Rafiqin hünəri

 

Xocalının işğalının 18-ci ildönümünə həsr edilir

 

Rus və erməni silahlılarının hücumu zamanı Rafiq ailə üzvlərinin hamısını itirmişdi. O, ata-anasının, qardaş və bacısının qan içində olan meyitlərini gördükdən sonra, qonşulardan xəbər tutmaq üçün qəsəbənin yoluna doğru boylandı. Atəş səslərindən qulaq tutulurdu. Sağ qalmış adamlar vahimə içərisində ora-bura qaçırdı. Rafiq tank və BTR-lərin arxasınca Xocalıya soxulmuş erməniləri də gördü. Xəyalən doğmaları ilə vidalaşdıqdan sonra nə edəcəyini götür-qoy etdi. O, qaçmayacaq və doğmalarının və öldürülmüş xocalıların qisasını almaq üçün düşmənin silahlılarının sıralarına qoşulmağı qət etdi.

Axşam növbəsindən sonra özü ilə evə gətirdiyi avtomatını əlinə götürüb, havaya bir neçə atəş açdıqdan sonra rus əsgərlərinin arxasınca qəsəbəyə soxulan erməni saqqallılarına qoşuldu. Qarşıdan gələn saqqallılardan biri ondan uşaq və qadınların hara qaçdığını soruşdu. Rafiq kin-küdurətini çətinliklə boğub, əks-tərəfi göstərərək, özü də həmin istiqamətə bir neçə atəş açdı. Erməni saqqallı:

- Neyləyirsən? Gülləni türklərə tuşla, - deyə onu özününkü sayıb danladı.

- Doğru deyirsən, gülləni tezliklə hədəfə tuşlayacam, - Rafiq saqqallıya ermənicə cavab verdi.

O, qarmaqarışıqlıqdan və qaranlıqdan istifadə edib, azğınlığı ilə fərqlənən bir neçə ermənini sərrast atəşi ilə yerə sərdi. Rafiq erməni dilini Dağ Borçalısında Sadaxlı kəndi yaxınlığındakı erməni kəndlilərindən öyrənmişdi. Onların doğma kəndi Debede çayının sol sahilindəki şaftalı bağının yanında yerləşirdi. O, erməni dilində ermənilərdən də yaxşı danışırdı. Saqqallı erməni də Rafiqin erməni olduğunu yəqin etmişdi.

- Mən Samveləm, bəs sənin adın nədir?

- Rafik, - deyə Rafiq dilləndi.

- Karen, türk qadınları bu tərəfə qaçıb, tez gəl,-Samvel onlara yaxınlaşan 60-65 yaşlı mayoru çağırdı.

Yaxınlaşan mayor Rafiqin dediyi istiqamətə irəliləmək əmri verdi. Ancaq yarım saatdan sonra məlum oldu ki, bu tərəfdə heç bir qadın və uşaq yoxdur.

Rafiq Samvelə və Karenə qoşulub, onlarla birlikdə Xankəndinə getdi. Onu erməni kimi qəbul etmişdilər. Baş tutmuş qırğının ölçüyəgəlməz miqyası erməni silahlılarını sevindirirdi. Rafiqin isə üzü gülmürdü. Onun öz planı vardı. O, beş-altı ermənini cəhənnəmə vasil etməklə iş-gücünü bitmiş hesab etmirdi. O daha çox erməni öldürmək fikri ilə yaşayırdı.

Qəsbkarlar özləri ilə Xankəndinə gətirdikləri azərbaycanlı əsirləri əllərində yaba, bel, balta, dırmıq və dəryaz tutan ermənilər arasında keçirirdilər. Xankəndi erməniləri isə quldurlarının qələbəsindən fərəh duyaraq, əsirləri vurur, uşaqlar və yeniyetmələr isə yaralı azərbaycanlıları daşa basırdılar. Bu mənzərə Rafiqin ürəyini ağrıtsa da, tezliklə qisas alacağını fikirləşib, özünə toxtaqlıq verirdi.

Rafiqin valideyinləri Dağ Borçalısından 1988-ci ildə köçüb Xocalıya gəlmişdilər. Həmin vaxt Rafiq kənd orta məktəbini təzəcə bitirmişdi. Azərbaycan ərazisinə indiki Gürcüstan ərazisinə yerləşən Baytallı kəndini keçərək gəlmişdilər. Dörd illik Xocalı həyatı iyirmi bir yaşlı Rafiqi kişiləşdirmişdi. Ondan iki yaş böyük olan qardaşı Ənvərlə Xocalının müdafiəsində dururdu. Onların on beş nəfərdən ibarət silahlı dəstəsi kəndin alt tərəfində gecə-gündüz keşik çəkir, erməni atəşinə atəşlə cavab verirdi.

Rafiq növbəti intiqamını Xankəndinə yaxınlaşarkən gerçəkləşdirmişdi. O özü ilə götürdüyü əl qumbarasını, dayanıb öz aralarında söhbət edən 10-a yaxın erməni silahlısının arasına atdı və partlayışdan sonra ermənilərdən üçü öldü, beş nəfəri isə ağır güllə yarası aldı. Rafiq Samvel və Karenin gözündən yayınıb, su üstünə çıxdığını bəhanə gətirmişdi. Hadisə yerinə təhqiqatçılar gələndə, Rafiq Samvel və Karenlə Xankəndinə tərəf gedirdi.

Rafiq iki ay ərzində otuzadək ermənini cəhənnəmə vasil etmişdi. Hər təxribatdan sonra Samvel və Karenin yanına qayıtması, onun üstünə aparan izin itməsi ilə başa çatırdı. İstənilən anda mayor Karen və Samvelə müsbət xarakteristika verir, onların əsil erməni kimi yerli türklərə divan tutduqlarını deyirdi. Ancaq Samvel diqqətlə fikir verdikdə, Rafiqin atışma zamanı hansısa azərbaycanlını öldürdüyünü xatırlaya bilmirdi. Bunu o, "erməni həmkarının" kefsizliyinə və qaraqabaqlığına yozurdu. Rafiq isə doğmalarının gözləri önündə qətlə yetirilmələrini və xocalılara divan tutulmasını heç cür unuda bilmirdi. Buna görə də, daha çox erməni öldürmək, ermənilərə daha çox zərər vurmaq istəyirdi.

O, Xocalı qırğınında, ilk növbədə, özünü günahlandırırdı.

Daha 1 ay sonra, yəni mayın 25-də Rafiqin əlinə daha bir girəvə düşdü. O, erməni silahlıları ilə dolu avtobusun Laçın istiqamətində irəliləyərək, Qubadlı və Zəngilan istiqamətinə getdiyini gördü və  Samvel və Karendən ayrılaraq, avtobusa mindi. Böyük avtobusda 40-45 erməni silahlısı var idi. O, getdiyi yerlərdə daha çox düşməni qanına qəltan edəcəyi haqda düşünərkən, yaşayış sahələrindən kənarda avtobus qəflətən dayandı. Sürücü sıradan çıxmış maşın detalını götürüb yoldan keçən maşınla yaxınlıqdakı kəndə getdi. İki saatadək vaxt keçməsinə baxmayaraq, sürücü gəlib çıxmırdı. İçib yorğunlaşmış erməni silahlıları mürgü döyürdülər.

Rafiq avtobusdan düşdü. Bir erməni yaxınlıqda siqaret çəkir və  sürücü gedən tərəfə baxırdı. Rafiq avtobusdan vedrəni götürüb, şlanqla bakdan benzin çıxartdı. Siqaret çəkən erməni Rafiqə yaxınlaşıb, nə etdiyi ilə maraqlandı. Avtobusdakı ermənilər spirtli içkinin təsirindən və yorğunluqdan xorna çəkib yatmaqda idilər.

- Benzini neyləyirsən? - siqaret çəkən erməni soruşub, avtomatını sağ çiynindən sol çiyninə ötürdü.

- İndi görərsən. - Rafiq ötəri cavab verib, qəflətən ona bir yumruq vurdu. Erməni, çənəsinə dəyən qəfil zərbədən səntirlədi, ikinci zərbədən sonra isə, o, kökündən kəsilmiş ağac kimi yerə sərildi. Rafiq onun çaşqınlığından istifadə edib, iti bıçağı onun ürəyinə soxdu. Erməni cınqırını da çıxarmağa macal tapmadı və yıxılıb öldü. Rafiq vedrədəki benzini sakit tərzdə avtobusa çökməyə başladı. Onun sakit tərpənişi həlak olmuş xocalıların ruhuna təskinlik verə bilərdi. Rafiq, demək olar ki, bakdakı benzinin hamısını çıxarıb, dörd tərəfdən avtobusa tökmüşdü. Sonra o, kənara çəkilib avtobusa bir neçə aramsız atəş açdı. Avtobus alova büründü.

Bir erməni də xilas olmağa imkan tapmadı. Yaxınlıqda mövqe seçib, avtomatının lüləsini avtobusun örtülmüş çıxış qapısına doğru çevirən Rafiq xilas olmaq istəyənləri güllələyəcəkdi. Ancaq ermənilərin heç birisi buna macal tapmadı.

Rafiq bundan sonra daha iki həftə daxildən ermənilərə divan tutmaqda davam etdi. O, vətən qarşısında öz oğulluq borcunu bu cür yerinə yetirirdi. Bunu, hətta hünər də saymırdı. Karen və Samvel Rafiqdən şübhələndiklərini komandirlərinə xəbər verdi. Ciddi təhqiqatdan sonra, Rafiqin nə ətraf yaşayış məntəqələrində, nə də Ermənistanda yaşamadığı üzə çıxdı. Rafiq isə öz işini davam etdirməkdə idi. O, növbəti əməliyyatını Qubadlı ətrafında gerçəkləşdirmək istəyirdi. Gözaltıladığı yerdə beş-altı erməni silahlısı dayanmışdı. Ətrafda isə ins-cins də görünmürdü. Rafiq yaxın məsafədən onları atəşə tutdu. Ermənilər bir-birinin ardınca yerə sərildilər. Rafiq getmək istərkən, yaxınlıqdakı qaya arxasından xeyli erməni silahlısının qaçaraq ona doğru gəldiyini gördü. İyirmiyədək erməni atəş səsinə gəlmişdi. İntiqam hissi ilə alışıb-yanan Rafiq yenidən onlara qoşulmaq istəmədi. Onun bu addımı atmağa iradəsi çatmadı. Tutduğu mövqedən erməniləri atəşə qonaq etdi. Qarşıdan gələn iki erməni yerə sərildi. Atışma dörd saata yaxın davam etdi. Bununla belə, Rafiqin gülləsi qurtaranadək, erməni silahlıları ona yaxın düşə bilmədilər...

Azərbaycanlı əsirləri Xankəndindəki internat məktəbinin həyətinə yığmışdılar. Ermənilər onlara bir azərbaycanlı əsirin başının kəsiləcəyini demişdilər. Heç kəs Rafiqin çöhrəsində qorxu hissinin olduğunu görmədi. O, qatillərinə yalvarmırdı. Rus zabitləri hadisə yerindən uzaqlaşmışdılar. Bir erməni komandir uzun bir sicilləmə başladı. O, Rafiqi aralarına girib, onlarla ermənini məhv etməkdə ittiham etdi. Karen və Samvelin arxasında dayanan erməni qadınları ağlaşmağa başladılar. Kişilər isə Rafiqin cəzalandırılmasını tələb edirdilər.

Rafiqə son söz verildi. Sakit səslə danışmağa başlayan Rafiqin səsi get-gedə gurlaşmaqda idi.

- Torpaqlarımızda məskunlaşıb, bizim beşimizin-onumuzun başımızı kəsə bilərsiniz. Ancaq bu yolla da torpaqlarımıza sahib dura bilməyəcəksiniz. Gec-tez Azərbaycanın cəsur və mərd oğulları bizim axıdılmış qanımızın intiqamını sizdən artıqlaması ilə alacaqlar. Buna əmin ola bilərsiniz. O vaxt havadarlarınız da sizlərə kömək edə bilməyəcəkdir.

Rafiqin qorxmazlığı qəsbkarları qorxutmuşdu. Onlar bu igid oğlanı çox danışmağa qoymadılar. Bir neçə saqqallı silahlı irəli yeriyib, əl-qolu bağlı Rafiqi Karenin qabağında yerə yıxdılar. Rafiq təcavüzkarları erməni dilində söyməkdə davam edirdi. Karen əlindəki böyük bıçağı Rafiqin boğazına çəkdi. O, qanı ətrafa səpələnəndə də inildəmədi. Bu qanlı mərasimdən sonra ermənilər özlərini sevinirmiş kimi göstərmək istəsələr də, azərbaycanlıların gələcək intiqamından can qurtara bilməyəcəklərini daha çox dərk etməyə başlayırdılar.

 

P.S. Hekayə real faktlar əsasında qələmə alınıb.

 

 

Valeh MƏHƏRRƏMLİ

 

Səs.- 2010.- 18 fevral.- S. 7.