Xocalı soyqırımından 18
il ötür
Bu faciənin ildönümü ilə
bağlı "Səs" qəzeti növbəti dəyirmi
masa keçirdi
(Əvvəli ötən
sayımızda)
Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sərəncamı ilə "Xocalı soyqırımının on səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı" təsdiq edilib. Tədbirlər planında Xətai rayonunda, Naftalan şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması, Xocalı sakinlərinin dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlara müraciətinin yayılması, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində və diaspor təşkilatlarında bu dəhşətli hadisə ilə bağlı mətbuat konfranslarının, anma mərasimlərinin və s. keçirilməsi, xarici KİV və teleradio kanallarında materialların hazırlanması və yayılması nəzərdə tutulmuşdur.
Sənədə əsasən, idarə və təşkilatlarda, teatr-konsert müəssisələrində, sərgi salonlarında, ali və orta təhsil ocaqlarında xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər və s. keçiriləcək, milli azadlıq uğrunda mübarizəyə həsr olunmuş sənədli və bədii filmlər nümayiş etdiriləcəkdir. Rəsmi dövlət strukturları rəhbərlərinin, Milli Məclisin deputatlarının və ziyalıların iştirakı ilə xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda şəhid ailələrinə yardım göstəriləcəkdir. İldönümü ərəfəsində internet şəbəkəsində Xocalı soyqırımını əks etdirən məlumatlar yeniləşdiriləcək, ölkənin televiziya və radio verilişlərində kütləvi informasiya vasitələrində bu soyqırımı ilə bağlı materiallar veriləcəkdir. Fevralın 26-da saat 17.00-da bütün ölkə ərazisində şəhid xocalılıların xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, həmin gün təhsil müəssisələrində ilk dərslər bu faciəyə həsr olunacaq.
"Səs" qəzeti, ənənəvi olaraq, keçirdiyi dəyirmi masanın budəfəki mövzusunu da, məhz Xocalı faciəsinin ildönümünə həsr etmişdi. Dəyirmi masada sabiq müdafiə naziri Rəhim Qazıyev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyev, Xocalı rayon icra hakimiyyətinin işçisi Nadir Rəşidov, şəhid atası və Qarabağ əlili Qədim Abbasov, veteran-döyüşçü Nazim Hüseynov, Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov, Azərbaycan Respublikası Beynəlmiləlçi Döyüşçülər Fondunun sədri, Əfqanıstan və Qarabağ müharibəsinin veteranı Sərraf Orucov, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin üzvü Bəxtiyar Əliyev, İslam Konfransı Gənclər Forumunun əməkdaşı Elməddin Mehdiyev iştirak edirdilər.
Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin şöbə müdiri İlham Əliyev fevral ayının birinci ongünlüyündən başlayaraq, sonuna qədər xalqımız üçün faciəli günlərlə yaddaqalan olduğunu söylədi. Qeyd etdi ki, 1987-ci il fevralın 13-də Xankəndində ermənilərin ilk separatçı mitinqləri başlayıb. Bununla da Qarabağın rus hərbi birləşmələri ilə qəsb olunmasının əsasını qoyublar. 1992-ci il fevralın 14 və 15-də Qarabağın Qala Qapısı adlanan Malıbəyli və Quşçular kəndləri erməni işğalçıları tərəfindən işğal olunub. Fevralın 25-dən 26-sına keçən gecə isə ermənilər Xocalıda insanlığa və bəşəriyyətə qarşı soyqırım həyata keçirdilər: "Erməni hərbi birləşmələri keçmiş SSRİ-nin Xankəndində dislokasiya olunmuş 366-cı motoatıcı alayının ağır hərbi texnikasının dəstəyilə Xocalıya hücuma keçdilər. Artilleriya silahlarından, ağır hərbi texnikadan açılan aramsız atəşlə müşayiət olunan hücum nəticəsində Xocalı mühasirəyə düşdü, yanğınlar başlandı. Fevralın 26-sı səhər şəhər alova bürünmüşdü. Həmin vaxt şəhərdə olan təqribən 2 min 500 nəfərə yaxın əhali məcburi şəkildə öz ev-eşiklərini ataraq, Ağdama doğru hərəkət etdi. Lakin şəhəri tərk etmək hamıya nəsib olmadı. Erməni hərbi birləşmələri 366-cı alayın köməyilə dinc əhaliyə qarşı xüsusi qəddarlıqla cəza tədbirləri həyata keçirdi. Ermənilər 613 nəfər azərbaycanlını vəhşicəsinə qətlə yetirdilər. Onların 63-ü uşaq, 106-sı qadın, 70-i isə ahıl adam idi. 8 ailə bütövlükdə qətlə yetirildi. 487 nəfər yaralandı. Yaralananların 76 nəfəri uşaq idi. Girov götürülənlərin sayı 1275 nəfər təşkil edir. 150 nəfərin aqibətindən isə hələ də xəbər-ətər yoxdur. Dövlətə və vətəndaşlara külli miqdarda - 5 milyard rubl dəyərində ziyan vuruldu (01.04.1992-ci ilin qiymətləri ilə). XX əsrin genosid və etnik təmizləmələr tarixində qanlı səhifələrdən biri də Xocalı soyqırımıdır. Həmin hadisə ilə bu və ya başqa cür əlaqəsi olan adamlar, hələ ki, öz vicdanları qarşısında məsuliyyət daşıyırlar. Lakin vaxt gələcək onlar tarixin məhkəməsi qarşısında dayanacaqlar. Çünki tarix heç nəyi unutmur".
İ.Əliyev
o dövrün qanlı olayları və Xocalı
soyqırımı ilə bağlı müzakirələrin
aparılmasının vacibliyini söylədi.
XOCALINI ERMƏNİLƏR 10 TƏRƏFDƏN
MÜHASİRƏYƏ ALARAQ, ATƏŞƏ TUTMUŞDULAR
Nadir Rəşidov:
- Təkcə
Xocalının yox, Malıbəylinin, Quşçuların
işğal olunduğu ərəfədə toplar
Şuşada və Kosalar kəndində qurulmuşdu. Onu da mənim
dayım oğlu atırdı. Həmin kəndlərin
işğalı zamanı Şuşada və Kosalarda toplar
susurdu. Həmin gün hava dumanlı deyildi. Bəs onda toplar nə
üçün susurdu?
Qədim Abbasov:
- Rəhim bəy, biz xocalıların
sizə qəzəbi məhz bundan əmələ gəlib. Fevralın
12-də Malıbəyli və Quşçular, fevralın
16-da Qaradağlı kəndləri işğal olundu. Həmin kəndlərin işğalı ilə
Xocalının əl-ayağı hər şeydən
üzülmüşdü. Artıq xocalılar vəziyyətin
gərginləşdiyini başa düşürdü.
Ağdam və Şuşadan bizimlə əlaqə saxlayaraq,
buraya qoşun göndərəcəklərini bildirirdilər.
Xocalıda 40-a qədər qurban bağlamışdılar ki,
qoşun buraya çatan zaman onlar kəsilsin. Xocalı
işğal olunan gün mən erməni qəbiristanlığında
posta idim. Ermənilər Xocalını yandıra-yandıra gəlirdilər.
Evdən yanıma uşaq göndərdilər ki, bizə
"qonaq" gəlib. Fikirləşdim ki, bu
qırğında "qonaq" kim ola bilər. Qaçaraq evə
getdim ki, qızımın kəndin girişində yerləşən
evi artıq yandırılıb. Həmin vaxt yoldaşım
evdə tək olub. Onlar məni axtarıblar ki, ermənilərin
gəldiyini xəbər versinlər. Demək olar ki, camaat
Xocalını tərk edirdi. Xocalını ermənilər 10
tərəfdən mühasirəyə alaraq, atəşə
tutmuşdular. Rəhim bəy deyir ki, Şuşa dumanlı
idi. Necə duman idi ki, ermənilərin top atəşlərindən
Şuşa işığı görünürdü.
Rəhim Qazıyev:
- Mən Allaha da,
peyğəmbərimizə də and içirəm ki, həmin
gün Şuşa dumanlı idi. Qədim qardaş, həmin
gün bütün danışıqları "zapis"
etmişəm. Sadəcə, məni oturub dinləyən
yoxdur. Həmin vaxt Ayaz Mütəllibova demədiyim söz
qalmayıb. Ağdama zəng vurduqda, mənə biədəb
sözlərlə bildirdilər ki, orada 12 ədəd
"BMP", 12 ədəd "P-72" tank, 44 ədəd
dördtəkərli "BMPN", 4 ədəd "Qrad"
var. Mən fevralın 18-dən 23-nə qədər əlimdən
gələni etdim. Fevralın 25-də artıq əlimdə
heç nə yox idi. Dediklərimin hamısının
altından imza atıram.
Qədim Abbasov:
- Həmin gün Xankəndindən
Kosalar kəndinə top atdılar, bununla da, atəş
qurtardı. Xəbər verdilər ki, topçu
öldürüldü.
"Səs" qəzetinin əməkdaşı:
- Qasım müəllim,
o zaman Qarabağda ictimai-siyasi vəziyyət necə idi və
torpaqlar nə üçün işğal olundu? Bəziləri
bunun xəyanətin qurbanı olduğunu deyir, bəziləri
isə bunu zəifliyimiz və döyüşə bilməməyimizlə
əlaqələndirir. Əslində, vəziyyət necə
idi?
RUSLAR QARABAĞI ERMƏNİLƏR QARŞISINDA QUMARA
QOYUB
Qasım Hacıyev:
- Səhv olmasa idi, bu qədər
qanlı-qadalı hadisələr baş verməzdi.
Xocalıya qədər də tarixdə soyqırımlar olub.
Onlar Xocalı qədər dəhşətli olmayıb. Əgər
kimsə başqasını günahkar hesab edirsə, deməli,
ilk növbədə, özünü haqlı bilir. Bu
tendensiya yaxşı hal deyil. Rusiyanın hazırkı baş
naziri Vladimir Putin erməni yığıncaqlarının
birində açıq-aşkar deyib ki, ermənilərlə
rusların dostluğu ənənəsi I Pyotrun dövründən
başlayıb. Pyotr babamız deyib ki, "ermənilərə
hörmətlə yanaşın, onlara həmişə yer
verin və onların arxasında durun". O vaxtdan bu vaxta qədər
cəmi 500 il keçib. 500 il ərzində heç nə dəyişməyib,
ruslar ermənilərə rəğbət göstərməklə
davam edirlər. Bu sözləri bugünkü gün Rusiya kimi
böyük dövlətin baş naziri deyib.
Rusiya bütün
dünyanın gözü qarşısında Qarabağı
ermənilərin qabağına qumara qoydu. Təsadüf elə
gətirib ki, dəyirmi masanın keçirildiyi fevralın
10-nu tarixi "Kürəkçay" müqaviləsinin
bağlandığı günə düşüb. Bundan
sonra Gülüstan"" və "Türkmənçay"
müqavilələri imzalanıb. Böyük rus ordusu gəlib
buranı qırırdı, zəbt edirdi və sonra isə
çıxıb gedirdi. Xanlıqlar dövründən sonra
uzun müddət Rusiyanın tərkibində olduq. Azərbaycan
dəfələrlə qırğınlara məruz qalıb.
Kadimirovun kitabını oxusanız, görərsiniz ki, insan nə
qədər həyasız olar. Bir millətin başına nə
qədər müsibətlər gətirərlər. Həm
torpağımızı işğal ediblər, ermənilərə
istədikləri qədər silah verirlər, həm də
özləri erməni dövləti yaradıblar. Uzun müddət
həyata keçirilən qırğınlar,
soyqırımlar, deportasiyalar Azərbaycan-türk millətini
dəfələrlə məhv edib. Hər bir dövlət
öz işğalçılıq siyasətindən əl
çəkərək, öz sərhədləri daxilində
yaşayır. Fikir verirsinizsə, Rusiya öz müstəmləkəçilik
siyasətindən əl çəkmək niyyətində
deyil. Böyük əyalətləri işğal etsə də,
Cənubi Qafqazı istismar etməkdən əl çəkmək
istəmir. Bir millət kimi bütün səhvlərimizi
analiz edib, əsil düşmənimizə qarşı
mübarizə aparmalıyıq. Öz səhvlərimizi
düzəltdikdən sonra torpaqlarımızı
işğaldan azad etməliyik.
"Səs" qəzetinin əməkdaşı:
- Rəhim bəy, bəzi
mətbuat orqanları sizi Rusiyanın keçmiş müdafiə
naziri Qraçovun sillə vuranı adlandırır. Nə
üçün siz həmin silləni Xocalıda ermənilərə
və 366-cı alaya vurmadınız?
ELÇİBƏYDƏN XAHİŞ ETDİM Kİ,
ORDUNU VAHİD KOMANDANLIĞA TABE ETSİN, BUNA NAİL OLMADIM
Rəhim Qazıyev:
- Mən heç vaxt
heç kimin nə sillə vuranı, nə də
sözçüsü olmamışam. Qraçovun silləvuranını
Rusiya Azərbaycana qolu bağlı verməzdilər. Yəni,
onlar öz agentlərini ya axıra qədər işlədirlər,
ya da özləri məhv edirlər. Məni buraya bu məsələlərə
aydınlıq gətirmək üçün
çağırmısınız. Bir dəfə məni ANS-ə
verilişə çağırdılar, "Şuşa getsə,
başıma güllə çaxacam" sözlərimlə
də verilişi bitirdilər. Mən evimi-eşiyimi, ailəmi,
gözəl işimi qurban verib, Vətənimi qorumağa
getmişdim. Bu işdə millətə gücüm
çatanı etmişəm. Hər şeyə qadir uca Allahdır,
mən Allah və ya peyğəmbər deyiləm. Heç
dövlət başçısı da olmamışam.
Dövlət başçısı dövləti və
hökuməti ağır vəziyyətdə qoyub
qaçdı. Ona qarşı heç bir ittiham irəli
sürmürsünüz. Üç general məndən əvvəl
və üçü də məndən sonra olub. Bir
kvadratsantimetr torpaq işğaldan azad olunubsa, bunu desinlər.
Rusiya ordusunu Azərbaycandan çıxaran Rəhim Qazıyev
necə ola bilər ki, Qraçovun silləvuranı olur?
1991-ci ilin fevral ayında Qaradağlıda kolxoz sədri Soltanı öldürdülər. Oraya ermənilərin içi ilə yeganə gedib çıxan mən oldum. Bundan sonra Sırxavənddə iyulun 14-də ata ilə oğulu maşınla ot gətirən yerdə öldürdülər. Həmin vaxt Xalq Cəbhəsinin qurultayı keçirilirdi. Qurultaya qonaq gələnlərin bir hissəsini Qubaya Qəçrəşə, digər hissəsini Pirquluya və Lənkərana apardılar. Bir nəfər də olsun adamı Qarabağa aparmadılar. Mərhum Eldar Bağırovla Sırxavəndə getdik. Yenicə Ağdama çatmışdım ki, dedilər ki, ermənilər Laçının eşşək meydanına hücum edərək, 900 heyvan aparıblar, 11 nəfər də qətlə yetirilib. Təsəvvür edin, mən qayıtdım Bakıya, oradan da Laçına getdim. O zaman Leninqrad şəhər sovetinin bir nəfər qadın deputatı və kameraman Rauf Nəsirovla birlikdə oraya getdik. Oraya çatana qədər nə cəbhədən, nə də hökumətdən oraya baş çəkən olmamışdı. Qadın oradakı vəziyyəti öz gözləri ilə gördükdə, ağlamağa başladı.
Daha sonra buraya həmin ilin sentyabr ayının 18-də Yeltsinlə Nazarbayev gəldi. Sentyabrın 19-20-də isə Xocalıya getdilər. İnanın, Yeltsin maşını saxlayıb, yolda toplaşmış insanlara salam belə vermədi. Hamı da elan etmişdi ki, Şuşaya da gedəcək, heç oraya da getmədi. Yeltsin aeroportda olan zaman ona məlumat verdim ki, bir nəfər qadın-azərbaycanlı jurnalist döyülüb, bir nəfər Eldar adlı kameraman oğurlanıb, bir nəfər xarici jurnalist isə soyundurularaq döyülüb. İtkin düşən Eldarın tezliklə tapılmasını tələb etdim. Daha sonra mən Xankəndinə hazırlaşırdım. Ermənilərin rəhbərlərindən biri dedi ki, mən sənə oraya getməyin üçün zəmanət vermirəm. Dedim sən kimsən ki, mənə zəmanət verəsən, bu torpaq mənimdir. Xankəndində olanda, Eldarı bizə təhvil verdilər. Mən bu hərəkatda varlığımla iştirak etmişəm. Belə olan halda, nə üçün döyülüb-söyülürəm? Çünki haraya qaçırsınızsa, Rəhimi görürsünüz. Eyni anda baş verən proseslərin hamısından xəbər tuta bilmirdim.
1993-cü il yanvarın 20-də Əfədliyə bomba düşdü. Bu hadisənin də kim tərəfindən törədildiyi məlum olmadı. Məxfi sənədlər hələ də hərbi prokurorluqda saxlanılır. Yanvarın 25-də özümüzü toparlayıb, uğurlu əməliyyat hazırladıq. Bizim Müdafiə Nazirliyinin silahlı qüvvələri Fərrux dağına qalxdılar. Elə vururdular ki, səngərdə erməninin başı bir tərəfə gedirdi, ayağı bir tərəfə. Mən Elçibəydən xahiş etdim ki, fərman verməklə qoşunların operativ surətdə vahid komandanlığa tabe olmasına şərait yaratsın. Mən bu fərmanın imzalanmasına nail ola bilmədim. Planlaşdırmışdıq ki, qüvvələrimiz Fərrux yüksəkliyində olan zaman Şabanovun başçılıq etdiyi daxili qoşunlar düşmən arxasına keçməli idi. Daha sonra isə Sırxavənddən "OMON"-çular düşmənin üzərinə doğru hərəkət edəcəkdi. Şabanov elan etdi ki, biz çıxırıq və düşmənin arxasına keçməyə çalışacağıq. Sırxavənddən ermənilərin üzərinə getməli olan qüvvə son andaca buranı tərk edərək gedir. Təbiidir ki, bütün dünyada uğursuz əməliyyatlar ola bilər. Lakin bunlar Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılmalı və əsil günahkar tapılmalıdır. Ancaq onlar məsələni müzakirə etmədən Xalq Cəbhəsinin idarə heyətinin əmri əsasında bəyanat verdilər. Rauf Arifoğlunun özü sonradan dedi ki, həmin bəyanatı mən yazmışam. Fevralın 1-də ermənilər Yerevanda oturaq mitinqə başladılar ki, biz Qarabağdan imtina edirik. Acından və soyuqdan qırılırdılar. Beləliklə, Müdafiə Nazirliyini ittiham etməyə başladılar. Əlbəttə, nazirlikdə istənilən qədər səhv var idi. Ordu dədəm Həsən kişidən qalmamışdı. Ordu 6 aylıq idi və hələ yaşı tamam olmamışdı. İndi ordumuzun 17-18 yaşı var. Əməliyyatın nəticəsi olaraq, həmin Şabanovu podpolkovnikdən polkovnikə, eləcə də, müdafiə qoşununun komandanının müavini vəzifəsinə təyin etdilər. Nə üçün bugünədək həmin uğursuz əməliyyatın səbəbləri araşdırılmayıb? Bütün suallarınızı cavablandırmağa hazıram.
(Ardı var)
KÜBRA ƏLİYARLI,
SEVİNC NƏZƏROVA
Səs.-2010.-13 fevral.- S. 8-9.