"Xocalıya
qayıdacağıq" adlı
anım tədbiri keçirildi
Dünən
23 saylı məktəbin
akt zalında YAP Nəsimi rayon təşkilatı və Nəsimi rayon icra hakimiyyətinin birgə təşəbbüsü
ilə Xocalı faciəsini gənclər arasında təbliğini
gücləndirmək məqsədilə
"Xocalıya qayıdacağıq"
adlı anım tədbiri keçirildi. İlk öncə, Xocalı şəhidlərinin
ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının
sədri, millət vəkili Məlahət İbrahimqızı bildirdi
ki, Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş
və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırım əməlləri
də tarixin açılmamış
səhifələrindən biridir. O, vurğuladı ki, Azərbaycan xalqının XX əsrdə
üzləşdiyi dəhşətli
faciələrdən biri
də Xocalı soyqırımıdır. Xocalı faciəsi
Xatun, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş
qanlı olaydır:
"1992-ci il fevralın
25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri,
Azərbaycanın Dağlıq
Qarabağ ərazisindəki
erməni silahlı dəstələri, keçmiş
SSRİ-nin Xankəndində
yerləşən 366-ci motoatıcı alayının
şəxsi heyətinin
və texnikasının
bilavasitə iştirakı
ilə Xankəndi ilə Əsgəran arasında yerləşən
Xocalı şəhərini
zəbt etdilər. Onlar, həmçinin, Azərbaycan xalqına qarşı soyqırım
siyasətini həyata
keçirdilər. Qabaqcadan
planlaşdırılmış kütləvi və amansız qırğın
aktı həmin ərazidə yaşayan insanları, məhz azərbaycanlı olduqlarına
görə, tamamilə
məhv etmək niyyətilə törədilib".
Çıxış edən Nəsimi
rayon icra hakimiyyətinin başçısı
Nəsib Məhəməliyev
bildirdi ki, son yüz ildən
artıq dövrdə
erməni xalqının
bir neçə nəslinin müstəsnalıq,
Azərbaycan xalqına
qarşı düşmənçilik
ruhunda tərbiyə edilməsi nəticə etibarı ilə XX əsrin sonlarında sivil dünyanın gözü qarşısında
Xocalı soyqırımı
kimi qanlı faciənin baş verməsinə gətirib çıxarıb. O, qeyd
etdi ki, Xocalı soyqırımının
günahkarları, təşkilatçıları
və icraçıları
layiqli cəzalarına
çatmalıdır: "Cinayət cəzasız qala bilməz. Xocalı faciəsi bəşər övladına
qarşı törədilmiş
genosid və etnik təmizləmə hadisələri içərisində
ən dəhşətlərdən
olmuşdur. Hazırda,
bu hadisələrdə
hər hansı şəkildə iştirakçı
olmuş şəxslər
vaxt gələcək
tarixin məhkəməsi
qarşısında cavab
verməli olacaqlar".
N.Məhəməliyev vurğuladı ki, doğma yurdlarından didərgin düşmüş
və Azərbaycanın
48 rayonuna səpələnmiş
Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli
həlli, Ermənistanın
Azərbaycana qarşı
təcavüzünün dəf
edilməsi, ölkənin
ərazi bütövlüyünün bərpa
edilməsi ümidi ilə yaşayır:
"Biz inanırıq
ki, ümumilli liderimiz Heydər Əliyevin siyasi kursunun davamçısı
Prezident İlham Əliyevin apardığı
uğurlu daxili və xarici siyasət nəticəsində
torpaqlarımız işğaldan
azad ediləcək, soydaşlarımız öz
doğma yurd-yuvalarına
qayıdacaq".
Tədbirdə Xocalı rayonunun
sabiq icra başçısı, millət
vəkili Elman Məmmədov Xocalıda baş verən hadisələrdən danışdı.
Bildirdi ki, 1992-ci il fevralın 15-də axşam erməni hərbi birləşmələri
keçmiş SSRİ-nin
Xankəndində dislokasiya
olunmuş 366-cı motoatıcı
alayının ağır
hərbi texnikasının
dəstəyilə Xocalıya
hücuma keçdilər.
Artilleriya silahlarından,
ağır hərbi texnikadan açılan aramsız atəşlə
müşayiət olunan
hücum nəticəsində
Xocalı mühasirəyə
düşdü, yanğınlar
başlandı: "Fevralın
26-sı səhər şəhər
alova bürünmüşdü.
Həmin vaxt şəhərdə olan təqribən 2 min 500 nəfərə yaxın əhali məcburi şəkildə öz ev-eşiklərini ataraq Ağdama doğru hərəkət etdi. Lakin şəhəri tərk etmək hamıya nəsib olmadı. Erməni hərbi birləşmələri
366-cı alayın köməyilə
dinc əhaliyə qarşı xüsusi qəddarlıqla cəza tədbirləri həyata keçirdi. Ermənilər
613 nəfər azərbaycanlını
vəhşicəsinə qətlə
yetirdilər. Onların
63-ü uşaq, 106-sı qadın,
70-i isə ahıl adam idi. 8 ailə
bütövlükdə qətlə
yetirildi. 487 nəfər
yaralandı. Yaralananların
76 nəfəri uşaq
idi. Girov götürülənlərin sayı
1275 nəfər təşkil
edir. 150 nəfərin
aqibətindən isə
hələ də xəbər-ətər yoxdur.
Dövlətə və
vətəndaşlara külli
miqdarda ziyan vuruldu. Qanlı faciə ilə bu və ya
başqa cür əlaqəsi olan adamlar, hələ ki, öz vicdanları
qarşısında məsuliyyət
daşıyırlar. Lakin
vaxt gələcək
onlar cəzalarına çatacaqlar".
Tədbir məktəb şagirdlərinin "Xocalıya
qayıdacağıq" adlı
səhnə kompozisiyası
ilə başa çatdı.
Sevinc NƏZƏROVA
Səs.-2010.-23 fevral.- S. 6.