Xocalı faciəsi yaddaşlardan silinməyəcək

 

Dünən Səbail rayon Gənclər İdman İdarəsi, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsi Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti ilə birgə rayon məktəbləri arasında Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı ənənəvi xarakteri daşıyan güllə atıcılığı üzrə növbəti rayon birinciliyi keçirildi.

Tədbirin əvvəlində yarış iştirakçıları qonaqlar yarışın keçirildiyi Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin "Şəhidlər Xiyabanı"ndakı qərərgahında Qarabağ Həqiqətlərinin Beynəlxalq Aləmə Tanıtma İctimai Birliyinin sədri, keçmiş döyüşçü Əlövsət Qasımov tərəfindən təşkil olunan Xocalı soyqırımına həsr olunmuş foto-sərgi ilə tanış oldular.

Tədbirin rəsmi hissəsində çıxış edən ARKHV Texniki İdman Cəmiyyəti Respublika Şurasının sədri polkovnik Novruzəli Orucov, Bakı şəhər gənclər idman baş idarəsinin rəis müavini Aydın Yusifov, Səbail rayon icra hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Fizuli Rzaquliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin sədri İlham Əliyev, Səbail rayon gənclər idman idarəsinin rəisi Vüqar Mürsəlov faciənin dəhşətlərindən, bu gün gənclərin vətənpərvərlik tərbiyəsində belə tədbirlərin böyük əhəmiyyəti olduğundan danışdılar. Çıxış edənlər bildirdilər ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna diqqət qayğısını, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinin vacibliyini diqqətə çatdırdılar.

Tədbirin sonunda Səbail rayonunun 15 orta məktəbinin komandasının iştirakı ilə keçirilən yarışlara yekun vuruldu qaliblərə Fəxri Fərmanlar qiymətli hədiyyələr təqdim olundu.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 24 fevral.- S. 7.