri Bakıya Yozef Haydın, Volfqanq Amadey Motsartın, Alfred Şnitkenin və Litva bəstəkarı Raminta Şerkşnitenin əsərlərini gətirmişdilər. Klassik musiqi pərəstişkarları kamera orkestrinin ifasını və həmin axşam çıxış edən Gidon Kremeri və Azərbaycanın əməkdar artisti Murad Adıgözəlzadəni hərarətlə qarşılayıblar. Onların ifaları minnətdar tamaşaçıların uzun sürən alqışları ilə müşayiət olunub.

 

 

Zümrüd

 

Səs.-2010.-10 fevral.- S. 12.