Azərbaycan qadınlarının
ictimai-siyasi proseslərdə fəallığı daha da
güclənməkdədir
Yeni Azərbaycan Partiyasının Qadınlar
Şurasının sədri, partiyanın Siyasi
Şurasının üzvü, Dövlət Pedaqoji Kollecinin
direktoru Nurlana Əliyevanın yap.orq. az-a müsahibəsi
- Nurlana xanım, bu yaxınlarda Yeni Azərbaycan
Partiyasının İdarə Heyətinin iclası
keçirildi və iclasda ötən ilin yekunları da
müzakirə olundu. İstərdik ki, 2009-cu ilin YAP
Qadınlar Şurası üçün hansı nəticələrlə
yadda qalması ilə bağlı sizin fikirlərinizi öyrənək.
- Bu gün Yeni Azərbaycan
Partiyası cəmiyyətin siyasi avanqardı,
respublikamızın ən nüfuzlu siyasi qüvvəsidir. Bunun
əsas səbəbi qazanılmış uğurlar və
YAP-ın sıralarındakı on minlərlə məsləkli,
əqidəli insanlardır. Bizim, doğrudan da, geniş potensialımız
var. Bəlkə elə buna görə də
yaşadığı zamanın və məkanın xarakterindən
asılı olmayaraq, Azərbaycan qadını gələcək
taleyini daim inandığı, etimad bəslədiyi siyasi
qüvvəyə etibar etmək istəyib.
Öz fəaliyyəti
dövründə partiyamızın qurucusu, Ulu Öndər Heydər
Əliyev Azərbaycan qadınına böyük hörmətlə
yanaşmaqla yanaşı, onun cəmiyyətdə layiqli yer
tutmasına çalışıb, bu zərif zümrənin
YAP-ın həyatında da fəal iştirakını təmin
edib. Qadınların hər zaman aparıcı qüvvə
olduğunu bildirən Ümummilli Liderimiz onların milli
xüsüsiyyətlərini olduqca yüksək dəyərləndirib:
"Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası,
namusu, qeyrəti, isməti, fədakarlığı,
çalışqanlığı, mərdliyi, vətənpərvərliyi
ilə millətinə, torpağına olan hədsiz məhəbbəti
və gözəlliyi, Azərbaycan xalqının milli
xüsusiyyətlərinə sadiqliyi ilə
tanınmışdır. Qadın ailə saxlayan bir
insandır. Ona görə də, bütün qadınlar bizim
cəmiyyətdə çox əhəmiyyətli rol
oynayırlar. Mən bunları deyərək, qadınların
bizim üçün nə qədər əziz olduğunu bir
daha bəyan etmək istəyirəm".
Azərbaycanda milli mənafe
və dövlətçilik maraqlarının təmsilçisi
olmaq kimi müqəddəs amalı özünün siyasi
idealı, əsas fəaliyyəti hesab edən
qadınlarımız öz mövqelərinə sadiqdirlər
və ictimai-siyasi prosesin fəal
iştirakçısıdırlar. Xatırladım ki,
YAP-ın Qadınlar Şurası 1995-ci ildə
yaradıldı. Partiyamızın sıralarında ilk olaraq
ziyalı fəal qadınlar qoşuldular. Daha sonra ildən-ilə
Qadınlar Şurasının sıraları xeyli genişlənməkdədir.
Bu baxımdan, 2009-cu ildə də böyük uğurlar əldə
edilib. Ötən il partiya sıralarına qoşulanlar
arasında qadınlar da üstünlük təşkil edib. Statistik
məlumata görə, 2009-ci ildə partiyaya 29 777 nəfər
üzv qəbul olunub. Bütövlükdə, partiya üzvlərinin
39,3 faizini, yəni 196 340 nəfərini gənclər, 43,5
faizini, yəni 217 243 nəfərini isə qadınlar təşkil
edib.
Bilirsiniz ki, bu günlərdə
partiyamızın 500 mininci üzvü cəmiyyətə təqdim
edildi. Yeri gəlmişkən, deməliyəm ki,
partiyamızın həm 400 mininci, həm 450 mininci, həm də
500 mininci üzvü xanımlardır. Hesab edirəm ki, bu fakt
da bizim üçün çox əhəmiyyətlidir. Bu,
onu göstərir ki, qadınlar partiyamızın həyatında
fəal rol oynayır. Son bələdiyyə seçkilərində
də qadınların aktivliyi bir daha onların siyasi proseslərdəki
rolunu təsdiqləyir.
- Qadınların son bələdiyyə seçkilərində
iştirakına toxundunuz. Məlum oluğu kimi, YAP bu
seçkilərdə qadınların da namizədliyinə
böyük üstünlük verdi. Necə hesab edirsiniz,
seçkinin nəticələrini qadınlar üçün
uğurlu saymaq olarmı?
- Əlbəttə.
Ötən 10 ilin səviyyəsi ilə müqayisə edəndə,
2009-cu il seçkilərində qadınların təmsilçiliyi
əhəmiyyətli dərəcədə artıb. Bilirsiniz
ki, əvvəllər bələdiyyələrdə
qadınların təmsilçiliyi 3-4 faiz idi. Son seçkilərdə
isə bələdiyyə üzvü seçilənlərin
təxminən 30 faizini qadınlar təşkil edir. Hətta bəzi
yerlərdə bələdiyyə sədrləri də
qadınlar seçilib. Bu, çox müsbət haldır. Nəzərə
alsaq ki, onların mütləq əksəriyyəti YAP-ın
üzvləridir, onda bu, bizim üçün ikiqat
uğurludur.
- Sizcə, bələdiyyələrə seçilən
qadınlar onlara göstərilən etimadı doğrulda biləcəklərmi?
- Etimad məsələsinə
gəlincə, mən burada cinsi ayrıseçkiliyin fərqləndirilməsinin
tərəfdarı deyiləm. Çünki hər bir
insanın məsuliyyəti, vicdanı, zəhmətsevərliyi,
bacarığı cinsdən asılı olmayan fərdi
xüsusiyyətlərdir. Son illər ölkəmizin həyatında,
dövlətçiliyimizin möhkəmləndirilməsində
qadınlarımızın fəaliyyətinə nəzər
yetirəndə, belə bir təəssürat yaranır ki,
ümumiyyətlə, qadınlarımız çox fəallaşıblar.
İstər cəmiyyətimizin tərəqqisində,
ayrı-ayrı sahələrdə uğurların əldə
olunmasında, bələdiyyə seçkilərində ciddi
nəticələrin qazanılması göstərir ki,
qadınlar ictimai-siyasi proseslərin önündə gedən
təbəqələrdəndir. Mənə elə gəlir
ki, bələdiyyə seçkilərində uğur qazanan
qadınlarımız da mənəvi imkanlarını, öz
bacarıqlarını götür-qoy edəndən sonra bələdiyyə
üzvlüyünə namizədliyini irəli
sürmüşdülər. Çox böyük inam var ki, bələdiyyələrə
seçilən qadınlarımız seçicilərinin
etimadını doğrultmaq əzmindədir və yerli
özünüidarəetmə orqanlarında böyük
uğurlar əldə olunmasında mühüm rol oynayacaqlar.
- Nurlana xanım, ümumiyyətlə, Azərbaycanda
gender siyasəti haqqında nə deyə bilərsiniz? Bu siyasət
hansı nəticələr verməkdədir?
- Azərbaycanda bilikli və
savadlı qadınlar həmişə ön sıralarda
olublar, öz fəaliyyətlərində ciddi uğurlar
qazanıblar. Onların sırasında alimlərimizdən,
müxtəlif sahələrin ziyalılarından tutmuş,
sadə peşə adamlarına qədər var. Amma xüsusilə
qeyd etməliyəm ki, Azərbaycanda qadınların fəliyyəti
Ümummilli Liderimiz Heydər Əliyevin ikinci dəfə
hakimiyyətə qayıdışından sonra çox
intensivləşib. Ümumiyyətlə, Ulu Öndər Heydər
Əliyevə qədər Azərbaycan qadınını
böyük cahanşümul işlərə pərvazlandıran,
ruhlandıran, onları dövlət idarəçiliyinə cəlb
edən ikinci dövlət başçısı olmayıb. Bilirsiniz
ki, dövlət qadın siyasətinin müəllifi də Ulu
Öndər Heydər Əliyevdir. Biz çox şadıq ki,
Prezident İlham Əliyev bu gün Ulu Öndərimizin bu siyasətini
uğurla davam etdirir. Hazırda Azərbaycan qadını
beynəlxalq müstəvidə ölkəmizi,
xalqımızı layiqincə təmsil edir. Xüsusilə,
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın fəaliyyəti bu
baxımdan hər bir Azərbaycan qadını
üçün bir örnəkdir.
Hesab edirəm ki,
qadınların ictimai-siyasi fəallığı ildən-ilə
daha da artır, onlar həm ölkə daxilində, həm də
beynəlxalq miqyasda keçirilən tədbirlərdə
böyük nailiyyətlər qazanırlar. Eyni zamanda,
vurğulamaq istəyirəm ki, gənclərin sağlam ruhda tərbiyə
olunmasında, milli-mənəvi dəyərlərimizin
qorunmasında və bütövlükdə, cəmiyyətimizin
tərəqqisində qadınlar mühüm rol oynayır. Azərbaycanda
gender siyasəti çox önəmli xarakter
daşıyır. Bilirsiniz ki, bir müddət öncə,
Milli Məclis tərəfindən gender məsələləri
ilə əlaqədar "Qadınlara qarşı
zorakılığa yox deyək!" mövzusunda mühüm
tədbir keçirildi. Bu tədbirdə Azərbaycanın ən
fəal, ziyalı qadınları iştirak edirdilər. Fikrimcə,
bu tədbir zərif cinsin nümayəndələrinin
inkişafı, cəmiyyətdə rolunun daha da
artırılması baxımından əhəmiyyətlidir.
Gələcəkdə də belə tədbirlərin
keçirilməsi ümumi işimizə böyük fayda verə
bilər.
- Siz, eyni zamanda, elm-təhsil adamısınız.
Ölkəmizdə təhsilin inkişafını necə dəyərləndirirsiniz?
- Bu gün təhsil cəmiyyətin
prioritet sahələrindəndir. Bilirsiniz ki, digər sahələrin
inkişafı da, məhz təhsildən asılıdır.
Bütövlükdə, təhsil hər bir millətin gələcəyidir.
Bu gün Azərbaycanda təhsilin inkişafı və
dünya təhsil sisteminə inteqrasiyası yönündə
ciddi addımlar atılır, proqramlar icra olunur. Nəzərinizə
çatdırım ki, hazırda təhsillə bağlı
20-ə yaxın Dövlət Proqramı icra olunmaqdadır. Bu
fakt, dövlətimizin təhsilin inkişafına nə dərəcə
önəm verməsinin göstəricisidir. Sevindirici
haldır ki, ötən il "Təhsil haqqında" qanun qəbul
olundu. Bu qanun özündə ən mütərəqqi dəyərləri
birləşdirir və ölkəmizdə tədris işləri
bu sənədin tələbləri əsasında həyata
keçirilir.
Hesab edirəm ki, Azərbaycan
təhsili dünya təhsil sisteminə fəal şəkildə
inteqrasiya edir və bunun uğurlu nəticələrini
görməkdəyik. Artıq təhsilimiz öz inkişafının yeni mərhələsinə
qədəm qoyub.
Yeri gəlmişkən,
qeyd etmək istəyirəm ki, qadınlarımızın da
müasir biliklərə yiyələnməsi vacib amildir. Bələdiyyə
seçkiləri ərəfəsində bütün rayonlara
səfər etdik, yerlərdə problemlərlə
tanış olduq. Fikrimcə, ucqar yerlərdə gənc
xanımların təhsilə diqqətlərinin
artırılmasına ehtiyac var. Bu baxımdan, fəal
qadınlar həmin yerlərdə aktiv iş
aparmalıdırlar. Ümumiyyətlə, qadınların gələcək
fəaliyyətinə böyük inamla yanaşıram. Ana
kimi onlar övladlarının gələcəyində, təhsilində,
milli-mənəvi dəyərlərimizin qorunmasında
oynadıqları rolu bundan sonra da uğurla davam etdirəcəklər.
Nurlana Əliyeva
Səs.-2010.-11 fevral.- S.4.