Xocalı soyqırımı: insanlığa qarşı erməni cinayəti

 

Əli Əhmədov: "Bu faciəni unutmağa heç kimin haqqı yoxdur. Xalq öz faciəsini unudanda mübarizliyini də itirmiş olur"

 

Dünən Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının qərargahında Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı tədbir keçirildi. Tədbirdə partiyanın İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, millət vəkilləri, partiya fəalları, Xocalı faicəsinin iştirakçıları, rayon ictimaiyyəti iştirak etmişdir.

İlk öncə, tədbir iştirakçıları Xocalı faicəsi qurbanlarının ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Sonra YAP Sədrinin müavini, millət vəkili Əli Əhmədov çıxış edərək, Xocalı faciəsinin bəşər tarixinin ən dəhşətli faciələrindən biri olduğunu bildirdi. Ə.Əhmədov ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı çoxsaylı soyqırım aktları həyata keçirdiyini söylədi: "XX əsrin sonlarından baş verən hadisələr bunu deməyə əsas verir. Belə ki, 20 Yanvar faicəsindən sonra Xocalıda baş verən hadisələr və bunun ardınca ermənilərin Azərbaycana qarşı torpaq iddiaları nəticəsində həyatını itirmiş on minlərlə insanların qurban olmaları, bütün bunlara xalqımızın XX əsrin sonlarındakı taleyinə yazılmış faicələrdir. Bu faicələrin hər birinin öz ağrısı, öz acısı var. Bu faciələr zamanı yüzlərlə insanlar qətlə yetirilib. Onların içərisində qocalar, qadınlar, uşaqlar var. Xocalı faciəsi zamanı insanlara qarşı edilən amansızlıq, qəddarlıq xüsusilə fərqlidir. İşğalçı erməni faciəni törədərkən, heç kimə fərq qoyulmadan - uşaqların, qadınların, yaşlıların qəddarlıqla qətlə yetirdi. Xocalı faciəsini fərqləndirən əsas amil onun amansızlığıdır. Hesab edirəm ki, Azərbaycan xalqı ona qarşı ayrı-ayrı dövrlərdə baş vermiş cinayətlərin heç birini unutmayıb. Ermənilərin və onların himayədarlarının on illiklər boyu Azərbaycan xalqına qarşı törətdikləri ağır cinayətlərdən ən dəhşətlisi Xocalı soyqırımıdır. Qeyd etmək lazımdır ki, azərbaycanlılara qarşı törədilən cinayətlər bu soyqırımla bir növ özünün kulminasiya nöqtəsinə çatdı. Soyqırımın üzərindən 18 il keçməsinə baxmayaraq, dünya ictimaiyyəti bu hadisəyə lazımi qiymət verməyib. Baxmayaraq ki, analoqu olmayan bu vəhşilik faktlarla sistemli şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Ümumiyyətlə, hər hansı bir cinayət cəzasız qaldıqda, bu, növbəti cinayətlərə yol açır. Uzun illər boyu Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilən cinayətlərin qarşısı alınmadığından Xocalı soyqırımı kimi dəhşətli hadisə baş verdi. Qəddarlığı ilə fərqlənən Xocalı faciəsini unutmağa heç kimin haqqı yoxdur. Xalq öz tarixini və taleyini unudanda, inkişaf və mübarizlik stimullarını da itirmiş olur. Nə qədər ağır olsa da, nə qədər üzücü olsa da faciəni izahçılıq məqsədi ilə yox, milli maraqları unutmamaq, qorumaq, xalqın manafeyi naminə bildiyini unutmamaq birinci sırada durur."

YAP İcra katibi dünya birliyinin arı-ayrı yerlərdə baş vermiş faciələrə həssaslıqla yanaşdığını, amma Xocalı faciəsinə münasibətdə ikili standartlara yol verdiyini bildirdi: "Təəssüflə qeyd etmək lazımdır ki, azərbaycanlılara qarşı müxtəlif dövrlərdə törədilmiş cinayətlər və qətliamlar  dünya tərəfindən bəzi hallarda biganəliklə qarşılanılır. Eyni zamanda, bu sözləri Xocalı soyqırımına da aid  etmək olar. Təəssüflə vurğulamaq lazımdır ki, uydurma "erməni soyqırımı"nı tanıyan ayrı-ayrı dövlətlər və onların siyasi qurumları hamının gözü qarşısında baş vermiş, necə deyərlər, hələ qanı qurumamış faciələrə münasibət bildirməyiblər. Lakin bu biganəlik bizim mübarizəmizə təsir etməməlidir.  Daha dəqiq desək, dünya dövlətlərinin bu faciəyə biganəlik göstərmələri bizi öz mübarizəmizdən çəkindirməməlidir. Bu faciəni dünya tarixinə salmaq üçün səyləri davam etdirməliyik".

Ə.Əhmədov bu istiqamətdə Azərbaycanda uğurlu işlərin görüldüyünü qeyd edərək, müsbət nəticələrin əldə olunduğunu vurğuladı: "Xocalı faciəsi ilə bağlı Azərbaycan hökuməti və parlamenti səmərəli fəaliyyət göstərir. Hesab edirəm ki, bu faciəyə dünya miqyasında layiqincə düzgün qiymət verilməyib. Bunun da səbəbi indiyə qədər Azərbaycanın erməni hərbi  birləşmələri tərəfindən işğal edilən ərazilərinin azad edilməməsidir. Nə qədər ki, bu proses mövcuddur, biz öz təbliğatımızda ermənilərin Azərbaycana qarşı təcavüzünün bütün çılpaqlığını dünya birliyinə və ictimaiyyətinə çatdırmaq istiqamətində səylərimizi davam etdirəcəyik. Həmçinin, Heydər Əliyev Fondunun "Xocalıya ədalət" devizi altında dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi aksiyalarının da işləri müsbət nəticəsini verməkdədir. Xüsusi olaraq, qeyd etmək istəyirəm ki, il boyu, mütəmadi olaraq, həyata keçirilən bu aksiyalar Xocalı faciəsi ilə bağlı bütün həqiqətləri dünyaya çatdırmaq və Ermənistanın təcavüzkar və qəddarlığını dünyaya çatıracaq. Onu da qeyd etmək lazımdır ki, hər bir Azərbaycan vətəndaşı fəal təbliğatçı olmalıdır. Bildiyimiz kimi, hər bir xalqın taleyinə bir həqiqət yazılıbdır. Azərbaycan xalqıqnın taleyinə yazılanlar da bizim bu yaşadıqlarımızdır. Eyni zamanda, hər bir xalq öz taleyini müəyyənləşdirir, həll edir. Nə qədər üzüntülər, haqsızlıqlar olsa da, hesab edirəm ki, Azərbaycan xalqının mübarizliyi və həqiqətsevərliliyi  hər şeydən üstündür."

Ə.Əhmədov Yeni Azərbaycan Partiyasının Xocalı faicəsinin ildönümünü hər il qeyd etdiyini vurğuladı: "Bu faicənin ildönümünü keçirməkdə məqsəd faciə qurbanlarının xatirəsi qeyd etmək və faciə qurbanlarının yaxınlarına təskinlik verməkdir. Ən əsası isə, tədbirləri keçirməklə insanlar yaddaşlarında bu hadisələri bir daha xatırlatmaq, öz tarixinin qara səhifələrini unutmamaqdır. Yeni gənc nəsilləri bu tədbirlər vasitəsilə faciə haqqında məlumatlandırmaqdır. Bütün bunlar qisasçılıq məqsədilə aparılmır. Çünki qisasçılıq heç bir xalqa xeyir gətirməyib. Lakin ermənilər bütün taleyini qisasçılıq üzərində qurublar və bu da onlara böyük əziyyətlər verib. Ancaq nə qədər gec olsa da uşaq qanı tökənlər,  qadınlara, qocalara qarşı qəddarlıq əməlləri aparanlar çox ağır cəzalara məhkum olunmalıdırlar".          

Tədbirdə çıxış edən Xocalı sakini Məhəmməd Şükürov YAP rəhbərliyinə şəhər ictimaiyyəti adından minnətdarlığını bildirdi. M.Şükürov ermənilərin, məhz Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda soyqırımı həyata keçirdiyini xatırlatdı. O bildirdi ki, beynəlxalq ictimaiyyət bu faktı diqqətdən qaçırmamalıdır: "Ötən əsrdə Xocalı şəhəri üç dəfə ermənilər tərəfindən dağıdılıb, yandırılıb, viran qoyulub. 1905, 1918 və 1992-ci illərdə Xocalı sakinlərinə soyqırımı aktı həyata keçirilib".

M.Şükürov faciə zamanı neçə-neçə ailənin başsız, ata-anasız qaldığını söylədi: "Faşizm ideologiyası ilə silahlanmış ermənilər həmin gün bəşəriyyətdə ən böyük soyqırımlardan birinə imza atdılar. Onlar, hətta qocalara, qadınlara, uşaqlara da aman vermədilər. Faciənin böyüklüyünü bütün dünya ictimaiyyəti də görür və bilir. Amma ikili standartlar faciəyə əsil hüquqi-siyasi qiymət verilməsinə mane olur."

Millət vəkili Əhməd Vəliyev isə çıxışında bildirdi ki, tarixdə baş verənləri zamanında dəyərləndirmək lazımdır. O, Azərbaycanın öz torpaqlarını azad etməyə qadir olduğunu, lakin bu gün silaha əl atmağın vaxtının çatmadığını vurğuladı.

Ə.Vəliyev Xocalı soyqrımının hər şeydən əvvəl dünyanın qloballaşdığı bir dövrdə baş verdiyini qeyd edərək, bildirdi ki, dünya birliyi ortada çox faktların olmasına baxmayaraq, ermənlərə qarşı heç bir tədbir görməyib. Millət vəkilinin sözlərinə görə, ermənilərin ABŞ-da, Rusiyada, İngiltərədə, Almaniyada baş verən terrorlarda iştirakı təsdiqlənilib. Amma ermənilərə münasibət dəyişməyib: "Qərbin insan haqları ilə bağlı siyasəti ikiüzlü siyasətdir. Bunun arxasında tamamilə başqa maraqlar dayanır Amma bu gecikmədə özümüzdən başqa kimsəni günahlandırmağa haqqımız yoxdur. Dünyanın Xocalı qətliamına gerçək qiymət verməsini bizdən başqa heç  kim  etməyəcək".

Tədbirdə Xocalı sakini  Almaz Həsənov çıxış edərək, bildirdi ki, düz 18 il əvvəl - 1992-ci il  fevralın 26-da erməni işğalçıları xalqımıza qarşı misli görünməmiş cinayətə əl atdılar: "Soyuq qış günündə Xocalıya hücum edən ermənilər əliyalın, heç bir silah-sursatı olmayan əhaliyə divan tutdular. Yüzlərlə soydaşımızı - qadınları, qocaları, uşaqları amansızcasına qətlə yetirdilər. A.Həsənov beynəlxalq ictimaiyyəti bu faktlara biganə qalmamağa çağırdı.

Sonda bir daha çıxış edən YAP İcra katibi Ə.Əhmədov, bütövlükdə, Xocalı soyqırımının öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktı olduğunu vurğuladı. Bildirdi ki, ulu öndərimiz Heydər Əliyevin və bu gün ölkə Prezidenti İlham Əliyevin bütün insanlara, o cümlədən, Xocalı sakinlərinə diqqət və qayğısı olub və bundan sonra da olacaq: "Bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazandığımız böyük uğurlar bütün şəhidlərimizin, o cümlədən, Xocalı şəhidlərinin qanlarının yerdə qalmayacağına əsas verir".

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 26 fevral.- S. 3.