Lütfiyar İmanovun
xatirəsi anıldı
Fevralın 23-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək Cəmiyyətinin təşəbbüsü ilə SSRİ xalq artisti Lütfiyar İmanovun anım gecəsi keçirildi. Qeyd edim ki, fevralın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lütfiyar İmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.
Tədbirdə tanınmış elm xadimləri, bəstəkarlar, respublika ziyalıları və aktyorun ailə üzvləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Tofiq Əlizadə xalq artisti Lütfiyar İmanovun həyat və fəaliyyətindən danışaraq, onun keçdiyi həyat yoluna qısa nəzər saldı. O bildirdi ki, L.İmanov Sabirabad rayonunda dünyaya göz açıb. 1956-cı ildə A.Zeynallı adına Musiqi Məktəbini bitirib. Məktəbdə təhsil almaqla yanaşı, 1954-1956-cı illərdə Azərbaycan televiziyasının xorunda oxuyub. 1957-1959-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyor kimi fəaliyyət göstərib. Burada o, Vəli və Əsgər, Sərvər və Kəblə Nəsir ("Arşın mal alan", "O olmasın, bu olsun" Ü.Hacıbəyli), Şubay ("Ulduz" S.Ələsgərov və S.Rəhman), Murad ("Durna" S.Rüstəmov və S.Rüstəm), Alay ("Gözün aydın", F.Əmirov və M.Əlizadə), Mehman və Aşıq İbiş ("Toy kimindir?", A.Məşədibəyov və M.Əlizadə) kimi yadda qalan obrazlar yaradıb.
Səsinin tembri, səhnə görkəmi maestro Niyazinin diqqətini cəlb edib və o, 1959-cu ildə müğənnini direktor olduğu Opera və Balet Teatrının solisti dəvət edib. Bu teatrda müğənni-aktyor Koroğlu ("Koroğlu", Ü.Hacıbəyli), Əlyar ("Nərgiz", M.Maqomayev), Balaş ("Sevil", F.Əmirov), Ayaz ("Azad", C.Cahangirov), Bahadır ("Bahadır və Sona", S.Ələsgərov), Vaqif ("Vaqif", R.Mustafayev), İsgəndər ("Ölülər", C.Məmmədquluzadə) Vüqar ("Söyüdlər ağlamaz", Ə.Bədəlbəyli), Əsgər ("Arşın mal alan", Ü.Hacıbəyli), Radames ("Aida", C.Verdi), Hersoq Mantuanski, Manriko, Otello ("Riqoletto", "Trubadur" və "Otello", C.Verdi), Xoze ("Karmen", J.Bize), Hofman ("Hofmanın nağılları", J.Offenbax), Faust ("Faust", Ş.Quno), Mario Kavaradossi ("Toska", C.Puççini), German ("Qara toxmaq qadın", P.Çaykovski), Gənc qaraçı ("Aleko", S.Raxmaninov) obrazlarını özünəməxsus bacarıqla yaratmışdır.
1962-1968-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsində təhsil almışdır. Yaradıcılığının əsas istiqaməti opera solistliyi ilə bağlı olan L.İmanov 1965-ci ildə Moskvadakı Böyük Teatrda və 1975-ci ildə İtaliyanın La Skala sənət ocağında vokal ifaçılığı təcrübəsi keçmişdir. O, Radamesin ("Aida", C.Verdi) və Germanın ("Qara toxmaq qadın", P.Çaykovski) partiyalarını Ankara Dövlət Opera və Balet Teatrında uğurla ifa etmişdir.
Azərbaycan Ali Sovetinin deputatı olan L.İmanov 1986-1991-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinə rəhbərlik edib.
1959-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1967-ci ildə xalq artisti və 1977-ci ildə SSRİ xalq artisti fəxri adlarına və Azərbaycan Respublikasının "İstiqlal" Ordeninə layiq görülmüşdür. Aktyor 21 yanvar 2008-ci ildə Bakıda vəfat etmişdir.
Tədbirdə çıxış edən əməkdar müəllim Babaxan Muradov, bəstəkar Elnarə Dadaşova, şair İlyas Tapdıq və başqaları səhnəmizin "Koroğlu"su olan L.İmanovun sənətkarlıq fəaliyyətinə və şəxsi keyfiyyətlərinə nəzər salaraq, onunla bağlı xoş xatirələrini danışdılar.
Zümrüd
Səs.- 2010.- 24 fevral.- S. 12.