YAP Suraxanı rayon təşkilatında Xocalı faciəsi anıldı

 

Dünən YAP Suraxanı rayon təşkilatında Xocalı faciəsinin 18-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə təşkilatın sədri Vüqar Seyidov açaraq xalqın qan yaddaşının bir hissəsi olan Xocalı faciəsinin qurbanına çevrilmiş, eləcə də, Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətən oğullarının ruhu 1 dəqiqəlik sükutla yad edildi. Vüqar Seyidov qeyd etdi ki, fevralın 25-dən 26-a keçən gecə 7 mindən artıq əhalisi olan Xocalı şəhəri ermənilərin təcavüzkar siyasəti nəticəsində darmadağın edilərək, demək olar ki, məhv edilmişdir. 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda baş vermiş soyqırım oldu. Bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri hesab edilə bilər.

Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı, müntəzəm olaraq, həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu olmayan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları uzağagedən məqsəd güdürdülər.

Təşkilatın sədri bildirdi ki, Ermənistanın məqsədi Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən öz niyyətinə çata bilmədi. Doğrudur, faciə bütün Azərbaycan xalqını sarsıtmış, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurmuşdur. Lakin xocalılar  amansız soyqırım günündə də özlərini əsil qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar: "Cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin Ü qocalar, uşaqlar, qadınlar əsir götürülərək, ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalmışlar. 1000-dən artıq Xocalı sakini əlil olmuşdur. Dünyasını dəyişmiş insanlar sırasında müxtəlif yaş həddində olan uşaqlar, qocalar, qadınlar olmuşlar".

Vüqar Seyidov Xocalı faciəsindən 18 il ötməsinə baxmayaraq, bu gün də xalqın ağrılı yeri olan faciənin hər bir vətəndaş tərəfindən böyük kədərlə xatırlandığını bildirdi. Azərbaycandan kənarda belə Xocalı faciəsinin vəhşilikləri dünya ictimaiyyətinə çatdırılır: "Ölkə Prezidenti İlham Əliyev cənabları tərəfindən qəbul olunmuş qərar, qanunlar çərçivəsində xaricdə yaşayan həmvətənlərimiz diaspor təşkilatları, diplomatik korpusların nümayəndələri tərəfindən Xocalı faciəsi anılır və müxtəlif səpkili tədbirlər təşkil olunur. Təbii ki, bütün bunların hər biri İlham Əliyevin nəzarəti ilə həyata keçirilir. Hər bir Azərbaycan vətəndaşı mənəvi cəhətdən borcludur ki, xalqımızın başına gətirilən bu faciələri faktlar əsasında dünya ictimaiyyətinə təqdim etsin. Əks halda, mənfur ermənilər bu vəhşilikləri azərbaycanlıların adına yazır, eyni zamanda, türklərlə aralarında baş verən məlum hadisələri soyqırım kimi tanıtmağa çalışırlar. Etiraf edək ki, bir neçə dövlət bu soyqırımı artıq tanıyırlar".

    Tədbirdə çıxış edən YAP Suraxanı rayon təşkilatı aparatının rəhbəri Fərman Rəsulov Azərbaycan tarixinin səhifələrinə nəzər salıb, burada həkk olunmuş bir sıra məqamları önə çəkərək, vurğuladı ki, bizim tariximizi əks etdirən mənbələrdə dövlətin məğrurluğundan, qəhrəmanlığından bəhs edən yazılara rast gəlməklə yanaşı, onun kədərli, işğala məruz qalan bir ölkə kimi tarixi illəri yaşadığını görürük. Bu gün Azərbaycan dünyada sivil bir dövlət kimi tanınır. 86 min kvadratkilometrlik ərazisində 9 milyonluq əhalisi yaşayan Azərbaycanın vaxtilə sərhədlərini daha geniş olmuşdur. Bu coğrafi əraziyə Dəmir Qapı Dərbənd, Təbriz, Qərbi Azərbaycan kimi ərazilər daxil edilmişdir. Bu da Azərbaycan tarixinin yazılmış səhifələrində də öz əksini tapmışdır. F.Rəsulov ötən əsrdə faciələrimizin sayının çox olduğunu və bu sırada Xocalı soyqırımının ağrı-acısını yaşadığını diqqətə çatdıraraq, Ermənistanın bəşəriyyətə qarşı törətdiyi bir soyqırımı kimi tarixə həkk olunduğunu vurğuladı. Xocalı ərazisində səhiyyə ocaqlarımız, təhsil müəssisələrimiz, maddi-mədəni abidələrimiz dağıdılaraq yerlə yeksan edilmiş, əsrin faciəsi yaşanmışdır. Biz öz tariximizi yaşatmaqla bu cür silsilə tədbirlər keçirməklə yetişən nəslə bir dərs vermiş oluruq. Belə ki, bu il Xocalı faciəsində qətlə yetirilmiş 613 nəfər Xocalı sakini adı yazılacaq şarlar səmaya qalxacaqdır.

    Aparatın rəhbəri 1994-cü ildə ulu öndərin atəşkəs elan etməsi ilə şəhidlərimizin qanının tökülməsinin bir qədər qarşısı alındı.  O bildirdi ki, bu gün Suraxanı rayon ərazisində 320 şəhid ailəsi var.

Tədbirdə YAP Suraxanı rayon təşkilatı qadınlar şurasının üzvü Şövkət Xanməmmədovanın l20-dən 20-yə» kitabı da təqdim olundu. Bu kitab Şövkət xanımın həyat yoldaşı Ramiz Xanməmmədovun əziz xatirəsinə həsr olunmuşdur. Kitabın redaktoru, tanınmış jurnalist Telli Pənahqızıdır. Tədbirdə çıxış edən Telli xanım kitabın yaranma zərurətindən, eləcə də, Ermənistan şovnistlərinin Azərbaycan torpaqlarına qarşı iddialı çıxışlarından müəyyən məqamları diqqətə çəkdi. Artıq xatirəyə çevrilmiş tarixin yaşantılarını iştirakçılarla bölüşdü. O, qeyd etdi ki, sovet ənənələri ilə tərbiyə olunmuş o ideologiyaya xidmət etmiş insanların məruz qaldıqları hadisələr o illərdə qəbuledilməz idi. Baxmayaraq ki, vaxtilə erməni təcavüzünə azərbaycanlılar məruz qalmışdılar, lakin sovet imperiyası dövründə hadisələr yaddaşlardan silinsin deyə təbliğ edilmir, tarixi salnamələrdən yavaş-yavaş silinib atılırdı. Məhz ona görə də, Azərbaycanda düşmən təbəqənin nümayəndələri məsul vəzifələrdə çalışırdılar. Telli xanım Bakıya komendant təyin olunmuş Dubinyokdan, eləcə də, vaxtilə rus imperiyasının məsul işçisi kimi fəaliyyətdə olan Matviyenkodan (indi Sankt-Peterburqun meri vəzifəsində çalışır) söz açıb, onların törətdiyi əməllərə, eləcə də, əhalini ciddi nəzarətdə saxlayaraq, hər bir hərəkətinə göz qoyulmasını vurğuladı.

Tədbirdə çıxış edən Azərbaycan Qadın və İnkişaf Mərkəzinin vitse-prezidenti Münəvvər İbrahimova 20 Yanvar faciəsindən, eləcə də, Xocalı soyqırımından söz açdı. Tədbirin sonunda çıxış üçün söz Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasova verildi. O, Xocalı şəhərinin işğal olunmasından, buranın sakinlərinin vəhşicəsinə qətlə yetirilməsindən danışaraq, belə tarixi faciələri unutmağa haqqımız olmadığını bildirdi: lUlu öndər Heydər Əliyev bu yaşanılan hadisələri tarixin səhifələrinə əbədi həkk etmək məqsədilə bir sıra önəmli qərarlar verdi. Onun hakimiyyətə qayıdışı Azərbaycanı çox bəlalardan xilas etdi. Dünya ictimaiyyətinin diqqətini Azərbaycana çəkmək məqsədilə görülən işlərin təməli Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu gün də Onun siyasi xətti İlham  Əliyev tərəfindən davam etdirilir. Eyni zamanda, Heydər Əliyev Fondunun gördüyü işlər də böyük əhəmiyyət kəsb edir. Fondun Rusiyadakı nümayəndəliyi tərəfindən həyata keçirilən tədbirlərin və layihələrin əsasında azərbaycançılıq ideyaları, Azərbaycana xidmət etmək dayanır. Bu yaxınlarda, bildiyiniz kimi, lEvro Nevs» kanalında Ermənistan tərəfindən Azərbaycanın əleyhinə həsr olunmuş bir veriliş yayımlandı. Bunun müqabilində ertəsi gün Fransada yaşayan azərbaycanlılar kanalın qarşısında piketlər təşkil etdilər və kanalın rəhbəri, məhz bunu bilərəkdən deyil, məlumatsızlığından efirdə yayımladığını etiraf etmişdir. Bu gün Azərbaycan dünyaya haqq səsini çatdıra bilir. Bütün bunların hamısı dövlət tərəfindən yürüdülən siyasət əsasında reallaşır».

Bu kədərli on səkkizinci ildönümü günündə Xocalı şəhidlərinin əziz xatirəsini bir daha yad edildi, onlara Allahdan rəhmət diləyir, həlak olanların yaxınlarına, doğmalarına, bütün Azərbaycan xalqına bir daha adərin hüznlə baş sağlığı verildi.aaaaa a

Tədbirdə YAP Suraxanı rayon təşkilatı tərəfindən keçirilən lXocalı qan yaddaşımızdır» inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı. Birinci yerə Fidan Çingizqızı, ikinci yerə, Şahbazlı İlahə, üçüncü yerə isə Əsgərova Nərmin layiq görüldülər.

Tədbirdə xarici dillər təmayüllü gimnaziyasının şagirdlərinin, eləcə də, Suraxanı rayon 97 saylı məktəbin şagirdlərinin ifasında Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olundu.

 

 

Nəzakət ƏLƏDDİNQIZI

 

Səs.- 2010.- 24 fevral.- S. 4.