Xocalı soyqırımı

 

XX əsrin ən dəhşətli faciəsi

 

"Xalqımızın qəhrəman, igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq, şəhid oldular. Ancaq bütün bu tarixin içində Xocalı faciəsinin xüsusi yeri var. O da ondan ibarətdi ki, bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır - vəhşiliyin görünməmiş bir təzahürüdür."

 

Heydər Əliyev

 

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olubdur. Ümummilli liderimiz Heydər Əliyev Xocalı soyqırımının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".

 

Millət vəkili Tahir Süleymanov Xocalı soyqırımını XX əsrin ən dəhşətli faciəsi olduğun söylədi:

 

-Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıbdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovularaq, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunubdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması hələ sovet dövründə də davam edirdi. Belə ki, 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirildi. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloqlarının "dənizdən-dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir. Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Rusiyanın "Memorial" hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən, 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır.

Qeyd edim ki, ulu öndərimizin səyi ilə faciə lokal məkandan çıxaraq beynəlxalq səviyyədə tanınmağa başlandı. Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyəti yetərincə məlumat əldə etdi. Xaricdə yaşayan soydaşlarımız bu işə cəlb olundu. Sonucda isə erməni təcavüzü, onun işğalçı siyasəti, Azərbaycan xalqına qarşı törətdiyi vəhşilik, bir sözlə, o günə qədər dünyaya naməlum qalan çox həqiqətlər gün işığına çıxdı. Azərbaycan həqqətlərinin dünyaya çatdırılması, beynəlxalq təşkilatların diqqətinin regiona yönəldilməsi və Ermənistanın bölgədə apardığı təcavüzkar siyasət ifşa olundu. Xocalı soyqırımı Avropada, Amerika Birləşmiş Şatatlarında qeyd edilir. Bu cinayət qəti şəkildə pislənir. Bu, ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliklə istiqamətləndirdiyi təbliğatın ölkə Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətinin nəticəsidir.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.-2010.-13 fevral.- S.5.