Azərbaycan möhtəşəm orduya malikdir

 

Bu, xarici düşmənlərimizi qorxudur

 

Əslində, bir sıra güclərin Azərbaycan Silahlı Qüvvələrinə qarşı yönəlmiş səlib yürüşü tamamilə məqsədli xarakter daşıyır və gənclərin hərbi vətənpərvərlik tərbiyəsini sarsıtmaq, bu, son dərəcə vacib və strateji əhəmiyyətli sahə ilə xalqın mənəvi birliyinə zərbə endirmək, bununla da, ölkədə aparılan ordu quruculuğu prosesinə mane olmaq niyyətindən qaynaqlanır. Bu sırada əsas vasitə kimi, ən müasir informasiya texnologiyalarına xüsusi üstünlük verilməsi, əsil mahiyyətdə həmin güclərin ölkənin ictimai həyatına birbaşa müdaxiləsinin mümkünsüzlüyü ilə bağlıdır. Azərbaycanın son illər əldə etdiyi nüfuz, beynəlxalq aləmdə qazandığı imic və uğurlar, doğrudan da, müəyyən qüvvələrin həqiqi narahatçılığına və qısqanclığına gətirib çıxaran əsas səbəblərdən sayıla bilər. Odur ki, son dövrlər ölkəmizə qarşı yönəlmiş irticaçı siyasətdə, sözün bir qayda olaraq, qeyri-rəsmi şəxslər tərəfindən çatdırılması, bu yabançıları maliyyələşdirən güclərin fəallaşması anlamında qəbul olunmalıdır. Azərbaycanın qısa zaman kəsiyində əsas enerji daşıyıcısı kimi tanınan ölkələrin sırasına daxil olması və iqtisadi tərəqqisi, sonda güc strukturlarının, xüsusilə də, silahlı qüvvələrin mobilliyi ilə xarakterizə olunur ki, bu da bizə öz maraqları ilə yaxından tanış olan bir sıra ölkələrin sinirə bilmədiyi reallıqlardandır. Buraya respublikamızın müharibə şəraitində yaşaması faktını da əlavə etsək, məsələyə münasibətdə bir sıra maraqlı qüvvələrin nə üçün bu qədər canfəşanlıq göstərməsinə, zənnimizcə, aydınlıq gətirmiş olarıq. Əlbəttə, ordu quruculuğu prosesinin aktuallığı və həssas bir nöqtə kimi daim diqqət mərkəzində qalması yalnız cəmiyyətin bütün təbəqə və nümayəndələrinin bu prosesdə birbaşa iştirakı ilə əlaqədar deyil. Bu sırada vacib və əhəmiyyətli faktların sayı yetərincədir. Ancaq biz onlardan yalnız bir neçəsinin üzərində dayanacağıq. Fikir verirsinizsə, ordu quruculuğu məsələsi təkcə Azərbaycan üçün deyil, ümumiyyətlə, Cənubi Qafqazda yerləşən bütün respublikalardan ötrü birmənalı şəkildə strateji əhəmiyyət daşıyır və bu məsələdə az qala hər bir ölkə prinsipial mövqedən çıxış etməyə çalışır. Bütün bunların arxasında isə, heç şübhəsiz, müvafiq olaraq, hər bir dövlətin öz milli maraqları dayanır. Milli maraqların sərhəddən başlaması isə vəziyyətin, məsələn, Azərbaycan üçün nə dərəcədə ciddi olduğuna əsaslı bir işarədir. Hələ 90-cı illərin əvvəllərində Azərbaycanda baş verən hadisələr, çox da uzaq olmayan keçmişin ibrət dərsləri, xalqımızın gələcəyi naminə bizi milli dəyərlərə xüsusi önəm verməyə, müasir dövrün informasiya texnologiyalarından yetərincə bəhrələnərək, Azərbaycan dövləti və dövlətçilik ənənələrinə sadiq yeni nəsil formalaşdırmağa vadar edir. Belə çətin və mürəkkəb bir vaxtda ümummilli lider Heydər Əliyevin hakimiyyət sükanı arxasına keçməsi ilə ölkədə hökm sürən anarxiyanın, hakimiyyətsizliyin və separatçı meyillərin qarşısı alındı, dövlət və dövlətçilik üçün həyati zəruri əhəmiyyət daşıyan bir sıra ilkin addımlar atıldı və mühüm tədbirlər planı həyata keçirildi. Bu tədbirlərin əsasında, heç şübhəsiz, ilk növbədə, ordu quruculuğu məsələsi dayanırdı. Azərbaycan Respublikasının Ali Soveti hələ 9 oktyabr 1991-ci ildə silahlı qüvvələr haqqında qanun qəbul etsə də, ordu quruculuğunun hüquqi bazasının yaradılması sahəsində heç bir uğurlu əməli tədbir görülməmişdi. Məhz Heydər Əliyevin siyasi peşəkarlığı sayəsində ilk gündən bu prosesin elmi-təcrübi əsaslar üzərində aparılmasına, vahid komandanlıq prinsipinin tətbiq edilməsinə başlanıldı. Milli Məclisin 18 noyabr 1993-cü il tarixli iclasında müdafiə və təhlükəsizlik məsələləri müzakirə olundu. Kadr probleminin aradan qaldırılması məqsədilə MDB qoşun hissələrində xidmət edən azərbaycanlı zabitlərin Vətənə qayıtmasına xüsusi diqqət və qayğı göstərildi. Nəticədə Azərbaycan vahid mərkəzdən idarə olunan və qısa müddətdə yüksək döyüş hazırlığına yiyələnən nizami ordusunu qura bildi. Beyləqan, Füzuli və digər istiqamətlərdə qoşun bölmələrimizin erməni silahlı birləşmələrini geri oturtması, düşmənin müdafiə xəttini pərən-pərən salması dediklərimizə əyani sübutdur. Bütün bunların arxasında, ilk növbədə, Heydər Əliyev zəkası dayanırdı. Məhz onun peşəkarlığı və siyasi uzaqgörənliyi sayəsində əsas diqqət dövlətin mövcudluğu üçün vacib sayılan məsələlərə yönəldildi, insan resursları bir nöqtədən idarə olunan vahid mərkəzdə cəmləşdirildi. Bu resurslardan düzgün bəhrələnmək, əsas gücü dövlətin və dövlətçilik ənənələrinin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə yönəltmək indinin özündə də qarşımızda dayanan vacib məsələlərdəndir. Ən azı, ona görə ki, ordu quruculuğu işinin nüvəsində məhz insan faktoru dayanır. Bu gün təcavüzkar Ermənistan dövlətinin müvafiq məsələdə ciddi problemlərlə üz-üzə qaldığını xüsusi vurğulamağa ehtiyac yoxdur. Yerli erməni ekspertlərin son bəyanatlarına görə, Ermənistan artıq insan resurslarının tükənməsi səbəbindən cəbhə xəttinə yeni qüvvələr göndərməkdə kifayət qədər çətinlik çəkir. Gənclərin cəbhəyə yollanmaqdan, bir qayda olaraq, imtina etməsi və bu məqsədlə xarici ölkələrə üz tutması səbəbindən vəziyyət dözülməz həddə çatıb. Digər tərəfdən, Qarabağ torpaqlarında öz havadarlarının ciddi siyasi və hərbi dəstəyi sayəsində qazandıqları lokal qələbələrin parıltısı ilə bir vaxtlar xalqın gözünə kül üfürən və bundan hakimiyyət sükanı arxasına keçməkdən ötrü tramplin kimi istifadə edən qüvvələr, zaman keçdikcə parıldısı toz altında qalan qələbələrin yalançı nəşəsini xalqa yenidən yaşatmaqda çətinlik çəkirlər. İndi ermənilərin böyük əksəriyyəti Qarabağın bu ölkəyə bədbəxtlik gətirdiyinə tam əmindir. Bundan dərin narahatçılıq keçirən erməni rəsmiləri ölkədəki vəziyyəti stabilləşdirmək və kifayət qədər geridə qaldığı Azərbaycanla qüvvələr nisbətini tarazlaşdırmaq məqsədilə digər üsul və vasitələrə əl atırlar. Bundan ötrü onlar üçüncü dövlətin vasitəçiliyilə, gizli kodlar altında ayırdıqları maliyə vasaiti hesabına Azərbaycanda qeyri-hökumət təşkilatı adı altında bir sıra şəbəkələr yaradır, yerlərdəki bəzi narazıların xidmətindən bəhrələnirlər. Bu işdə, vaxtilə ordu sıralarında qulluq etmiş, ancaq yarıtmaz əməllərinə görə silahlı qüvvələrdən kənarlaşdırılmış sabiq hərbi qulluqçulara xüsusi önəm verilir. "Orduya ictimai nəzarət", "Orduya vətəndaş nəzarəti" və s. adı altında fəaliyyət göstərən bir sıra qurumların əsas məqsədi antiordu siyasətinin həyata keçirilməsində yabançı qüvvələri yerlərdə dəstəkləməkdən ibarətdir. Son olaylardan da göründüyü kimi, onlara konkret təlimatların verilməsi, artıq heç kimdə şübhə doğurmur. Belələri orduda baş verən hətta ən adi cinayət hadisəsini qəsdən şişirdərək, az qala milli fəlakət həddinə çatdırır, ictimai şüurda silahlı qüvvələrlə bağlı inamsızlıq və etimadsızlıq hissini formalaşdırmağa çalışır, bununla da, dövlətin bel sütunu sayılan ordunu nüfuzdan salmağa səy göstərirlər. Məqsəd yeni böhranların meydana gəlməsinə rəvac verməkdir. Bu şəbəkələrin bir sıra xarici ölkələrdə də Azərbaycan əleyhinə açıq şəkildə təbliğat aparması yuxarıda deyilənlərə əyani bir sübutdur. Məsələn, 2009-cu ilin sentyabr ayında "Rusiya Erməniləri Birliyi" təşkilatının maliyyə dəstəyilə Moskvada yaradılmış "Antituran Hərəkatı" belə şəbəkələrin yeni, ancaq klassik ideologiyaya söykənən qollarındandır. Adil Quliyev adlı birisinin isə bu hərəkatın idarə heyətinə üzv seçilməsi bir sıra gizli şifrələrin açılması baxımından çox maraqlıdır. Məsələ burasındadır ki, əsil adını və soyadını gizlətməyə çalışan bu adam, əslində, vaxtilə Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş Arif Rəhimovdur. 30 iyun 1992-ci ilədək, təqribən on iki il ərzində, keçmiş sovet ordusu sıralarında əynində hərbi zabit mundiri gəzdirən A.Rəhimovun Azərbaycana gəldikdən sonra, demək olar ki, baş girləməklə məşğul olması, heç bir uğurlu xidmətilə seçilməməsi, əslində, onun bir sıra gizli niyyətlərindən xəbər verir. Hadisələrin sonrakı inkişafı bu şəxsin konkret tapşırıqla, yəni informasiya toplamaq, mövcud ab-havanı öyrənmək məqsədilə ordu sıralarına soxulduğunu göstərdi. 1993-cü ilin yayında "TMR" adlı separatçı hərəkata qoşulduğu və bu oyuncaq quruma aktiv dəstək verdiyinə görə bir müddət həbsdə yatan A. Rəhimov Azərbaycanda keçirdiyi son günədək öz çirkli niyyətindən əl çəkməyib. Xidməti yaşayış mənzilini gəlir götürmək məqsədilə satmağa cəhd göstərsə də, vaxtında silahlı qüvvələrdən kənarlaşdırılıb. Bundan dərhal sonra isə ifşa olunacağından qorxaraq, Moskvaya qaçıb və kütləvi informasiya vasitələrində Azərbaycana qarşı sistemli şəkildə təbliğat aparmağa başlayıb, hətta Azərbaycanda rasizmin dövlət siyasətinə çevrilməsi barədə dəfələrlə uydurma iddia irəli sürüb. Onun təmsilçisi olduğu, birbaşa erməni millətçilərinin maliyyə dəstəyi ilə fəaliyyət göstərən hərəkatın əsas ideoloji xətti isə milli azlıqların hüquq və azadlıqlarının guya pozulmasını iddia etmək və cəmiyyətdə qeydə alınan hər hansı neqativ bir halı qəsdən şişirdərək, az qala fəlakət həddinə çatdırmaqla, ölkədə separatçı meyilləri yenidən alovlandırmaq, bununla da, vətəndaş həmrəyliyini sarsıtmaq, ölkədəki sabit ictimai-siyasi vəzəyyəti süni şəkildə gərginləşdirməkdir. Antiordu təbliğatının əsas hədəfində isə orta dərəcəli zabit korpusu dayanır. Çünki A.Rəhimov və onun erməni havadarları müharibənin başlanacağı təqdirdə, əsas yükün məhz bu korpusun üzərinə düşəcəyini çox yaxşı anlayırlar. Bu ideoloji xətt Azərbaycanda "Silahlı Qüvvələrə Demokratik Nəzarət" ictimai birliyinin əsas iş prinsipi ilə, demək olar ki, tamamilə üst-üstə düşür. Birliyin sədri Ələkbər Məmmədov orta milis məktəbinin məzunudur. Vaxtilə xidməti uğursuzluğuna görə tutduğu vəzifələrdən dəfələrlə aşağı vəzifələrə təyin olunan Ə. Məmmədov üzdə əsil simasını demokratiya pərdəsi altında gizlətsə də, əslində, bir sıra güclərin iradəsilə kənardan idarə olunur. Şəxsi qərəzlik, qısqanclıq və qisasçılıq hissilə çırpınan bu adamın qarşısında qoyulan əsas vəzifə orduda baş verən hər hansı bir neqativ halı şişirdərək, antiordu siyasətinin hərəkətverici mexanizminə çevirməkdən, ictimai şüura təsir etməklə silahlı qüvvələri nüfuzdan salmaqdan ibarətdir. Baş vermiş hər hansı cinayət əməlinə hüquqi qiymət verilmədən, tələm-tələsik qeyri-obyektiv bəyanatlarla çıxış edən bu adamlar əhalinin diqqətini ordu quruculuğu işindən yayındırmağa, gecə-gündüz döyüş növbəsində ləyaqətlə vətənimizi qoruyan Azərbaycan əsgərinin xidmətini aşağılamağa çalışırlar. Belələri, haqqında danışılan güc strukturunun şəxsi heyətinin ideal insanların cəmləşdiyi utopik bir məkanın yox, bizi əhatə edən real mühitin yetişdirdiyi insanlardan formalaşdığını bilərəkdən unudurlar. Onu da unudurlar ki, ordu elə bir mistik qüvvə deyil ki, illər, əsrlər boyu bəşər övladını müşayiət edən qeyri-standart, arzuolunmaz təzahürlərin səbəblərini onun ayağına yazasan. Əgər kimsə ailədə, məktəbdə, işlədiyi kollektivdə kifayət qədər tərbiyə almayıbsa, hansı haqla məsuliyyəti ordunun üzərinə qoyur. Bütün bunlar, bir daha qeyd edirik ki, tamamilə məqsədli xarakter daşıyır və düşmən ideologiyasına xidmət edir. Əlbəttə, yuxarıda deyilənlər məsələnin yalnız bir tərəfidir. Bu gün Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu və dünyanın aparıcı enerji daşıyıcısı kimi tanınan ölkələrin cərgəsinə qoşulması fonunda bizə qarşı yönəlmiş təpkilərin güclənməsi tamamilə təbii xarakter daşıyır. Ordunun əsas hədəf kimi götürülməsi isə regiondakı vəziyyətlə birbaşa bağlıdır. Silahlı qüvvələr quruculuğunun dövlət rəhbəri səviyyəsində prioritet elan olunması və bu yöndə qısa zaman kəsiyində qazanılmış uğurlar, şübhə yoxdur ki, düşmənlərimizi hələ uzun müddət qıcıqlandıracaq. Buna görə də, hər bir Azərbaycan sakininin daha diqqətli olmasına və ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyan taleyüklü məsələlərdə əsil vətəndaşlıq nümunəsi göstərməsinə, həmişə olduğu kimi, bu gün də böyük ehtiyac var.

 

 

İbrahim RÜSTƏMOV

 

Səs.- 2010.- 17 fevral.- S. 9.