XOCALI SOYQIRIMIDAN 18 İL
ÖTÜR
"SƏS" QƏZETİ
XOCALI SOYQIRIMININ İLDÖNÜMÜNƏ HƏSR
EDİLMİŞ DƏYİRMİ MASA KEÇİRDİ
(Əvvəli ötən sayımızda)
Xocalı
soyqırımı - 1992-ci il fevralın 25-dən 26-na
keçən gecə Ermənistan silahlı qüvvələri
Rusiyanın 366-cı motoatıcı alayının
iştirakı ilə Xocalı şəhərini işğal
edərkən, azərbaycanlılara qarşı
soyqırım aktı törədib. Bu faciə Dağlıq
Qarabağ münaqişəsi zamanı baş vermiş ən
dəhşətli faciələrdəndir. Hücumdan əvvəl,
fevralın 25-i axşam şəhər toplardan və
ağır artilleriyadan şiddətli atəşə tutuldu.
Nəticədə, fevralın 26-sı səhər saat 5 radələrində
Xocalı tam alova büründü. Mühasirəyə
alınan şəhərdə qalmış təqribən
2500 nəfər Xocalı sakini Ağdam rayonunun mərkəzinə
çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma
bir günün içində yer üzündən silinən
şəhəri tərk edən 2500 Xocalı sakinindən
613-ü düşmən gülləsinə tuş gələrək,
qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində
63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı
olmaqla, 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8
ailə tamamilə məhv edildi, 25 uşaq hər iki
valideynini, 130 uşaq valideynlərindən birini itirdi.
Düşmən gülləsinə tuş gəlib yaralanan
487 nəfərdən 76-sı uşaq idi. 1275 Xocalı sakini əsir,
150 nəfəri itkin düşdü. Dövlətin və əhalinin
əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə
5 mlrd. rubl dəyərində ziyan vuruldu.
"Səs" qəzetinin,
ənənəvi olaraq, keçirdiyi dəyirmi masanın budəfəki
mövzusu da Xocalı soyqırımının
ildönümünə həsr edildi. O qanlı
soyqırımın baş verməsi ilə bağlı
KİV nümayəndələrinin suallarını
cavablandırmaq üçün dəyirmi masaya Xocalı
rayonunun keçmiş icra başçısı, millət vəkili
Elman Məmmədov dəvət olunmuşdu. Dəyirmi masada
"AzərTac" dövlət informasiya agentliyinin müxbiri
Aidə Quluzadə, "Olaylar" informasiya agentliyi və
eyniadlı qəzetin müxbiri Ədil Ədilzadə, "Mərkəz"
qəzetinin müxbiri İntiqam Valehoğlu, "525-ci" qəzetin
müxbiri Rufik İsmayılov, "Yeni Azərbaycan" qəzetinin
müxbiri Pərviz Sadayoğlu, "İki Sahil" qəzetinin
müxbiri Aynurə Şirinova, "Qarabağ" qəzetinin
müxbiri Zəkurə Quliyeva, "Səs" informasiya agentliyinin
müxbiri Oral Mədənçi, "Paritet" qəzetinin
müxbiri Səbuhi Şəldiyev və digər
aparıcı qəzet və agentliklərin əməkdaşları
iştirak edirdilər.
Dəyirmi masanı
giriş sözü ilə açan "Səs" qəzetinin
əməkdaşı, Xocalı soyqırımının Azərbaycan
tarixinə ən dəhşətli və faciəli səhifələrdən
biri kimi daxil olduğunu söylədi: "Azərbaycanın
ümummilli lideri Heydər Əliyev Xocalı
soyqırımının on illiyi münasibətilə Azərbaycan
xalqına müraciətində qeyd etmişdir: "Bu
amansız və qəddar soyqırımı aktı
insanlıq tarixinə ən qorxulu kütləvi terror
aktlarından biri kimi daxil oldu".
Qəzetin əməkdaşı, onu da qeyd etdi ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin, davamlı olaraq, etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bu proseslər ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni ideoloqlarının "dənizdən-dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi, kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq, Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda hər cür cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı da bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Belə ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı.
Qəzetin əməkdaşı onu da bildirdi ki, Xocalı soyqırımı Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sərəncamı əsasında ölkəmizin hər yerində, o cümlədən, idarə-müəssisələrdə və təşkilatlarda keçirilir: " "Səs" qəzeti sərəncamdan irəli gələn tədbirləri həyata keçirməyi özünə mənəvi borc hesab edib. Hesab edirik ki, bu cür tədbirlərin təşkilatçısı olmaqla, erməni vəhşiliyinin bəşəriyyətə və insanlığa qarşı yönəldiyini bir daha cəmiyyətə, dünya xalqlarına çatdırmalıyıq".
"525-ci qəzet"in müxbiri:
- Xocalı
soyqırımının tanıdılması istiqamətində
dünya səviyyəsində bir filmin çəkilməsi ilə
bağlı hər hansı təklif irəli
sürmüsünüzmü? Etiraf edək ki, bu gün Azərbaycanda
kinoşünasların işləri dünya miqyaslı deyil.
Məsələn, Kurdlar Vadisi serialına uyğun olaraq,
Xocalı soyqırımını tamamilə özündə
əks etdirən serialın çəkilməsi məqsədəuğundur?
XOCALI SOYQIMINA AİD ƏN ZƏNGİN MƏLUMAT
BAZASI HEYDƏR ƏLİYEV FONDU TƏRƏFİNDƏN
YARADILIB
Elman Məmmədov:
- Qeyd etdiyiniz məsələ
məni də narahat edən problemlərdəndir. Bu gün
Xocalı soyqırımı ilə bağlı ən zəngin
materiallar, disklər, əyani vəsaitlər, broşura və
kitablar Heydər Əliyev Fondu tərəfindən
hazırlanıb. Yəni, ən geniş məlumatlandırma və
yayım bazası bu fonda məxsusdur. Biz xarici ölkələrə
tədbirlərə gedərkən, fondun materiallarını
özümüzlə götürürük və orada
yayırıq. Hətta
2-3 il bundan
öncə, Berlinə
və Haaqaya gedərkən, 250-300 kiloqram
material aparmışdıq. Əcnəbi
oxucu böyük çaplı materialları
oxumur. Ona görə də,
qısa məzmunlu materiallarda fikir ifadə edilməli və xarici dövlətlərə onların
aparılmasını təmin
etməlisən. Xocalı soyqırımı
haqqında filmin çəkilməsinə gəldikdə
isə, bu, çox vacibdir. Çünki kinolar kütləvi
ideoloji təbliğat
vasitəsidir. Xocalı soyqırımı
ilə bağlı 2
film - "Ağ atlı
oğlan" və
"Haray" filmləri
çəkilib. Lakin bu filmlər yalnız Azərbaycan auditoriyası
üçün çəkilib.
Şəxsən, bu filmlər
məni o qədər
də qane etmir. Bu da
sənətkarlığın yüksək olmamasından
irəli gəlir.
Ümumiyyətlə, təkcə Xocalı
soyqırımına aid deyil,
həmçinin, ondan
öncə baş vermiş soyqırımlarla
bağlı da silsilə filmlər çəkilməlidir.
"İki Sahil"
qəzetinin müxbiri:
- Prezident
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Xocalı
soyqırımının 18-ci ildönümünün
geniş qeyd olunması və silsilə tədbirlərin həyata
keçirilməsi məqsədilə sərəncam
imzalayıb. Sərəncam çərçivəsində
hansı tədbirlərin keçirilməsi
planlaşdırılır?
XOCALI ŞƏHƏRİNƏ SOYQIRIMA MƏRUZ
QALMIŞ ŞƏHƏR STATUSU VERİLMƏLİDİR
Elman Məmmədov:
- Ümummilli lider Heydər
Əliyev hakimiyyətə gəldiyi vaxtdan bu günədək
Xocalı soyqırımının dövlət səviyyəsində
geniş qeyd olunması üçün sərəncamlar və
tədbirlər planı təsdiq edilir. Ramiz Mehdiyevin sərəncamına
əsasən, fevral ayının 26-da Xocalı abidəsinin
ziyarəti, Xocalı sakinlərinin kompakt
yaşadığı yerlərdə yas mərasimlərinin təşkili
nəzərdə tutulub. Hər il Xocalı sakinləri
adından Milli Məclis və Qafqaz Müsəlmanları
İdarəsi tərəfindən dünya ictimaiyyətinə
müraciət ünvanlayırıq. Soyqırımı
günü saat 17.00-da şəhidlərimizin əziz xatirəsi
bir dəqiqəlik sükutla yad edilir. Həmin gün
bütün təhsil ocaqlarında birinci dərs saatı
Xocalı soyqırımına həsr olunur. KİV-lərdə
soyqırımı haqqında məlumat xarakterli materiallar
öz əksini tapır və s. O cümlədən, Azərbaycanın
xaricdəki səfirliklərində və diaspor təşkilatlarında
anma mərasimləri keçirilir. Bu il də bu tədbirlər
planı olduğu kimi davam etdiriləcək. Bu yaxınlarda
parlamentdəki çıxışımda Xocalı sakinləri
adından bir sıra təkliflər irəli sürdüm.
Birinci təklifimiz ondan ibarətdir ki, Şəhidlər
Xiyabanının ən görkəmli yerində Xocalı
soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti
olaraq məlumatlandarma lövhəsi vurulsun. Azərbaycana gələn
xarici qonaqlar oranı ziyarət edən zaman həmin guşə
ilə yaxından tanış olsunlar. İkincisi, Xocalı
abidəsinin ziyarəti rəsmi protokola salınsın. Xarici
dövlət rəhbərləri Azərbaycana gələrkən,
bu abidəni mütləq ziyarət etsinlər. 1974-cü ildən
şahidiyəm ki, Ermənistana gedən bütün turistlər
ermənilərin qondarma soyqırımı abidəsini ziyarət
edirlər. Bəs biz nə üçün bunu etmirik?
Üçüncüsü,
1998-ci ildə ulu öndər Heydər Əliyevin "Azərbaycanlıların
soyqırımı günü haqqında" adlı sərəncam
imzalayıb. Sərəncamın ikinci bəndində göstərilir
ki, Bakı şəhərində soyqırımı abidəsi
və soyqırımı muzeyi yaradılsın. Artıq sərəncamın
imzalanmasından 12 il keçib. Dəfələrlə təklif
etmişəm ki, həmin abidənin və muzeyin
yaradılması üçün ən münasib yer Sergey
Mironoviç Kirovun heykəli yerləşən yerdir.
Çünki Şəhidlər Xiyabanı, Türk Şəhid
Əsgərlərinin Məzarlığı və bunların
yaradılması kompleks formasında olacaq. Digər tərəfdən,
Xocalı şəhərinə soyqırımına məruz
qalmış şəhər statusu, Xocalının sağ
qalmış sakinlərinə isə soyqırımına məruz
qalmış şəxs statusu verilməlidir. Bu məsələlər
birbaşa özümüzdən asılıdır və
bunları biz azərbaycanlılar icra etməliyik.
KÜBRA ƏLİYARLI
Səs.-2010.- 23 fevral.- S.8-9.