Qan yaddaşımız

 

Xocalı soyqırımı - bütün türk dünyasının faciəsidir

 

"Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir."

 

HEYDƏR ƏLİYEV

 

Hər il Xocalı faciəsi və 31 Mart Azərbaycanlıların Soyqırımı ilə bağlı, anma günləri yaxınlaşdıqca, ermənilərin həm əsrin əvvəllərində, həm də 1988-ci ildən başlayaraq, başımıza gətirdikləri olaylar yada düşür. Düşmənimizə qarşı kin və nifrətimiz bir daha artır. Hadisələri ardıcılıqla izləsək, başımıza gətirilən olaylar, tarixdə, demək olar ki, eyni ssenari üzrə cərəyan edir. Şükürlər olsun ki, bizlər hələ də tam sınmamış, milli genafonumuzu, adət-ənələrimizi qoruyub saxlaya bilmişik. Biz anlamalıyıq ki, ermənilər tarixən təkcə bizlərə qarşı deyil, bütün türk dünyasına torpaq iddiaları ilə çıxış etmişindi də etməkdədirlər.

Dünən Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının qərargahında "Tariximizə sahib çıxaq" mövzusunda tədbir keçirildi. YAP Nərimanov rayon təşkilatı qadınlar şurasının təşkilatçılığı ilə Xocalı faciəsinin növbəti ildönümünə həsr olunmuş  tədbirdə partiyanın fəalları, rayon ictimaiyyəti, 47 saylı məktəbin müəllim və şagirdləri iştirak edirdilər. İlk öncə, Azərbaycan Respublikasının dövlət himni 47 saylı məktəbin şagirdlərinin ifasında səsləndi. Sonra tədbir iştirakçıları Xocalı faciəsi qurbanlarını bir dəqiqəlik sükutla yad etdilər.

YAP Nərimanov rayon təşkilatının qadınlar şurasının sədri Məhəbbət İbrahimova tədbirdə çıxış edərək, Xocalı faciəsinin tariximizə qanla yazılmış faciə olduğunu söylədi: "Bu faciəni bütün türk dünyası, bütün Azərbaycan xalqı, o cümlədən, gənclərimiz hər gün, hər dəqiqə unutmamalıdır. Çünki bu tarix xalqımızın tarixi idi. Ona görə də biz öz haqq səsimizi dünyanın bütün ölkələrinə çatdırmalı və azərbaycanlılara qarşı işğalçı Ermənistanın soyqırım siyasəti ilə bağlı geniş informasiyaları daha çox yaymalıyıq".

Ötən əsrin ən böyük faciələrindən biri kimi tariximizdə iz salan Xocalı soyqırımı ilə bağlı müxtəlif tədbirlər və görüşlərin keçirildiyini deyən YAP Nərimanov rayon təşkilatının sədri bütün dünyaya bəşəriyyətin ən amansız vəhşiliklərini göstərmək üçün informasiyaları daha çox yaymalıyıq. M.İbrahimova, həmçinin, bütün Azərbaycan gənclərini qan yaddaşımız olan Xocalı faicəsini  unutmamağa çağırdı.

Xocalı 1991-ci il noyabrın 1-dən 1992-ci il fevralın 25-nə qədər  mühasirə altında qaldığını vurğulayan M.İbrahimova o dövrdəki rəhbərliyin qətiyyətsizliyi və prinsipial mövqe göstərməməsi nəticəsində faciənin baş verdiyini söylədi: "O vaxtkı Azərbaycan rəhbərliyinin prezident kürsüsü iddiasında olması çox faciələrə gətirib çıxardı. Eyni zamanda, Azərbaycan rəhbərsiz, dövlətsiz qalmışdı. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri, Dağlıq Qarabağ ərazisindəki ermənilərin qeyri-qanuni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və hərbi texnikasının bilavasitə iştirakı ilə Azərbaycanın ayrılmaz hissəsi olan qədim Xocalı şəhərini zəbt edərək, xalqımıza qarşı analoqu olmayan soyqırım aktı həyata keçirib. Həmin gecə ermənilər günahsız, köməksiz, əliyalın Xocalı əhalisinə, xüsusilə də, qocalara, qadınlara və uşaqlara bəşəriyyət tarixində görünməmiş divan tutublar. Azərbaycan xalqına qarşı işğalçılıq siyasəti yürüdən ermənilər həmin soyqırım zamanı şəhəri tamamilə dağıdıb. 613 nəfəri, xüsusilə də, 63 uşaq, 106 qadın və 70 qocanı xüsusi amansızlıqla, işkəncələrlə qətlə yetirib, 8 ailəni tamamilə məhv edib, 114 nəfər itkin düşüb, 487 nəfər əlil olub, 69 nəfərin isə əsir və girovluqda saxlanıldığı şahid ifadələrinə əsasən təsdiq olunub".

YAP Nərimanov rayon təşkilatının qadınlar şurasının sədri qeyd etdi ki, siyasi, müdrik rəhbər ulu öndərimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bugünkü qüdrətli Azərbaycana nail olduq: "Bütün bu ağrılı dərdlərimizə baxmayaraq, nikbinlik hissi ilə yaşamağımıza səbəb ulu öndərimiz Heydər Əliyevin bizə qoyduğu müstəqil Azərbaycana Prezident İlham Əliyev cənablarının rəhbərlik etməsi siz gənclərin böyük nailiyyətidir. Bu gün Azərbaycan lider dövlətlər sırasındadır. İqtisadiyyatımız günü-gündən yüksəlir. Bu da əsas faktdır. Çünki iqtisadiyyatı güclü olan dövlət məğlub olmaz".

M.İbrahimova onu da bildirdi ki, Xocalı soyqırımına hüquqi siyasi qiymət ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra, yəni 1994-cü il fevral ayının 24-də  verildi. Sonda M.İbrahimova Xocalı faicəsinin qurbanlarının qisasının yerdə qalmayacağını dedi: "Allah bütün şəhidlərimizə rəhmət eləsin."

Tədbirdə 47 saylı məktəbin direktoru Aytən Bağırova, müəllimlərdən Tahirə Şükürova, Aybəniz Rüstəmova və digərləri çıxış edərək, bu soyqırımını xalqımızın qan yaddaşı adlandırdılar. Çıxış edənlər onu da vurğuladılar ki, ermənilərin azərbaycanlılara, bütün türk dünyasına edilən soyqırım gənclərimiz tərəfindən hiddətlə qarşılanılır: "Müstəqil Azərbaycanın  qurucusu olan ümummilli liderimiz Heydər Əliyevin apardığı siyasətin uğurlu davamçısı ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməklə işğal altında olan torpaqlarımızın azad olmasına çalışacaq və ermənilərin işğalçı dövlət olduğunu hər birimiz apardığımız təbliğatımızla dünyaya çatdıracağıq."

Tədbir iştirakçılarının qəlbini daha çox kövrəldən Moskvada yaşayan 6 yaşlı həmyerlimiz  Ayan Zeynalovanın çıxışı oldu. Onun yanğı və hıçqırtı ilə Xocalı faicəsinə həsr olunmuş şeiri bütün iştirakçıların göz yaşı axıtmasına səbəb oldu. Necə deyərlər, balaca Ayanın gövrək səsi "daşı da ağladırdı": "Əlləri qanlı olan erməni cəlladlarının analarımıza, bacı-qardaşlarımıza, körpələrə, uşaqlara qarşı etdikləri əməlləri biz heç vaxt unutmayacağıq. Harada olsaq da, ermənilərin faşist əməlləri ilə bağlı bildiklərimizi bütün uşaqlara çatdırmalıyıq".   

Sonra 47 saylı məktəbin şagirdlərinin iştirakı ilə Xocalı faicəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olundu. Sonda 47 saylı məktəbin şagirdləri adından dünya uşaqlarına müraciət ünvanlandı.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 23 fevral.- S. 5.