Xocalıda erməni vandalizmi həyata keçirilib
"Səs" qəzeti Prezident Kitabxanası
Xocalı soyqırımının ildönümünə həsr
olunmuş dəyirmi masa və SİA-nın
hazırladığı diskin təqdimatını
keçirdi
Dünən Prezident
Kitabxanasında "Səs" qəzetinin təşkilatçılığı
ilə Xocalı soyqırımı ilə bağlı dəyirmi
masa və SİA-nın hazırladığı diskin təqdimatı
keçirilib. Dəyirmi masada Prezident Kitabxanasının
direktoru Mayıl Əhmədov, millət vəkilləri Fəzail
Ağamalı, Jalə Əliyeva, Miri Qəmbərov, Aydın
Həsənov, Mirkazım Kazımov, Yeni Azərbaycan
Partiyasının (YAP) Siyasi Şurasının üzvü
Aydın Hüseynov, Milli Qeyri-Hökumət Təşkilatları
Forumunun Prezidenti Rauf Zeyni, Türkiyə Universitetləri Məzunları
İctimai Birliyinin sədri Çingiz Bayramov, Azad
Respublikaçılar Partiyasının sədri Kamil Seyidov,
YAP Gənclər Birliyinin (GB) sədr müavini Bəxtiyar Əsgərov,
YAP Nərimanov rayon təşkilatı GB-nin sədri Yusif
Babanlı, "Yeni Azərbaycan" qəzetinin baş
redaktoru Hikmət Babaoğlu, "Kaspi" qəzetinin baş
redaktoru Natiq Məmmədli, "Olaylar" qəzetinin baş
redaktoru Yunus Oğuz, "Şərq" qəzetinin baş
redaktoru Akif Aşırlı, "İki sahil" qəzetinin
baş redaktor müavini İsmayıl Hacıyev iştirak
edirdilər.
Dəyirmi masada
çıxış edən Mayıl Əhmədov ermənilərin
zaman-zaman Azərbaycan xalqına qarşı törətdiyi
genosid siyasətindən, o cümlədən, bəşəriyyətə və
insanlığı qarşı olan Xocalı
soyqırımının dəhşətlərindən bəhs
etdi. Bildirdi ki, Xocalı faciəsi Xatın, Lidisa, Oradur
soyqırımı qədər dəhşətlidir. Natiq erməni
vandalizminin əsil mahiyyəti barədə dünya birliyinə
yetərincə məlumatların
çatdırılımasının vacibliyini söylədi.
Qeyd etdi ki, istintaq materiallarına, eləcə də, faciənin
şahidlərinin və Ermənistandan əsirlikdən
qayıdan mülkü və hərbi şəxslərin fikirlərinə,
həmçinin, dünya KİV-lərində yer alan
materiallara istinadən demək olar ki, Xocalı qətliamını
kimlər həyata keçirib. O şəxslər Ermənistanın
hakimiyyətində ən yüksək vəzifələrdə
təmsil olunanlardır. Hesab edirəm ki, onlar beynəlxalq məhkəməyə
verilirək, törətdikləri cinayətin cəzasını
almalıdırlar.
XOCALIDA ERMƏNİ
VANDALİZMİ HƏYATA KEÇİRİLİB
Xocalı soyqırımına həsr olunan sənədli xronikanın mahiyyətinə toxunan "Səs" qəzetinin baş redaktoru və SİA-nın baş direktoru Bəhruz Quliyev diskin hazırlanmasında məqsədin Xocalı həqiqətlərinə bir daha nəzər salmaq, onu ictimai fikrin yaddaşında möhkəmləndirmək olduğunu bildirdi. O, qeyd etdi ki, 1987-ci il fevralın 13-də Xankəndində ermənilərin ilk separatçı mitinqləri başlaması ilə Azərbaycanın dilbər guşələrinin tədricən işğal edilməsinin əsası qoyulub. 1987-ci ildən 1992-ci ilə qədər erməni-rus hərbi birləşmələri tərəfindən Azərbaycanın onlarla yaşayış məskəni işğal edilib, insanlar soyqırıma məruz qalıblar: "1992-ci il fevralın 25-dən 26-sına keçən gecə isə ermənilər Xocalıda dünyanı dəhşətə gətirən soyqırımı aktı həyata keçirdi. Ermənilər Xankəndində yerləşən SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını yerlə yeksan etdi. Ermənilər 613 nəfər azərbaycanlını vəhşicəsinə qətlə yetirdilər. Onların 63-ü uşaq, 106-sı qadın, 70-i isə ahıl adam idi. 8 ailə bütövlükdə qətlə yetirildi. 487 nəfər yaralandı. Yaralananların 76 nəfəri uşaq idi. Girov götürülənlərin sayı 1275 nəfər təşkil edir. 150 nəfərin aqibətindən isə hələ də xəbər-ətər yoxdur.
MEHRİBAN XANIM ƏLİYEVANIN
XÜSUSİ SƏYİ NƏTİCƏSİNDƏ
"XOCALI HƏQİQƏTLƏRİ" KİTABI DÜNYA
İCTİMAİYYƏTİNƏ ÇATDIRILDI
Aydın Həsənov:
- Bu gün bizim anma mərasimini keçirdiyimiz Xocalı faciəsi möhtərəm prezidentimizin bu yöndə yeritdiyi ardıcıl siyasətin, bu siyasətin nəticəsi olan silsilə tədbirlərin tərkib hissəsidir. Bəli, artıq bütün dünya bilir ki, Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biri də Xocalı soyqırımıdır. Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaydır. Xocalı soyqırımı aqressiv, cinayətkar və terrorçuluğu dövlət səviyyəsinə qaldırmış Ermənistanın rəsmi siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu soyqırım təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Azərbaycan tarixinin ən dəhşətli və qanlı səhifələrindən olan Xocalı soyqırımı, eyni zamanda, bəşər tarixinin ən genişmiqyaslı və xüsusi amansızlıqla törədilmiş hərbi cinayətlərindəndir. 18 il əvvəl 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xankəndində yerləşdirilən SSRİ silahlı qüvvələrinə məxsus 366-cı alayın köməyi ilə Xocalı şəhərinin dinc mülki əhalisinə divan tutaraq şəhəri yerlə-yeksan ediblər. Xocalı soyqırımı zamanı 613 nəfər dinc azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, 1275 nəfər sakin əsir götürülüb. Təəssüf hissi ilə qeyd etməliyəm ki, onlardan 700 nəfəri hələ də erməni əsirliyindədir. Dinc əhaliyə qarşı bu cür qeyri-insani əməllər özlərini dünya ictimaiyyətinə "mədəni" və "məzlum" xalq kimi tanıtmağa çalışan ermənilərin və erməni millətçiliyinin əsil mahiyyətini dünyaya nümayiş etdirib. Bu gün dünya dövlətləri ərazi bütövlüyü prinsipini rəhbər tutaraq beynəlxalq terrorizmə və təcavüzkarlığa qarşı vahid cəbhədə birləşməlidir. Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və bütövlükdə, 20 faiz ərazisinin işğal edilməsi, 20 mindən artıq Azərbaycan vətəndaşının dəhşətli terrora və kütləvi qırğınlara məruz qalması ermənilərin sırf etnik təmizləmə siyasəti aparmalarından xəbər verir. Beynəlxalq təşkilatlar və dünya birliyi terrorçuluğu və irqçi ideologiyanı dövlət siyasəti səviyyəsinə qaldırmış təcavüzkar Ermənistana qarşı sərt tədbirlər görməsə, bəşəriyyət yeni faciələrlə üz-üzə qala bilər.
Xalqımızın ümummilli lideri Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra Xocalı soyqırımına siyasi və hüquqi qiymət verilib. Ulu öndər 1995-ci il fevralın 25-də Təzəpir məscidindəki çıxışında deyib: "Xocalı hadisələri bir daha onu göstərdi ki, ermənilər Azərbaycanın təkcə torpaqlarına göz dikmək, ərazimizi qəsb etmək yox, xalqımıza qarşı soyqırımı törətmək kimi vəhşi bir yola düşmüşlər. Bu, Xocalı hadisələrində özünü açıq-aşkar büruzə verdi. O dəhşətli gecədə Azərbaycan xalqının ürəyinə bir süngü taxıldı. O süngü indiyədək bizi sızıldadır. Bu yara hələ sağalmayıb, bağlanmayıb, bu yara qəlbimizdə həmişə olacaqdır. Qeyd etdiyim kimi, gecə vaxtı dinc əhaliyə hücum etmək, uşağı, qadını, qocanı, xəstəni vəhşicəsinə yerindəcə məhv etmək, öldürmək və onlara görünməmiş qəddarlıqla əzab-əziyyət vermək düşmənlərimizin nə qədər vəhşi olduğunu bir daha sübut edir. Xocalı soyqırımı ermənilərin xalqımıza qarşı təcavüzü, vəhşiliyi, insana qarşı ən rəzil üsullardan istifadə etməsi bəşəriyyət tarixinə daxil olub və olacaq. O gecə həlak olanlar, dünyadan gedənlər Azərbaycanın əziz vətəndaşlarıdır, onlar respublikamızın ərazi bütövlüyü yolunda qurban olublar, xalqımızın milli azadlıq yolunda apardığı mübarizənin qurbanlarıdır, şəhidləridir. Onların faciəli surətdə həlak olmaları, şəhid olmaları Azərbaycan xalqının qəhrəmanlığının, mətanətinin, cəsarətinin nümayişidir. Bir də qeyd edirəm ki, Xocalı şəhidləri də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi yolunda şəhid olmuş vətəndaşlarımızdır". Ümummilli lider Heydər Əliyev 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə əlaqədar xüsusi Fərman imzalayıb. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunub, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilib. 1997-ci il fevralın 25-də "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" Azərbaycan Respublikasının Prezidenti tərəfindən Fərman imzalanıb və həmin Fərmana əsasən, hər il fevralın 26-da saat 17-də soyqırım qurbanları bir dəqiqəlik sükutla yad edilirlər. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin tapşırığı ilə son illər bu soyqırım hadisəsinin bütün dünyada tanınması istiqamətində geniş ideoloji-intellektual işlər görülür. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xüsusi səyi nəticəsində Azərbaycan həqiqətləri, Xocalı soyqırımı haqqında kitablar, filmlər, stendlər dünyanın hər yerində nümayiş etdirilir.
XOCALI FACİƏSİNİ
BÜTÜN İLBOYU YAD ETMƏLİ VƏ UNUTMAMALIYIQ
Jalə Əliyeva:
- Artıq bir neçə gündür ki, Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar çoxsaylı tədbirlərdə iştirak edirik. 18 il bundan əvvəl baş verən Xocalı soyqırımına bu gün istər Azərbaycanda, istərsə də beynəlxalq aləmdə böyük diqqət göstərilir. Bu məqamda ulu öndər Heydər Əliyevin bir fikrini yadınıza salmaq istəyirəm. O demişdir: "Bundan sonra 100 il keçsə də, gələcək nəsillər bu faciəni unutmamalıdırlar". Bu gün bizim həyata keçirdiyimiz aksiyalar, toplantılar onu göstərir ki, həqiqətən, Azərbaycan xalqı bu faciəni unutmur və unuda bilməz. Əgər Xocalını unutsaq, özümüz unudularıq. Daha əvvəl pərakəndə halda aparılan təbliğat işləri, artıq mütəşəkkiləşməyə başlayıb. Belə ki, hər il Azərbaycanın xaricdəki səfirlikləri, diaspor təşkilatları faciənin dünya ictimaiyyətinə dolğun çatdırılması üçün mühüm tədbirlər keçirir. Təbii ki, bu faciəni ildə bir dəfə anmaq bəs etmir. Xocalı faciəsini bütün ilboyu yad etməli və unutmamalıyıq. Eyni zamanda, faciə haqqında danışmaqdansa, onun dünya ictimaiyyətinə olduğu kimi çatdırılması üçün real addımlar atılmalıdır. İlk dəfə bu missiyanı öz üzərinə Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyeva götürdü. Onun rəhbərliyi ilə hazırlanan "Xocalı həqiqətləri" kitabı bütün dünyaya ayaq açdı. Artıq 3-4 ildir ki, bu məsələ ilə bağlı dünya ictimaiyyətinin müsbət reaksiyası ilə qarşılaşırıq. Xocalı faciəsinin bütün dünyaya çatdırılması istiqamətində Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın əməyini yüksək qiymətləndirməliyik. O, əsil vətəndaşlıq hissini dərk edərək, geniş miqyası əhatə edən "Xocalıya Ədalət" kampaniyasını həyata keçirməyə başlayıb. Bu kampaniyanın işi yalnız təbliğatla yekunlaşmır. Bu yaxınlarda Uqandada İslam Konfransı Təşkilatının (İKT) toplantısı keçirildi. Həmin toplantıda, ilk dəfə olaraq, Xocalı hadisələrinin soyqırım kimi tanınmasını özündə əks etdirən qətnamə qəbul olundu. Dünyanın dörddə bir hissəsini əhatə edən İKT kimi beynəlxalq təşkilatın bu cür qətnamə qəbul etməsi olduqca əhəmiyyətlidir. İKT bu sənədi qəbul etməklə böyük bir missiyanı öz üzərinə götürdü.
(Ardı var)
SEVİNC NƏZƏROVA, KÜBRA ƏLİYARLI
Səs.- 2010.- 26 fevral.- S. 8-9.