"Xocalı faciəsi 18 - həmyaşıdların
gözü ilə"
Dünən Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar Gəncə şəhər icra hakimiyyəti və YAP Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə keçirilən silsilə tədbirlərdən olan "Xocalı faciəsi 18 - həmyaşıdların gözü ilə" adlı tədbirdə şəhər təşkilatı idarə heyətinin üzvləri, gənclər təşkilatlarının nümayəndələri, ali və orta ixtisas məktəblərinin tələbələri iştirak etdilər.
İlk öncə, tədbir iştirakçıları Xocalı qurbanlarının, eləcə də, bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad etdilər. Sonra toplantını giriş sözü ilə açan YAP Gəncə şəhər təşkilatının sədri, professor İsrafil İsmayılov bəşəriyyətə qarşı törədilmiş bu eybəcər vandalizm aktının baş verməsi səbəbləri, onun anatomiyası və ölkə rəhbərliyinin Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda atdığı uğurlu addımlardan söhbət açdı. Həmçinin, qeyd etdi ki, 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan hökuməti və parlamenti erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətləri, o cümlədən, Xocalı soyqırımı haqqında həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq, bunların azərbaycanlılara qarşı yönəldilmiş soyqırımı siyasəti kimi tanınmasına nail olmaq üçün inadlı və ardıcıl fəaliyyət göstərir. Məhz ulu öndərin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi Xocalı faciəsini soyqırımı kimi qiymətləndirmiş və beynəlxalq ictimaiyyətə, dünya dövlətlərinə müraciət qəbul etmişdir.
İ.İsmayılov onu da vurğuladı ki, Xocalı faciəsini beynəlxalq aləmdə tanıtmaq istiqamətində Yeni Azərbaycan Partiyası ötən dövr ərzində genişmiqyaslı fəaliyyət göstəribdir. Belə ki, Yeni Azərbaycan Partiyası ötən illərdə ATƏT, AŞ, BMT kimi beynəlxalq qurumlara ünvanladığı müraciət, məktub və sənədlərdə Xocalı faciəsinə birmənalı yanaşmamağı və məsələyə "soyqırımı" adı verilməsini tələb edərək, dünya ölkələrini faciəyə münasibət bildirməyə çağırmışdır. Bu fəaliyyəti bu gün də davam etdirən partiya rəhbərliyi ölkə başçısı Prezident İlham Əliyevin siyasi kursuna dəstək olaraq, hər il faciənin ildönümü ərəfəsində müxtəlif istiqamətli konfranslar, dəyirmi masalar, Xocalı şəhidlərinin anma mərasimlərini keçirir, o gecənin şahidləri ilə görüşərək, onlara maddi və mənəvi yardım göstərir.
Sonra toplantı iştirakçıları Xocalı soyqırımı ilə bağlı sənədli filmə baxdılar.
YAP Gəncə şəhər təşkilatı idarə heyətinin üzvləri Əli Hüseynov, Mövsüm Hüseynov, şəhər təşkilatı gənclər birliyinin sədri Ramil İbrahimov, ADAU-nun tələbə-gənclər və idman təşkilatının sədri Fərid Dünyamalıyev, GDU-nun tələbəsi Həşim Mədətov, AzMİ Gəncə filialı gənclər təşkilatının sədri Ləman Hacıyeva, AzTU-nun tələbəsi Xəyalə İsgəndərova və "İrəli" İctimai Birliyi Gəncə şöbəsinin sədri Mikayıl Zeynalov öz çıxışlarında bildirdilər ki, 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin xalqımıza qarşı hərbi, siyasi, ideloji və başqa vasitələrlə yürütdüyü məkrli siyasətin məqsədi azərbaycanlıları öz doğma torpaqlarından sıxışdırıb çıxarıblar. Bu gün beynəlxalq təcrübədə bəşəriyyətə qarşı cinayət törətmiş şəxslərin mühakimə olunması üçün kifayət qədər hüquqi baza və mexanizmlər mövcuddur. Təəssüflər olsun ki, indiyədək beynəlxalq ictimaiyyət Xocalı faciəsindən 18 il keçməsinə baxmayaraq, bu soyqırımı hadisəsinə hüquqi qiymət verməmiş, cinayətkarlar lazımi cəzalarını almamışlar. Halbuki cinayət baş verdiyi tarixdə Xocalı hadisələri ABŞ-da "İlin ən böyük faciəsi" adlandırılmış, dünyanın aparıcı KİV-ləri onu geniş və obyektiv şəkildə işıqlandırmışlar.
Tədbirin sonunda YAP Gəncə şəhər təşkilatı gənclər birliyi adından beynəlxalq gənclər təşkilatlarına Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı müraciət qəbul olundu.
Müraciətdə gənclər əmin olduqlarını bildirdilər ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında bundan sonra da ölkəmizin iqtisadi-siyasi qüdrətinə və qazanılmış təcrübəyə arxalanaraq, problemin ədalətli həlli istiqamətində səylərini inadla davam etdirəcəkdir.
RƏFİQƏ HÜSEYNOVA
Səs.- 2010.- 24 fevral.- S. 7.