Nazirliyin dəstəyi ilə
regionlardakı kitabxanalar avtomatlaşdırılır
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafıüzrə Dövlət Proqramı"nın icrasını təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kitabxanaların informasiyalaşdırılması işi davam etdirilir.
Bu günlərdə Gəncə, Mingəçevir şəhər, Zərdab rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin Veb-saytları İnternet şəbəkəsində yerləşdirilib:
Gəncə şəhər Mərkəzi Kitabxanasının www.gencekitab.azVeb-saytında "Gəncə şəhərinin tarixi" bölməsində şəhərin adının yaranması, habelə, şəhərin yaranmasının 2500 illik tarixi haqqında geniş məlumat verilmiş, bir sıra tarixi faktlar işıqlandırılıb.
"Gəncə şəhərinin tarixi abidələri" bölməsində Gəncə şəhərində dövlət reyestrinə daxil edilmiş abidələr haqqında məlumat verilir və mətnə onların fotoları daxil edilir. Kitabxananın Veb-saytının "Ana səhifə"sində keçirilmiş tədbirlər haqqında məlumatlar və şəkillər öz əksini tapmışdır. Bundan başqa, şəhər Mərkəzi Kitabxanası, onun şöbələri, habelə, kitabxanada fəaliyyət göstərən "Amerika Mərkəzi" haqqında məlumatlar Veb-saytda verilmişdir.
Gəncə şəhər Mərkəzi Kitabxanasının Veb-saytında "Azərbaycan kitabxanaları" bölməsi verilmişdir ki, bu linklərdən digər kitabxanaların Veb-saytına daxil olmaq mümkündür. Respublikanın şəhər kitabxanaları arasında Veb-sayt yaradılması işində Mingəçevir şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Veb-saytı www.mingacevirmks.webs.com istifadəçilərin marağına səbəb olmuşdur. Kitabxananın Veb-saytında məlumatlar 3 bölmədə sistemləşdirilmişdir. Birinci kitabxana haqqında məlumatlar, ikinci şəhər, şəhərin iqtisadiyyatı, tarixi abidələr və turizm potensialı, üçüncü - Azərbaycan haqqında, respublikamızın dövlət rəmzləri, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlar, habelə, Mədəniyyət və Turizm Nazirliyi və Mingəçevir şəhər icra hakimiyyətinin Veb-saytlarına birbaşa keçid linkləri yerləşdirilmişdir.
"Kitabxana" bölməsində kitabxana və onun şöbələri haqqında məlumatlar verilmişdir. Veb-saytda "Xəbərlər" bölməsində şəhər MKS-də keçirilən tədbirlərin fotoları yerləşdirilmişdir.
Veb-saytın "Bizim şəhər" bölməsində Mingəçevir şəhəri, onun tarixi və müasir Mingəçevir haqqında maraqlı məlumatlar təqdim edilir. "Memarlıq abidələri" bölməsində şəhər ərazisində mövcud olan və mühafizə edilən bir sıra tarixi abidələr və onların fotoşəkilləri yerləşdirilmişdir.
Şəhər MKS-nin Veb-saytının "İqtisadiyyat" və "Turizm potensialı" bölmələrində Mingəçevirin respublika iqtisadiyyatında tutduğu yer, şəhərin respublika enerji təminatçısı kimi rolu, yeni açılmış istehsalat obyektləri, habelə, şəhərin turizm gözəllikləri əks olunmuşdur.
Mingəçevir şəhər MKS-nin Veb-saytında "Doğma Azərbaycan" və "Dövlət rəmzləri" bölmələrində Azərbaycan haqqında zəngin məlumat portalı olan www.azerbaijan.az saytına birbaşa keçid linki qoyulmuş, dövlət rəmzləri haqqında geniş məlumatlar yerləşdirilmişdir. Bundan başqa, Veb-saytda "Dağlıq Qarabağ problemi" bölməsində Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlar verilmişdir.
Zərdab rayon Mərkəzi Kitabxanasının saytında Zərdab www.zerdabmks.webs.com rayonu haqqında ümumi məlumat, habelə, rayonun yetirmələri Həsən Bəy Zərdabi, milli Azərbaycan hökumətinin yaranmasında fəallıq göstərmiş Şirin Nuriyev, Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmov və b. şəxslər haqqında məlumatlar verilir.
Saytın maraqlı linklərindən biri "Əkinçi" bölməsidir. Burada Azərbaycanda ilk mətbu orqan olan "Əkinçi qəzeti", onun yaradıcısı Həsən bəy Zərdabinin bu sahədəki fəaliyyətihaqqında məlumatlar təqdim edilir. Kitabxananın Veb-saytında "Kitabxana" və "strukturu" bölməsində rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, onun fəaliyyəti və şöbələri haqqında, "Tədbirlər" bölməsində isə keçirilən tədbirlər haqqında məlumatlar təqdim edilir. Bundan başqa, "Yeni nəşrlər" bölməsində kitabxana fonduna daxil olan yeni kitabların siyahısı təqdim edilir.
Hazırda "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın icrası məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə respublikanın şəhər və rayon kitabxanalarının avtomatlaşdırılması işi həyata keçirilir.
Zümrüd
Səs.- 2010.- 16 fevral.- S. 12.