Həyatla zaman
arasındakı fəlsəfi düşüncəni əks
etdirən şair
Azərbaycan
poeziyasının söz sərrafları həyatın fəlsəfəsini,
onun rəng çalarlarının ahəngindən
süzülüb gələn həqiqətləri
obrazlaşdıraraq, bədii təfəkkürün köməyi
ilə ədəbi mühitdə rəngarəngliyin
yaranmasına müvəffəq olurlar.
Bu yoldan keçən
yaradıcı simaların sözünün
çəkisi oxucu ilə özü
arasında müəyyən bir
yaxınlığın yaranmasına səbəb olur.
Təbii ki, bu
mövcudluğun yaranması üçün şair qələminin
itiliyi ilə sözü işlədərək, misralarda bəşəri
və ali hissləri həkk etmək bacarığı əsas
şərtdir. Klassik ənənələrə söykənərək,
poeziya çələngini oxucuların ixtiyarına verən
çağdaş ədəbiyyatımızın nümayəndələrindən
biri olan Adil Qasımlı da həyat
ilə zaman arasındakı fəlsəfi düşəncəni
əks etdirərək, bədii ədəbiyyatımız
üçün əhəmiyyət kəsb edən nümunələri
ilə tanınmışdır. Ötən əsrin 60-cı
illərinin ədəbi nəslinin təmsilçilərindən
olan şair "Qaranquş ömrü", "Sənə
dönərəm", "Dağlar, qalalar, babalar"
kitabları, eləcə də, Azərbaycan radiosunda səhnələşdirilən
"Cəsarət", "Yaşıl obanın
nağılları" poemaları, eləcə də,
Naxçıvan Dövlət Musiqili Dram Teatrında
oynanılan "Aylı gecənin qaranlığında"
pyesi onun qısa bir zaman məsafəsində tanınmasına
səbəb olmuşdur. Yaradıcılıq yolunu
axtarışlarla davam etdirən şairin bu yaxınlarda
"Salam, sevgi" kitabı çapdan
çıxmışdır. Kitabda şairin müxtəlif
mövzuları əhatə edən şeirləri, eləcə
də, poemaları çap edilmişdir. "Bir sevdanın
yollarında", "Təbiətlə baş-başa",
"Sevgi ətri", "Pöhrələrim - körpələrim"
bölmələrinə daxil olan şeirlərdə,
adından göründüyü kimi, şair Azərbaycanın
təbiətini, vətən sevgisini əks etdirməklə
yanaşı, həyatın gedişatındakı gerçəklikləri,
ali və ülvi hissləri əks etdirmişdir. Bu lövhələrlə
yanaşı, "Cəsarət", "Yaşıl
obanın nağılları", "İttiham",
poemaları və "Aylı gecənin
qaranlığında" ikihissəli dramı təqdim
olunur.
Müxtəlif
mövzulara müraciət edən şair təbiətin
gözəlliklərinin vəsfini özünəməxsus
şəkildə ustalıqla qələmə
almışdır. Hər rəsmin gözəlliyi və onu açmaq
bacarığı şair qələmindən kənarda
qalmamışdır:
Yağır
çölə, qonur gülə,
Səpələnir ota
günəş;
Yerdə günəş,
göydə günəş,
Suda günəş.
Ovcuma bir damla
düşdü,
Baxıb gördüm o
da günəş-
Bu günəş yaz
günəşidir.
Gözəl şeirin
yaranması şairin
dünyagörüşü ilə birbaşa əlaqədardır.
İdeyanın çatdırılmasında şair görüşləri onun köməyinə gəlir.
Şairin vətənlə bağlı misraları daha təsirlidir. "Qərənfillər
solmaz oldu", "Xocalı fəryadı", "Azərbaycan",
"Yol verin", "Bu məmləkətin" və s.
şeir parçalarında bu
sevgiyə rast gəlirik:
Tükənən deyil nə
varı,
Nə zəri bu məmləkətin.
Vardı amma bir
azacıq
Azarı bu məmləkətin.
Adil Qasımlı
poeziyası aktuallığı ilə səciyyələnir. Həyatda yaşanmış problemlər
həyat, zaman, cəmiyyət, varlıq kimi anlayışlar
şair düşüncəsinin yozumu ilə oxucuya təqdim edilir. İctimai həyatda
baş verən hadisələr, vətənə bağlı
arzular, ideyaların bəşəriliyi Adil
Qasımlını yaradıcı bir şəxs olaraq, tanıtmış və
sevdirmişdir.
"Aylı gecənin
qaranlığında" pyesində şairin
qaldırdığı məsələ daha təsiredici və
aktualdır. Bu pyesdə cəmiyyətin yaraları, neqativ
hallar qabarıq şəkildə büruzə verilir. Bədii
obrazlar vasitəsilə şair düşüncəsinin alt
qatında yaşanılan və
onu narahat edən məsələlərə aydınlıq gətirir.
Məhz belə məzmunlu poeziya ilə şair
çağdaş poeziyamızda özünəməxsus yerə
malikdir.
Mütəmadi olaraq,
oxucularla görüşə gələn şair
yaradıcı görüşün təməlini möhkəm
qoymuşdur. Poeziyasevərlərin qəlb evinin qonağına
çevrilən Adil
Qasımlı ilə oxucu görüşlərinin yolu
davamlı və uzunömürlü olacaq.
Zümrüd
Səs.- 2010.- 13 fevral.- S. 13.