Ağaxan Abdullayevin 60 illik yubileyi münasibətilə musiqi
albomu nəşr edilib
Azərbaycan mədəniyyətinin inkişafına xüsusi diqqət və qayğı göstərən Heydər Əliyev Fondu xalq artisti Ağaxan Abdullayevin anadan olmasının 60 illik yubileyi münasibətilə xanəndənin musiqi albomunu nəşr etmişdir.
Yüksək poliqrafik səviyyədə və nəfis tərtibatda hazırlanmış nəşr xanəndənin həyat və yaradıcılığını ətraflı əks etdirən albomdan və üç kompakt diskdən ibarətdir. Albomda xanəndənin uşaqlıq və gənclik illərindən, muğam dünyası ilə ilkin tanışlığın ömürlük məhəbbət tarixçəsindən söhbət açılır.
Böyük vurğunluqla dinlədiyi ustad sənətkarların aşıladığı muğam sevgisi vaxtilə gənc Ağaxanın həyatında böyük rol oynamışdır. Peşəkar sənətə yönələn yol A.Zeynallı adına Musiqi Məktəbindən, ustadların unudulmaz dərslərindən keçmişdir. Azərbaycan muğamının bənzərsiz gözəlliyi ömür boyu onu öz cazibəsində saxlamışdır. Nəşrdəki kompakt disklərdə toplanmış musiqi nümunələri sənət hesabatı kimi xanəndənin yaradıcılıq yolunu əks etdirir. Burada xanəndənin ifasında "Rast" dəstgahı, "Bayatı-kürd", "Zabul segah", "Rahab", "Bayatı-Qacar" muğamları, "Humayun" təsnifi və xalq mahnıları yer almışdır.
Heydər Əliyev Fondunun Azərbaycan muğamının qorunması
və inkişafı istiqamətində təqdim
etdiyi yeni musiqi albomu fondun
növbəti uğurlu
layihəsidir. Fond indiyədək
"Qarabağ xanəndələri",
"Muğam aləmi"
musiqi albomları, tədris vəsaiti kimi hazırlanmış
"Azərbaycan muğamı"
multimedia toplusu, muğam ustadlarımız,
xalq artistləri Əlibaba Məmmədovun,
Arif Babayevin və tanınmış kaman ustası, xalq artisti Habil
Əliyevin həyat və yaradıcılığından
bəhs edən musiqi albomları nəşr etmişdir.
Zümrüd
Səs.-2010.-10 fevral.-S.12.