Xocalı soyqırımından 18
il ötür
"SƏS" QƏZETİ XOCALI SOYQIRIMININ
İLDÖNÜMÜNƏ HƏSR EDİLMİŞ DƏYİRMİ
MASA KEÇİRDİ
Xocalı
soyqırımı - 1992-ci il fevralın 25-dən 26-na
keçən gecə Ermənistan silahlı qüvvələri
Rusiyanın 366-cı motoatıcı alayının
iştirakı ilə Xocalı şəhərini işğal
edərkən, azərbaycanlılara qarşı
soyqırım aktı törədib. Bu faciə Dağlıq
Qarabağ münaqişəsi zamanı baş vermiş ən
dəhşətli faciələrdəndir. Hücumdan əvvəl,
fevralın 25-i axşam şəhər toplardan və
ağır artilleriyadan şiddətli atəşə tutuldu. Nəticədə,
fevralın 26-sı səhər saat 5 radələrində
Xocalı tam alova büründü. Mühasirəyə
alınan şəhərdə qalmış təqribən
2500 nəfər Xocalı sakini Ağdam rayonunun mərkəzinə
çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma
bir günün içində yer üzündən silinən
şəhəri tərk edən 2500 Xocalı sakinindən
613-ü düşmən gülləsinə tuş gələrək,
qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində
63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı
olmaqla-613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə
tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130
uşaq valideynlərindən birini itirdi. Düşmən
gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən
76-sı uşaq idi. 1275 xocalılı əsir, 150
xocalılı itkin düşdü. Dövlətin və əhalinin
əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə
5 mlrd. rubl dəyərində ziyan vuruldu.
"Səs" qəzetinin,
ənənəvi olaraq, keçirdiyi dəyirmi masanın budəfəki
mövzusu da Xocalı soyqırımının
ildönümünə həsr edildi. O qanlı
soyqırımın baş verməsi ilə bağlı
KİV nümayəndələrinin suallarını
cavablandırmaq üçün dəyirmi masaya Xocalı
rayonunun keçmiş icra başçısı, millət vəkili
Elman Məmmədov dəvət olunmuşdu. Dəyirmi masada
"AzərTac" dövlət informasiya agentliyinin müxbiri
Aidə Quluzadə, "Olaylar" informasiya agentliyi və
eyniadlı qəzetin müxbiri Ədil Ədilzadə, "Mərkəz"
qəzetinin müxbiri İntiqam Valehoğlu, "525-ci" qəzetin
müxbiri Rufil İsmayılov, "Yeni Azərbaycan" qəzetinin
müxbiri Pərviz Sadayoğlu, "İki Sahil" qəzetinin
müxbiri Aynurə Şirinova, "Qarabağ" qəzetinin
müxbiri Zəkurə Quliyeva, "Səs" informasiya
agentliyinin müxbiri Oral Mədənçi, "Paritet" qəzetinin
müxbiri Səbuhi Şəldiyev və digər
aparıcı qəzet və agentliklərin əməkdaşları
iştirak edirdilər.
Dəyimi masanı
giriş sözü ilə açan "Səs" qəzetinin
əməkdaşı, Xocalı soyqırımının Azərbaycan
tarixinə ən dəhşətli və faciəli səhifələrdən
biri kimi daxil olduğunu söylədi: "Azərbaycanın
ümummilli lideri Heydər Əliyev Xocalı
soyqırmının on illiyi münasibətilə Azərbaycan
xalqına müraciətində qeyd etmişdir: "Bu
amansız və qəddar soyqırım aktı insanlıq
tarixinə ən qorxulu kütləvi terror aktlarından biri
kimi daxil oldu".
Qəzetin əməkdaşı, onu da qeyd etdi ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin, davamlı olaraq, etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni ideoloqlarının "dənizdən-dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi, kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq, Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda hər cür cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı da bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Belə ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı.
Qəzetin əməkdaşı onu da bildirdi ki, Xocalı soyqırımı Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sərəncamı əsasında ölkəmizin hər yerində, o cümlədən, idarə-müəssisələrdə və təşkilatlarda keçirilir: " "Səs" qəzeti sərəncamdan irəli gələn tədbirləri həyata keçirməyi özünə mənəvi borc hesab edib. Hesab edirik ki, bu cür tədbirlərin təşkilatçısı olmaqla, erməni vəhşiliyinin bəşəriyyətə və insanlığa qarşı yönəldiyini bir daha cəmiyyətə, dünya xalqlarına çatdırmalıyıq".
BEYNƏLXALQ ALƏMDƏ XOCALI
SOYQIRIMINA LAQEYD MÜNASİBƏT VAR
Elman Məmmədov:
- "Səs" qəzetinə Azərbaycan xalqının və bütövlükdə, türk dünyasının ağır dərdi olan Xocalı soyqırımının ildönümü ilə bağlı dəyirmi masa keçirdiyinə görə, minnətdarlığımı bildirirəm. Artıq 18 ildir ki, biz Xocalı soyqırımı haqqında müxtəlif auditoriyalarda və müxtəlif səviyyələrdə danışırıq. Lakin biz ermənilər tərəfindən tarixin müxtəlif dövrlərində, o cümlədən, 20-ci əsrin sonunda Azərbaycan xalqının başına gətirilən müsibətləri eşitməyə və görməyə qulaqları kar olan, dünyanın idarə olunmasında əsas rol oynayan böyük dövlətlər, onların insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların lazımınca anladılmasına çalışmalıyıq. Çünki Qərb dövlətlərinin bəzi məsələlərə baxışı tamamilə fərqlidir. Onların əksəriyyəti bu barədə azərbaycanlılardan daha çox və dəqiq məlumata malikdir. Ancaq özlərini bilməzliyə və görməzliyə vururlar. Hətta onlar ermənilərin xalqımıza qarşı törətdikləri soyqırım aktlarının əlifbasını da bilirlər. Çünki bu hadisələrin törədilməsində həmin dövlətlərin təşkilatçılığı olub. Eyni zamanda, bu hadisələri onların havadarlıq etdiyi "cırtdan" bir dövlət, mənşəyi məlum olmayan bir etnos gətiribdir. Ona görə də, Azərbaycan dövləti bu müsibətləri bütün dünyaya çatdırmaq üçün onların öz metodlarından istifadə etməyə çalışmalıdır. Yəni, Xocalı soyqırımının ideya və məzmununu dünyaya elə təqdim etməliyik ki, o məlumatlar nişangahın düz mərkəzinə vurulsun.
2000-ci ildən bu günə qədər dünyanın 20-dək ölkəsinin parlamentində olmuşam. Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa Şurası (AŞ), Avropa Birliyi və ATƏT kimi beynəlxalq təşkilatların iclasında iştirak etmişəm. Onlarla keçirdiyimiz görüşlərdə Azərbaycanın maraqlarına bəslənilən əsil münasibətin şahidi olmuşam. Bəziləri isə, deyilənlərə tərbiyəsizlik və etiqasızlıq nümayiş etdirərək, görüşü tərk edib. Bu baxımdan, düşünürəm ki, gərək, bu məsələlərdə daha professional olaq və Qərb dünyasının qandığı bir şəkildə onları başa salaq. Əsas məqsədimiz ondan ibarətdir ki, beynəlxalq aləmə ermənilərin təcavüzkar olduğunu və Azərbaycanın 20 faiz torpaqlarını işğal etdiyini başa salaq. Onlara çatdırmaq lazımdır ki, ermənilər son 200-250 il ərzində azərbaycanlıları və türkləri dəfələrlə soyqırıma məruz qoyub. 1915-ci ildə baş verən hadisələr də eyni məqsədə xidmət edib. Belə ki, dünyanın 2-3 ən aparıcı dövləti erməniləri təşkilatlandıraraq, onları Türkiyə daxilində üsyana qalxmağa təhrik etdi. Əvəzində də, onlara vəd verdilər ki, sizə Türkiyə daxilində dövlət yaratmaq şansını verəcəyik. Nəticədə isə, türklər kütləvi şəkildə öldürüldü, ermənilərin qondarma soyqırımı məsələsi ortaya atıldı. Bu tip hadisələr 1905-1906-cı illərdə, 1918-1920-ci ildə də təkrarlanıb. Ermənilərin özlərinin törətdikləri, lakin türklərin adına yazdıqları qondarma soyqırımından bir çox dövlətlər Türkiyəyə təzyiq vasitəsi kimi istifadə edir. Üstəlik, bu qondarma soyqırımı sübut etmək üçün heç bir foto, video və ya digər maddi sübuta malik deyillər. Ancaq həmin dövlətlər Xocalı soyqırımı ilə bağlı kifayət qədər dəlil-sübutların olmasına baxmayaraq, bu soyqırımın tanınması istiqamətində heç bir iş görmürlər. Əgər ABŞ və özünü bütün dünyaya haqq-ədalət carçısı kimi təqdim edən digər Qərb dövlətləri, həqiqətən, obyektivdirlərsə, o zaman nə üçün Xocalı kimi soyqırıma göz yumurlar? Ermənilər tərəfindən Xocalı soyqırımının törədilməsinin 3-4 min nəfər, mən də daxil olmaqla, canlı şahidi var. O cümlədən, fotoşəkillər, videoçəkilişlər, hətta təkcə Azərbaycan jurnalistlərinin deyil, xarici ölkə jurnalistlərinin də çəkdiyi maddi sübutlar və onların ifadələri var. Bunlara etinasız yanaşırlar və kölgədə qoyurlar.
Bəzən mətbuat işçiləri mənə sual verirlər ki, nə üçün Xocalı soyqırımını dünyada tanıda bilməmişik? Bu soyqırımın bugünədək tanıdılmamasında Azərbaycanın günahı yoxdur. Günah dünyanı idarə edən dövlətlərin haqsız və ədalətsiz mövqeyindədir. Güvəndiyimiz və arxalandığımız qardaş Türkiyə dövləti belə, indiyədək Xocalı soyqırımını rəsmi qaydada tanımayıb. Bu yaxınlarda İslam Konfransı Təşkilatı (İKT) Xocalı soyqırımı ilə bağlı sənəd qəbul etdi. Lakin bu sənəd də hadisənin soyqırım kimi tanınması demək deyil. Bu, sadəcə olaraq, Xocalı soyqırımı ilə əlaqədar olaraq, Azərbaycan tərəfinin mövqeyinə müsbət münasibət idi. Dəfələrlə Türkiyə Böyük Millət Məclisində (BMM) görüşümüz olub. Bu ilin fevral ayının 25-də də soyqırımın ildönümü münasibətilə İstanbula, fevral ayının 26-da isə Ankaraya gedəcəyik. Türkiyədə aparılan müzakirələr biganəlik, laqeydlik ab-havasında keçirilir, sanki onlar nədənsə qorxurlar. Türkiyənin televiziya kanallarına müsahibələrimdə bildirmişəm ki, Xocalı soyqırımının Türkiyə BMM-də tanınması daha çox sizin özünüzə lazımdır. Əgər ABŞ və Avropa sizi 1915-ci ildə ermənilərə qarşı soyqırım törətməkdə günahlandırarsa, o zaman siz də Xocalı soyqırımı aktını ortaya qoya bilərsiniz. Yəni, siz də bundan qarşı tərəfə təzyiq vasitəsi kimi istifadə edə bilərsiniz. Hətta mənim bu sözlərimdən incidilər. Onlara bildirdim ki, dünyada qondarma erməni soyqırımını tanıyan ölkələrə qarşı heç bir güc tətbiq edilmir, o cümlədən, siz Xocalı soyqırımını tanısanız heç bir problem olmayacaq. Düşünürəm ki, dostumuz və qardaşımız olan böyük Türkiyə dövlətinin bu addımı atmasını bütün Azərbaycan xalqı gözləyir. Hətta qeyd edim ki, keçmiş possovet məkanında olan türkdilli ölkələrin heç biri Xocalı soyqırımına rəsmi münasibət bildirməyib. Adını islam respublikası qoyan İran İslam Respublikasına islam dininin özü qənim olsun. Deməli, Azərbaycan torpaqlarının işğal olunmasında ermənilərin iki havadarı olubsa, onlardan biri, heç şübhəsiz ki, İran olub. Onlar ermənilərin enerji, silah-sursat və s. olan tələbatlarını, bütünlüklə, ödəyiblər. Şuşanın işğalı prosesində də eyni vəziyyət idi. Yaqub Məmmədovu İrana apardılar və vədlər verib aldatdılar. Beləliklə də, Şuşanın işğalına şərait yaratdılar. Bu gün işğal altında olan torpaqlarımızdakı bütün təbii sərvətlərimizi iranlı tacirlər, biznesmenləri daşıyır. Eyni zamanda, İran Ermənistanla müştərək su-elektrik stansiyası tikir, Türkmənistan qazını Ermənistan vasitəsilə öz ölkəsinə aparır, Ermənistanın enerji, qida və s. təchizatını üzərinə götürüb. Lakin İran haqsız olaraq Azərbaycanı İsraillə yaxın münasibət qurmaqda qınayır. İran anlamalıdır ki, bu münasibəti o, Ermənistanla dostluq əlaqələri quraraq, Azərbaycana qarşı göstərib. Bəs ermənilərlə qardaşlıq, əmioğluluq edən sənsən də? Belə olan halda, İran nə üçün Azərbaycanda inciyir? Dünyada Azərbaycanın haqlı mövqeyini müdafiə edən ölkələrdən biri də, məhz İsrail dövlətidir. İran heç bir zaman Azərbaycanın sözünü deməyib və onun mövqeyini müdafiə etməyib. Hesab edirəm ki, beynəlxalq aləmdə Xocalı soyqırımını öncə, öz dinimizdən və dilimizdən olanlar tanımalıdır.
"Mərkəz" qəzetinin
əməkdaşı:
- İstərdik ki,
Xocalının coğrafi mövqeyi və strateji əhəmiyyəti
barədə məlumat verəsiniz.
1991-Cİ İL NOYABRIN 26-DAN XOCALIYA RAYON STATUSU VERİLDİ
Elman Məmmədov:
- Xocalı şəhəri
Azərbaycanın qədim yaşayış məskənlərindən
biridir. Mən əslən Xocalıdanam.
Xocalının yaranma tarixi bizim eramızdan əvvəl 3-5 min
il bundan əvvələ gedib
çıxır. Müxtəlif kurqanlar,
türklərə məxsus dik daşlar, qəbirüstü
yonma qoyun, dəvə, yəhər abidələri
Xocalının tarixi abidələrindəndir. Xocalı strateji cəhətdən elə bir
coğrafi mövqedə yerləşirdi ki, Bakıdan
Şuşaya, oradan da digər ərazilərə gedən yol
mütləq Xocalının içindən keçirdi.
Həmçinin, dəmiryol Xocalıdan
keçirdi, Dağlıq Qarabağda yeganə aeroport burada
yerləşirdi. Bu baxımdan, Xocalı
böyük əhəmiyyətə malik ərazi idi. 1988-ci ilə qədər Xocalının 3 min nəfərə
qədər əhalisi var idi. 1988-ci ilin may ayından
etibarən Xocalıya, artıq Ermənistandan
qaçqınlar gəlməyə başladı. Ermənistandan
ilk qaçqınları may ayının ortalarında Əzizbəyov
rayonunun Gomur kəndindən 10 ailə olaraq qəbul etdik. Ondan sonra erməni qaçqınların
axını davam etdi. 1988-ci ilin
axırına qədər Ermənistandan olan
qaçqınlar, eləcə də, Xankəndindən olan məcburi
köçkünlər, Dağlıq Qarabağın erməni
kəndlərində müxtəlif fermalarda
çalışan azərbaycanlıların Xocalıya
axını reallaşdı. Bunlarla
yanaşı, 54 ailədən ibarət məshəti türkləri
də Xocalıda yerləşdilər. 1990-cı
ilin axırı 1991-ci ilin əvvəlində artıq
Xocalının əhalisi 7 min nəfərə
çatmışdı. Bu 7 min əhalinin
4 min nəfərindən artığı qaçqın və
məcburi köçkünlər idi. 1988-ci ilin
payızından başlayaraq, qaçqın və məcburi
köçkünlərin yerləşdirilməsi məqsədilə
Xocalıda böyük tikinti işləri aparıldı, yeni
iş yerləri açıldı və s. Xocalı
1990-cı ilin aprelin 4-də Xocalıya şəhər statusu
verildi. 1991-ci ilin noyabr ayının 26-da isə Azərbaycan
SSRİ ali sovetinin sessiyasının qərarı
ilə Dağlıq Qarabağın muxtar vilayəti statusuna
xitam verildi və muxtariyyət ləğv olundu. Nəticədə, üç rayon yaradıldı,
Xocalı, Xocavənd və Ağdərə. Yəni, artıq 1991-ci ilin noyabrın 26-dan
Xocalıya rayon statusu verildi.
"Yeni Azərbaycan" qəzetinin əməkdaşı:
- Elman müəllim, Xocalının işğalına gətirən
səbəblər və o zamankı ictimai-siyasi vəziyyət
barədə nə deyə bilərsiniz?
XOCALI RAYONU HƏR TƏRƏFDƏN ERMƏNİ
YAŞAYIŞ MƏNTƏQƏLƏRİ İLƏ ƏHATƏ
OLUNMUŞDU
Elman Məmmədov:
- 1988-ci ilin fevral ayından
etibarən biz Xocalının müdafiəsini təşkil
etdik. Sakinlərdən ibarət özünü
müdafiə dəstələri yaratdıq. O dövrdə
Xocalıda cəmi 20 ov tüfəngi var idi. Əhali
təşviş içində olduğu üçün gecələr
təkər yandıraraq, rayonun keşiyini təşkil
edirdik. Xocalının ətrafında 3-4
min erməni məntəqəsini keçmədən Azərbaycanın
yaşayış məntəqələrinə getmək
mümkün deyildi. Yəni, Xocalı,
bütünlüklə, erməni yaşayış məntəqələrinin
əhatəsində idi. Şərqdən Azərbaycanın
Əsgəran rayonu zolağında erməni yaşayış
məntəqələri yerləşirdi. Əsgəran
rayonunda da 10 kəndi var idi. Bunlar da Fərrux,
Daşbaşı, Xramord, Xanabad, Qılışdağı, Əsgəran,
Naxçıvani və s. idi. Xocalılar Azərbaycan
tərəfinə keçmək üçün bu zolaqdan
keçməli idilər. Bu zolağın
qabağında da Əsgəran qalası yerləşirdi.
Qərb tərəfdən 60 min nəfər əhalisi
olan Xankəndi rayonu yerləşirdi. 60 min əhalidən
16-17 min nəfər azərbaycanlı oradan
çıxmışdı, orada 40-42 min erməni və
366-cı alay qalmışdı. Şimaldan və cənubdan yenə də erməni
yaşayış məntəqələri ilə əhatə
olunmuşdu.
(Ardı var)
KÜBRA ƏLİYARLI
Səs.- 2010.- 18 fevral.- S. 8-9.