“Şəkidən
dünyaya"
Şəhərin mərkəzi
parkında xalq şairi Bəxtiyar Vahabzadənin büstünün
açılışına həsr olunmuş mərasim keçirilib.
Şəhərdəki "Qrand" şadlıq sarayında Şəki şəhər icra hakimiyyəti və "Qafqaz" Universitetinin birgə hazırladıqları "Şəkidən dünyaya" adlı tədbirin əvvəlində şairin xatirəsinə həsr olunmuş film nümayiş etdirilib.
Tədbirdə çıxış edən şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova bildirib ki, Azərbaycan poeziyasının nəhəng simalarından biri olan xalq şairi Bəxtiyar Vahabzadənin vəfatından düz bir il keçir. B.Vahabzadənin yaradıcılığı bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. O. Vətəninə, doğulduğu yerə, soya bağlı bir insan idi. Şair anadan olduğu yurdu - Şəkini çox sevirdi. Yaratdığı hər bir əsərdə Şəkiyə xas olan kolorit, iti və ağıllı zəka, dərin düşüncə özünü göstərirdi. O, hər il bütün yay fəslini doğulduğu, möhkəm bağlı olduğu ata yurdunda, bu qədim şəhərdə keçirirdi. Bu gün isə şair öz doğma şəhərinə bir qədər tez - qışda gəlib, lakin həmişəlik gəlib. Şəkililərin, doğmalarının, əzizlərinin yaddaşında həmişəlik qalmaq üçün gəlib.
Tədbirdə "Qafqaz" Universitetinin rektoru Əhməd Sanıç, Bakı Dövlət Universitetinin professorları Qara Namazov, Fərman İsmayılov, xalq şairi İlyas Tapdıq, "Qafqaz +" jurnalının redaktoru Ramazan Qafarlı, şəkili iş adamı Cavanşir Feyziyev və başqaları çıxış edərək Bəxtiyar Vahabzadənin Azərbaycan söz sənətinin inkişafındakı böyük xidmətlərindən danışmış, onun yaradıcılığının müxtəlif məqamlarına toxunmuş, şairlə bağlı xatirələrini bölüşmüşlər.
Həmin gün şəhərin mərkəzi parkında xalq şairi Bəxtiyar Vahabzadənin büstünün açılışına həsr olunmuş mərasim keçirilib. Mərasimi giriş sözü ilə açan Şəki şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimov bildirib ki, bu gün Şəkinin mədəni həyatında çox əlamətdar bir gündür. Xalqımızın sevimlisi, XX əsr Azərbaycan söz sənətinin zirvəsində dayanan xalq şairi, akademik Bəxtiyar Vahabzadənin büstünün açılışıdır. Bu gün bu tədbirdə iştirak edən hər bir kəsi yalnız bir istək birləşdirir: şairimizə hörmət, ehtiram və məhəbbət. Bu da təbiidir. Ona görə ki, Vahabzadə həmişə xalqın düşüncə və arzuları, hiss və duyğuları, istək və maraqları ilə yaşamışdır. Onun zəngin yaradıcılığı poeziyamızın, şeirimizin cövhəri olmuşdur.
Mərasimdə çıxış edən Azərbaycan Respublikası baş nazirinin müavini Abid Şərifov bildirib ki, bu gün biz doğma şəhərimizin mədəni həyatında yaddaqalacaq daha bir əlamətdar tədbirə toplaşmışıq. Azərbaycan klassik ədəbiyyatına dahi, mütəfəkkir Mirzə Fətəli Axundzadə başda olmaqla bir çox görkəmli simalar bəxş etmiş Şəkidə bu gün poeziyanın daha bir təntənəsi qeyd olunur. Dünyanın müxtəlif dillərinə tərcümə edilmiş, dəyərli əsərləri ilə müasir Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlər göstərmiş mərhum şairimiz Bəxtiyar Vahabzadənin xatirəsinin gələcək nəsillər üçün əbədi qorunub saxlanması, daim yad edilməsi naminə Şəkidə böyük şairin büstünün açılışında iştirak edirik. Təəssüf ki, sevimli şairimiz özü artıq aramızda yoxdur. Lakin onun xatirəsini yad etmək bizim müqəddəs borcumuzdur. Fevralın 13-də, mərhum şairimizin vəfatının birinci ildönümündə Bakıda Fəxri Xiyabanda onun qəbirüstü abidəsinin də açılışı olacaqdır. Bu, böyük şairimizə, el ağsaqqalımıza, görkəmli ictimai xadimə möhtərəm Prezidentimiz İlham Əliyev başda olmaqla, Azərbaycan dövlətinin, hökumətinin xalqına böyük sevgisinin, diqqət və qayğısının təzahürüdür.
Zümrüd
Səs.-2010.-12 fevral.- S.12.