Azərbaycan Qızıl Aypara Cəmiyyəti
90 illik fəaliyyəti dövründə şərəfli
yol keçib
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun yap.orq.az-a
müsahibəsi
- Novruz müəllim, bu il Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaradılmasının 90 illiyi tamam olur. İstərdik ki, 90 illik yubileyini qeyd edən təşkilatın
keçdiyi yol və bugünkü fəaliyyəti haqqında
ətraflı məlumat verəsiniz.
- Bildiyiniz kimi, Qızıl
Aypara Cəmiyyəti 1920-ci ildə təsis edilmişdir. Azərbaycan
Xalq Cümhuriyyətinin müdafiə naziri əvəzi Əliağa
Şıxlinski tərəfindən hökumətə cəmiyyətə
maddi yardım edilməsi haqqında müraciət
olunmuşdur. O vaxtkı hökumətə rəhbərlik edən
Fətəli xan Xoyski tərəfindən isə bu təşəbbüs
dəyərləndirildikdən sonra müvafiq addımlar
atılmış və cəmiyyətə, ilk dəfə
olaraq, dövlət tərəfindən yardım
ayrılmışdır. Bu tarixi hadisəni nəzərə
alaraq, Qızıl Aypara Cəmiyyətinin tarixi 1920-ci il
martın 10-dan başlayır. Xalq Cümhuriyyətinin
süqutundan sonra Qızıl Aypara Cəmiyyəti sovet
hökumətinin tərkibində fəaliyyət göstərib.
Bu dövrdə də cəmiyyətin çox böyük
uğurları olmuşdur.
Bilirsiniz ki, istənilən
ictimai təşkilatın fəaliyyətini yüksək səviyyədə
qurması üçün, ilk növbədə, maliyyə mənbələrinə
ehtiyac duyulur. Maliyyə resursları olmasa, hansısa ictimai təşkilatın,
o cümlədən, qeyri-hökumət təşkilatının
fəaliyyəti mümkün deyil. Yeri gəlmişkən,
qeyd etmək istəyirəm ki, sovet hakimiyyəti
dövründə dövlət büdcəsinin təxminən
1 faizi Qızıl Xaç və Qızıl Aypara cəmiyyətlərinin
maliyyələşməsinə yönəldilirdi. O cümlədən,
cəmiyyətin böyük klinikaları, xəstəxanaları,
böyük kursları, mərkəzləri fəaliyyət
göstərirdi. 1940-ci ildə isə Stalinin əmrinə əsasən,
bütün bu strukturlar cəmiyyətin balansından
ayrılaraq, Səhiyyə Nazirliyinə verilmişdi. Buna
baxmayaraq, mən hesab edirəm ki, II Dünya müharibəsində
Qızıl Aypara Cəmiyyətinin üzvlərinin çox
böyük xidmətləri olmuşdur. Müharibə nəticəsində
yaralanmış, əlil olmuş insanlara cəmiyyət tərəfindən
böyük köməkliklər göstərilmişdir, həmin
insanlar müxtəlif xidmətlərlə təmin
olunmuşdur.
1991-ci ildə Azərbaycan Respublikasının müstəqillik qazanmasından sonra Qızıl Aypara Cəmiyyətinin fəaliyyətində yeni bir dövr başladı. Cəmiyyət fəaliyyətini müstəqil şəkildə qurmağa başladı. Təbii ki, müstəqilliyimizin ilk illərində yaşadığımız olaylar, dövlətimizin üzləşdiyi problemlər bizim də fəaliyyətimizə mənfi təsir göstərmişdir. Lakin Ulu Öndər Heydər Əliyevin ölkəmizdə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra, məhz Onun diqqət və qayğısı nəticəsində Qızıl Aypara Cəmiyyəti daha effektiv fəaliyyət göstərməyə başladı. 1994-cü ildə Ulu Öndərin təşəbbüsü ilə Qızıl Aypara Cəmiyyəti dövlət tərəfindən rəsmən tanındı və Milli Məclis müvafiq qərar qəbul etdi. Bu qərardan sonra beynəlxalq qurumlar, o cümlədən, Beynəlxalq Qızıl Xaç Komitəsi, Beynəlxalq Qızıl Xaç və Aypara Federasiyası bizi tam bərabərhüquqlu üzvlüyə qəbul etdi. Təbii ki, bu, çox böyük bir addım idi. Bilirsiniz ki, həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü nəticəsində yüz minlərlə vətəndaşımız öz dədə-baba torpaqlarından didərgin düşmüşdü. Onların məskunlaşdırılması üçün Sabirabad, Saatlı, İmişli rayonlarında çadır şəhərcikləri Beynəlxalq Qızıl Xaç və Aypara Federasiyası tərəfindən qurulmuşdu. Həmçinin, həmin insanlar 7 il ərzində ərzaq yardımı ilə təmin olunmuşdu. Təbii ki, biz beynəlxalq federasiyanın üzvü olmasaydıq, bu beynəlxalq donorların yardımlarından məhrum olardıq. Nəzərə alsaq ki, o vaxtkı imkanlarımız bugünkü səviyyədə deyildi, iqtisadi vəziyyətimiz yaxşı deyildi, müharibə vəziyyəti davam edirdi. Məhz belə bir şəraitdə, bu yardımların bizim üçün nə qədər əhəmiyyətli olduğunu daha yaxşı dərk edə bilərik. Məlum olduğu kimi, sonrakı illər ərzində xalqımızın Ümummilli Lideri Heydər Əliyev öz dərin dövlətçilik təcrübəsinə və siyasi səriştəsinə arxalanaraq, bu problemlərin hər birini aradan qaldırdı, dövlətimizi inkişaf yoluna çıxardı, stabil, sabit bir cəmiyyət quruculuğu prosesi uğurla davam etdirildi və bizim üçün də yeni fəaliyyət müstəvisi, fəaliyyətimizi daha effektiv qurmaq imkanları yarandı.
- Azərbaycan dövlətinin cəmiyyətə
göstərdiyi dəstək haqqında nə deyə bilərsiniz?
- Sevindirici haldır ki, Ulu Öndərin siyasi kursu cənab Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir və biz bu gün də dövlət qayğısı ilə əhatə olunmuşuq. Xatırlatmaq istəyirəm ki, 2004-cü il yanvarın 31-də Azərbaycan Prezidenti İlham Əliyev Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında müvafiq Sərəncam imzaladı. Sənəddə müvafiq dövlət strukturlarına cəmiyyətimizlə əməkdaşlıq etmək tapşırığı verilib. Təbii ki, bu Sərancam bizə daha geniş imkanlar yaratdı. Həmçinin, 2007-ci ildə mayın 8-də Milli Məclisdə Qızıl Aypara Cəmiyyəti haqqında qanun qəbul olundu. Biz öz fəaliyyətimizi həmin qanuna əsasən, tənzimləyirik. Yeri gəlmişkən, qeyd edim ki, bu qanunun qəbul olunması təşəbbüsünü də, məhz Prezident İlham Əliyev irəli sürmüşdür. Həm bu, həm də sadaladığım digər faktlar cənab Prezidentin bizim işimizə verdiyi yüksək qiymətin, diqqət və qayğının təzahürüdür. Bu qayğı bizim sıralarımızın genişlənməsinə də şərait yaradıb. Bu gün artıq bizim üzvlərimizin sayı 260 mini ötmüşdür. Eyni zamanda, dövlətimizin diqqət və qayğısı nəticəsində, bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyəti MDB dövlətləri sırasında ən inkişaf etmiş, ən yaxşı təchiz olunmuş milli cəmiyyətlərdən biridir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin hökumətlə münasibətləri çox nümunəvidir və bir çox ölkələr bu münasibətləri öz təcrübələrində tətbiq edirlər. 2003-cü ildə bizim qəbul etdiyimiz nizamnamə də kifayət qədər əhatəli, geniş olmaqla, beynəlxalq tələblərə cavab verir. Hətta Almaniya, Rusiya, Özbəkistan, Qırğızıstan, Belorus kimi ölkələr öz nizamnamələrini hazırlayarkən, bizim nizamnaməmizi əsas götürüblər. Bu gün Qızıl Aypara Cəmiyyəti Azərbaycanda yeganə qeyri - hökumət təşkilatıdır ki, 260 mindən artıq üzvü var, yeganə təşkilatdır ki, 90 yaşı var və Azərbaycanın hər bir yerində regional bölmələri var. Bizim rayonlarda 83 bölməmiz və 7 regional mərkəzimiz fəaliyyət göstərir və hər bir rayonda bizim bayrağımız dalğalanır.
- Təşkilatın 90 illik
yubileyi ilə bağlı hansı layihələr
keçirilir?
- Biz artıq 90 illik yubileyimizə hazırlıq işlərinə başlamışıq. Biz bütün regionlarda yubiley mərasimləri keçiririk. Artıq Sumqayıtda, Xaçmazda, İsmayıllıda belə tədbirlərimiz baş tutub. Gələcəkdə daha böyük tədbirlərimiz olacaq.
- Ümumiyyətlə, cəmiyyət
hal-hazırda hansı layihələri həyata keçirməkdədir?
- Strateji planlarımıza uyğun olaraq, bizim gələcəyimiz olan gənclərimizlə bağlı layihələrə üstünlük veririk. Bu istiqamətdə bir çox proqramlarımız var. Bu proqramlardan biri "Qan donoru" proqramıdır. Bu layihəmiz Norveç hökuməti və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən dəstəklənir. Bu proqrama uyğun olaraq, müxtəlif xəstəliklərə düçar olmuş və qana ehtiyacı olan gənclərimizə yardım edirik. Biz 2002-ci ildən bəri bu layihəni həyata keçiririk və Səhiyyə Nazirliyi ilə bu istiqamətdə əməkdaşlıq edirik. O cümlədən, dünya dövlətləri üçün də ciddi təhlükə olan QİÇS xəstəliyinə, narkomaniyaya qarşı mübarizə istiqamətində də bir sıra layihələr həyata keçiririk. Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birgə "Təhlükəsiz oyun meydançaları" layihəsini reallaşdırmaqdayıq. Bu layihə, xüsusən, Ermənistanın işğal etdiyi ərazilərimizə yaxın bölgələrdə, cəbhə bölgəsində yerləşən yaşayış qəsəbələrimizdə uşaqlarımız təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Biz Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birgə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş insanların axtarılması və onların haqqında məlumatlar toplanması yönündə də fəaliyyət göstəririk. Bu barədə məlumatları Dövlət Komissiyasına ötürürük. Həmçinin, tibbi sahədə də böyük layihələrimiz var. İnsanları xəstəlikdən necə qorunmağın yolları haqqında bilgilər, məlumatlar veririk, təbliğat aparırıq.
- Qeyd etdiniz ki, itkin
düşmüş insanlarla bağlı məlumatlar
toplayırsınız. Məlumdur ki, ermənilər tərəfindən
girov götürülmüş mülki şəxslər də
var. Bu istiqamətdə hansı tədbirlər
görülür?
- Bu işlə birbaşa olaraq, Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı Nümayəndəliyi məşğul olur. Bu məsələ bizim cəmiyyətimizin mandatına aid deyil. Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Azərbaycan Əsir və İtkin Düşmüş Girov Götürülmüş İnsanlarla İş üzrə Dövlət Komissiyası arasında olan anlaşmaya əsasən, üçüncü tərəf kimi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti məlumat toplayır. Yəni, onların taleyi ilə, qaytarılması işi ilə Qızıl Xaç Komitəsi məşğul olur.
- Ümumiyyətlə, bu sahədə
qanunvericiliyi necə qiymətləndirirsiniz? Beynəlxalq
standartlar baxımından, cəmiyyətin fəaliyyəti
üçün hüquqi baza qənaətbəxşdirmi?
- Bəli, kifayət qədər mükəmməl qanunvericilik bazası mövcuddur. Biz bu sahədə beynəlxalq təcrübəni də öyrənmişik. Məsələn, Ukraynada Qızıl Xaç Komitəsi haqqında qəbul olunmuş qanuna əsasən, onlara hökumət tərəfindən daha çox imtiyazlar verilir. Təbii ki, milli cəmiyyətin müəyyən imtiyazlarının olması müsbət haldır. Lakin bizim qanun ondan və digərlərindən fərqli olsa da, öz müsbət keyfiyyətlərinə görə, digərlərindən seçilir. Biz qanunu hazırlayarkən, bütün şərtləri nəzərə almışıq. Bizə dövlət tərəfindən maliyyə dəstəyi verilir. Bu yardım bizim əməkdaşlarımızın əməkhaqqlarının ödənilməsinə yönəlmişdir. Üzvlük haqqlarından əldə olunan vəsaitlər isə birbaşa humanitar yardımlara yönəldilir. Eyni zamanda, donorlar da müəyyən qədər vəsaitlərin maliyyələşməsinə yardım göstərir. Qanunda nəzərdə tutulmuş bu məsələ bizə maliyyə müxtəlifliyinin təmin olunmasına şərait yaradır.
- Novruz müəllim, siz, eyni
zamanda, Milli Məclisin deputatısınız. Deputat kimi, yəqin
ki, seçicilərinizlə tez-tez təmasda olursunuz.
Ümumiyyətlə, seçicilərlə iş hansı səviyyədədir,
onları hansı məsələlər maraqlandırır?
- Seçicilərim də bunu təsdiqləyə bilər ki, mən daim seçicilərlə ünsiyyətdə oluram. Artıq 5-ci ildir ki, deputat kimi fəaliyyət göstərirəm və bu müddət ərzində, mən demək olar ki, hər həftə seçildiyim İsmayıllı rayonuna getmişəm, seçicilərimlə görüşlər keçirmişəm, onların problemləri ilə yaxından tanış olmuşam, rayon icra hakimiyyəti ilə müxtəlif layihələr həyata keçirmişik. Mən hər il deputatlıq fəaliyyətim haqqında hesabatlar dərc etdirirəm, o cümlədən, ötən il üçün də fəaliyyət haqqında hesabat hazırlamışam. Hesabatı təkcə jurnalistlərə, vətəndaşlara yox, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpuslara da təqdim edirəm. Bir məqamı diqqətinizə çatdırmaq istəyirəm ki, mənə olan müraciətlərin 75 faizi icra olunubdur. Digərləri həll olunmaqdadır. Müəyyən hissəsi isə həlli mümkün olmayan məsələlərdir. Mənə ünvanlanan müraciətlər sırasında ən çox üzləşdiyimiz problemlərdən biri uşaqların sağlamlığıdır. Bir millət vəkili kimi, bu, məni çox narahat edir. Başqa bir məsələ isə, ailələrin maddi vəziyyətinin aşağı olması səbəbindən bəzi uşaqların ali təhsil almaqda çətinlik çəkmələridir. Təbii ki, mən imkanımız daxilində və dostlarımızın, xeyirxah insanlarımızın köməyi ilə bu tip problemlərin aradan qaldırılması üçün müəyyən işlər görə bilirik. Mən çox sevinirəm ki, şərəfli bir vəzifə daşıyıram. Mənim həmişə ən əsas məqsədim seçicilərimin etimadını doğrultmaqla bərabər, onların məhəbbətini qazanmaq olub. Bu gün mən inanıram ki, o insanların məhəbbətini qazana bilmişəm. Hiss edirəm ki, onlar mənə daha çox məhəbbətlə yanaşırlar və bu, məni çox ruhlandırır, həvəsləndirir.
Səs.- 2010.- 13 fevral.- S. 7.