Xocalı faciəsini törədənlər
Haaqa məhkəməsində layiqli cəzalarına
çatdırılmalıdırlar
Xocalı rayon icra hakimiyyətinin
başçısı Şahmar Usubovun yap.org. az-a müsahibəsi
- Hörmətli
Şahmar müəllim, qarşıdan "Xocalı faciəsi"
nin 18- ci il dönümü gəlir. Nə qədər
ağır olsa da, bu faciənin başvermə səbəbləri
və o dövrdə respublikamızda ictimai-siyasi vəziyyəti
haqqında təəssüratlarınızı bizimlə
bölüşməyinizi istərdik.
- Əlbəttə "Xocalı faciəsi" XX əsrin ən dəhşətli kütləvi insan qırğınlarından biri olmaqla, Azərbaycan xalqına qarşı ermənilər və onların havadarları olan imperiyapərəst qüvvələrin birgə həyata keçirdikləri soyqırımı hadisəsidir. Bu faciə bir anın, bir günün içərisində baş vermiş hadisə deyil. Əsil həqiqətdə "Xocalı faciəsi" mənfur erməni ideoloqlarının özgə torpaqları hesabına "böyük Ermənistan" dövlətinin yaradılması planlarının tərkib hissəsi olmaqla, bu iyrənc siyasətin məntiqi davamıdır. Bildiyimiz kimi, hələ məlum Dağlıq Qarabağ hadisələrinə qədər müxtəlif dövrlərdə ermənilər öz xarici havadarlarının köməyi ilə Azərbaycan xalqına qarşı çoxsaylı kütləvi qırğınlar törətmiş, etnik təmizləmə siyasəti aparmış, nəticədə yüz minlərlə soydaşlarımız öz dədə-baba torpaqları olan daimi yaşayış yerlərindən, min bir işgəncələrə məruz qalaraq, didərgin salınmışdır.
M.Qorbaçovun sovetlər birliyində siyasi hakimiyyətə gəlişindən sonra ermənilər onunla yaxınlıq münasibətlərindən və onun erməni lobbisinin təsiri altında olmasından istifadə edərək, əvvəlcədən hazırlanmış iyrənc planlarının reallaşdırılması istiqamətində faktiki fəaliyyətə başladılar. İlk öncə, yəni 1987- ci ilin sonlarından keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yaşayan erməni əhalisi arasında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün imzatoplama kampaniyasına başlanmış və milli ədavətin qızışdırılması məqsədilə xüsusi təbliğat işləri həyata keçirilmişdir. Bu pozuculuq fəaliyyətinin qarşısının alınması üçün təsirli tədbirlərin görülməməsi nəticəsində məsələlər açıq müstəviyə çıxarılaraq, etiraz mitinqlərinin başlanmasına, Ermənistanda və keçmiş DQMV- nin ərazisində yaşayan əhaliyə qarşı zorakılıq hərəkətlərinin tətbiq edilməsinə və 200 mindən artıq soydaşımız indi Ermənistan adlandırılan Qərbi Azərbaycandakı öz dədə- baba torpaqlarından, eyni zamanda, Dağlıq Qarabağın qarışıq yaşayış məntəqələrindən qovulub çıxarılmasına səbəb oldu.
Başda M.Qorbaçov olmaqla keçmiş sovetlər birliyinin rəhbərliyi məsələnin obyektiv, mövcud beynəlxalq hüquq normaları çərçivəsində, həllinə nail olmaq əvəzinə, tam əksinə olaraq, hadisələrin ermənilərin xeyrinə inkişaf etdirilməsinə çalışdı. O dövrdəki respublika rəhbərliyi isə qətiyyətsizlik, xalqının, vətəninin taleyinə biganə yanaşaraq, öz vəzifə kürsülərini itirməmək üçün Moskvanın buyruqqullarına çevrildilər. Ermənilər onlar üçün yaradılmış "münbit" şəraitdən istifadə edərək Dağlıq Qarabağ ərazisində qeyri-qanuni silahlı qüvvələr yaratdı. Sovetlər birliyinə məxsus olan və Xankəndində yerləşən 366-cı motoatıcı alay və Dağlıq Qarabağa hadisələr ərəfəsində göndərilmiş bütün hərbi texnika və canlı qüvvə ermənilərin istifadəsinə verildi.
Əvvəlcədən formalaşdırılmış silahlı dəstələrdən istifadə edərək, ilk öncə, müdafiə imkanları zəif olan, erməni yaşayış məntəqələri əhatəsində yerləşən azərbaycanlılar yaşayan yaşayış məntəqələrini bir-birinin ardınca işğal etməyə, həmin yaşayış məntəqələrində yaşayan soydaşlarımıza qarşı çoxsaylı qətillər törədərək, onların daimi yaşayış yerlərindən didərgin salınması prosesinə başladılar.
1991- ci ilin oktyabr ayının sonunda, demək olar ki, Xocalı ilə respublikanın yer üstündə nəqliyyat əlaqəsi tamamı ilə kəsildi. Yalnız helikopterlər vasitəsi ilə Xocalı şəhərinə ərzaq və digər zəruri istehlak məhsulları gətirilirdi. 1992- ci ilin yanvar ayının 28-də Ağdam-Şuşa reysi ilə uçan mülki helikopter vurulduqdan sonra, demək olar ki, helikopterlər uçuşu Xocalı şəhərinə tamamilə dayandı. Beləliklə, Xocalı respublikamızın digər yaşayış məntəqələrindən tamamilə təcrid edildi. Yalnız 1992- ci il fevral ayının 13- də hərbi helikopterlərin müşayiəti ilə Xocalı şəhərinə bir neçə uçuş edildi ki, bu helikopterlərin vasitəsi ilə şəhərdə olan xəstə, qoca, qadın və uşaqların bir hissəsi Ağdama aparıldı.
Respublikanın o dövrki rəhbərliyi Xocalı şəhərinin mühasirə vəziyyətindən çıxarılması (Ağdam - Xocalı yolunun açılması), şəhərin müdafiə qüvvəsinin gücləndirilməsi və bu kimi təsirli tədbirlərin görülməsi istiqamətində, nəinki təsirli tədbirlər görmədi, ümumiyyətlə, cəhdlər belə edilmədi. Onlar bilməli idi ki, Xocalı şəhərinə qədər azərbaycanlılar yaşayan çox saylı yaşayış məntəqələri (İmarət- Qərvən, Salakətin, Tuğ, Axullu, Xocavənd, Meşəli, Cəmilli, Kərkicahan, Malıbəyli, Quşçular, Qaradağlı və s.) ermənilər tərəfindən işğal edilmiş bu kəndlərin işğal edilməsi zamanı yüzlərlə soydaşlarımız ermənilər tərəfindən qətlə yetirilmişdi. Meşəli və Qaradağlı kəndlərində azərbaycanlılara qarşı, sözün əsil mənasında, soyqırımı aparılmışdır. Yuxarıda qeyd etdiyim kimi, o dövrki respublika rəhbərliyi baş vermiş hadisələrdən nəticə çıxarıb təsirli tədbirlər görməli idi. Eyni zamanda, onlar dərk etməli idilər ki, Xocalı Dağlıq Qarabağda strateji əhəmiyyət kəsb edən yaşayış məntəqələrindən biridir. Dağlıq Qarabağ ərazisində olan yeganə hava limanı Xocalı şəhəri yaxınlığında yerləşir, azərbaycanlıların nəzarəti altındadır, Xankəndi ilə keçmiş DQMV- nin rayon mərkəzlərini birləşdirən avtomobil yolu və dəmir yol xətti Xocalıdan keçir.
Şəhərin müdafiəsinin zəif olduğunu bilən ermənilər Xankəndi şəhərində yerləşən sovetlər birliyinə məxsus 366-cı motoatıcı alayın hərbi texnikası və canlı qüvvəsinin köməkliyi ilə 1992- ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərini dörd istiqamətdən mühasirəyə alaraq, ilk öncə, ağır artilleriya atəşinə məruz qoydu. Şəhərin müdafiə qüvvələrini sarsıtdıqdan sonra hərbi texnikanın müşayəti ilə minlərlə canlı qüvvə şəhərin üzərinə yeridi. Qarşılarına çıxan dinc əhaliyə divan tutuldu, qocasına, qadınına, uşağına məhəl qoyulmadan hər kəs güllə- boran edildi. Şəhəri tərk etməyə macal tapmış və Ağdam istiqamətində canlarını qurtarmaq üçün qaçmağa cəhd edən dinc sakinlər ermənilər tərəfindən əvvəlcədən hazırlanmış tələyə salındı, onların bir hissəsi qətlə yetirildi, qalanları girov götürülərək işgəncələrə, olmazın müsibətlərə məruz qaldılar. Onların bəziləri diri-diri yandırıldı, bəzilərinin başları qurbanlıq qoyun kimi kəsildi, bədən üzvləri kəsilib götürüldü. Faciə zamanı şəhərdə olan 3000 nəfərdən 613 nəfəri qətlə yetirilmişdir ki, onlardan 59 nəfəri azyaşlılar, 70 nəfəri qocalar, 106 nəfəri isə qadınlardır. Səkkiz ailə tamamilə məhv edilmiş, 3 nəfər diri-diri yandırılmış, bir nəfərin başı kəsilmiş, 25 uşaq hər iki valideyinini itirmiş 130 uşaq isə valideyinlərindən birini itirmiş, 1275 nəfər əsir götürülərək, işgəncələrə məruz qalmış və nəticədə müxtəlif dərəcədə xəsarət alaraq əlil olmuşlar. 150 nəfərin taleyi isə bu günə qədər bəlli deyildir.
- Şahmar müəllim, bu dəhşətli faciənin əsil günahkarları kimi kimləri görürsünüz?
- Sizin birinci sualınıza cavab verərkən, günahkarlardan bəzilərinin adlarını qeyd etmişdim. Ən böyük günahkarlardan biri, Mixail Qorbaçov başda olmaqla, o, dövrkü sovet rəhbərliyi idi. Çünki ermənilər, məhz onun dəstəyini alaraq, bu proseslərin icrasına başlamışdılar. Bilavasitə iştirakçılara gəldikdə isə, şovinist siyasəti toxumunu səpən zori balayanlar, Silva Kaputikyan, Köçəryan, Sarkisyan, Manuçarov, Mirzoyan, Ohaniyan və s - dir ki, onların rəhbərliyi altında bu dəhşətli hadisələr həyata keçirilmişdir. O dövrkü respublika rəhbərliyində təmsil olunan Vəzirov, Mütəllibov və başqaları da bu faciədə məsuliyyət daşıyırlar.
- Şahmar müəllim, Xocalı faciəsinə hüquqi- siyasi qiymət verilibmi?
- Xocalı faciəsi baş verdiyi ilk anda o dövrkü respublika rəhbərliyi nəinki hadisəyə hüquqi-siyasi qiymət vermək, əksinə, baş vermiş bu dəhşətli hadisəni geniş ictimaiyyətdən gizlətməyə çalışdı. Lakin faciənin miqyası o qədər böyük idi ki, buna nail ola bilmədilər. Nə Ayaz Mütəllibov, nə də AXCP və Müsavat cütlüyü hakimiyyəti dönəmində "Xocalı faciəsi"nə layiqincə hüquqi-siyasi qiymət verilmədi. Yalnız Ümummilli Liderimiz Heydər Əliyev respublikamızda hakimiyyətə gəldikdən sonra onun bilavasitə tövsiyəsi ilə tariximizin digər qaranlıq səhifələri kimi "Xocalı faciəsi"nə də lazımi hüquqi- siyasi qiymət verildi. Belə ki, 1994-cü il fevral ayının 24- də Azərbaycan Respublikasının Milli Məclisi Xocalı hadisələrini müzakirə edərək, bu faciəyə ermənilərin azərbaycanlılara qarşı soyqırımı (genosid) kimi müvafiq qanunlar rəsmləşdirildi. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında Xocalı faciəsinin dünyaya tanıdılması və erməni faşizminin ifşa edilməsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür.
Bildiyiniz kimi, hər il Xocalı faciəsinin ildönümü ümumrespublika miqyasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərliyi cənab Ramiz Mehdiyevin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq, yüksək səviyyədə qeyd edilir.
- Şahmar müəllim, bəziləri Xocalı faciəsinə lazımi hüquqi- siyasi qiymət verilmədiyini qeyd edirlər. Siz bu məsələyə necə baxırsınız?
- Mən Xocalı faciəsinə respublikamızda hüquqi-siyasi qiymət verilməsi barədə geniş danışdım. Azərbaycan Respublikasının ali qanunverici orqanı müvafiq qanun qəbul edib. Bu qanunda baş vermiş hadisədə bilavasitə günahkar olan şəxslərin adları sadalanıb. Məgər hüquqi-siyasi qiymət üçün bu yetərli deyilmi ? Qaldı ki, hadisədə günahkar olan şəxslərin layiqli cəzalarına çatdırılmasına, bunu bütün respublika ictimaiyyəti kimi, biz xocalılar da çox istərdik. Azərbaycan Respublikası Prokurorluğu tərəfindən Xocalı faciəsinin istintaqı bütün təfərrüatı ilə aparılmışdır. Biz çox istərdik ki, Haaqa Məhkəməsində bu dəhşətli faciəni törədənlər layiqli cəzalarına çatdırılsınlar.
- Şahmar müəllim, 18 ildir ki, xocalılar məcburi köçkün şəraitində yaşayırlar, onların mövcud problemləri, hazırkı yaşayış vəziyyətləri haqqında qısaca məlumat verməyinizi istərdik.
- Xocalı rayonu ermənilər tərəfindən işğal edildikdən sonra respublikanın 50-dən artıq şəhər və rayonlarında müxtəlif yerlərdə, əsasən, ictimai binalarda yerləşmişdir. Uzun illər yataqxana şəraitində yaşamağın nə demək olduğu hər birimizə bəllidir. Bütün məcburi köçkünlər kimi, xocalıları da belə ağır şəraitdə yaşamalarına ümid verən Ümummilli Liderimiz Heydər Əliyev siyasəti və cənab Prezidentimiz İlham Əliyevin qətiyyətli sayəsində torpaqlarımızın erməni silahlı qüvvələrin işğalından azad ediləcəyinə inamlarıdır.
Bildiyiniz kimi, respublikamızın iqtisadi
qüdrəti artdıqca qaçqın və məcburi
köçkünlərimizin həyat şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə xüsusi
dövlət proqramları təsdiq edilmişdir.
Ölkə Prezidentinin həyata keçirdiyi bu siyasət
nəticəsində çadır şəhərcikləri
tamamilə ləğv edilib, yataqxana və digər şəraitsiz ictimai binalarda məskunlaşmış
məcburi köçkünlərin xeyli
hissəsi müasir standartlara
cavab verən, hər bir
sosial infrastruktura malik yeni qəsəbələrə
və yaşayış binalarına köçürülmüşdür.
Xocalı rayonundan olan məcburi köçkünlər üçün də Goranboy
rayonu ərazisində 4 yeni
qəsəbə salınmışdır ki,
bu qəsəbələrdə,
ümumilikdə, 660 Xocalı rayonundan olan məcburi köçkün
ailəsi fərdi yaşayış evləri ilə təmin edilmişdir. Qeyd olunan
qəsəbələrdə fərdi yaşayış evləri
ilə yanaşı 4 yeni məktəb
binası, mərkəzi rayon xəstəxanası,
50 yerlik uşaq
bağçası, mədəniyyət və digər sosial obyektlər, inzibati binalar tikilib istifadəyə
verilmişdir. Hər bir
qəsəbəyə içməli su xətti,
elektrik xətti çəkilmiş, avtomobil yolu əsaslı təmir
edilmişdir. Hazırda Goranboy
şəhəri yaxınlığında Naftalan
şəhərində məskunlaşmış Xocalı
sakinləri üçün hər biri 65 mənzildən ibarət olan
3 ədəd beşmərtəbəli yaşayış
binasının tikintisinə başlanmışdır. Cari ilin sonuna
qədər bu binaların tikintisi
başa çatdırılacaqdır.
Şahmar Usubov
Səs.- 2010.- 25 fevral.- S. 6.