YAP Binəqədi rayon təşkilatında Xocalı şəhidlərinin xatirəsi yad edildi

 

Dünən YAP Binəqədi rayon təşkilatında rayon icra hakimiyyətinin partiya təşkilatının  təşəbbüsü ilə Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Alı Qocayev    bildirdi ki, xalqımız  düşmənə cavab verən qəhrəman bir xalq olub.

Xocalı faciəsi Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərək, etnik azərbaycanlılara qarşı soyqırımı aktı törətmişdir.

Tədbirdə Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətən oğullarının ruhu 1 dəqiqəlik sükutla yad edildi.

İlk söz Xocalı faciəsinin canlı şahidi olmuş Xocalı təhsil şöbəsinin müdiri Məhəmməd Şükürova verildi. O bildirdi ki,

fevralın 25-i axşam şəhər toplardan ağır artilleriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-sı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər Xocalı sakinləri Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib, qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca qarı olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 Xocalı sakini itkin düşdü. 7000 əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağının sisiləsində Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə aeroport da Xocalıdadır. Ermənilərin Xocalıya əsas maraqları da Xocalının bu cür strateji mövqeyə malik olması ilə əlaqədar idi.

Həmin günlərdə Azərbaycanın silahlı qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular.

O, Xocalı şəhərinin işğal olunmasından, buranın sakinlərinin vəhşicəsinə qətlə yetirilməsindən danışaraq, belə tarixi faciələri unutmağa haqqımızın olmadığını bildirdi.       M.Şükürov onu da qeyd etdi ki, Xocalı əhalinin tarixən məskunlaşdığı yer olduğundan orada qədim tarixi adibələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir.

Tədbirdə çıxış edən millət vəkili Rəfael Cəbrayılov 

1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən birinin, məhz Xocalıda baş vermiş soyqırım olduğunu qeyd etdi: "Bu hadisə XX əsrin ən dəhşətli qəddar faciələrindən biri hesab edilə bilər. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı, müntəzəm olaraq, həyata keçirilən etnik təmizləmə soyqırımı siyasətinin davamı ən qanlı səhifəsidir. Öz miqyasına dəhşətlərinə görə dünya tarixində analoqu olmayan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri ideoloqları uzağagedən məqsəd güdürdülər." Sonra millət vəkili Xocalı faciəsinin başvermə səbəblərindən, erməni cinayətkarları tərəfindən xalqımıza qarşı törədilən vəhşiliklərdən, faciəyə siyasi-hüquqi qiymət verilməsində ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətindən danışdı.

Tədbirdə çıxış edən  "Həsrət yolu" Əsir Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova,  200 il bundan öncə, tarixə nəzər salaraq, qeyd etdi ki, Yer üzərində belə bir millətin olmadığını  bildirdi. O qeyd etdi ki, hazırda Xocalı ilə bağlı bir kitabı  rus dilindən tərcümə edir. O bu kitabdakılara nəzər saldıqca, erməni vəhşilərinin başımıza gətirdiklərindən dəhşətə gəlir. E. Orucova  Xocalı faciəsinin çoxəsrlik tariximizin ən qanlı səhifələrindən biri olduğunu bildirdi, bu faciənin daha dərindən öyrənilərək, dünya ictimaiyyətinə gələcək nəsillərə çatdırılmasında gənclərin üzərinə böyük vəzifələrin düşdüyünü xüsusi vurğuladı. E.Orucova Xocalı faciəsindən 18 il ötməsinə baxmayaraq, bu gün xalqın ağrılı yeri olan faciənin hər bir vətəndaş tərəfindən böyük kədərlə xatırlandığını bildirdi.

Tədbirin sonunda iştirakçılar Binəqədi rayon orta ümumtəhsil məktəblərində təhsil alan "Xocalı harayı" inşa müsabiqəsinin qaliblərinə diplomlar təqdim edildi Xocalı ilə bağlı qısametrajlı film nümayiş etdirildi.

 

 

ZÜMRÜD BAYRAMOVA

 

Səs.- 2010.-  25 fevral.- S. 7.