Xocalı soyqırımından 18
il ötür
Bu faciənin ildönümü ilə
bağlı "Səs" qəzeti növbəti dəyirmi
masa keçirdi
Azərbaycan
Respublikası Prezident Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin sərəncamı ilə "Xocalı
soyqırımının on səkkizinci
ildönümünün keçirilməsinə dair tədbirlər
planı" təsdiq edilib. Tədbirlər planında Xətai
rayonunda, Naftalan şəhərində Xocalı
soyqırımı qurbanlarının xatirəsinə
ucaldılmış abidələrin önünə əklil
qoyulması, Xocalı sakinlərinin dünya dövlətlərinə,
xalqlarına və beynəlxalq təşkilatlara müraciətinin
yayılması, Azərbaycan Respublikasının xarici ölkələrdəki
səfirliklərində, nümayəndəliklərində və
diaspor təşkilatlarında bu dəhşətli hadisə
ilə bağlı mətbuat konfranslarının, anma mərasimlərinin
və s. keçirilməsi, xarici KİV və teleradio
kanallarında materialların hazırlanması və
yayılması nəzərdə tutulmuşdur.
Sənədə əsasən,
idarə və təşkilatlarda, teatr-konsert müəssisələrində,
sərgi salonlarında, ali və orta təhsil ocaqlarında
xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə
görüşlər və s. keçiriləcək, milli
azadlıq uğrunda mübarizəyə həsr olunmuş sənədli
və bədii filmlər nümayiş etdiriləcəkdir. Rəsmi
dövlət strukturları rəhbərlərinin, Milli Məclisin
deputatlarının və ziyalıların iştirakı ilə
xocalılıların müvəqqəti məskunlaşdıqları
şəhər və rayonlarda şəhid ailələrinə
yardım göstəriləcəkdir. İldönümü ərəfəsində
internet şəbəkəsində Xocalı
soyqırımını əks etdirən məlumatlar yeniləşdiriləcək,
ölkə televiziya və radio verilişlərində kütləvi
informasiya vasitələrində bu soyqırımı ilə
bağlı materiallar veriləcəkdir. Fevralın 26-da saat
17.00-da bütün ölkə ərazisində şəhid
xocalılıların xatirəsi bir dəqiqəlik sükutla
yad ediləcək, həmin gün təhsil müəssisələrində
ilk dərslər bu faciəyə həsr olunacaq.
"Səs" qəzeti,
ənənəvi olaraq, keçirdiyi dəyirmi masanın budəfəki
mövzusunu da, məhz Xocalı faciəsinin
ildönümünə həsr etmişdi. Dəyirmi masada
sabiq müdafiə naziri Rəhim Qazıyev, Azərbaycan Milli
Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun
Qarabağ tarixi şöbəsinin müdiri, tarix elmləri
doktoru Qasım Hacıyev, Xocalı rayon icra hakimiyyətinin
işçisi Nadir Rəşidov, şəhid atası və
Qarabağ əlili Qədim Abbasov,
veteran-döyüşçü Nazim Hüseynov, Azadlıq Hərəkatçıları
Birliyinin sədri Təhmasib Novruzov, Azərbaycan Respublikası
Beynəlmiləlçi Döyüşçülər
Fondunun sədri, Əfqanıstan və Qarabağ müharibəsinin
veteranı Sərraf Orucov, Dağlıq Qarabağ Bölgəsinin
Azərbaycanlı İcması İctimai Birliyinin üzvü
Bəxtiyar Əliyev, İslam Konfransı Gənclər
Forumunun əməkdaşı Elməddin Mehdiyev iştirak
edirdilər.
Dəyirmi masanı
giriş sözü ilə açan "Səs" qəzetinin
şöbə müdiri İlham Əliyev fevral ayının
birinci ongünlüyündən başlayaraq, sonuna qədər
xalqımız üçün faciəli günlərlə
yaddaqalan olduğunu söylədi. Qeyd etdi ki, 1987-ci ilin
fevralın 13-də Xankəndində ermənilərin ilk
separatçı mitinqlərə başlayıb. Bununla da
Qarabağın rus hərbi birləşmələri ilə qəsb
olunmasının əsasını qoyublar. 1992-ci ilin
fevralın 14-i və 15-də Qarabağın Qala Qapısı
adlanan Malıbəyli və Quşçular kəndləri erməni
işğalçıları tərəfindən
işğal olunub. Fevralın 25-dən 26-sına keçən
gecə isə ermənilər
Xocalıda insanlığa və bəşəriyyətə
qarşı soyqırım həyata keçirdilər:
"Erməni hərbi birləşmələri
keçmiş SSRİ-nin Xankəndində dislokasiya olunmuş
366-cı motoatıcı alayının ağır hərbi
texnikasının dəstəyilə Xocalıya hücuma
keçdilər. Artilleriya silahlarından, ağır hərbi
texnikadan açılan aramsız atəşlə
müşayiət olunan hücum nəticəsində
Xocalı mühasirəyə düşdü, yanğınlar
başlandı. Fevralın 26-sı səhər şəhər
alova bürünmüşdü. Həmin vaxt şəhərdə
olan təqribən 2 min 500 nəfərə yaxın əhali məcburi
şəkildə öz ev-eşiklərini ataraq, Ağdama
doğru hərəkət etdi. Lakin şəhəri tərk
etmək hamıya nəsib olmadı. Erməni hərbi birləşmələri
366-cı alayın köməyilə dinc əhaliyə
qarşı xüsusi qəddarlıqla cəza tədbirləri
həyata keçirdi. Ermənilər 613 nəfər azərbaycanlını
vəhşicəsinə qətlə yetirdilər. Onların
63-ü uşaq, 106-sı qadın, 70-i isə ahıl adam idi.
8 ailə bütövlükdə qətlə yetirildi. 487 nəfər
yaralandı. Yaralananların 76 nəfəri uşaq idi. Girov
götürülənlərin sayı 1275 nəfər təşkil
edir. 150 nəfərin aqibətindən isə hələ də
xəbər-ətər yoxdur. Dövlətə və vətəndaşlara
külli miqdarda - 5 milyard rubl dəyərində ziyan vuruldu
(01.04.1992-ci ilin qiymətləri ilə). XX əsrin genosid və
etnik təmizləmələr tarixində qanlı səhifələrdən
biri də Xocalı soyqırımıdır. Həmin hadisə
ilə bu və ya başqa cür əlaqəsi olan adamlar, hələ
ki, öz vicdanları qarşısında məsuliyyət
daşıyırlar. Lakin vaxt gələcək onlar tarixin məhkəməsi
qarşısında dayanacaqlar. Çünki tarix heç nəyi
unutmur".
İ.Əliyev o
dövrün qanlı olayları və Xocalı
soyqırımı ilə bağlı müzakirələrin
aparılmasının vacibliyini söylədi.
ÇÖRƏYİ VERTOLYOTLARLA YERƏ
TÖKÜRDÜLƏR Kİ, ƏHALİ ACINDAN ÖLMƏSİN
Nadir Rəşidov:
- Hadisələr 1989-cu ilin
fevral ayının 13-də başladı. Mən o vaxt Xankəndində
yerləşən 4 nömrəli orta məktəbdə
müəllim işləyirdim. Dərs zamanı izdihamlı səs-küy
yarandı ki, ermənilər müharibəyə
hazırlaşır və Qarabağ torpağını istəyir.
Beləliklə, bizim qara günlərimiz başladı. Həmin
vaxt Bakıdan göndərilən polis işçiləri bir
neçə gün burada qaldıqdan sonra geri
qayıtdılar. Dağlıq Qarabağda yaşayan azərbaycanlılar
ermənilərin və Moskvadan asayişi bərpa etmək
üçün göndərilən dəstənin ümidinə
qalmışdı. Onlar həm azərbaycanlıların, həm
də ermənilərin mənafeyini müdafiə etməli
idi. Amma bu, belə olmadı. Əslində, dəstə ermənilərin
keşiyini çəkdi və onlara xidmət etdi. Müəllim
yoldaşlarımla birlikdə Bakıya milli təhlükəsizlik
orqanlarına və digər bir sıra yuxarı qurumlara
müxtəlif formalarla müraciət etdik. Vəziyyətin
çətinləşdiyi barədə onlara məlumat
verirdik. Orada yaşayan azərbaycanlıların taleyini ciddi
fikirləşən olmadı. Müəyyən nazirlər və
dövlət adamları buraya baş çəkirdi, lakin vəziyyətlə
bağlı heç bir ölçü
götürmürdülər. Həmin ildə Dağlıq
Qarabağın bütün ərazisində tikinti işləri
gedirdi, abadlıq işləri aparılırdı və yeni
evlər tikilirdi. O zaman Bakı görürdü ki, erməni
kəndləri qazdan istədiyi qədər istifadə edir,
lakin Xocalı qazsız qalmışdı. Sonradan
canıyananlıq edərək, qaz və rabitə sistemi
çəkməyə başladılar. Sakinlər
Bakıdakı ölkə rəhbərliyinə müraciət
edirdi ki, bu cür problemlərə dözmək olar. Çalışın,
nəyin bahasına olursa-olsun, bizi burada saxlayın. Əgər
nə vaxtsa, ermənilər bizi buradan çıxartsalar, onda
ayağımız bir daha bu torpağa dəyməyəcək.
Ölkə rəhbərliyi vəziyyətin qarşısını
alacaqlarını dəfələrlə bildirsələr də,
bunun nəticəsi olmadı. Ermənilər Xankəndində
olan zaman azərbaycanlılara, niyə bizim torpaqdan
çıxıb getmirsiniz, hələ də
buradasınız, deyə soruşurdular. Bununla bizə təsir
edə bilməyəcəklərini anlayan ermənilər əhalini
güllələməyə başladılar. Artıq 1989-cu
ilin may-iyun aylarında vəziyyət daha da gərginləşdi.
Xankəndi dağılmağa başladı və hərə
bir tərəfə üz tutdu. 1990-cı ildə ermənilər
daha böyük həyasızlıqlara əl atdılar və
bir-bir kəndləri yandırmağa başladılar. Onlar bizə
bildirirdilər ki, buradan öz xoşunuzla
çıxmasanız, qarlı gecədə ayaqyalın
çıxmağa məcbur olacaqsınız. Doğrudan da
belə oldu. Xocalı ətrafındakı bütün Azərbaycan
kəndləri alındıqdan sonra, Xocalı mühasirəyə
düşdü. Həmin vaxt Xocalıda vəziyyət çox
acınacaqlı olması ilə yanaşı, ətraf ərazilərlə
əlaqə saxlamaq heç cür mümkün deyildi. Çörəyi
vertolyotlarla yerə tökürdülər ki, əhali
acından ölməsin. Dağlıq Qarabağda azərbaycanlıların
yaşadığı hər bir qəsəbənin ətrafı
ermənilərlə dolu idi. Ona görə də bir kənddə
baş verən hadisəyə
digər kənd müdaxilə edə bilmirdi. Ermənilər
hər cür silahla təmin olunmuşdular. Bizdə isə,
sadəcə, ov tüfəngi var idi. Yadımdadır ki, həmin
ov tüfənglərini də 1988-ci ildə Xankəndinə gələn
məmurlar bizdən
yığdılar.
"Səs" qəzetinin əməkdaşı:
- O vaxt Azərbaycanda müdafiə naziri kimi idi?
Nadir Rəşidov:
- Dəqiq yadımda deyil. Yəni,
son ana qədər ümidimizi itirməmişdik. Yuxarı dairələr
əhaliyə yalandan təskinlik verirdi. Ağdamla Xocalı
arasında Əsgəran deyilən kiçik bir qəsəbə
var idi. Əgər həmin qəsəbə
açılsaydı, Ağdamla Xocalı arasında əlaqə
yaratmaq mümkün olardı. Beləliklə, Xocalını
yaşatmaq olardı. İnsanların əli hər yerdən
üzülmüşdü. Belə olsa da, biz son ana qədər
orada duruş gətirdik. Çünki Vətən
torpağı bizə güc, qüvvət verirdi. 1992-ci ilin
fevral ayının 25-də 366-cı motoatıcı alayın
köməyi ilə ermənilər Xocalıya böyük həmlələr
yetirdilər. Xocalı işğal olundu, yüzlərlə
günahsız insan vəhşicəsinə qətlə
yetirildi. İnsanlara olmazın işgəncələr verdilər,
nə qədər adam itkin və əsir düşdü,
soyuqdan dondu. İtkin düşənlərin taleyi barədə
bu günə qədər heç bir məlumat yoxdur. Bizim
keçirdiyimiz hisslərin üçdə-birini Bakıda
oturanlar keçirsəydi, bəlkə də, Xocalının
başına bu işlər gəlməzdi. Heç kim darda
qalan Xocalı haqqında fikirləşmirdi və ya fikirləşmək
istəmirdi.
"Səs" qəzetinin əməkdaşı:
- Əgər ermənilər
Azərbaycan torpaqlarını işğal etmək haqqında
fikirləşirdisə, Bakıda isə hakimiyyət
uğrunda savaş gedirdi. Siz o zamankı Xalq Cəbhəsinin rəhbərlərindən biri kimi,
proseslərdə fəal iştirak edirdiniz. Torpaqların
itirilməsi prosesində kimi günahkar sayırsınız?
DÜNYA DÖVLƏTLƏRİ DAĞLIQ QARABAĞ
HADİSƏLƏRİNİN KÖKÜNÜN HARADAN
QAYNAQLANDIĞINI BİLİR
Təhmasib Novruzov:
- Sözümün
arxasından heç vaxt qaçmamışam. Dünən
Azadlıq Hərəkatçıları Birliyinin idarə heyətində
dünya dövlətlərinə, beynəlxalq ictimaiyyətə
müraciət qəbul etmişik. Bəzən deyirik ki, belə
müraciətlərin nə əhəmiyyəti var? Mənə
elə gəlir ki, həm dövlət və hökumət
orqanları, həm də ictimai qurumlar Dağlıq Qarabağ
məsələsində birmənalı mövqe
nümayiş etdirməlidir. Hamımız dünyanın
açıq-aşkar yürütdüyü bu ikili standarta
qarşı öz səsimizi ucaltmalıyıq. Təkcə
Azərbaycanda yaşayan azərbaycanlılar yox, eyni zamanda,
bütün dünya azərbaycanlıları bu işdə
yaxından iştirak etməlidir. Müraciətin qısa məzmunu
da bundan ibarətdir ki, 22 il bundan öncə, başlayan bu
hadisənin ağır nəticələri hələ də
qalmaqdadır. Dağılmaqda olan imperiya müxtəlif ərazilərdə
öz nüfuzunu qoruyub saxlamaq üçün bu cür hadisələr
törədirdi. Bu da Rusiyanın gələcəyə
planlaşdırdığı siyasətin tərkib hissəsi
idi. Onlar Qafqazı öz nüfuz dairəsində saxlamaq
üçün belə bir oyun qurmalı idilər. 1987-ci ilin
noyabr ayında Heydər Əliyev SSRİ Siyasi Büro
üzvlüyündən kənarlaşdırıldıqdan təxminən
10-12 gün sonra Fransada çıxış edən Aqanbekyan
rəsmi bəyanat verdi ki, Dağlıq Qarabağ Ermənistanla
iqtisadi cəhətdən daha sıx əlaqəli olduğuna
görə, o, Azərbaycanın tərkibinidən
çıxarılaraq, Ermənistana qatılmalıdır.
Qeyd edim ki, Aqanbekyan sadə erməni deyildi, o, SSRİ-nin
birinci şəxsi Mixail Qorbaçovun müşaviri idi. O
zaman ağ Daşnaksütyun bayraqları Kür
qırağının sahillərinə qədər müxtəlif
yerlərə sancılırdı. Biz onları tapıb
çıxarır və yandırırdıq. Bir neçə
gündən sonra, bu bayraqlar başqa yerlərə
sancılırdı. Yəni, artıq ermənilər 1987-ci
ilin sonunda bu cür hərəkətlərə
başlamışdılar. 1988-ci ilin yanvar ayında
qarşı tərəfə cavab olaraq, Sosialist Əməyi Qəhrəmanı
Süleyman Rüstəmin və Sovet İttifaqı Qəhrəmanı
Ziya Bünyadovun imzası ilə "Ədəbiyyat və
İncəsənət" qəzetində bir məqalə dərc
olundu. Bu məqalə həm Aqanbekyana, həm də Zori
Balayana cavab oldu. Bundan sonra 1988-ci ilin fevral ayının 13-də
Xankəndində ilk mitinq
başlandı. Bununla da qarşıdurmanın bünövrəsi
qoyuldu. O zamandan bu günədək Qarabağ hadisələri
bütün dünyanın diqqətindədir. Bütün
dünya dövlətləri və ictimaiyyəti bu hadisələrin
kökünün haradan qaynaqlandığını bilir.
Bildiyinə baxmayaraq, həm beynəlxalq təşkilatların, həm də iri dövlətlərin
məsələyə ikili standartlardan yanaşmasını
hamı görür. Buna etiraz səsimizi
qaldırmalıyıq.
(Ardı var)
Kübra ƏLİYARLI,
Sevinc NƏZƏROVA
Səs.-2010.-11 fevral.- S. 8-9.