Azərbaycanlılara qarşı Xocalı soyqırımının törədilməsində iştirakı olan...

 

38 nəfərin barəsində beynəlxalq axtarış elan olunub

 

Ötən əsrin 80-ci illərinin ikinci yarısında təcavüzkar erməni millətçiləri Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddiaları irəli sürərək, qondarma Dağlıq Qarabağ problemini ortaya atıblar. Beləliklə, azərbaycanlılar kütləvi qırğınlarla əsrlər boyu yaşadıqları öz tarixi ərazilərindən deportasiya olunublar.

Azərbaycana məxsus şəhər və kəndlərin, maddi-mədəniyyət abidələrinin dağıdılması, milli genefondun məhvinə yönəlmiş digər qəsdlər törədilib. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mətbuata açıqlamasında belə deyilir. Məlumatda bildirilir ki, 1991-1992-ci illərdə Azərbaycanın Xocalı və digər yaşayış məntəqələrində ermənilər tərəfindən soyqırımı törədilib. Şuşa şəhəri və başqa çoxsaylı yaşayış məntəqələri işğal edilib, bununla da, həmin ərazilərdə etnik təmizləmə əməliyyatları həyata keçirilib. Eyni zamanda, dövlət terrorizmi və genosid siyasəti yeridən Ermənistan və işğal olunmuş ərazilərdəki separatçı rejim tərəfindən 1994-cü ilədək çoxsaylı insan tələfatı ilə nəticələnən 373 terror aktı törədilib. Təcavüzkar müharibə nəticəsində 20 min Azərbaycan vətəndaşı şəhid olub, 50 min nəfərdən artıq vətəndaşımız yaralanıb və əlil olub. Minlərlə yaşayış məntəqəsi, yaşayış binası, təhsil və tibb müəssisəsi, iqtisadi obyektlər dağıdılıb, ərazilərimizin 20 faizinin işğalı nəticəsində bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

1988-ci ildən etibarən Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində, həmçinin, Ermənistanda saxlanılan azərbaycanlı əsir və girovlara dözülməz işgəncələrin verildiyini bildirən Hərbi Prokurorluq onların bir qisminin öldürüldüyünü və şikəst edildiyini diqqətə çatdırıb: "Erməni silahlı qüvvələri tərəfindən azərbaycanlı əsir və girovlara dözülməz işgəncələr verilməklə, bir qisminin öldürülməsi və şikəst edilməsi, təxribat və terror aktlarının törədilməsi, əhalinin məcburi köçürülməsi, yaşayış məntəqələrində maddi sərvətlərin, tarixi mədəniyyət abidələrinin dağıdılması, habelə, ermənilərin törətdikləri digər ağır cinayət faktları ilə əlaqədar prokurorluq və digər hüquq mühafizə orqanları tərəfindən cinayət işləri başlanaraq, istintaq aparılıb".

Azərbaycan xalqına qarşı törədilmiş bu ağır cinayətlərin istintaq edilməsinin və onlara hüquqi qiymət verilməsinin, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş təqsirkar şəxslərin müəyyənləşdirilib mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb olunması, habelə, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları barəsində beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə 18 dekabr 2003-cü il tarixdə Azərbaycan Respublikası baş prokurorunun, daxili işlər və milli təhlükəsizlik nazirlərinin əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılıb.

Hərbi Prokurorluğun məlumatına əsasən, baş prokurorun 5 may 2005-ci il tarixli qərarına əsasən, cinayət işlərinə prosessual rəhbərliyin həyata keçirilməsi Azərbaycan Respublikası hərbi prokuroruna həvalə edilib. Sülh və insanlıq əleyhinə törədilmiş başqa ağır və xüsusilə, ağır cinayətlərin hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası baş prokurorunun 30 mart 2009-cu il tarixli əmri ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusi istintaq şöbəsi yaradılıb və şöbənin rəisi istintaq-əməliyyat qrupunun rəhbəri təyin olunub.

Xocalının işğalı ilə əlaqədar 27 fevral 1992-ci ildə 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 70-ci (banditizm) maddəsi, 94-cü maddəsinin 4 və 6-cı bəndləri (ağırlaşdırıcı hallarda qəsdən adamöldürmə) ilə cinayət işi başlanıb və istintaq aparılıb. İstintaqla müəyyən olunub ki, 1992-ci ilin fevral ayının 26-na keçən gecə saat 22 radələrində Ermənistan hərbi birləşmələri və Dağlıq Qarabağın separatçı erməni silahlı quldur dəstələri Xankəndində yerləşən 366-cı alayın zabit, gizir və əsgərlərinin iştirakı ilə, həmin alayın sərəncamında olan müxtəlif çaplı atıcı silahlar və zirehli hərbi texnikalardan istifadə etməklə, Xocalı şəhərinə hücum edib. Nəticədə şəhərin yüzlərlə dinc sakinlərini, özünümüdafiə batalyonunun döyüşçülərini, şəhərin özündə, eləcə də, şəhəri tərk edib canını qurtarmaq üçün Ağdam rayonunun ərazisinə getməyə cəhd edən əhalini, o cümlədən, uşaqları, qadınları, qocaları həmin istiqamətdəki yollarda təqib edərək, onların fiziki məhvinə nail olmaq məqsədilə, odlu silahlardan atəş açmaqla, işgəncələr verməklə vəhşicəsinə qətlə yetirib, girov götürüb, dövlət və ictimai idarə, təşkilat və müəssisələri, vətəndaşlara məxsus binaları və əmlakı yandırıb, məhv və talan ediblər.

Xocalı faciəsi ilə əlaqədar başlanmış cinayət işinin icraatı 31 mart 1994-cü il tarixdə dayandırılıb. Həmin cinayət işinin icraatı 12 iyul 2005-ci il tarixdə Azərbaycan Respublikasının hərbi prokuroru tərəfindən təzələnərək, bu cinayət işi üzrə əməllər Azərbaycan Respublikası CM-in 103 (soyqırımı), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma) və s. maddələrinə tövsif olunub. Həmin vaxtdan sülh və insanlıq əleyhinə müharibə cinayətləri törətmiş şəxslərin beynəlxalq hüquq normalarına uyğun olaraq cinayət məsuliyyətinə cəlb, axtarış və mühakimə edilməsi istiqamətində istintaq hərəkətləri həyata keçirilib. İstintaqla müəyyən edilib ki, Xocalı faciəsi zamanı 350 Xocalı sakini, o cümlədən, 52 azyaşlı uşaq, 111 qadın, 60 yaşdan yuxarı 16 qoca kişi vəhşicəsinə qətlə yetirilib, 371 nəfər girov götürülüb, 150 nəfər itkin düşüb, 421 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin, Azərbaycan dövlətinə və ayrı-ayrı vətəndaşlara bütövlükdə 144.730.267 manat və ya 170.270.816 ABŞ dolları məbləğində maddi ziyan vurulub.

Faciə zamanı qətlə yetirilənlərdən 192 nəfəri əslən Xocalı sakini, həmçinin, 24 nəfər 1988-ci ildə Ermənistandan qovulmuş azərbaycanlı qaçqın, 32 nəfər 1988-1989-cu ildə Xankəndi şəhərindən və 35 nəfər Dağlıq Qarabağın digər azərbaycanlılar yaşayan kəndlərindən zorla çıxarılıb məcburi köçkün, 8 nəfəri isə Fərqanə hadisələri zamanı Özbəkistandan köçərək Azərbaycana pənah gətirən Axısxa türkləri olub.

Məlumatda o da qeyd olunur ki, həmin silahlı birləşmələr Xocalı sakinlərinə qarşı soyqırımı törədərkən 111 nəfəri Xocalıda, mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş Xocalı sakinlərini təqib edərək, 16 nəfəri Kətik meşəsində, 130 nəfəri Naxçıvanik yolunda, 23 nəfəri Qaraqaya ətrafında, 23 nəfəri Dəhraz kəndi yaxınlığında, 8 nəfəri Şelli istiqamətində, 6 nəfəri Əsgəran asfalt yolunun 86-cı kilometrində və s. yerlərdə, əsir götürülənlərdən 18 nəfərini isə Əsgəran rayon daxili işlər şöbəsində işgəncə verərək xüsusi amansızlıqla qətlə yetiriblər. Meyitlərin xarici müayinəsi, məhkəmə-tibb ekspertizalarının rəyləri, mühasirədən çıxmağa müvəffəq olmuş Xocalı sakinlərinin ifadələri ilə ermənilərin və 366-cı alayın hərbi qulluqçularının azərbaycanlılara qarşı törətdikləri ağlasığmaz işgəncə, vəhşilik faktları: baş dərisinin soyulması, qulaq, burun, cinsiyyət üzvlərinin kəsilməsi, gözlərinin çıxarılması, erməni qəbirlərinin üstündə azərbaycanlıların başlarının qurbanlıq kimi kəsilməsi, qadına, qocaya və uşağa da fərq qoymadan qəddarlıqla işgəncə verilməsi müəyyən edilib.

İstintaqla, həmçinin, müəyyən olunub ki, erməni silahlı qüvvələri və Dağlıq Qarabağın silahlı separatçı qüvvələrinin keçmiş SSRİ-nin Xankəndində dislokasiya olunmuş 366-cı alayının hərbiçiləri ilə birlikdə törətdikləri bu əməldə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Məclisinin "Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında" 9 dekabr 1948-ci il tarixli konvensiyasında və Azərbaycan Respublikası CM-in 103-cü maddəsində nəzərdə tutulmuş soyqırımı cinayətinin tərkibi var. Həmçinin, cinayət işi öyrənilərkən, müəyyən edilib ki, dünya dövlətlərinin qəbul etdiyi beynəlxalq hüquq normalarına da riayət edilməyib. 1949-cu il 12 avqust tarixli "Döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında", "Hərbi əsirlərlə rəftar haqqında" və "Müharibə zamanı mülki əhalinin qorunması haqqında" Cenevrə Konvensiyalarının müvafiq maddələrində nəzərdə tutulan-döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərə qarşı onların həyatına və şəxsiyyətinə qəsd etmək, o cümlədən, hər hansı şəraitdə öldürmək, şikəst etmək, qəddarcasına rəftar etmək və işgəncə vermək, girov götürmək, insan ləyaqətinə toxunmaq, o cümlədən, təhqiramiz və alçaldıcı tərzdə rəftar edilməsi kimi qadağan olunması barədə tələblər kobud surətdə pozulub.

Hazırda 38 nəfərin - 366-cı alayın hərbi qulluqçuları və digər şəxslərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib və onların Azərbaycan Respublikası CM-in soyqırımına görə məsuliyyət nəzərdə tutan 103-cü maddəsi, habelə, sülh və insanlıq əleyhinə, müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan CM-nin 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 113 (işgəncə), 115.4 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.17-ci (zorlama, cinsi köləlik, məcburi fahişəlik, məcburi sterilizasiya, məcburi hamiləlik, habelə, cinsi zorakılıqla əlaqədar başqa hərəkətlər etmə) maddələri ilə nəzərdə tutulan cinayəti etməkdə təqsirləndirilən şəxs kimi cəlb olunmaları barədə qərarlar çıxarılıb. Onların barəsində məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilib və beynəlxalq axtarışlarının həyata keçirilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycan Respublikası Milli Bürosuna göndərilib.

Qeyd edək ki, barəsində beynəlxalq axtarış elan olunmuş şəxslər MDB-yə məxsus 366-cı alayın komandiri Zarviqorov Yuri Yuriyeviç, alayın 1-ci batalyonunun qərargah rəisi Çitçyan Valeri İsaakoviç, alayın kəşfiyyat rəisi Ayriyan Vaçaqan Qriqoryeviç , alayın 1-ci batalyonunun 2-ci rotasının komandiri Akopyan Movses Qrantoviç, alayın rabitə rotasının komandiri Kisebekyan Qriqoriy Akopoviç, alayın 5-ci rota komandiri Arutyunyan Slavik Vadimoviç, alayın 1-ci rota təchizat vzvodunun komandiri İşxanyan Andrey Artyuşeviç, alayın 2-ci batalyon, vzvod komandiri Beqlaryan Sergey Yurikoviç, alayın təmir rotasının vzvod komandiri Arutyunyan Kamo Rafaeloviç , alayın təmir rotasının vzvod komandiri Danielyan Armen Borikoviç, alayın zabitləri Qarmaş Viktor Anatoliyeviç, Smaqin Aleksandr Vladimiroviç, Balyazin Oleq Viktoroviç, alayın 1-ci rotasının baş texniki Beqlaryan Armen Volodiyeviç, alayın giziri Ayrapetyan Aleksandr Aleksandroviç, alayın 2-ci rotanın starşinası Mirzoyan Vaçik Qrantoviç, alayın 3-cü rotanın starşinası Ayrapetyan Vaçik Qurqenoviç, Xankəndində 11-ci alayın komandiri Abramyan Poqos Qarnuşeviç, Xankəndi şəhər DİŞ-in rəisi Abramyan Armo Aramoviç, Əsgəran RDİŞ-in rəisi Qukasyan Mavrik Araratoviç, Əsgəran RDİŞ-in sabiq rəisi Aqacanyan Karlen Levonoviç, Əsgəran RDİŞ-in rəis müavini Barseqyan Şaqen Semyonoviç, Əsgəran RDİŞ-in Yanğın Təhküləsizliyi bölməsinin rəisi Petrosyan Karo Vaniyeviç, Xankəndi şəhər həbsxanasının rəisi Koçaryan Sercik Sumbatoviç, Əsgəran RDİŞ-də müfəttiş Ayriyan Samvel Samurkayeviç, Əsgəran RDİŞ-in əməkdaşı Qriqoryan Edik Emirvaroviç, Əsgəran RDİŞ-in əməkdaşı Qriqoryan Ararat Rantikoviç, Həsənabad kənd sovxozunun üzvü Akopyan Oleq Nikolayeviç, Xasq kəndində sürücü Tumasyan Seyran Aprakoviç, Həsənabad kənd sovxozunda sürücü Babayan Georgi Ginikoroviç, Həsənabad kənd sovxozunun üzvü Qriqoryan Valerik Sergeyeviç, DQMV erməni xalq cəbhəsinin sədri Balasanyan Vitali Mixayloviç, Stepanakert şəhəri 2718 saylı avtobazanın rəisi Mirzoyan Maksim Mixayloviç, Əvvəllər Xocalıda yaşamış Babayan Bahadur Giniqoroviç, Əsgəran rayonu, Daşbulaq kənd sakini Manqasaryan Artik Qurgenoviç, Əsgəran rayonu, Daşbulaq kənd sakini Kaqramanyan Hamlet Asriyeviç, Əvvəllər Xocalıda yaşamış Qriqoryan Canpolad Xanlaroviç, Əsgəran rayonunda yeməkxana müdiri işləmiş İşxanyan Yura Georgiyeviçdir.

 

 

KÜBRA ƏLİYARLI

 

Səs.- 2010.- 25 fevral.- S. 10.