Azərbaycan müasir incəsənətinin
təbliğatçısı
Leyla Axundzadənin
işıqlı xatirəsi hər zaman qəlblərdə
yaşayacaq
Azərbaycan Respublikanının əməkdar incəsənət xadimi, tanınmış sənətşünas, professor Leyla Cəmil qızı Axundzadə 2010-cu il fevralın 10-da faciəvi şəkildə vəfat etmişdir. Leyla Axundzadə 1953-cü il iyun ayının 21-də anadan olmuşdur. 1975-ci ildə M.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinin sənətşünaslıq şöbəsini bitirmişdir. Sənətşünaslıq namizədi (1984), Azərbaycan Rəssamlar İttifaqının üzvü (1978), "Zamanın qanadları" yaradıcılıq assosiasiyasının direktoru (2000) olmuşdur. 1975-1984-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun təsviri incəsənət şöbəsinin əməkdaşı olmuşdur. 1990-cı ildən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin təsviri incəsənət tarixi kafedrasının, 2000-ci ildən isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təsviri incəsənət tarixi kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Leyla Axundzadə müasir Azərbaycan incəsənətinin problemlərindən bəhs edən, Azərbaycan, Türkiyə, Almaniya, İtaliya və Rusiyada nəşr olunmuş 40-dan çox məqalənin, həmçinin, incəsənət ixtisaslı tələbələr üçün nəzərdə tutulmuş çoxsaylı tədris proqramlarının müəllifidir. Türkiyədə, Fransada, Gürcüstanda, İtaliyada, Serbiyada keçirilən beynəlxalq simpozium və konfransların iştirakçısı olmuşdur.
Leyla Axundzadə müasir incəsənət formalarının inkişafı və Azərbaycan incəsənətinin təbliğ olunması işinə böyük töhfələr vermişdir. O, 2000-ci ildə gənc rəssamları, sənətşünasları və musiqiçiləri birləşdirən "Zamanın qanadları" adlı yaradıcılıq Assosiasiyasını yaratmışdır. Onun tərəfindən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri üçün müasir fotoqrafiya, videoart, aparıcı Avropa və Amerika rəssamları haqqında treninqlər təşkil olunmuşdur. Assosiasiyasının üzvləri Almaniya, Rusiya, Fransa, Serbiya, Yunanıstan, Norveç, Türkiyə, İtaliya və digər ölkələrdə təşkil olunan beynəlxalq sərgilərdə uğurla iştirak etmişdir.
Azərbaycanda ilk dəfə 2003-cü ildə "Alüminium" Beynəlxalq Müasir İncəsənət Biennalesinin təşəbbüsskarı və təşkilatçısı olmuşdur. 2005, 2007, 2009-cu illərdə "Alüminium" Beynəlxalq Müasir İncəsənət Biennalesinin uğurla keçirilməsində əvəzsiz xidmətlər göstərmişdir. Azərbaycan incəsənətinin dünyada tanıdılması və təbliğ edilməsi istiqamətində 2007, 2009-cu illərdə beynəlxalq aləmdə məşhur olan mədəniyyət layihəsi - İtaliyada Venesiya Biennalesində Azərbaycan pavilyonunun təşkilatçısı və kuratoru olmuşdur. L.Axundzadə Azərbaycan müasir incəsənətinin beynəlxalq aləmdə təbliğində və eyni zamanda, dünya incəsənətində baş verən mədəni proseslərin Azərbaycanda tanıdılması işində böyük rol oynamış, Azərbaycan incəsənətinin ənənələrini isə xarici ölkələrin müxtəlif xalqlarının nümayəndələrinə sevdirə bilmişdir.
Amansız ölüm Leyla xanımı bizim aramızdan apardı. Onun yoxluğu ilə barışmaq çox çətindir. Lakin bir təsəllimiz var - nəcib insan, gözəl xanım, peşəkar sənətkar Leyla Axundzadənin işıqlı xatirəsi hər zaman qəlblərdə və yaddaşlarda yaşayacaq.
Allah rəhmət eləsin!
Zümrüd
Səs.-2010.-12 fevral.- S.12.